Məhkəmə qərarları › İş №3(004)-1424/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1424/2021

07.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1424/2021 07.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X3 iclas katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam idarəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Şəxs (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Reklam idarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Reklam idarəsi tərəfindən tərtib edilmiş 09 iyun 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Protokoldan görünür ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şəxs tərəfindən ünvan 1 ünvanında 09.06.2021-ci il tarixdə saat 17:00-da müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onların tələbləri pozulmaqla açıq məkanda reklam yayımı daşıyıcısı olan lövhə yerləşdirilmişdir. Protokola əlavə edilmiş müvafiq fotoşəkillər və digər materiallarda qeyd edilən faktın mövcudluğu öz əksini tapmışdır. Bununla da Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam idarəsinin nümayəndəsi X2 məhkəmə iclasında protokolda göstərilənlərə uyğun izahat verərək inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. O, əlavə olaraq izahatında bildirmişdir ki, barəsində protokol tərtib edilmiş Şəxs ünvan 1 ünvanında yerləşən ona məxsus “025 Market” adlı obyektin üzərində açıq məkanda reklam yerləşdirilməsi məqsədi ilə müvafiq icazə almaq üçün səlahiyyətli qurum olan Bakı şəhər Reklam idarəsinə 2019-cu ildə müraciət edib 01 mart 2020-ci ildən 12 ay müddətinə qüvvədə olan müqavilə bağlamış və həmin müqavilə əsasında yayım haqqı hazıradək ödənilməmişdir. Daha sonra Şəxs 01 mart 2021-ci il tarixdən sonrakı dövr üçün ona məxsus obyektin üzərində açıq məkanda reklam yerləşdirilməsi məqsədilə müvafiq icazə verilməsi ilə bağlı Bakı şəhər Reklam idarəsinə təkrarən müraciət etməmiş və qanunsuz olaraq açıq məkanda reklam yayımını hazıradək davam etdirmişdir. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt və “Elektron Məhkəmə Sistemi” vasitəsi ilə SMS bildirişlər göndərilmiş, lakin təyin olunmuş məhkəmə iclasına Şəxs heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması haqqında onun tərəfindən məhkəməyə hər hansı bir vəsatət daxil olmamışdır. Odur ki, məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, həmçinin inzibati xəta haqqında protokolu və digər materialları nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şəxs (VÖEN: **********) Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan “Vergi uçotuna alınmış vergi ödəyiciləri” barədə məlumatından müəyyən edilir ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şəxs vergi ödəyicisi kimi Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyata alınmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsinə görə vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin normanın qeyd hissəsində “vəzifəli şəxs” anlayışı verilmişdir ki, normanın məzmununa görə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə saləhiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Beləliklə, qeyd olunan normanın mənasına görə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şəxs vəzifəli şəxs hesab olunur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsi tərəfindən tərtib edilmiş 09 iyun 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Şəxs tərəfindən ünvan 1 ünvanında yerləşən obyektin üzərində açıq məkanda “025 Market” sözlər yazılmış lövhə yerləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsi tərəfindən Şəxs ünvanlanmış 10 iyun 2021-ci il tarixli Rİ1/01- 06/2128 nömrəli məktubdan müəyyən edilir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə tərtib edilmiş 09 iyun 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol barədə məlumatlandırılmaqla protokolun surəti ona göndərilmişdir. İş materiallarından həmçinin müəyyən edilir ki, reklam yayıcısı Şəxs 2019-cu ildə reklam yayımına icazə verən səlahiyyətli orqan Bakı şəhəri Reklam İdarəsinə daxil olmuş müraciəti əsasında ona ünvan 1 ünvanında yerləşən obyektin üzərində 02 sentyabr 2019cu il tarixdən 01 mart 2020-ci il tarixədək olan dövr üçün açıq məkanda həmin dövr üzrə ümumi sahəsi 6,10 kv.m olan 3 reklam lövhəsi ilə bağlı reklam yayımına icazə verilmişdir. Lakin reklam yayıcısı Şəxs ona məxsus obyektdə 01 mart 2020-ci il tarixdən sonrakı dövr üçün açıq məkanda hər hansı bir reklam daşıyıcısının yerləşdirilməsinə səlahiyyətli qurum tərəfindən icazə verilməmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ünvan 1 ünvanında reklam yayımı daşıyıcısı yerləşdirilməsinin “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinin tələblərinə zidd olması barədə Şəxs Bakı şəhəri Reklam idarəsinin əməkdaşları tərəfindən xəbərdarlıqlar edilməsinə baxmayaraq onun tərəfindən qeyd edilən pozuntunun aradan qaldırılması üçün heç bir tədbir görülməmişdir. Bununla da, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şəxs barəsində vəzifəli şəxs olaraq Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsi ilə inzibati xətanın törədilməsi haqqında protokol tərtib olunmuşdur. Qeyd edilir ki, Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsinə əsasən, açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi qaydalarına əsasən, 2.1. Açıq məkanda reklam yerləşdirilməsinə icazə (bundan sonra – icazə) alınması üçün reklam yayıcısı (reklam qurğusunun mülkiyyətçisi, digər reklam daşıyıcısının isə sahibi) “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada müvafiq quruma ərizə təqdim edir. Ərizə müvafiq qurum tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq qəbul edilir və qeydiyyata alınır. 2.16. Reklama dair texniki şərtlər pasportunun etibarlılıq müddəti və icazə müqaviləsinin qüvvədə olma müddəti icazənin müddətindən artıq olmamalıdır. İcazənin və reklama dair texniki şərtlər pasportunun forması, həmçinin icazə müqaviləsinin forması və bağlanılma qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. 3.1. Müvafiq qurum açıq məkanda yerləşdirilmiş (yerləşdirilən) reklam daşıyıcılarının qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada müvafiq göstərişlər verir, reklam qurğularının sökülməsi barədə qərar qəbul edir və onları sökür. 3.6. Açıq məkanda reklam fəaliyyətinə nəzarət çərçivəsində reklam yayıcısının yerləşdiyi ünvanda yoxlama aparılması zərurəti yarandıqda, həmin yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə uyğun həyata keçirilir. 3.7. Müvafiq qurum reklamvericilərin, reklam istehsalçılarının, reklam yaradıcılarının, reklam agentlərinin və reklam yayıcılarının hərəkətlərində açıq məkanda reklam üzrə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikası İXM-nə uyğun olaraq tədbirlər görür, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verir. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanından icazə almalı, ərazinin, daşınmaz əmlakın mülkiyyətçisi və ya onlar barədə sərəncam vermək hüququ olan şəxslə müqavilə bağlamalıdır. Həmin müqavilə əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən reklama dair texniki şərtlər pasportu hazırlanır. Reklama dair texniki şərtlər pasportu mülkiyyətçiyə təqdim edildikdən sonra reklam yerləşdirilə bilər. Reklama dair texniki şərtlər pasportunun formasını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 61.1.3-cü maddəsinə əsasən barəsində inzibati icraat aparılan şəxsin sübutlar təqdim etmək hüququ vardır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, vəzifəli şəxs olaraq Şəxs (VÖEN **********) onun tərəfindən “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması barədə Bakı şəhəri Reklam idarəsinin əməkdaşları tərəfindən ona xəbərdarlıqlar edilməsinə baxmayaraq 09.06.2021-ci il tarixdə ünvan 1 ünvanındakı obyektdə müvafiq icazə olmadan açıq məkanda reklam lövhəsi yerləşdirmiş və qeyd edilən pozuntunun aradan qaldırılması üçün heç bir tədbir görməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə vəzifəli şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən ilk dəfə olaraq qeyd olunan xətanın törədilməsi nəzərə alınaraq onun barəsində (VÖEN **********) Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs (VÖEN **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1500 (bir min beş yüz) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar