Məhkəmə qərarları › İş №3(004)-1448/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1448/2021

16.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1448/2021 16.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X1 iclas katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X2, zərər çəkmiş şəxs (tələbkar) - X10, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs iştirakları ilə, xx xxxxxx 1983-cü ildə Qəbələ şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində Yasamal rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal rayon İcra şöbəsinin icra məmuru Aslan Aslanbəyli tərəfindən tərtib edilmiş 16 iyun 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Nizami Rayon Məhkəməsinin 2(007)-182/2020 saylı, 10 dekabr 2020-ci il tarixli icra sənədini icra etməkdən üzrsüz səbəbdən boyun qaçırmış və icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar qanuni tələblərini qəsdən yerinə yetirməmişdir. Göstərilənlərə əsasən, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci (Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Şəxs protokolla tanış olaraq imzalamışdır. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X6 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Nizami Rayon Məhkəməsinin 2(007)-182/2020 saylı, 10 dekabr 2020-ci il tarixli icra sənədinə əsasən 02 sentyabr 2007-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün borclu Şəxs 30 iyul 2019-cu il tarixdən hesablanmaqla hər ay 160 (yüz altmış) manat məbləğində aliment tutularaq tələbkar X10 xeyrinə ödənilməlidir. İcra sənədi üzrə Yasamal rayon İcra şöbəsində 04 mart 2021-ci il tarixli qərarla icraata başlanılmışdır. Borclu Şəxs icra sənədini qanunla müəyyən edilmiş müddətdə üzrsüz səbəbdən icra etməməsinə görə məsuliyyət barədə xəbərdarlıq edilib, tələbin könüllü icrası barədə bildiriş ona 10 mart 2021-ci il tarixdə təqdim edilmişdir. Lakin, borclu tərəfindən hazıradək icra sənədi üzrə ödəniş etmədiyindən 30 iyul 2019-cu il tarixdən hesablanmaqla 3680 (üç min altı yüz səksən) manat borcu yaranmışdır. Borclu Şəxs izahatında işsiz olduğu, gəlirinin olmadığı üçün maddi vəziyyətinin ağır olması ilə əlaqədar borcu ödəyə bilmədiyini, tələbkarla aralarında olacaq əmlak bölgüsündən gələcək gəlirlə borcunu ödəmək niyyətində olduğunu bildirmişdir. Yasamal rayon İcra şöbəsinin icra məmuru X6 göstərilən hallar nəzərə alınmaqla Şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Verilmiş suallar əsasında Yasamal rayon İcra şöbəsinin icra məmuru X6 əlavə olaraq bildirmişdir ki, Şəxs borcunun yönəldilə biləcəyi hər hansı əmlakı, əmək haqqı ala biləcəyi iş yeri və bankda adına pul vəsaiti aşkar edilməmiş və o, çağırışlar əsasında vaxtlı-vaxtında şöbəyə gəlmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində tərtib edilmiş protokol üzrə özünü təqsirli bilməyərək bildirmişdir ki, o, yaşlı ata və anası ilə birlikdə yaşayır, məhkəmənin icra sənədi üzrə öhdəliklərindən yayınmır, işsiz olması və gəlirinin olmamasına görə maddi vəziyyəti çətindir, buna görə də, borcu ödəyə bilmir. Şəxs əlavə olaraq izahatında bildirdi ki, tələbkarla aralarında olacaq əmlak bölgüsünə dair Nizami Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli 2(007)-735/2021 nömrəli qətnaməsini yeni əldə etmişdir, yaranmış borcunu əvəzləşdirmək üçün əmlak bölgüsündən əldə edəcəyi payın bir qismindən imtina etmək niyyətindədir. Şəxs qeyd olunan hallar nəzərə alınaraq barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Şəxs verilmiş suallar əsasında əlavə olaraq bildirdi ki, o, ilk dəfə olaraq 10 mart 2021-ci il tarixdə icra şöbəsində olmuş, icra sənədini, icraata başlamaq haqqında qərarı, tələbin könüllü icrasına dair bildirişi həmin tarixdə rəsmi qaydada almış, 16 iyun 2021-ci il tarixdə isə izahat vermişdir. Məhkəmə iclasında iştirak edən icra sənədi üzrə tələbkar X14 izahatında göstərmişdir ki, o, təxminən bir ay olar ki, ailə qurmuş və taksı fəaliyyəti ilə məşğul olmaqla onların maddi ehtiyaclarını qarşılayır. Hazırda uşağın saxlanılması üçün ona ödənilməli olan aliment borcunun tam şəkildə ödənilməsini tələb edir və məhkəmədən Şəxs barəsində həbs inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Verilmiş suallar əsasında X14 əlavə olaraq bildirdi ki, Nizami Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli 2(007)-735/2021 nömrəli qətnaməsinə əsasən Əliyeva Aytəkinə müəyyən edilmiş əmlak payından imtina edəcəyi təqdirdə o, hazırki borca görə onunla razılaşa bilər. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və icra sənədi üzrə tələbkarın izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Nizami Rayon Məhkəməsinin 2(007)-182/2020 nömrəli, 10 dekabr 2020-ci il tarixli icra sənədinə əsasən 02 sentyabr 2007-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdeh Şəxs 30 iyul 2019-cu il tarixdən hesablanmaqla hər ay 160 (yüz altmış) manat məbləğində aliment tutularaq iddiaçı X10 xeyrinə ödənilməsi müəyyən edilmişdir. İş materiallarında olan Şəxs 16 iyun 2021-ci il tarixli izahatından da görünür ki, o, icra sənədi üzrə ödəniş etməməsinin səbəbi kimi işsiz olması və gəlirinin olmaması, yaşlı ata və anasının pensiyaları ilə dolanması, özünün səhhətində problemlərin olmasını göstərmişdir. İş materiallarında olan Nizami Rayon Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli, 2(007)-182/2020 nömrəli qətnaməsindən görünür ki, X10 X5 qarşı “uşağın yanında saxlanması və aliment” tələbinə dair iddiası qismən təmin edilərək, 02 sentyabr 2007-ci il təvəllüdlü X7 atası X10 himayəsində saxlanılması, 02 sentyabr 2007-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün X3 30 iyul 2019-cu il tarixdən hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq X11 verilməsi qət edilmişdir. İş materiallarında olan Şəxs Elektron icra sistemində olan şəxsi məlumatlar haqqında çıxarış vərəqəsindən həmçinin müəyyən edilmişdir ki, borclu Şəxs mülkiyyətində tələbin məcburi qaydada yönəldilə biləcəyi hər hansı bir əmlakı və ya qazancı yoxdur. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan hal özlüyündə, icra məmurunun qanuni tələblərinin, ümumilikdə isə müvafiq icra vərəqəsinin icra olunmamasına gətirib çıxarmış borclu tərəfindən həmin hərəkətlərin edilməməsinin obyektiv və subyektiv səbəblərini, eləcə də müvafiq icraat zamanı icra məmuru tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əsasən lazımlı zəruri icra tədbirlərinin görülüb-görülməməsini araşdırmaqla, qarşılıqlı şəkildə tədqiq edilərək müəyyən edilməsini şərtləndirir. Belə ki, Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 12-ci maddəsinə əsasən Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirəsalınmadan icra olunur. Hazırki iş üzrə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Nizami Rayon Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli 2(007)-182/2020 nömrəli icra sənədinə əsasən 02 sentyabr 2007-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdeh Şəxs 30 iyul 2019-cu ildən hesablanmaqla hər ay 160 (yüz altmış) manat məbləğində aliment tutularaq iddiaçı X10 xeyrinə ödənilməsi müəyyən edilmişdir. Qeyd olunan qətnamə ilə bağlı məhkəmə mübahisəsi olmuş, yalnız kassasiya instansiyası məhkəməsinin qərarı ilə qətnamə qüvvədə saxlanıldıqdan sonra 04 mart 2021-ci il tarixdə Yasamal rayon İcra şöbəsində icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası barədə bildiriş 10 mart 2021-ci il tarixdə Şəxs rəsmi qaydada təqdim edilmişdir. İcra müddətində borclu icra məmurunun qanuni tələblərinə tabe olaraq vaxtlıvaxtında çağırışlara gəlmiş və borcu ödənilməməsi səbəbi olaraq maddi imkanının olmaması kimi göstərmişdir. İşin faktiki hallarından da görünür ki, borclu Şəxs mülkiyyətində tələbin məcburi qaydada yönəldilə biləcəyi hər hansı bir əmlakı və ya qazancı yoxdur. Bundan başqa məhkəmə tərəfindən müəyyən edilmişdir ki, icra müddəti ərzində eyni tərəflər arasında birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü ilə bağlı məhkəmə mübahisəsi olmuşdur. Həmin məhkəmə mübahisəsi nəticəsində Nizami Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli 2(007)-735/2021 nömrəli qətnaməsi qəbul edilmişdir. Sözügedən qətnamədən görünür ki, iddiaçı X4 cavabdeh X11 qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbinə dair mülki iddiası qismən təmin edilərək, X11 məxsus “Mercedes Benz C220 CDİ” markalı **-FP-*** qeydiyyat nişanlı minik avtomobilin 1/3 hissəsinə münasibətdə X4 mülkiyyət hüququ tanınmış, eyni zamanda, müəyyən məişət əşyalarının X8 alınaraq X5 verilməsi qət edilmişdir. Göründüyü kimi, iki müxtəlif mülki iş üzrə tərəflər bir-birinə münasibətdə həm tələbkar, həm də borcludur. Məhkəmə iclasındakı izahatında isə Şəxs hazırki icra sənədi icra etməkdən yayınmadığını və borcunu birgə mülkiyyətində olan payı ilə əvəzləşdirmək niyyətində olmasını bildirmişdir. Beləliklə, Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən yerinə yetirməməsi halı, yəni Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkib əlamətləri aşkar edilməmişdir. Odur ki, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxsnun əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, şəxsin əməlində inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, borcun tam ödənilməməsinə Şəxs münasibəti qərəzli olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 43, 106- 112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim : Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar