Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1448/2024 13.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Hüseynova Yağmur Azər qızının katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsinin sahə inspektoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Ağ Şəhər ərazisində nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi etdiyinə görə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanılan zaman sərxoş olduğu aşkar edilmişdir və müayinəyə getməsi təklif olunmuşdur, bu zaman o, sərxoş olduğunu etiraf etmişdir, polis əməkdaşları da ona AR İXM-nin 333.1 və 327.1-ci maddələri ilə protokol tərtib etmişlər. xx.xx.2024-cü il tarixdə saat 12:17 radələrində o, Bakı şəhər DYPİ-nə gələrək səs-küy salmış, orada vətəndaşların diqqətini üzərinə çəkmiş, polis əməkdaşlarının ünvanına nalayiq ifadələr səsləndirərək onların şərəf və ləyaqətini alçaltmışdır. Onu nizam-intizama dəvət etsələr də, o, söyüşlər söyərək təhqiredici, nalayiq ifadələr işlətmiş, aqressiv hərəkətlər nümayiş etdirmiş, polisin tələblərinə tabe olmamışdır, bu zaman polis əməkdaşı onu polis bölməsinə gətirmiş, bununla da ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmiş, həmçinin polis əməkdaşı ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs İXM-in 510, 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 28-ci Polis Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən Yasamal Rayon Polis İdarəsinin 28-ci polis şöbəsinin sahə inspektoru X5 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Ağ Şəhər ərazisində nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi etdiyinə görə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanılan zaman sərxoş olduğu aşkar edilmişdir və müayinəyə getməsi təklif olunmuşdur, bu zaman o, sərxoş olduğunu etiraf etmişdir, polis əməkdaşı sərxoşluq aktı tərtib edərək ona AR İXM-nin 333.1 və 327.1-ci maddələri ilə protokol tərtib etmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə saat 12:17 radələrində o, Bakı şəhər DYPİ-nə gələrək səs-küy salmış, orada vətəndaşların diqqətini üzərinə çəkmiş, polis əməkdaşlarının ünvanına nalayiq ifadələr səsləndirərək onların şərəf və ləyaqətini alçaltmışdır. Onu nizam-intizama dəvət etsələr də, o, söyüşlər söyərək təhqiredici, nalayiq ifadələr işlətmiş, aqressiv hərəkətlər nümayiş etdirmiş, polisin tələblərinə tabe olmamışdır, bu zaman polis əməkdaşı onu polis bölməsinə gətirmiş, bununla da ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmiş, həmçinin polis əməkdaşı ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, həmin əməlin törədilməsində özünü təqsirli bilmir. Həftənin birinci günü sərxoşluq protokolu ilə bağlı DİN-ə, Baş Prokurorluğa şikayət etmişdir. Onu dünən Baş Polis İdarəsindən Yol Polisi İdarəsinə göndərdilər ki, səni sərxoş kimi qeyd eləmişik, maşınını götür. Vəkili dedi ki, onlar sənə akt verməli idi. Yəni, qərarı və protokolu. Bu gün gəldi dedi ki, aktları niyə verməmisiniz, içkili kimi qeyd edilən protokolu və qərarı? Sürücülük vəsiqəsini soruşdu dedilər ki, o verilmir. Sadəcə şəxsiyyət vəsiqəsini qaytardılar. Həmin gün onun içkili olmadığıma dair Səhiyyə Nazirliyinin notarial qaydada təsdiq olunmuş sərxoşluq müayinəsi sənədini məhkəməyə göstərmək istəyər. Bu sənədin əslini də DİN-ə etdiyi şikayətə əlavə edib ki, polis işçiləri necə onu aldadıb içkili olmayaolmaya içkili kimi sənədə qol çəkdiriblər? Onların istifadə etdiyi alkotester aparatı da süni idi. Polisə tabesizlik və söyüş olmayıb, əgər deyirlərsə var, sübut etsinlər. Orda gedib haqqını tələb eləyib, Arzuman ona hücum edib. Deməli bu gün Polis İdarəsinə yaxınlaşdı, sənədi istədi, Arzumandan yox, başqa inspektordan istədi. Sənədi götürəndə dedi ki, ”bu düzgün deyil, bu şərəfsizlikdir ki, mənə şər-böhtan atırlar, mən bu şərəflislərlə mübarizə aparacam”. Arzuman da durdu ayağa dedi ki, şərəfsiz sənsən. Üstümə gəlib yaxamdan yapışdı, məni bayıra çıxardı. Şərəfsizlik deyəndə şər atmalarını nəzərdə tuturdum. Arzuman müəllimi söyməmişdir. Məhkəmə iclasında iştirak edən Daxili İşlər Nazirliyi Bakı şəhər X12 İdarəsinin baş inspektoru X1 izahatında bildirmişdir ki, yyın 11-i sürücü içkili kimi saxlanılır, buna görə protokol yazılır, həmin gün 12:00-13:00 arası gəldi ki, mənim maşınımı duracaqdan buraxın, bildirildi ki, material icraata daxil olmayıb, bununla bağlı sabah yaxınlaşmalıdır. Sabah da yaxınlaşanda maşını duracaqdan götürməsi üçün buraxılış verildi, sürücünün də sürücülük vəsiqəsində 15 bal olduğu üçün ona avtomatik sərxoş kimi protokol yazılırsa qərar çıxanda sürürcü sürücülük hüququndan məhrum olunur. Sürücünun 15 balı var idi, mütəmadi qayda pozan bir sürücüdür. 5 ayın içində toplayıb bu balı. Bu gün təkrar yaxınlaşıb ki, protokolun nüsxəsini verin, çap edildi verildi, o da qayıtdı ki, şərəfsizlikdir, şərərfsizlər, əməkdaşlarımız haqqında nalayiq söyüşlərdən istifadə etməyə başladı. Otaqda o, idi və onun serjant operatoru var idi. O qışqırmağa başladı, onu otaqdan çıxaranda istədi ki, sülhlə çıxsın getsin. Amma koridora çıxanda başladı orda da söyüş söyməyə, onda çöldən bir dənə vətəndaş girdi içəri bunun qolundan tutub çölə çıxartdı, elə bildilər ki, bunun dostudur, amma adi vətəndaş imiş, otağa gəldi ki, səhv edib, sənədini verin çıxıb getsin, o da digər sənədi də verdi. Sonra isə bir də girdi içəri nalayiq söyüşlərlə qışqırmağa başladı, artıq o zaman rəhbərliyə məlumat verildi, Bölməyə məlumat verildi ki, qanun çərçivəsində tədbir görülsün. Həmin vaxt da koridorda olan 3-4 nəfəri də götürüb gətirdilər bölməyə ki, onların gözünün qabağında olub bu hadisə. Məhkəmə iclasında iştirak edən Daxili İşlər Nazirliyi Bakı şəhər X12 İdarəsinin DYPnə bilavasitə tabe olan YPX inspektoru X3 izahatında bildirmişdir ki, bu gün başqa icraatla bağlı İdarəyə gəldilər, pilləkanda qalxanda səs-küy var idi, camaat yığışmışdı, heç bilmirdilər bu sürücüdü, camaatın yanında qışqırır, ağzına gələn tərbiyəsiz sözləri deyirdi, onları gördü və lap çox qışqırmağa başladı, dedi bunlar idi, bu şərəfsizlər idi. Dəfələrlə sakitləşdirməyə çalışdılar. Həmçinin fasilədə yemək yeyəndə gəldi yemək yediyimiz yerə də girdi, bizə hədə-qorxu gəldi. Məhkəmə iclasında iştirak edən Daxili İşlər Nazirliyi Bakı şəhər X12 İdarəsinin inspektoru X4 izahatında bildirmişdir ki, sürücünü saxladılar, sənədlərini yoxlayanda ondan sərxoş qoxusu gəldi, qanuni şəkildə aparatı qoşdu, yoxlama zamanı sərxoşluğu 3 piramidadan artıq çıxdı. Özü dedi ki, içki içmişəm həkimə getməyə ehtiyac yoxdur. Yoxlayanda da dedi ki, nəqliyyat vasitəsini niyə belə idarə edirsiniz? Dedi hə, çox içmişəm, 5 bakal içmişəm, dedim yaxınlaşaq həkimə, dedi həkimə niyə gedək ki, dedim qanun onu tələb edir. Dedi onda həkimə getmirəm kömək edin izahatımı yazaq, 15 balım var, qorxuram. İXM-ə əsasən vətəndaşa izahat verməli olduğu izah olundu, sonra izahat alındı. Sonra nəqliyyat vasitəsinin sürücüsünü sükan arxasından kənarlaşdırıb duracağa təyin olundu, bildirildi ki, Arzuman müəllimin yanına yaxınlaşsın. Bugün isə işdə başqa nəqliyyat vasitəsi ilə bağlı idarəyə yaxınlaşmışlar, içəri girəndə səs-küy gəlirdi, yaxınlaşanda onların ünvanına vətəndaşların yanında Şəxs dedi ki, baxın bu şərəfsizlər idi, dedik ki, niyə elə deyirsiniz? Deyir sən şərəfsizlik elədin, belə təhqir elədi onları. Məhkəmə iclasında iştirak edən şahid X7 izahatında bildirmişdir ki, o, köhnə Polis işçisidir, uzun müddət Polisdə işləmişdir. Öz işi ilə bağlı idarəyə gəlmişdi, orda davanı eşitdi, tək o, yox 20-30 nəfər eşidirdi o səsi, şəxs iki dəfə girdi otağa, hətta o dedim ki, cavan adamsan, gəl də, amma söyürdü, bəlkə də tutmasaydıq vuracaqdı. Bir dəfə getdi, şəxs zabitə - Arzumana söyürdü, şərəfsiz deyirdi, səsə girib çölə çıxarıldı, sonra yenə birdə girdi, yenə dalaşdı. Ona izah elədi ki, hökumət işçisidir, niyə söyürsən, narazılığın varsa ərizə şikayət ver, söymək yaraşmaz. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. “Polis haqqında” Qanunun 3-cü maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək polisin əsas vəzifələrinə aid edilmişdir. Həmin Qanunun 14-cü maddəsinə əsasən hər bir şəxsin təhlükəsizliyini təmin etmək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə səlahiyyətlərinə aid edilmiş inzibati xətalara dair işlər üzrə icraatı aparmaq, kütləvi tədbirlər zamanı ictimai asayişi təmin etmək, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının vəzifələrinə aid edilmişdir. Həmin Qanunun 17-ci maddəsinə əsasən üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının digər hüquqları ilə yanaşı, hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək, cinayət və ya inzibati xəta törətməkdə şübhə edilənlərin şəxsiyyətini müəyyənləşdirmək üçün sənədlərini yoxlamaq hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinə əsasən ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının digər hüquqları ilə yanaşı, inzibati xətalara dair işlər üzrə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan tədbirləri görmək, ictimai qayda və ya insanların təhlükəsizliyi üçün təhlükə yarandıqda ərazilərə və binalara girişi və orada olmağı məhdudlaşdırmaq, aparılan işləri dayandırmaq, nəqliyyatın hərəkətini məhdudlaşdırmaq və ya qadağan etmək, inzibati xəta törətmiş şəxs barəsində protokol tərtib etmək, şəxsi axtarış aparmaq, əşyalarını yoxlamaq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada və müddətdə onu polisdə saxlamaq hüquqları vardır. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göstərilənlərə əsasən müəyyən edilmiş əməl polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama və xırda xuliqanlıq etmə kimi qiymətləndirilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, özünün məhkəməyə verdiyi izahatı, yuxarıda qeyd edilən Raportla, zərərçəkmiş şəxslərin ərizələri və şahid ifadələri ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi yeri, vaxtı nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbsetmənin əvvəli 13 mart 2024-cü il tarixdən saat 16:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən, Orxan Məmmədli
Məhkəmə qərarları › İş №3(004)-1448/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1448/2024
13.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver