Məhkəmə qərarları › İş №3(004)-1422/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1422/2021

17.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1422/2021 17.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fərdi sahibkar Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhər Reklam İdarəsi tərəfindən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin böyük müfəttişi X1 tərəfindən 09 iyun 2021-ci il tarixdə fərdi sahibkar Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Bakı şəhəri, Yasamal rayonu, X3 prospekti 183 ünvanında müvafiq icazə sənədi olmadan açıq məkanda reklam yerləşdirilməsi aşkar edilmişdir. Məhkəmə iclasında fərdi sahibkar Şəxs tərtib edilmiş protokola etirazını bildirərək qeyd etmişdir ki, o, heç vaxt protokol tərtib edilən ünvanda fəaliyyət göstərməmişdir, bu halı təsdiq edən hec bir sübut protokola əlavə edilməmişdir. Onun adına başqa VÖEN vardır, obyekti də başqa ünvanda yerləşir. Protokolda qeyd olunan VÖEN onun rəfiqəsi tərəfindən istifadə olunur, ola bilər ki, o əsasla barəsində protokol tərtib edilmişdir. Bununla bağlı, barəsində tərtib olunmuş protokolda onun izahat verməkdən imtinası qeyd edilsə də, o həmin protokoldan xəbəri yoxdur, ümumiyyətlə barəsində protokol tərtib olunduğundan məlumatlı deyildir. Sonradan həmin protokol onun ünvanına da göndərilməmişdir. Göründüyü kimi, protokol tərtib olunan zaman qanunsuzluğa yol verilmiş və protokolda qeyd olunan ünvanda onun fəailiyyət göstərib-göstərməməsi və izahat verməkdən imtina etdiyi göstərilən şəxsin o olub-olmaması dəqiqləşdirilməmişdir. Göstərilənlərə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhər Reklam İdarəsinin nümayəndəsi Nümayəndə bildirmişdir ki, Bakı şəhəri Yasamal rayonu X3 prospekti 183 ünvanda yerləşən “Lady Sharm” adlı gözəllik salonunda Şəxs (VÖEN **********) fəaliyyət göstərib-göstərməməsi barədə Dövlət Vergi Xidmətinə sorğu göndərilməsinə baxmayaraq, sorğuya cavab əldə olunmamışdır. Bu səbəbdən həmin VÖEN-lə Şəxs qeyd olunan ünvanda fəaliyyət göstərib göstərməməsi barədə mötəbər sübut təqdim etmək mümkün deyil. Xahiş edirik, qeyd olunan məsələ müvafiq orqana sorğu verilməklə məhkəmə tərəfindən araşdırılsın. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Qeyd olunan Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinə əsasən müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə inzibati məsuliyyət yaranır. İş materiallarına əlavə olunmuş ərizədən və protokol tərtib edən orqanın nümayəndəsinin izahatından məlum olur ki, Şəxs tərəfindən 01.01.2020-ci il tarixindən 12 ay olmaqla Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı Reklam İdarəsinə “açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi barədə” müraciət olunmuşdur. İş materiallarından məlum olur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən 07.07.2021-ci il tarixindən Bakı şəhəri Yasamal rayonu X3 prospekti 183 ünvanda yerləşən “Lady Sharm” adlı gözəllik salonunda Şəxs (VÖEN **********) fəaliyyət göstəribgöstərməməsi barədə Dövlət Vergi Xidmətinə sorğu göndərilməsinə və iki aydan artıq bir vaxt keşməsinə baxmayaraq məhkəməyə heç bir cavab məktubu daxil olmamışdır. Məhkəmə baxışı zamanı Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi pr 183 ünvanda yerləşən obyektdə Şəxs fəaliyyət göstərməsini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Eyni zamanda məhkəmə tərəfindən müəyyən edilmişdir ki, inzibati xəta hadisəsi 2020-ci ilin yanvar ayında baş verməsinə baxmayaraq, Bakı şəhəri Reklam İdarəsi tərəfindən inzibati xəta haqqında protokol 09 iyun 2021-ci il tarixində tərtib edilmişdir və həmin protokol qanunvericiliyin aşağıda qeyd edilən 38.1-ci maddəsində nəzərdə tutulmuş üç aylıq müddət pozulmaqla (ötürülməklə) tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6-ci maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Həmin Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-cı maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barələrində belə qərar qəbul edilmiş şəxslərə göndərilir. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs İXM-in 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri müəyyən edilmədiyindən, həmçinin inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən həmin maddə ilə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1, 53, 106-115 və 428.7.3-cü maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar