Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1419/2025 07.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X1 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin sahə inspektoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili X4 iştirakları ilə, xx xxxxxx 2001-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Yasamal Polis İdarəsinin 26-cı Polis Bölməsindən daxil olmuş 07 mart 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən vətəndaş Şəxs polisin xidməti fəaliyyəti zamanı telefonla videoçəkiliş apardığı, polisin işinə müdaxilə etdiyi, bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyi qeyd edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin sahə inspektoru X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs polisin xidməti fəaliyyəti zamanı telefonla videoçəkiliş aparmış, polisin işinə müdaxilə etmişdir. PB-nə dəvət edilərkən əl-qol hərəkətləri etmiş, müqavimət göstərmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında qeyd etmişdir ki, onların şirkətinin sürücüsü siqaret çəkmiş və buna görə də polis əməkdaşı onu cərimələmiş və barəsində protokol tərtib etmişdir. Daha sonra polis cərimənin dərhal ödənilməli olduğunu qeyd etmişdir. O da demişdir ki, üzərlərində pul yoxdur, protokol tərtib olunsun, daha sonra cəriməni ödəyəcəklər. Ancaq polis əməkdaşı cərimənin dərhal ödənilməli olduğunu bildirmişdir. Daha sonra sürücünü polis maşınına əyləşdirmiş, o isə sürücünü polis maşınına əyləşdirərkən həmin anı videoya çəkmişdir. Polis də onun işinə müdaxilə etdiyini qeyd edərək onu da polis maşınına əyləşdirərək aparmışlar. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: 07 mart 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş Şəxs polisin xidməti fəaliyyəti zamanı telefonla videoçəkiliş apardığı, polisin işinə müdaxilə etdiyi, bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyi qeyd edilmişdir. Yasamal RPİ-nin 26-cı PB-nin sahə inspektoru, polis baş leytenantı Mahir Xalıqov tərəfindən Yasamal RPİ-nin 26-cı PB-nin rəisi, polis polkovnik-leytenantı Rəşad Əhmədzadəyə ünvanlanmış xx.xx.2025-ci il tarixli raportdan görünür ki, raportun məzmunu “xx.xx.2025-ci il tarixdə saat 14:50 radələrində inzibati ərazidə xidmətdə olarkən bir nəfər şəxsin ünvan 3 ünvanının qarşısında qanunla qadağan edilmiş yerdə tütün məmulatları istifadə etdiyini görüb ona yaxınlaşıb özümü təqdim etdim və ona protokol tərtib edəcəyimi diqqətinə çatdırdıqdan sonra özünü təqdim etməsini xahiş etdim. Bu zaman həmin şəxs uca səslə nalayiq ifadələr işlətməklə mənə “sən mənə heç bir edə bilmərsən”, “get işinlə məşğul ol” kimi ifadələr işlətməklə siqaret çəkməyə davam etdi. Mən həmin vətəndaşı sakitliyə dəvət etsəm də o buna məhəl qoymadı. Bundan sonra yanımıza yaxınlaşan digər şəxs bizi mobil telefon vasitəsilə çəkməyə başladı. Mən onları köməyə çağırdığım polis əməkdaşları ilə birlikdə avtopatrula dəvət edən zaman həmin şəxslər yüksək səslə qışqıraraq ünvansız nalayiq ifadələr işlətməklə ətrafdakıların diqqətini çəkməyə cəhd etməyə çalışırdı. Tərəfimizdən həmin şəxslər PB-nə dəvət edilərkən mənə əl-qol hərəkətləri ilə müqavimət göstərmiş və avtopatrul maşının qapısını təpiklə vurduğu üçün qapı siyirməsindən çıxaraq yararsız hala düşmüşdür. Bundan sonra həmin şəxslər tərəfimizdən Yasamal RPİ-nin 26-cı PB-nə gətirilməsi təmin edilmişdir. Polis bölməsində müəyyən olundu ki, həmin şəxslər xx.xx.2001-ci il təvəllüdlü ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan X7 və xx.xx.1986-cı il təvəllüdlü, ünvan 5 ünvanında qeydiyyatda olan X3r. Yuxarıda göstərilənləri nəzərə alaraq, həmin şəxslər barəsində müvafiq göstəriş verməyinizi Sizdən xahiş edirəm” olmuşdur. Şəxs polis şöbəsində verdiyi xx.xx.2025-ci il tarixli izahatından görünür ki, o, məhkəmə iclasında verdiyi izahata uyğun izahat verərək özünü AR İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilməyərək heç bir tabesizlik göstərmədiyini, əksinə onun telefonun əlindən alınaraq məcburi şəkildə növbətçi hissə avtomobilinə əyləşdirildiyini, hüquqlarının kobud şəkildə pozulduğunu bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Avropa İnsan Hüquqları Məhkəməsi Karelin Rusiyaya qarşı işi üzrə (xx.xx.2016) qəbul etdiyi qərarında Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) qərəzsizlik tələbinə riayət olunmaması ilə əlaqədar pozuntu baş verdiyini qərara almışdır. Həmin maddəyə görə “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ... işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnzibati xəta haqqında protokolda rəsmiləşdirən məmurun məhkəmədə işə baxılarkən inzibati xətaya görə təqsiri sübut etmək səlahiyyətinə malik olmadığını, ittihamedici orqanın və ya rəsminin olmaması şəraitində isə ona qarşı ittihamın sübut edilməsi yükünün bütünlükdə hakimin üzərinə düşdüyünü, bunun isə hakimə müdafiə tərəfinin ifadələrini rədd etmək üçün proprio motu arqumentlər axtarmaqdan başqa yol qoymadığını qeyd etmişdir. O, bunun öz növbəsində sübutların qiymətləndirilməsində balansı pozduğunu, nəticədə onun Avropa İnsan Hüquqları Konvensiyası ilə nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu göstərilmişdir. Məhkəmə iş materiallarını tam və hərtərəfli tədqiq edərək belə qənaətə gəlir ki, iş materiallarında olan sənədlərlə Şəxs tərəfindən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmaması öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş və inzibati xəta haqqında protokolun tərtib olunmasına əsas olmuş raportda ümumi ifadələrə istinad olunmuş, Şəxs polisin hansı qanuni tələblərinə tabe olmaması, tabe olmamanın nədə ifadə olunması göstərilməmiş və raportda göstərilən halları təsdiq edən heç bir sübut iş materiallarına əlavə edilməmişdir. Bundan əlavə inzibati xətanın olub-olmamasını, inzibati xəta törətmiş şəxsin təqsirini sübut edən şahid ifadələri və digər mötəbər sübutlar iş materiallarına əlavə edilməmiş, işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları məhkəmə iclasında da müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclasında dindirilmiş protokol tərtib etmiş şəxs isə hansı səbəbdən Şəxs onlara münasibətdə polisin hansı qanuni tələblərinin pozmasını bildirməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, polis orqanı tərəfindən Şəxs AR İXM-nin 535.1-ci maddəsi ilə təqsirli olmasını təsdiq edən sənəd kimi yalnız inzibati xəta haqqında protokolun məhkəməyə təqdim edilməsi yetərli hesab olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Konstitusiya Məhkəməsinin mövqeyini rəhbər tutan məhkəmə qeyd edir ki, hazırda məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokol sübutedici qüvvəsi olmayan ittiham yönümlü sənəd olduğundan həmin protokolda göstərilən hallar şahid ifadələri və digər zəruri sübutlarla təsdiq olunmalıdır. Lakin hazırkı materialda Şəxs əməlində inzibati xəta tərkibinin olmasını təsdiq edən heç bir sübuta istinad olunmamış və ümumi sözlərlə şəxsin müvafiq inzibati xətaları törətməsi göstərilmişdir. Bununla yanaşı, məhkəmə iclasında Şəxs polisə tabesizlik göstərmədiyini bildirmişdir. Şərh olunan əsaslara əsaslanaraq məhkəmə hesab edir ki, Şəxs təqsiri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş və onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmiş, əksinə məhkəmə araşdırması nəticəsində onun əməlində inzibati xəta tərkibinin olmaması müəyyən edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə inzibati xətanın baş verdiyini sübuta yetirə bilməmişdir. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunvericiliyin imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, Şəxs tərəfindən AR İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən sübutlar iş materiallarında olmamaqla yanaşı, məhkəmə baxışı zamanı da onun əməlində inzibati xəta tərkibinin olmaması müəyyən edildiyindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-1419/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1419/2025
07.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver