Məhkəmə qərarları › İş №3(004)-144/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-144/2022

19.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-144/2022 19.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən tərtib edilmiş 24 noyabr 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallar Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi H.A.Cəfərli inzibati xəta haqqında protokola öz etirazını bildirərək, həmçinin sözügedən protokolun tərtib edilməsi zamanı çoxsaylı pozuntulara yol verilməsini vurğulayaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 Üzrə Baş İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş inzibati iş natamam olmuşdur. İnzibati xəta haqqında protokol Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi qeyd edilsə də, əvvəllər Şəxs MMCnin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati materiala heç bir sübut əlavə edilməmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)- 135/2021 saylı, 01.02.2021-ci il tarixli qərarından Şəxs MMC tərəfindən apellyasiya şikayəti verilmiş, lakin Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan işlə bağlı yekun qərarı iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 99-cu maddəsinin məzmununa görə inzibati xəta haqqında protokol tərtib edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanmış hesab edilir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün müvafiq səbəb və əsas olmalıdır. Həmin Məcəlləyə görə inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəb kimi inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi, dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması, fiziki və hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar ola bilər. Məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 101-ci maddəsinin məzmununa görə isə inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqın iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə araşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. İnzibati araşdırma aparıldığı hallarda isə protokol 102.5-ci maddədə göstərilən müddətlərdə tərtib edilir. Qeyd olunan normalardan göründüyü kimi inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında protokol tərtib edilməmişdən öncə, icraatın başlanmasının səbəb və əsaslar müəyyən edilməli, icraatın başlanmasına səbəb olan hallar müvafiq rəsmi və ya prosessual sənədlərdə öz əksini tapmalıdır. Lakin hazırki işin hallarından müəyyən edilir ki, məhkəməyə təqdim edilmiş protokolda Şəxs MMC-nin barəsində əvvəllər Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi ilə bağlı inzibati tənbeh tətbiq edilməsi və həmin inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə dair iş materiallarına hər hansı bir sənəd əlavə edilməmişdir (Bakı Apellyasiya Məhkəməsinin qərarı). Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə- fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 211.3-cü maddəsinə əsasən bu Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə – fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 100.1.4-cü maddəsinə görə törədilən inzibati xətanın mahiyyəti dəqiq göstərilməlidir. Lakin hazırki protokolda təsərrüfat obyektində kim tərəfindən və konkret olaraq ölkə ərazisində mövcud olan karantin rejimləri dövründə yuxarıda qeyd edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları və həmin qərarla təsdiq edilmiş metodik göstərişlərdə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı hansı tələbin pozulması və ya pozuntunun qarşısının alınmaması göstərilməmiş və buna dair mötəbər sübut işə əlavə edilməmişdir. Halbuki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Sadalanan nöqsanları işin məhkəmə hazırlıq və ya baxışı mərhələsində aradan qaldırmaq mümkünsüzdür. Həmin pozuntuları protokol tərtib etmiş səlahiyyətli orqan aradan qaldırmalıdır. Belə olduğu təqdirdə qərarda göstərilən yol verilmiş pozuntuların aradan qaldırılması üçün inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 106, 109 və 118-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində tərtib olunmuş 21 dekabr 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar