Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1444/2021 06.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Zəminə Səməd qızının katibliyi ilə, “X1 Evrascon” Açıq Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi bankından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Mərkəzi bankın 30.04.2021-ci il tarixli, 26-05852-2021 saylı göstərişi əsasında “X1 Evrascon” ASC müvafiq sənədləri vaxtında təqdim etməmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 09 iyun 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X1 Evrascon” ASC və protokol tərtib etmiş orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndələri məhkəməyə gəlməmiş, məhkəməyə gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankının “X1 Evrascon” ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə tərtib etdiyi MN seriyalı ******* nömrəli 09 iyun 2021- ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, “X1 Evrascon” ASC Mərkəzi bankın 30.04.2021-ci il tarixli, 26-05852-2021 saylı göstərişi əsasında tələb edilən sənədləri 07 (yeddi) gün müddətində Mərkəzi banka təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Həmin məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Qeyd olunan məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Beləliklə məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankına vətəndaş Ramiz Əliyev tərəfindən müraciət daxil olmuşdur. Həmin müraciətdə R.Əliyevin ASC-nin fəaliyyəti ilə tanış olması üçün şəraitin yaradılması, zəruri sənədlərin surətlərinin ona təqdim edilməsi və bu barədə yeddi gün ərzində Mərkəzi Banka məlumat verilməsinə dair ASC-nin ünvanına göstəriş göndərilmişdir. “X1 Evrascon” ASC İXM-nin 548.2-ci maddəsinin tələblərini pozaraq, Azərbaycan Respublikası Mərkəzi bankın 30.04.2021-ci il tarixli, 26-05852-2021 saylı göstərişi əsasında tələb edilən sənədləri Mərkəzi Banka təqdim etməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, “X1 Evrascon” ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: “X1 Evrascon” ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində birbaşa Bakı Apellyasiya Məhkəməsinə və ya Yasamal Rayon Məhkəməsi vasitəsi ilə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-1444/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1444/2021
06.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver