Məhkəmə qərarları › İş №3(004)-1460/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1460/2024

14.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1460/2024 14.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X3 iclas katibliyi, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X1, zərərçəkmiş şəxs (icra sənədi üzrə tələbkar) Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili “BHM və Partnyorları” Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxxxx 1975-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal rayon İcra şöbəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş 14 mart 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Yasamal Rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli 16(004)-168/2022 nömrəli icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Göstərilənlərə əsasən, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci (icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Şəxs protokolla tanış olaraq imzalamışdır. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru X4 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Yasamal Rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli 16(004)-168/2022 nömrəli qərardadına əsasında verilmiş 16 dekabr 2022-ci il tarixli icra sənədinə əsasən iddiaçı Zərərçəkmiş şəxs 21 dekabr 2016-cı il təvəllüdlü X6 ilə hər həftənin bazar günü saat 11.00-dan saat 16.00-a qədər ünsiyyətdə olmasına icazə verilməlidir. İcra sənədi üzrə Yasamal rayon İcra Şöbəsində 27 dekabr 2022-ci il tarixli qərarla icraata başlanılmışdır. Yasamal rayon İcra Şöbəsi tərəfindən bildirişlə borclu Şəxs icra sənədinin qanunla müəyyən edilmiş müddətdə üzrsüz səbəbdən icra etməməsinə görə qanunvericiliklə müəyyən edilmiş məsuliyyət barədə xəbərdarlıq edilmiş və bildiriş ona təqdim edilmişdir. Verilmiş suallar əsasən bildirir ki, tələbkar dəfələrlə şikayətlə icra şöbəsinə müraciət edərək borclunun yaşadığı ünvana getdiyini, evdə olmadıqlarına görə övladı ilə ünsiyyət baş tutmamasını bildirmişdir. Tələbkarın müraciəti ilə bağlı aktlar tərtib edilmişdir. Etiraf edir ki, borclu hər dəfə onun rəsmi çağırışlarına əsasən icra şöbəsinə gələrək uşağı gətirmişdir. Hətta psixoloqun iştirakı ilə uşağın ata ilə görüşünün təşkil edilməsinə cəhd göstərilmiş lakin uşaq ağlayara imtina etmişdir. Hesab edir ki, borclu anaya sıx bağlı olduğundan təsir imkanı vardır. Qəbul edir ki, tələbkarla birlikdə borclunun evində olarkən də qapını açmışdır. Sadəcə övladı Aynur Quliyeva atası ilə görüşmək istəmir. Ananın uşağa təsiri olmasının psixoloqun aktına əsasən müəyyən etmişdir. Göstərilənlərə əsasən tərəfindən tərtib edilmiş protokolu müdafiə etdiyini və borclu barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, o, borclunun birgə nikahlarından olan övladı ilə görüşməsi üçün zəruri olan bütün imkanlardan istifadə edir. Görüş saatında icra sənədində qərəzli yayınma kimi qiymətləndirilməməsi üçün yaşadığı evin qapısını açıb gözləyir, lakin övladı Aynur atası ilə özü ağlayaraq görüşməkdən qəti olaraq imtina edir. O, da qeyd olunan hadisələri məcburiyyət qarşısında qalaraq videogörüntüyə qeydə alır. Hesab edir ki, borclu onunla gərgin münasibətlərini uşağa qarşı istifadə edir, uşağın onun görüşmək istəməməsini ona qarşı təsir kimi istifadə edir. Belə ki, tələbkar ona çoxsaylı əsassız əmlak bölgüsü tələbləri irəli sürmüş, həmin tələblər əsassız olduğundan məhkəmə aktlarına əsasən rədd edilmişdir. O, məhkəmənin müvəqqəti təminat tədbiri olaraq uşaqla ünsiyyətə dair qəbul etdiyi qərardadın icrasına hörmətlə yanaşır, onun icrasından yayınmır, əksinə övladı ilə söhbət edərək atası ilə görüşməsinə cəhd edir, tələbkarın özünün hərəkətlərinə görə uşaq onunla görüşmək istəmir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili Vəkil çıxışında bildirmişdir ki, tərtib edilmiş protokol əsassızdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə protokol o halda tərtib edilə bilərdi ki, borclu icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməsin və ya icra məmurunun qanuni tələblərini yerinə yetirməsin. Borclu icra məmurunun çağırışlarına hər dəfə vaxtında gəlir. İcra sənədini icra edir, lakin övladı atası ilə görüşmək istəmir. Neçə dəfə borclu övladını icra şöbəsinə gətirmiş, lakin övladı görüşməkdən imtina etmişdir. Odur ki, göstərilən hallar nəzərə alınaraq, yəni İXM-nin 528.1-ci maddəsinin dispozisiyasında qeyd olunduğu kimi borclu tərəfindən üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icra edilməməsi və ya icra məmurunun qanuni tələblərinin yerinə yetirməməsi halı mövcud olmadığından, Şəxs əməlində inzibati xətanın tərkib əlamətlərinin olmaması əsası ilə onun barəsində tərtib edilmiş protokol əsasında başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. O, həmçinin məhkəməyə təqdim etdiyi yazılı vəsatətə uyğun çıxış edərək qeyd olunanların nəzərə alınmasını xahiş etdi. Vəkili Vəkil yazılı vəsatətdə göstərmişdir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 16(004)-168/2022 saylı qərardadı ilə Zərərçəkmiş şəxs xx.xx.2016-cı il təvəllüdlü X6 ilə hər həftənin bazar günü saat 11:00-dan 16:00-dək ünsiyyətdə olmaq üçün görüş verilməsi qərara alınmışdır. Qərardad üzrə icra tədbirləri Yasamal rayon İcra Şöbəsinin icra məmuru Günay Abbaszadə tərəfindən həyata keçirilir. İcra məmuru Günay Abbaszadə onun barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Hesab edir ki, Yasamal rayon İcra Şöbəsinin icra məmuru Günay Abbaszadənin barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən tərtib etdiyi inzibati xəta haqqında protokol qanuni və əsaslı sayıla bilməz. İlk olaraq bildirir ki, icra məmuru Günay Abbaszadə borclu şəxs olaraq onun Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 16(004)-168/2022 saylı icra vərəqəsinin icrasından yayındığını, icra sənədini üzrsüz səbəbdən icra etmədiyini, icra məmurunun hansı qanuni tələblərini yerinə yetirmədiyimi tərtib etdiyi protokolunda əsaslandıra bilməmişdir. Borclu şəxs kimi Şəxs Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 16(004)- 168/2022 saylı icra vərəqəsinin icrasından ümumiyyətlə yayınmır və burada hər hansı qərəz, üzrsüz səbəb mövcud deyil. Sadəcə övladı - azyaşlı Aynur Quliyevanın hər dəfə atası-tələbkar Zərərçəkmiş şəxslə görüşməkdən qəti olaraq imtina etməsi səbəbindən ünsiyyət prosesi baş tutmur. Borclu kimi o, övladını atası ilə ünsiyyət qurması üçün hər dəfə İcra Şöbəsinə gətirmiş, uşağı hər həftə sonu hazır vəziyyətə gətirib yaşadığı mənzilin qapısını açaraq, atası ilə görüşməsi üçün dəfələrlə təklif-təkid eləmiş, hətta özü ilə birlikdə uşağa atası ilə birgə görüşməsini təklif etmişdir, lakin bütün bunların heç bir faydası olmamışdır. Bu faktları həm o, həm də tələbkar Zərərçəkmiş şəxs telefon vasitəsi ilə çəkdiyi videoçəkilişlə qeydə almışdır. Ümumiyyətlə, bildirir ki, tələbkar-ata Zərərçəkmiş şəxs övladı ilə görüşmək üçün onun yaşadığı ünvana hər həftə gəlmir. Bu fakt tələbkar Zərərçəkmiş şəxs övladı ilə ünsiyyət saxlamaq istəyinin olmamasından irəli gəlir. Tələbkarata uşağın maddi cəhətdən saxlanılmasında ümumiyyətlə iştirak etmir, təhsili, tərbiyəsi, sağlamlığı, uşağın necə yaşaması, necə dolanması ilə qətiyyən maraqlanmır, sadəcə formal olaraq ondan "ünsiyyət” tələb edir, hansı ki o buna mane olmur, sadəcə azyaşlı Aynur buna qətiyyən razı olmur. Əvvəllər də Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli MTT(005)-52/2022 saylı qərardadı ilə Zərərçəkmiş şəxs müvəqqəti təminat tədbiri qismində qızı ilə ünsiyyətdə olmaq üçün görüş verilmişdi. Həmin qərardad üzrə icra tədbirləri Yasamal rayon İcra Şöbəsinin icra məmuru Kənan Quliyevin icraatında olmuşdur. Həmin icra tədbirləri zamanı da Zərərçəkmiş şəxs azyaşlı qızı Aynur Quliyeva ilə bir neçə dəfə görüşməyə cəhd etmiş, hətta ünsiyyət zamanı mütəxəssis qismində dəvət edilmiş Yasamal rayon İcra Hakimiyyətinin əməkdaşları da iştirak etmişlər. Bütün görüşlərdə müəyyən olunmuşdur ki, azyaşlı Aynur Quliyeva atası Zərərçəkmiş şəxslə görüşmək istəmir. Bu faktlar icra məmuru tərəfindən aktlarla təsdiq olunmuşdur. Bildirmək istəyir ki, bu gün də övladı Aynur Quliyeva atası Zərərçəkmiş şəxslə görüşməkdən imtina edir, görüşmək istəmir. Ana olaraq o uşağın atası ilə görüşməsinə maneçilik törətmir, əksinə, bunun üçün qətiyyət göstərir, sadəcə uşaq atası ilə görüşmək istəmir, bunu hər dəfə atasına özü də bildirir. Artıq neçənci dəfədir ki, bu hal təkrarlanır. Tələbkar-ata Zərərçəkmiş şəxs özü dəfələrlə bunun şahidi olsa da, zorla- məcburiyyətlə övladı ilə görüşmək istəyir. Hazırki icra işi üzrə icra məmuru Günay Abbaszadə də bir neçə dəfə Yasamal rayon İcra Şöbəsinin inzibati binasında ünsiyyətlə bağlı icra tədbirləri həyata keçirmiş, keçirilmiş bütün tədbirlərdə azyaşlı Aynur atası Zərərçəkmiş şəxslə ünsiyyət qurmaq istəməmişdir. Bununla bağlı icra məmuru tərəfindən xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə müvafiq aktlar təqdim edilmişdir. "Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 6/2011 saylı Qərarının 9-cu bəndində deyilir ki, .... uşaqla ünsiyyətdə olmaq onun sağlamlığına zərər vurduqda məhkəmə valideynin, yaxud uşaq himayəsinə verilmiş digər şəxsin, yaxud da icra məmurunun ərizəsinə əsasən uşağın müəyyən yaş həddinə çatmasına kimi görüşün məhdudlaşdırılması və yaxud həmin müddətdə görüşün qadağan olunması barədə qərar qəbul edə bilər. Bu məqsədlə ünsiyyət barədə qərardadın icrasının dayandırılması üçün təqdimatla məhkəməyə müraciət edilməsi və uşağın atası ilə sərbəst öz istəyinə uyğun görüşməsini arzulayanadək görüşün qadağan edilməsi barədə qərar qəbul edilməsi üçün İcra Şöbəsinə dəfələrlə müraciət etsə də, bu günədək həmin vəsatətə icra məmuru tərəfindən heç bir münasibət bildirilməmişdir. Hesab edir ki, icra məmuru Günay Abbaszadə mənim barəmdə inzibati xəta haqqında protokol tərtib etmək əvəzinə, vəsatətlə xahiş etdiyi təqdimatla məhkəməyə müraciət etməli və uşağın atası ilə öz istəyinə uyğun görüşməsini arzu edib-etməməsini məhkəməyə yolu ilə müəyyən edib, icra sənədinin icrasını dayandırmalı idi. İcra məmuru G.Abbaszadənin onun barəsində ilk dəfə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tərtib etdiyi inzibati xəta haqqında protokol üzrə işin icraatına Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə (hakim Rəşad Cavadzadə) xitam verilmişdir. Sonradan bu qərar apellyasiya instansiya məhkəməsinin qərarı ilə ləğv edilmiş, yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə (hakim Rauf Daşdəmirov) barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsə də, bu qərar da Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə ləğv edilmiş və inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən, işin icraatına yenidən xitam verilmişdir. İlk dəfə tərtib edilmiş inzibati protokol üzrə məhkəmə araşdırmaları zamanı məhkəmə iclaslarında icra məmuru Günay Abbaszadə şəxsən bildirmişdir ki, borclu o, Şəxs icra sənədinin icrasından yayınmamış, icra vərəqəsi üzrə icra məmurunun bütün qanuni tələblərini yerinə yetirmişdir. Hazırda icra məmuru Günay Abbaszadə onun barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etməsinə heç bir əsas yoxdur. Ünsiyyət tələbinə dair mülki iş üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 aprel 2023-cü il tarixli 11/126 nömrəli ekspert rəyi mövcuddur, hansı ki tələbkar Zərərçəkmiş şəxs həmin rəyə istinad edərək, uşağın atası ilə görüşmək istəməməsinin ananın-onun uşağa etdiyi təsirlərin nəticəsində baş verməsi ilə əlaqələndirməyə çalışır. Qeyd edilən mövqeni yanlış və absurd hesab etməklə, ilk öncə bildirir ki, bu ekspert rəyi tərəflər arasında ünsiyyət tələbinə dair iddia üzrə mülki işə baxılması gedişində əldə edilmiş sübut növlərindən biridir və bu sübuta həmin işin gedişində mülki icraat çərçivəsində məhkəmə tərəfindən qiymət veriləcəkdir. Bildirmək istəyir ki, həmin mülki işə hazırda apellyasiya instansiyasında baxılması davam etdirilir, həmin icraat çərçivəsində apellyasiya instansiyası məhkəməsi hakimləri mülki iş üzrə icraatı qəyyumluq orqanının rəyinin və müayinə aktının əldə edilməsi məqsədi ilə icraatı dayandırmışdır. Qanunvericiliyin tələbinə görə heç bir sübutun qabaqcadan heç bir qüvvəsi yoxdur. Hər bir halda, həmin ekspert rəyinə mülki icraat çərçivəsində işə baxan məhkəmə tərəfindən yekunda hüquqi qiymət veriləcəkdir. Hətta, ehtimal edir ki, həmin rəy işə baxan apellyasiya məhkəməsi kollegiyası ərəfindən mötəbər sübut hesab edilməyəcəkdir. Daha sonra qeyd etmək istəyir ki, bu ekspert rəyində konkret göstərilmişdir ki, X6 psixi inkişafına, yaş və fərdi-psixoloji xüsusiyyətlərinə görə ədaxili qarşılıqlı münasibətlərlə bağlı fikirlərini müstəqil olaraq formalaşdırmaq və sərbəst qərar qəbul etmək qabiliyyətinə malik olmamaqla, onun psixikasında və davranışlarında atası Zərərçəkmiş şəxs münasibəti ilə bağlı müəyyən psixoloji təsir əlamətləri üzə çıxır. Hazırki mərhələdə bildirir ki, uşaq Aynur Quliyeva artıq 7 yaşına çatmışdır, orta məktəbdə 1-ci sinifdə təhsil alır, öz fikirlərini müstəqil formalaşdırmaq qabiliyyəti vardır. Borclu ana Şəxs icra vərəqəsi üzrə onun bütün tələblərini yerinə yetirir. İcra sənədində göstərilmiş tələb - azyaşlı Aynurun hər həftənin bazar günü saat 11:00-dan 16:00-dək atası Zərərçəkmiş şəxslə ünsiyyətdə olmasına icazə verilsin - bu tələb borclu Şəxs tərəfindən bu gün də icra edilir. O zaman onun icra vərəqəsində göstərilən hansı tələbi yerinə yetirməməyinə və ya icra məmurunun hansı tələblərinə riayət etməməyinə görə onun barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilir, bu ona aydın deyil. Bir daha bildirir ki, Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 16(004)-168/2022 saylı icra vərəqəsinin tərəfimdən icra edilir, icra sənədinin guya ki, borclu tərəfindən icra edilməməsi barədə protokol əsaslı sayıla bilməz, borclu şəxs olaraq o icra vərəqəsinin icrasından qərəzli olaraq yayınmır, onun hərəkətlərində hər hansı üzrsüz səbəb yoxdur, onun əməlində nə inzibati xəta hadisəsi var, nə də inzibati xəta tərkibi, ona görə də Yasamal rayon İcra Şöbəsinin icra məmuru tərəfindən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi iklə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs (icra sənədi üzrə tələbkar) Zərərçəkmiş şəxs öz izahatında bildirmişdir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 16(004)-168/2022 saylı qərardadı ilə Zərərçəkmiş şəxs xx.xx.2016cı il təvəllüdlü X6 ilə hər həftənin bazar günü saat 11:00-dan 16:00-dək ünsiyyətdə olmaq üçün görüş verilməsi qərara alınmışdır. Övladı hər dəfə görüşmək üçün borclunun evinə getmiş, lakin qapını borclu açmamışdır. Övladının onunla görüşmək istəməməsinin səbəbkarı borcludur. Borclu övladının onunla görüşməməsi üçün övladına təsir edir. Odur ki, icra məmuru tərəfindən tərtib edilmiş protokolu müdafiə etdiyini və borclu Şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə icra məmurunun, tələbkarın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, həmçinin iş materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli 16(004)-168/2022 nömrəli icra sənədindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs 21 dekabr 2016-cı il təvəllüdlü X6 ilə hər həftənin bazar günü saat 11:00-dan saat 16:00-a qədər ünsiyyətdə olmasına icazə verilməlidir. İcra işi materiallarında olan Yasamal rayon İcra şöbəsinin icra məmuru Günay Abbaszadə tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərardan müəyyən edilir ki, həmin tarixdə icra sənədi üzrə icraata başlanılmış və qərar Şəxs rəsmi qaydada təqdim edilmişdir. İcra işi materiallarında olan xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası barədə bildirişdən müəyyən edilir ki, həmin bildiriş borclu Şəxs ünvanına göndərilmişdir. Bildirişdə tələbin könüllü icrası üçün 10 gün müddət müəyyən edilmiş və həmin müddətdə tələb icra edilmədiyi təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdarlıq qeyd edilmişdir. Lakin qeyd olunan bildirişin borclu Şəxs rəsmi qaydada təqdim edilməsinə dair icra işi materiallarında hər hansı sübut aşkar edilmədi. İcra işi materiallarında olan xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli aktlardan müəyyən edilir ki, tələbkar, həmçinin borclu qeyd olunan tarixlərdə övladı X6 ilə birlikdə icra şöbəsinə gəlmiş, lakin övladı Aynur Quliyeva atası ilə ünsiyyət qurmaq istəməmiş, ünsiyyət qurmaqdan imtina etmişdir. İş materiallarında olan CD diskə baxış keçirilən zaman müəyyən edildi, X6 atası Zərərçəkmiş şəxs ilə görüşmək istəmir, görüşdən imtina edir, boclu Şəxs qapını açaraq övladı ilə danışıb atası ilə getməsini təklif etsədə uşaq təkidlə ağlayıb görüşdən imtina edir və atasının çıxıb getməsini deyir. Videogörüntüdən həmçinin müəyyən edilir ki, tələbkar da hadisəni telefon vasitəsilə qeydə alır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-4032/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından müəyyən edilir ki, X2 barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan narazı qalan Zərərçəkmiş şəxs apellyasiya şikayət vermiş, Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1660/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə bu qərar ləğv edilmiş, yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Yasamal rayon Məhkəməsinin 3(004)-4032/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə X2 barəsində 500 manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş, bu qərarda narazı qalan Könül Quliyev apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2343/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə bu qərar ləğv edilmiş və inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən, işin icraatına yenidən xitam verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktdan müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs övladı Aynur Quliyeva ilə ünsiyyətdə olmaq üçün Şəxs yaşadığı ünvana getmiş, lakin azyaşlı Aynur Quliyeva ağlayaraq atası ilə getməkdən imtina etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.1-ci maddəsinə əsasən məhkəmə, məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2-ci maddəyə görə Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 8.3-cü maddəyə görə İcraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Həmin Qanunun 44.1. Məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. 44.2. Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. 44.3-cü maddəyə görə tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda bu Qanunun 43.1.1–43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir. Həmin Qanunun 70.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru bu Qanunun 8-ci maddəsinə uyğun olaraq icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Həmin Qanunun 70.3-cü maddəyə görə Qanunun 70.1-ci və 70.2-ci maddələri ilə nəzərdə tutulmuş tələblər borclu tərəfindən üzrsüz səbəblərdən yerinə yetirilmədikdə, icra məmuru borclu barəsində bu Qanunun 82-ci maddəsi ilə müəyyən edilmiş tədbirləri görür. Həmin Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir Həmin Qanunun 84.1-ci maddəsinə görə icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə, o cümlədən qərarlarının icra olunmamasına görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla) Həmin Qanunun 84.2-ci maddəsinə görə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə işin hallarını və sadalanan normaların tələbini nəzərə alaraq hesab edir ki, araşdırması nəticəsində borclu Şəxs əməlində icra sənədi üzrə üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi halı, yəni onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkib əlamətləri aşkar edilməmişdir. Belə ki, İXM-nin 528.1-ci maddəsinin dizpozitiv şərtləri özlüyündə, icra sənədinin icra məmurunun tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra edilməməsini və ya icra məmurunun icra sənədinin icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsini ehtiva edir. Belə olan halda müvafiq icra vərəqəsinin icra olunmamasına gətirib çıxarmış borclu tərəfindən həmin hərəkətlərin edilməməsinin obyektiv və subyektiv səbəbləri, eləcə də müvafiq icraat zamanı icra məmuru tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əsasən lazımlı zəruri icra tədbirlərinin görülüb-görülməməsi araşdırmaqla, qarşılıqlı şəkildə tədqiq edilərək araşdırılmalıdır. Hazırkı işin hallarından müəyyən edilir ki, icra sənədi üzrə Yasamal rayon İcra şöbəsində xx.xx.2022-ci il tarixli qərarla icraata başlanılmışdır. İşin faktiki hallarında müəyyən edilir ki, uşaq atası ilə görüşməkdən imtina edir. Hətta icra məmurunun izahtından və icra işinin materiallarından görünür ki, borclu uşağın atası ilə görüşünün təşkili üçün şərait yaradılması məqsədilə uşağı dəfələrlə icra şöbəsinə aparmış, lakin uşağın təkidli ağlamaqla fəryadı səbəbində ünsiyyət baş tutmamışdır. Həmçinin məhkəməyə təqdim edilmiş videogörüntü və aktlardan müəyyən edilir ki, azyaşlı Aynur Quliyeva atası Zərərçəkmiş şəxs ilə görüşmək istəmir. Borclu icra sənədini icra edir. İXM-nin 528.1-ci maddəsinin dizpozitiv şərtindəki icra sənədinin icra məmurunun tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra edilməməsi ilə bağlı imperativ tələbinə münasibətdə məhkəmə hesab edir ki, hazırkı iş üzrə borclunun icra məmuru tərəfindən müəyyən edilmiş müddətdə icrasənədindəki tələbi üzrsüz səbəbdən icra etməməsi hal müəyyən edilməmişdir. Belə, əvvəla müddətin müəyyən edilməsi ilə bağlı bildirişin borcluya təqdim edilməsinə dair iş materiallarında sübut yoxdur. İXM-nin 528.1-ci maddəsinin dizpozitiv şərtinin ikinci hissəsindəki icra məmurunun icra sənədinin icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsini ilə bağlı imperativ tələbinə münasibətdə məhkəmə hesab edir ki, icra işi materiallarından görünür ki, borclu dəfələrlə icra şöbəsinə gələrək izahatlar vermiş, eyni zamanda məhkəmə iclası zamanı icra məmuru izahatında bildirmişdir ki, borclu vaxtlı-vaxtında onun çağırışlarına gəlmişdir. Həmçinin icra işi materiallarından borclunun icranın gedişatına maneçilik yaratması halları aşkar edilməmişdir. Məhkəmə iclasında icra məmuru borclunun onun hansı qanuni tələbini yerinə yetirməməsi mötəbər sübutlarla əsaslandıra bilməmişdir. Göründüyü kimi, borclu Şəxs əməlində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməməsi və ya icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi halı mövcud deyildir. Odur ki, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkib əlamətləri yoxdur. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Belə ki, şəxsin əməlində inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, uşağın atası ilə görüşmək istəməməsində borclununu psixi münasibəti qəsd və qərəzli olmamışdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 43, 106- 112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim : Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar