Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1433/2022 14.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinin əməliyyat müvəkkili X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx xxxxxxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 211.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq əhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsindən daxil olmuş 14 mart 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 49 ünvanında “Galiano” restoranında pandemiya qaydaları ilə bağlı nəzarəti zəiflətdiyi, vaksinsiz müştəri və işçi aşkar olunmuşdur. Bununla da, Şəxs tərəfindən İXM-in 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinin əməliyyat müvəkkili X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, 13 mart 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 69В ünvanında yerləşən Şəxs rəhbərlik etdiyi “Galiano” adlanan kafeyə baxış keçirilmiş, orada vaksin və ya immunitet pasportu olmayan işçilər və müştərilər aşkar edilmişdir. Nəticədə Şəxs İXM-in 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, Tbilisi prospekti 69В ünvanında yertləşən “Galiano” adlı kafenin idarə edicisidir. Orada 8 nəfər işçi çalışır. 13 mart 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən yoxlama aparılarkən aşkar etdiklərini bildirdikləri vaksin pasportsuz şəxs onların işçisi deyildir. Həmin şəxs işə qəbul olmaq üçün gəlmişdir. Müştərilərin vaskin pasportunun yoxlanılması Rahil adlı ofisianta həvalə edilmişdir. Rahil isə məsuliyyətsizlik edərək bir neçə müştərinin vaksin pasportu olmadan daxil olmasına icazə vermişdir. Yekun olaraq o ilk dəfə inzibati məsuliyyətə cəlb olunduğunu, əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “İnzibati xəta törətmiş şəxsi tutmaq haqqında” 14 mart 2022-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 14:02-də inzibati qaydada tutulmuşdur. Yasamal Rayon Polis idarəsinin 27-ci polis bölməsinin sahə inspektorları Xəyal Alılı və Vüsal Məmmədov tərəfindən həmin bölmənin rəhbərliyinə ünvanlanmış raportdan görünür ki, 13.03.2022-ci il tarixə saat 21:10 radələrində Yasamal rayonu, Tbilisi prospekti 69 B ünvanında yerləşən “galiano” restoranında karantin rejimi ilə əlaqədar yoxlama apararkən müştərilərdən bir neçəsinin vaksin pasportunun və immunitet sertifikatının olmaması, bəzi müştərilərdə isə 1-ci və 2-ci doza vaksinlərin olması, 3-cü doza vaksinin olmaması müəyyən edilmişdir. Eləcə də həmin restoranda işləyən şəxslərdən bir neçəsində 1-ci və 2-ci doza vaksin olması, 3-cü doza vaksinin olmaması müəyyən edilmişdir. Həmin şəxslərdən iki nəfər müştəri və bir nəfər işçi (qəlyan ustası) izahatlarının alınması məqsədi ilə PB-nə dəvət olunmuşdur. PB-də həmin şəxslərin 12.10.1997-ci il təvəllüdlü, (qəlyan ustası) X4, 20.10.1995-ci il təvəllüdlü, (müştəri) X5 və 30.09.1996-cı il təvəllüdlü, (müştəri) X2 olduğu müəyyən edilmişdir. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, “Galiano” restoran Şəxs məxsus ********** nömrəli Vöen ilə fəaliyyət göstərmiş, hal-hazırda fəaliyyəti müvəqqəti dayandırılmışdır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 iyul 2021-ci il tarixli məlumatına əsasən “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021ci il 26 may tarixli 151 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında 229 nömrəli qərarından görünür ki, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021ci il 26 may tarixli 151 nömrəli Qərarına aşağıdakı məzmunda 2.5-5-ci bənd əlavə edilsin: “2.5-5. 2021-ci il 1 sentyabr tarixindən etibarən: 2.5-5.1. dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, habelə aşağıda qeyd olunan müəssisələrin işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80 faizinin COVİD-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVİD-19-a qarşı immunitet sertifikatının olması tələb edilir:
1. mülkiyyət formasından asılı olmayaraq bütün tibb və əczaçılıq müəssisələri;
2. mülkiyyət formasından asılı olmayaraq bütün elm və təhsil müəssisələri;
3. bu Qərarın 2.4-cü bəndi nəzərə alınmaqla, bu Qərarın əlavəsində qeyd olunan iş və xidmət sahələrində fəaliyyət göstərən müəssisələr; 2.5-5.2. ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVİD-19 pasportunun olması tələb edilir; 2.5-5.3. yaşı 18-dən yuxarı olan şəxslər aşağıdakı yerlərdə qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVİD-19 pasportu olduğu halda istifadə edə bilərlər:
1. ictimai iaşə müəssisələrində;
2. mehmanxanalarda;
3. iri ticarət mərkəzlərində.”. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. İş üzrə müəyyən olunmuşdur ki, xüsusi karantin rejimi çərçivəsində Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması, həmçinin əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədi ilə tətbiq edilən məhdudiyyətlər Şəxs tərəfindən pozulmuşdur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs törətdiyi əməli səmimi etiraf edərək, əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını, şəxsiyyətini xarakterizə edən halları və cəmiyyətin maraqlarını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin Məcəllənin 31.4-1-ci maddəsi nəzərə alınmaqla, onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və barəsində həmin Məcəllənin 31.4-1-ci maddəsi tətbiq edilməklə 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Rauf Daşdəmirov