Məhkəmə qərarları › İş №3(004)-1434/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1434/2020

07.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1434/2020 07.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə, X2 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X3 onun barəsindəolan İXM-nin 211-ci maddəsi iləBakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin qəbul etdiyi TP3675190 saylı, xx.xx.2020-ci il tarixliqərarından şikayət verərək, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərarı ləğv edərək barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətində və məhkəməyə verdiyi izahatında göstərmişdir ki, o, “xxxxxxxxxxx” MMC-yə məxsus rəqəmsal anbarda (Kontakt Home) anbardar vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə o, digər 2 (iki) iş yoldaşları ilə birlikdə işdən evə qayıdarkən idarə etdiyi “**-TU-***” dövlət qeydiyyat nişanlı avtomobili Binəqədi rayonu ərazisində qurulmuş polis postunda polis əməkdaşları tərəfindən saxlanılmışdır. İdarə etdiyi avtomobil saxlanıldıqdan sonra polis əməkdaşları yaxınlaşaraq ondan şəxsiyyəti təsdiq edən sənədi tələb etmiş və tərəfindən şəxsiyyətini təsdiq edən sənəd polis əməkdaşına təqdim edilmişdir. Şəxsiyyət vəsiqəsini polis əməkdaşına təqdim etdikdən sonra o, yaşayış yerini tərk etməyi üçün icazəsinin olub-olmamasını öyrənmək məqsədilə şəxsiyyət vəsiqəsindəki məlumatlar üzrə elektron sistemdə axtarış aparmış və nəticədə işlədiyi müəssisə tərəfindən elektron sistemdə qeydə alınmış elektron icazənin olması müəyyən edilmişdir. Elektron icazənin olması müəyyən edildikdən sonra polis əməkdaşı qanunsuz və əsassız şəkildə avtomobildə ondan başqa 2 (iki) sərnişinin olmasının karantin rejiminin pozulmasına səbəb olduğunu bildirdi. Bundan sonra o, polis əməkdaşına avtomobildə olan sərnişinlərin hər ikisinin elektron qaydada alınmış icazələrinin mövcud olduğunu, həmçinin avtomobildə sürücüdən başqa 2 (iki) sərnişinin olmasının karantin rejiminin pozulmasına səbəb olmadığını və qeyd olunan halla bağlı hər hansı bir normativ göstərişin olmadığını bildirsə də, polis əməkdaşları tərəfindən avtomobildə olan sərnişinlərin icazəsinin olub-olmaması araşdırılmamış və onun iştirakı olmadan barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, o, barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini yalnız sonradan elektron hökumət portalında mövcud olan şəxsi kabineti vasitəsi ilə əldə etmişdir. Eyni zamanda xüsusilə qeyd etmişdir ki, o, polis əməkdaşlarının qanunsuz hərəkətləri barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” əlaqə mərkəzinə zəng edərək məlumat verərkən avtomobildə sürücüdən başqa 2 (iki) sərnişinin olmasının karantin rejiminin pozulmasına səbəb olub-olmamasını soruşmuş və bu zaman ona göstərilən halın karantin rejiminin pozulması üçün əsas hesab olunmadığı bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 120 nömrəli qərarının 3.1-ci bəndinə əsasən supermarketlərin, ərzaq mağazalarının və apteklərin fəaliyyəti, evə götürmə, çatdırma və onlayn satışlar istisna olmaqla bütün ticarət və ictimai iaşə məkanlarında, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətlərin qadağan edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 124 nömrəli qərarına əsasən x xxxxx 2020-ci il saat 00:00-dan ölkə ərazisində hərəkət məhdudiyyətləri tətbiq edilməyə başlamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 144 nömrəli qərarının 3-cü bəndinə əsasən “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarının 1-ci hissəsində “20 aprel” rəqəmi və sözü “4 may” rəqəmi və sözü ilə əvəz edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən bəzi məhdudiyyətlərin xx.xx.2020-ci il tarixdən aradan qaldırılması barədə xx.xx.2020-ci il tarixli 147 nömrəli qərarının 1.1.5-ci bəndinə əsasən məişət texnikasının və elektron cihazların (avadanlıqların), o cümlədən kompüter və mobil cihazların, onlara aid ehtiyat hissələrinin və aksesuarların satış məntəqələrinin fəaliyyəti xx.xx.2020-ci il saat 00:00-dan bərpa edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Odur ki, göstərilənləri, Azərbaycan Respubikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 120 nömrəli qərarını və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinin tələblərini nəzərə alaraq İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərarı ləğv edərək barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştrakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəməizahatı dinləyib,şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayətin qərarın ləğv edilməsi hissəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ-nın TP3675190 saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X3 xx.xx.2020-ci il tarixdə saat 18:00 radələrində idarə etdiyi “X6 minik” markalı, **-TU-*** nömrə nişanlı avtomobillə Binəqədi yolunda ölkə ərazisində “epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərinin pozulması”na görə İXM-in 211-ci maddəsi ilə təqsirli bilinib 100 manat cərimə edilmişdir. Qərar İXP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmişdir. Həmin protokolda və qərarda şəxsin İXM-nin 211-ci maddəsinin tərkibini yaradan konkret əməlinin nədən ibarət olması dəqiq qeyd edilməmişdir. Çünki şikayətçi deyir ki, o heç bir qayda pozuntusu törətmədiyi halda onun barəsində protokol tərtib edilmişdir. Bununla da qərarda ümumiyyətlə şəxsin törətməsi ehtimal edilən hadisə, inzibati xətanın mahiyyəti göstərilməmişdir, şəxsin hansı əməlinin İXM-in 211-ci maddəsinin tərkibini yaratdığı, əməlin tövsifi göstərilməmişdir. Belə ki, İXM-nin 211-ci maddəsindəki əməl bir neçə üsulla, hərəkət və ya hərəkətsizliklə törədilə bilər. Həmin əməllərə tibbi maskadan istifadə etməmə, SMS icazəsi olmadan yaşayış yerini tərk etmə, həmin dövrdə qadağan edilmiş fəaliyyətlə məşğul olma, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi bir çox karantin rejimi qaydaları vardır. Həmin rejim qaydalarından hansının pozulduğu protokol və qərarda göstərilməmişdir. Qərarda sadəcə İXM-nin həmin maddəsinin yalnız nömrəsi göstərilməklə, həmin maddənin tələblərinin pozulduğu göstərilmişdir. Lakin həmin maddədə bir neçə pozuntu əlamətləri, əməllər, yəni inzibati məsuliyyətə səbəb ola biləcək bir neçə əlamətlər və hallar (dispozitiv əlamətlər, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi bir çox karantin rejimi qaydaları) müəyyən edilmişdir. Halbuki, İXM-in 115.1.4-cü maddəsinə əsasən işə baxılarkən müəyyən edilmiş hallar inzibati xəta haqqında iş üzrə qərarda göstərilməlidir. Həmçinin İXM-in 75-ci maddəsinə də əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait inzibati xəta haqqında iş üzrə müəyyən edilməlidir. İnzibati xəta bir neçə əməllə (üsulla, forma ilə) törədilə bilərsə, şəxsin bu və ya digər konkret inzibati xətaya səbəb olan əməli törətməsini məhkəmə müəyyən etməli deyildir. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə) və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə inzibati orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə) şəxs tərəfindən törədilibtörədilməməsini yoxlamalıdır. Konkret əməl (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə) qərarda göstərilmədiyi üçün, məhkəmə belə bir qərarın qanuniliyini yoxlaya bilməz. Səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin bu və ya digər hər hansı bir qərarda dəqiq göstərilməyən qeyri-müəyyən əməli törətməsini nəzərdə tutmasını məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Bununla da məhkəmə hesab edir ki, qərarda konkret inzibati xəta hadisəsi və ya inzibati xəta tərkibini yaradan əməl qeyd edilmədiyindən,şəxsin törətdiyi inzibati xətanın mahiyyətinin nədən ibarət olması göstərilmədən, yəni , Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi hansı karantin rejimi qaydalarını pozması, “Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması” necə pozmaqla inzibati xəta törətməsi qeyd edilmədiyindən,inzibati xəta haqqında qərarda göstərilməyən hadisənin törədilməsində şəxsi təqsirli bilib, sadəcə İXM-in inzibati xəta kimi müəyyən edilmiş maddəsinin dispozisiyasına istinad edilərək şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Konkret əməl İXM-də inzibati xəta kimi müəyyən edilmişdirsə və şəxsin həmin əməlin törədilməsində təqsiri İXM-lə müəyyən edilmiş qaydada sübuta yetirildikdən sonra inzibati məsuliyyətə cəlb edilə bilər.Qərarda şəxsin ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan konkret hansı əməli (hərəkət və ya hərəkətsizlik) törətməsi göstərilməli və həmin əməlin İXM-in hansı maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta olması qərarda öz əksini tapmalıdır. Konkret göstərilməyən, dəqiqləşdirilməmiş əməlin törədilib-törədilməməsini, olubolmamasını yoxlamaq da mümkünsüzdür. Çünki qərarda mövcud olmayan bu və ya digər hərəkəti, şəxsin “Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması” hərəkəti kimi məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Beləliklə şəxsin hər hansı bir konkret əməlin törədilməsində təqsiri İXM-lə müəyyən edilmiş qaydada sübuta yetirilmədən inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə qəbul edilmiş qərarda şəxsin təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməli (hərəkət və ya hərəkətsizlik) qeyd edilməmişdir, onun məhz hansı əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması qərarda qeyd edilməmişdir. Beləliklə hazırkı iş üzrə İXM-lə müəyyən edilmiş yuxarıdakı prosessual pozuntular törədilməklə qərar qəbul edilmişdir. Qeyd edilən həmin prosessual pozuntular işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə olduğundan, son nəticədə qanuni və əsaslı olmayan qərarın qəbul edilməsinə gətirib çıxartmışdır. İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2-ci maddəyə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.5-ci maddəyə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6-cı maddəsinə əsasən İXM-lə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən çıxarılan qərarlar siyahısında İXM-in 134.1.4-ci maddəsinə əsasən həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; İXMin 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati işə baxılarkən İXM-lə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması müəyyən edildiyindən, qərar ləğv edilmə-li, İXM-in tələblərinə əməl edilməsi, inzibati xəta törətmiş fiziki, vəzifəli və ya hüquqi şəxsin müəyyən edilməsi, həmin şəxsin “Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması” necə pozmaqla inzibati xəta törətməsini müəyyən etmək,nəti-cə-sindən asılı olaraq inzibati xəta haqqında işə baxıb qərar qəbul edilməsi və ya aidiyyəti üzrə gön-də-rilməsi üçün iş, protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Həmçinin şikayətin inzibati xətanın törədilib-törədilməməsi məsələsi isə həmin işə səlahiyyətli orqanda baxılarkən, həmin səlahiyyətli orqanın araşdırmaq səlahiyyəti olduğundan, məhkəmə şikayətin bu hissəsinin təmin edilməməsi qənaətinə gəlir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X3 onun barəsində İXM-nin 211-ci maddəsi iləBakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin qəbul etdiyi TP3675190 saylı, xx.xx.2020-ciil tarixliinzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin. Həmin inzibati xəta haqqında işə Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ-də yenidən baxılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar