Məhkəmə qərarları › İş №3(004)-1417/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1417/2025

17.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1417/2025 17.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Şükürov Rauf Azər oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin 11 fevral 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsinin 11 fevral 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhəri ərazi idarəsinin rəis vəzifəsini müvəqqəti icra edən X10 tərəfindən xx.xx.2025-ci il tarixdə "xxxx" MMC-nin direktoru X11 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü (İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi) maddəsi ilə 900 manat cərimə növündə inzibati tənbeh tətbiq etmə barədə MN ******* nömrəli qərar (bundan sonra- “Tənbeh Qərarı”) qəbul edilmişdir. Tənbeh Qərarı onunla əsaslandırılmışdır ki, guya şikayətçi - vətəndaş X6 əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “a” bəndinə əsasən xitam verilmiş, lakin son haqq hesab gecikdirilərək xx.xx.2025-ci il tarixdə ödənilmişdir. Aşağıdakı səbəblərə görə hesab edir ki, Tənbeh Qərarı qanunsuz olduğundan ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında yeni qərar qəbul edilməlidir. İlk növbədə qeyd edilməlidir ki, Tənbeh Qərarı çıxarılarkən Vəzifəli Şəxs aydınlaşdırmamışdır ki, son haqq hesab dedikdə nələr nəzərdə tutulur və AR İXM 1924-cü maddəsində istisnalar qeyd edilmişdir. İşçinin son haqq hesabı ona ödənilən digər ödənişlərdir. Lakin maddədə bu açıq aydın istisna edilir. Şikayətçiyə nə işə baxılmasının yeri və müddəti barədə bildiriş göndərilmiş, nə şikayətçi işə baxılmasını təxirə salmaq haqqında vəsatət vermişdir. Bunlara baxmayaraq, şikayətçinin iştirakı olmadan əsassız olaraq Tənbeh Qərarı qəbul edilmişdir. Bununla yanaşı, vətəndaş X6 əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam verilsə də, həmin gün şirkətin hesablarına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən sərəncam qoyulmuşdur. xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi hesabda sərəncam olduğundan heç bir ödəniş edilə bilməmişdir. Sərəncam götürüldükdən sonra əmək haqqısı ödənilmiş, üzrlü hala görə ona inzibati tənbeh tətbiq etməyə əsas deyildir. Beləliklə, təsvir edilənlər ona işarə edir ki, şikayətçinin əməlində İXM-in 192.4-cü maddəsində nəzərdə tutulmuş işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi kimi inzibati xəta mövcud deyildir. xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinə yaxınlaşarkən öz xahişi ilə xx.xx.2025-ci il tarixli MN1809021 nömrəli inzibati tənbeh vermə haqqında qərar ona rəsmi şəkildə təqdim edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən X10 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi X7 şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq qərarın tam qanuni və əsaslı olduğunu bildirərək, şikayətin təmin edilməməsini xahiş etdi. Şikayətçi məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona həm rəsmi məktubla, həm də şikayət vermiş şəxsin şikayətində göstərdiyi mobil telefon nömrəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, bu barədə SMS xəbərdarlığının AZEMİS vasitəsilə göndərilməsinə dair bildirişi vasitəsilə təyin edilmiş iclas barədə xəbərdar edilmiş, xəbərdarlıq telefon sahibi tərəfindən qəbul edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmişdir. Buna görə də, məhkəmə onun iştrakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin 11 fevral 2025-ci il tarixli, MN seriyalı ******* saylı İnzibati tənbeh vermə haqqında qərarından görünür ki, X9 tərəfindən X6 əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində xitam verilmiş, son haqq-hesab isə xx.xx.2025-ci il tarixində ödənilmişdir və X6 əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində AR ƏM-in 68.2-ci maddəsinə əsasən xitam verilmiş, son-haqq hesabın isə xx.xx.2025-ci il tarixində ödənilmişdir. X3 AR İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulan əməli törətmiş və 900 manat məbləğində cərimə olunmuşdur. Hazırkı iş üzrə şikayətdən məlum olur ki, əmək müqaviləsinə xitam verildikdən sonra işçinin son haqq-hesabı ödənilməmişdir. Həmçinin işçinin son haqq-hesabının sonuncu iş günü ödənilməsinə dair məhkəməyə hər hansı bir sübut da təqdim edilməmişdir. Şikayət verən şəxs vermiş olduğu şikayətdə şirkətin hesablarına vergi borcunun olduğuna görə sərəncam qoyulmasına istinad edilir və son haqq hesabın məhz bu hala görə vaxtında ödənilmədiyini göstərir. Lakin məhkəmə qeyd edir ki, bu hal işçiyə son haqq hesabın gec ödənilməsi üçün əsas hesab oluna bilməz, gecikmə şirkətin vergi borcunu ödəməməsi səbəbindən baş vermişdir. Belə olduğu halda işçinin qanunla qorunan hüquqları pozulmamalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən İşçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmçinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsinin 11 fevral 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X5 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin 11 fevral 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar