Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1437/2022 12.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclas katibi Əliyeva Zəminə Səməd qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə MN ******* nömrəli 04 mart 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsinə görə inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar belə hərəkətlərə yol verilərək 04.03.2022-ci il tarixdə saat 12:32-də ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus Şəxs mağazasında işçilər X2 (AA1958088), X1 (AA1147418) epidemiya əleyhinə rejim sanitariya gigiyena və karantin rejimləri dövründə tələblərin pozulması faktı aşkar edilmişdir. Bununla da MMC tərəfindın İXM-in 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs və səlahiyyəti orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və səlahiyyəti orqanın nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Bazarstore MMC barələrində tərtib olunmuş protokola yazılı etiraz göndərərək, bildirmişdir ki, iş materiallarına əlavə edilmiş sübut kimi yalnız 4 nəfər işçinin maskadan düzgün istifadə etməməsi barədə 2 ədəd fotoşəkil (işçilərin fotoşəkillərindən görünür ki, tibbi maska işçilərin tənəffüs yollarını, yəni ağız və burunu tam bağlamır, bu vəziyyətdə xidmət göstərirlər), DVX əməkdaşları arasında imzalanmış sərbəst akt və 1 nəfər işçinin şəxsiyyət vəsiqəsinin surətidir. Bununla da 2 nəfər işçinin maskadan düzgün istifadə etməyərək müştərilərə xidmət göstərməsinə görə hüquqi şəxs inzibati xəta törədilməsində təqsirləndirilir. İlkin olaraq qeyd etmək istərdik ki, foto şəkli əlavə olunmuş xanım işçi Şəxs MMC-nin işçisi deyildir və onun fəaliyyətinə nəzarətə mağaza rəhbərliyi məsuliyyət daşımır. Belə ki, həmin təndir bişirilən sahə başqa şəxsə subicarəyə verilmişdir. Hazırki iş üzrə həmin işçilərin maskadan düzgün istifadə etməyərək obyektdə xidmət göstərməsindən hüquqi şəxsin hansısa xeyir götürməsi və ya hüquqi şəxsin hansısa marağının qorunmasına qiymət verilməli idi. Yəni hüquqi şəxsin əlavə xeyri və ya marağı ilə işçilərin maskanı düzgün taxmaqla və ya taxmamaqla xidmət göstərməsi arasında səbəbli əlaqənin mövcud olub- olmaması araşdırılmalı idi. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM ilə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM ilə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İşçilərin ağzında maska olmadan obyektdə olması və iş görməsi müqabilində hüquqi şəxsin hər hansısa əlavə xeyri və ya marağı qorunmur. İşçi maska taxsada. taxmasa da məhsullar eyni qiymətə satılır. Həmin işçilər əmək funksiyalarının yerinə yetirərkən, maska taxsa da, taxmasa da, eyni işi görmüş olur. Həmçinin işçilər maskanı düzgün taxsa da, taxmasada, ayın sonunda ona verilən əmək haqqı evni olacaqdır. İşçinin maskadan düzgün istifadə etməməsi ilə göstərdiyi xidmət nəticəsində hüquqi şəxs hansısa konkret xeyir əldə etməsi və ya hansısa konkret marağının qorunmasına dair nə səlahiyyətli orqan protokolda belə bir əsaslandırma aparmamış, sübuta istinad etməmiş, nə də iş materiallarına belə bir sübut əlavə etməmişdir. Belə bir sübutlar mövcud deyildir. Əksinə, işçilər maska taxıb xidmət göstərməsi və ya düzgün maska taxmayıb xidmət göstərməsi arasındakı fərqlə, hüquqi şəxsin hər hansı bir konkret xeyri və ya onun hər hansı bir konkret maraqlarının qorunması arasında səbəbli əlaqə yoxdur. İşçinin və ya vəzifəli şəxsin törətdiyi inzibati xətanın, İXM-nin 18.2-ci maddəsindəki ümumi və prevudisial şərtə münasibətdə hüquqi şəxsin inzibati məsuliyyətinə səbəb olacaq səbəbli əlaqə yoxdur. Eyni xidməti işçilər maska taxaraq da göstərə bilər, İşçinin maska taxmaqla və ya taxmamaqla xidmət göstərməsinin hüquqi şəxsin xeyri və ya maraqları baxımından hər hansı bir fərqi yoxdur. Maska taxmaqla işçilərin göstərdiyi xidmətin hüquqi şəxsin xeyrinin azalmasına və ya maraqlarına zidd olmasına gətirib çıxarması üçün əsaslandırılma aparıla bilmir. Bu cür fəaliyyət məhz maska taxmadan və yalnız bu cür inzibati xətaya yol verilməklə həyata keçirilməsi mümkün olsaydı, digər halda bu cür fəaliyyət mümkünsüz olsaydı və ya maska taxmadan fəaliyyət göstərmək nəticəsində hüquqi şəxs hər hansısa əlavə üstünlük və ya xeyir əldə etsəydi, onda belə bir əsaslandırma aparmaqla, hüquqi şəxsin bu xeyrinin mövcudluğu sübut olunmaqla, hüquqi şəxs inzibati məsuliyyətə cəlb edə bilərdi. Bununla da işçilər maska taxmadan xidmət göstərirsə, hu hal məhz həmin işçilərin özünün inzibati məsuliyyətinə səbəb ola bilər və ya işçilərin maska taxmasına nəzarəti həyata keçirən vəzifəli şəxsin özünün inzibati məsuliyyətinə səbəb ola bilər. Hüquqi şəxsin işçilərinin fərdi qoruyucu vasitələrdən (maska) istifadə etmədən xidmət göstərməsi hüquqi şəxsin maraqlarının birbaşa pozulmasına səbəb ola bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilmiş qaydalara əməl edilməsinə nəzarət etmək, bu qaydalara əməl olunmasını təşkil və təmin etmək, o cümlədən nəzarət etmək həmin məhdud məsuliyyətli cəmiyyətin vəzifəli şəxslərinin vəzifəsi hesab edilir. İşçinin və ya həmin işçilərə nəzarət eləməli olan vəzifəli şəxsin hüquqi şəxsin maraqlarının pozuntusuna yönəlmiş inzibati xətasına görə, hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. İşçilərin məhz fərdi qoruyucu vasitədən istifadə etməməklə xidmət göstərməsi ilə işçilərin özünün törətdiyi inzibati xətanın nəticəsinin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilməsi sübut olunmur. Həmçinin qeyd edirik ki, hazırkı protokol məhz hüquqi şəxs barəsində tərtib edilmişdir. Həmin protokol fiziki şəxs və ya vəzifəli şəxs barəsində tərtib edilmədiyindən, bununla da fiziki şəxs və ya vəzifəli şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmadığından, hazırkı icraatın yekunu olaraq fiziki şəxs və ya vəzifəli şəxs barəsində inzibati tənbehvermə qərarı da qəbul edilə bilməzdi. “Vergi ödəyicisi” dedikdə, Şəxs MMC nəzərdə tutulur ki, hüquqi şəxs qeyrimaddi məfhum olduğundan obyektə gələ bilməzdi. Belə görünür, BKSİBİ əməkdaşları hər obyektə gedəndə bu tip standart aktı iş yerlərinə qayıtdıqdan sonra öz aralarında tərtib edib imzalayırlar, əslində mağazada olan heç kəsə bu barədə məlumat vermirlər, telefonla da heç kəslə əlaqə saxlamayıblar. Əlaqə saxlanılsaydı, bu barədə sübutlar iş materiallarına əlavə olunardı. İş materiallarında belə bir sübut olmadığından hesab edirik ki, BKSİBİ əməkdaşları İXM-nin 100.2-ci maddəsinin tələblərinə də əməl etməyiblər. İş materiallarında olan fotoşəkildən görünür ki, bir nəfər kişi cinsli işçi vətəndaşa fərdi qoruyucu vasitə (tibbi maska) taxmadan işlər görür, xidmət göstərmiş, bununla da epidemiya əleyhinə rejim, sanitar-gigiyena və karantin qaydalarının pozulması faktı aşkar edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-3535/2021 nömrəli, 15.12.2021-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1200 (bir min iki yüz) manat miqdarında inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir 211.3-cü maddəsinə əsasən, Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə məsuliyyət müəyyən edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına görə məsuliyyət müəyyən edir. “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi dövründə sanitariya vəziyyətinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.05.2020-ci il tarixli Qərarına müvafiq olaraq koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin rejimi dövründə müxtəlif ticarət və xidmət sahələrinin, ofislərin fəaliyyəti və sair fəaliyyət sahələrində xüsusi sanitar rejim tətbiq edilir. “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.05.2020-ci il tarixli 189 saylı Qərarına əsasən Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parka maska, respirator və sair) istifadə edilməlidir: şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.); qapalı bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla); dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə; fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində; açıq sahəli ofislərdə və istehsalat yerlərində; tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və tibb müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə) Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Məhkəmə iş materiallarını araşdırıb, habelə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-3535/2021 nömrəli qərarını nəzərədən keçirib hesab edir ki, MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi halı tam sübuta yetirilir. Şəxs MMC-nin törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə təqsirli bilinməli və barəsində cərimə növündə inzibati tənbehin tətbiq edilməsi məqsədə müvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1200 (bir min iki yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-1437/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1437/2022
12.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver