Məhkəmə qərarları › İş №3(004)-1452/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1452/2021

21.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1452/2021 21.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Qərarından şikayət verilən Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X4, X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, 23.12.2019-cu il tarixli və BNA ******* saylı, 25.10.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, 23.12.2019-cu il tarixli və BNA ******* saylı, 25.10.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarlarından şikayət verərək, barəsində çıxarılmış həmin qərarların ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətində və məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, BNA (Bakı Nəqliyyat Agentliyi)-nin ona tərtib etdiyi qanunsuz protokolları, BNA-nın məsul əməkdaşlarına (Sehmur Quliyev və b.) hüquqi cəhətdən səhv tərtib etdikləri isbat etdiyinə baxmayaraq, elektron ünvanına onların haqlı olduğlarını cavablandırıblar. Məhkəmənin düzgün qərar verilməsini bir daha (pandemiya dövründə DYP əməkdaşın səhv protokolu) ümid edir. BNA-nın BNA ******* və BNA ******* protokolları İnzibati Xətalar Məcəlləsinin İXM 346.1 maddəsinə əsasən tərtib edilib. Bildirmişdir ki, tərtib olunan protokollar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 122-ci maddəsinin kobud surətdə pozulmasıdır və qeyri-qanuni yolla qayda pozuntusunun müəyyən etmək qanun veridliyində doğru deyil. Maddə 122. İnzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası; 122.1. Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346- 1.1, 346-1.5, 353.2 və 469.3-cu maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Qeyd olunan maddələrə baxsalar, heç biri dayanma-durma qaydasının pozulması deyil. Bundan başqa BNA-nın “Asan Pay” kabinetində təqdim etdiyi fotolarda GPRS koordinatları da qeyd edilməyib. Hər bir protokol tərtib edən planşetin GPRS koordinatları qeyd edilir. Digər fotoda isə avtomobil yol kənarında parklanma üçün nəzərdə tutulan “Cib”-də durub. Arxa fonda isə dayanma-durmanı qadağan edən işarə yoxdur. Ona görə də, məhkəmədən şikayətinin təmin olunmasını xahiş etdi. Qərarından şikayət verilən orqan Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X7 məhkəmə iclasında göstərmişdir ki, Bakı Nəqliyyat X2 barəsindəki BNA ******* saylı, 23.12.2019-cu il tarixli və BNA ******* saylı, 25.10.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanunidir. Belə ki, şikayətçi qərardan şikayətini inzibati xətanın foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsinin İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 122-ci maddəsinin tələblərinə zidd olması ilə əsaslandırmışdır. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, şikayət əsassızdır və şikayət təmin edilməməklə Bakı Nəqliyyat Agentliyinin inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsində nəzərdə tutulmuş maddələr üzrə inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası göstərilmişdir. Yəni 122.1-ci maddə İXM-in digər maddələri üzrə inzibati xəta hadisələrini aşkar edilməsini qadağan etmir və məhdudlaşdırmır, sadəcə müvafiq maddələr üzrə icraatın aparılması qaydasını müəyyənləşdirir. Foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə nəyin ki 122.1-ci maddə göstərilən İXM-in xüsusi hissəsinin maddələri üzrə hətta digər maddələr üzrə də inzibati xəta hadisələri aşkar edilərək, inzibati iş üzrə icraata başlanıla bilər. Bu mövqe 23 fevral 2021-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 57.6-cı maddəsinə edilmiş dəyişiklərdə qismən öz əksini tapmışdır. Belə ki, həmin maddədə qeyd olunub ki, İXM-in 122.1, 124.5 və ya 124.6-cı maddələrində nəzərdə tutulan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xəta haqqında iş üzrə qərar aşağıdakı hallarda rəsmi verilmiş hesab olunur. Bu maddənin məzmunundan görünür ki, İXM foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə 124.5 və 124.6-cı maddələrində göstərilən maddələr üzrə də inzibati xəta hadisələrini aşkar edilməsini mümkün edir. Eyni zamanda bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin 6 iyul 2018-ci il tarixli 181 nömrəli Fərman əsasında BNA-ya parklanma yerlərində, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə protokolların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılmasının təmin edilməsi tapşırılmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq müəyyən edilir ki, xüsusi texniki vasitələrin köməyi ilə dayanma və durma qaydaları pozuntularının aşkar edilməsi qanuni əsaslarla əldə edilmiş sübut sayılır. Beləliklə hesab edir ki, Bakı Nəqliyyat Agentliyinin inzibati tənbeh vermə haqqında qərarı mövcud qanunvericiliyin tələblərinə uyğun qəbul edildiyindən şikayət əsassızdır və təmin edilməməlidir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, 23.12.2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X6 23.12.2019-cu il tarixdə saat 13:16 radələrində “Volkswagen Passat minik” markalı, **-CX- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Yasamal rayonu, H.Cavid prospekti, “Elmlər Akademiyası” metrostansiyası yanında durma qaydalarını pozduğuna görə İXM-in 346.1-ci maddəsi ilə təqsirli bilinib 20 manat cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, 25.10.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X6 25.10.2020-ci il tarixdə saat 15:16 radələrində “Volkswagen Passat minik” markalı, **-CX- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Nəsimi rayonu, S.Vurğun küçəsi, Təzə bazarın yanında durma qaydalarını pozduğuna görə İXM-in 346.1-ci maddəsi ilə təqsirli bilinib 20 manat cərimə edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 29.06.2021-ci il tarixli 3(004)-1452/2021 nömrəli qərarına əsasən şikayət təmin edilmiş, X3 barəsində İXM-nin 346.1-ci maddəsi ilə Azərbaycan Respublikası Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, 23.12.2019-cu il tarixli və BNA ******* saylı, 25.10.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarları ləğv edilmiş, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 27.08.2021-ci il tarixli 3(103)-1858/2021 nömrəli qərarına əsasən şikayət qismən təmin edilmiş, X5 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə 20 manat məbləğində inzibati cərimə edilməsi barədə Azərbaycan Respublikası Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, 23.12.2019-cu il tarixli və BNA ******* saylı, 25.10.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarlarının ləğv edilməsinə və iş üzrə icraata xitam verilməsinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 3(004)-1452/2021 saylı qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bununla da, iş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə protokol və qərara əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. Şikayətçi şikayətində onun barəsində qəbul edilmiş qərar üzrə İXM-nin tələbləri pozulmaqla icraat aparıldığını, həmin icraat qaydasında onun barəsində inzibati tənbehvermə qərarı çıxarılmasının şikayətində göstərilən İXM-nin tələblərinə zidd olduğunu qeyd etsə də, məhkəmə aşağıdakılara görə hesab edir ki, şikayətin bu hissəsi əsassızdır. Belə ki, “Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması və yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 06 iyul 2018-ci il tarixli fərmanının 1.1-ci maddəsinə əsasən parklanma yerlərində, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron qərarların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılmasının təmin edilməsi Bakı şəhərinin inzibati ərazisində Bakı Nəqliyyat Agentliyinə tapşırılmışdır. Bakı Nəqliyyat Agentliyi tərəfindən mübahisələndirilən qərar üzrə icraat İXM-nin 122-ci maddəsi əsasında deyil, həmin Məcəllənin 124.5 və 124.6-cı maddələri üzrə aparılmışdır. Belə ki, həmin xəta bilavasitə kameralarla çəkiliş aparan, idarəetmə mərkəzində olan səlahiyyətli şəxs tərəfindən qeydə alınmışdır. Xətanın qeyd edilən formada qeydə alınmasını inzibati xətalar qanunvericiliyi qadağan etməmiş, İXM-nin 124cü maddəsi qeyd olunan halı istisna etməmişdir. Bundan əlavə, şikayətçinin nəqliyyat vasitəsinin yanında olmadığı fotoşəkillər də mövcuddur. Həmçinin, “Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması və yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 06 iyul 2018-ci il tarixli fərmanı ilə də parklanma yerlərində, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron qərarların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılmasının təmin edilməsi Bakı şəhərinin inzibati ərazisində Bakı Nəqliyyat Agentliyinə tapşırılmışdır. Bundan başqa, inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdəndir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, 23.12.2019-cu il tarixli və BNA ******* saylı, 25.10.2020-ci il tarixli qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar