Məhkəmə qərarları › İş №3(004)-1412/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1412/2024

28.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1412/2024 28.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, şikayətçi X3, qərarından şikayət verilmiş Bakı şəhər DYPİnin nümayəndəsi X1 iştirakları ilə, X3 Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarın ləğv edilməsi barədə verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə ona sms olaraq İXM-in 327.6-cı maddəsi ilə 100 manat cərimə olunması ilə bağlı bildiriş gəlmişdir. SMS Radar proqramında həmin cərimə 2022-ci ildən bəri qərarsız olaraq qalmışdır. xx.xx.2024-cü il tarixində isə həmin cərimə qərarının qüvvəyə minməsi barədə sms bildiriş gəlmişdir. İnzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı X5 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, iş üzrə icraata xitam verilməsini və şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı qərarından şikayət verilmiş Bakı şəhər DYPİ-nin nümayəndəsi X2 verilmiş şikayətlə razılaşmayaraq yekun qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, proses iştirakçısını dinləyərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərardan görünür ki, xx.xx.2022-ci il tarixli İXP ******* saylı protokola əsasən X5 Bakı şəhəri, Moskva prospekti 20 yanvar dairəsi istiqamətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.1-ci maddələrinin tələblərini pozduğuna görə 100 manat cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə- qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 327.6-cı maddəsinə əsasən, yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə - yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarı xx.xx.2022-ci il tarixli İXP ******* saylı protokol əsasında tərtib olunmuşdur. Sözügedən qərardan da görünür ki, inzibati xəta hadisəsinin üzərindən bir ildən çox vaxt keçdikdən sonra həmin hadisə barəsində inzibati tənbeh vermə haqqında qərar tərtib olunaraq inzibati icraat başlanılmışdır. Lakin qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarından da göründüyü kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Bu baxımdan, X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Beləliklə, məhkəmə hesab edir ki, ki, X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında işlər üzrə icraata həmin Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyinə görə xitam verilməlidir. İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə qeyd edir ki, İXM-in 53.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133- 136-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.1-ci maddələri ilə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində cərimə olunmasına dair Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar