Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1464/2021 29.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əlizadə Emin Kamil oğlunun katibliyi, Protokol tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional idarəsinin nümayəndəsi X5, Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs MTK-nın nümayəndəsi X2, Maraqlarına toxunan şəxs "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakları ilə, ünvan 1 ünvanında yerləşən Şəxs MTK (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs MTK barəsində İXM-nin 233.1-ci maddəsi ilə 04.06.2021-ci il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, ünvan 2 saylı fərdi yaşayış evlərinin qarşısında inşa edilən yeni yaşayış binasının həyətində aparılan işlər zamanı atmosferə atılan tozun miqdarı hədd dəyərindən yüksək olmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi L.A. Ağayev protokolu müdafiə edərək bildirdi ki, Nazirliyin qaynar xəttinə ünvan 2 ünvanına yaxın ərazidə yaşayan vətəndaşdan zəng gəlmişdi, vətəndaş yaşayış evinin qarşısında inşa edilən yeni yaşayış binasının həyətində aparılan işlər zamanı atmosferə atılan tozundan şikayət edərək yoxlama aparılmasını xahiş etmişdir. Bununla əlaqədar 30 mart 2021-ci il tarixdə həmin ərazidə xüsusi cihazla İdarənin əməkdaşları tərəfindən monitorinq keçirərək, akt tərtib olunmuşdur. 04 iyun 2021-ci il tarixdə isə İXM-nin 233.1-ci maddəsin pozuntusu ilə bağlı protokol tərtib edilmişdir.Məhkəmədə suala cavab olaraq bildirmişdir ki təmsil etdiyi qurumun müvafiq təxirəsalınmaz yoxlama keçirtmək səlahiyyəti var. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs MTK-nın nümayəndəsi X4 bildirmişdir ki, inzibati xəta haqqında iş düzgün aparılmamışdır, prosessual pozuntulara yol verilmişdir. Qeyd edilənlərə əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Maraqlarına toxunan şəxs "xxxx" ASC-nin nümayəndəsi X6 bildirmişdir ki, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs MTK barəsində İXM-in 233.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraatın hüquqi əsası yoxdur və xitam verilməlidir. Belə ki, tədqiq edilmiş iş materiallarından görünür ki, ünvan 3 ünvanında yaşayan X1 AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətti”nə 29 mart 2021 -ci il tarixdə ünvanladığı müraciət üzrə 11 saylı Regional və Təbii Sərvətlər İdarəsinin rəisi tərəfindən 7 aprel 2021-ci il tarixdə müraciətin araşdırılması və məlumat verilməsinə dair dərkənar qoyulmasına baxmayaraq, artıq 30 mart 2021-ci il tarixdə Milli Hidrometrologiya xidmətinin və sözügedən idarənin əməkdaşlarının iştirakları ilə əraziyə baxış keçirilmiş, sabit hava şəraitində saat 17.45 - 18.30 radələrində ətraf mühitə təsir göstərən səs-küy çirklənməsinin və toz miqdarının monitorinqi keçirilmişdir. Bu fakt sözügedən monitorinqin vətəndaş müraciətindən öncə planlaşdırılmış bir tədbir olduğuna dair şübhələr yaratmaqla, qurum tərəfindən qərəzli mövqe nümayiş etdirildiyinə dair fikir formalaşdırır. Monitorinqin nəticələrinə dair aktda şikayətçi E.Əliyeva və Şəxs MTK-nın nümayəndəsi kimi Tale adlı şəxsin iştirakları qeyd olunsa da, müəssisənin nümayəndəsi qrafasında Şəxs MTK-nın nümayəndəsinin adı və imzası öz əksini tapmamışdır. Ümumimiyyətlə, Şəxs MTK-nın Tale adlı əməkdaşı olmadığını məhkəmənin diqqətinə çatdırırıq. Bu fakt bir daha monitorinqin keçirilmə şəraiti və ümumiyyətlə sözügedən əraziyə əməkdaşlar tərəfindən baxış keçirildiyinə əsaslı şübhələr yaradır. Monitorinqin nəticələrinə dair aktda və Milli Hidrometrologiya xidmətinin rəis müavini əvəzi Natiq Hətəmovun 11 saylı Regional və Təbii Sərvətlər İdarəsinin rəisi Vaqif Cavadova ünvanladığı məktubda səs-küy səviyyəsinin 68,7 d/BA (norma 60d/BA), toztorpaqla bağlı atmosfer havasının çirklənməsinin PM2.5- 30 mg/m3, PM10 - 80 mg/m3 (norma 30mg/m3) təşkil etdiyi qeyd olunmuşdur. AR Respublikası Prezidentinin 8 iyul 2008-ci il tarixli 796 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənir təsir göstərən vibrasiya və səs-küy çirklənmələri” normalarının 2.2-ci yarımbəndinə əsasən daimi olmayan səs-küy yolverilən səviyyələrə uyğunluğunun qiymətləndirilməsi, eyni vaxtda ekvivalent və maksimal səs-küy səviyyələrinə görə təyin edilir. Buna baxmayaraq, monitorinq həyata keçirən əməkdaşlar tərəfindən qanununun sözügedən tələbi təmin edilməmiş, yalnız bir dəfə aktda qeyd olunan vaxt ərzində ölçmə işləri aparılmışdır. Bundan başqa, sözügedən Fərmanda təsdiq edilmiş normalara əsasən, yaşayış, poliknika və ambulatoriya binlarına, dispanserlərə, istirahət evlərinə, pansionatlara, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinə, kitabxanalara bilavasitə bitişik ərazilərdə səs-küy çirklənməsinin gündüz maksimal səviyyəsi LA.max 70 dBA, gecə saatlarında isəLA.max 60 dBA müəyyən edilmişdir. Məlumat üçün bildiririk ki, AR Əmək Məcəlləsinin 97-ci maddəsinə əsasən, saat 22.00- dan səhər saat 06.00-dək olan müddət gecə vaxtı sayılır. Monitorinqin keçirildiyi vaxtın gündüz saatlarına aid olduğunu və həmin vaxt üçün müəyyən edilmiş normanın 70 LA.max olduğunu nəzərə alsaq, qanunun tələblərinin pozulmadığını görərik. Məhkəməyə təqdim edilmiş sənədlərdən məlum olur ki, Şəxs MTK tərəfindən pozulması iddia olunan İXM-nin müvafiq normasında ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Amma sözügedən normanın dispoziyasında qeyd olunanları, yəni Şəxs MTK tərəfindən ətraf mühitə hər hansı zərərli maddələrin atılmasını təsdiq edən heç bir sübut təqdim edilməmiş, ümumiyətlə bu barədə qeyd aparılmamışdır. Monitorinq aktında sözügedən ərazidə atmosfer havasının toz-torpaqla çirklənməsinin yol verilən hədd normasından artıq olduğu göstərilmişdir. “Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında” Əsasnaməyə əsasən, ətraf mühitin monitorinqi - təbii və antropogen təsirlər nəticəsində ətraf mühitə yayılan zərərli qaz, maye və bərk haldakı tullantılara kəmiyyət və keyfiyyət cəhətdən nəzarətin elmi əsaslarla həyata keçirilməsi olub, hava, su, torpaq mühitlərinin vəziyyətlərinin qiymətləndirilməsi və proqnozlaşdırılması məqsədilə onların kimyəvi tərkibini, çirklənmə dərəcəsini, radioaktiv, hidrobioloji xüsusiyyətlərini, fiziki xassələrini müəyyən edən müntəzəm müşahidə və tədqiqatlar sistemindən ibarətdir. Atmosfer havasının çirklənməsinin monitorinqi - təbii proseslər və antropogen fəaliyyət nəticəsində atmosferə atılan zərərli qaz, maye və bərk tullantılara kəmiyyət və keyfiyyət cəhətdən nəzarətin elmi əsaslarla həyata keçirilməsindən ibarətdir. Atmosfer havasının çirklənməsi üzərində müşahidələr stasionar və səyyar məntəqələrdə aparılır. Stasionar və səyyar məntəqələr hər bir şəhərin (yaşayış məntəqəsinin) sahəsi, relyefi, sənayenin inkişafı, səyyar tullantı mənbələri və əhalinin sayı nəzərə alınmaqla aşağıdakı qaydada təşkil olunur: Bakı şəhərində əhalinin sayının 2,0 milyondan çox olduğunu nəzərə alsaq, sözügedən məntəqələrin sayı 15-20 arasında olmalıdır. Göründüyü kimi əməkdaşlar qanununun bu tələbini də pozaraq ərazinin müqayisəli monitorinqini təmin etməmişdirlər. Ümumimiyyətlə, monitorinqin iş gününün sonunda, şəhərdə nəqliyyat vasitələrinin sıxlıq təşkil etdiyi, tıxacların olduğu, bunun nəticəsində səs-küyün və havaya daxil olan qazların intensiv olduğu vaxtda təşkil edilməsi xüsusilə nəzərə alınmalıdır. Bundan başqa, 13 iyun 2013-cü il tarixli 686-İVQ nömrəli Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə AR NK-nin qərarına 6 nömrəli Əlavədə tipi təsdiq edilmiş standart nümunələrin və ölçmə vasitələrinin dövlət reyestrinin aparılması qaydasını müəyyən edilmişdir. Belə ki, həmin qaydaların 1 2-ci maddəsinə görə standart nümunələrin və ölçmə vasitələrinin dövlət reyestri AR-nın İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən tipi təsdiq edilmiş standart nümunələrin və ölçmə vasitələrinin qeydiyyatı üçün nəzərdə tutulmuşdur və standart nümunələrin və ölçmə vasitələrinin sınaqları və tipinin təsdiqi üzrə aparılan işlərin nəticələri haqqında rəsmi məlumat mənbəyidir. Həmçinin sözügedən Qaydalar reyestrin yaradılma məqsədlərini də göstərir. Məqsədlərə aiddir: 1.3.1. Azərbaycan Respublikası ərazisində tətbiqinə icazə verilən standart nümunələrin və ölçmə vasitələrinin dövlət qeydiyyatının təmin edilməsi, 1.3.2. Maraqlı şəxslərin standart nümunələrin və ölçmə vasitələrinin tipləri haqqında informasiya təminatı; 1.3.3. Mərkəzləşdirilmiş məlumat-axtarış verilənlər bazasının yaradılması. Göründüyü kimi yalnız dövlət reyestrinə alınmış ölçmə vasitələrindən monitorinq zamanı istifadəyə icazə verilir. Lakin təqdim olunmuş Monitorinq Aktında tozun ölçülməsi üçün istifadə olunan cihaz PCE MPC-10 dövlət reyestrində mövcud deyil. Qaydaların 1.3.1 -ci maddəsinə görə PCE MPC-10 Azərbaycan Respublikası Ölçmə Vasitələrinin Dövlət Reyestrində olmadığı üçün Monitorinqin aparılmasında bu cihazdan istifadə oluna bilməz. Ölçmə vasitələrinin yoxlanılması qaydası və yoxlama nişanına dair tələblərin 2.5- ci maddəsinə əsasən ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə istifadə üçün nəzərdə tutulmuş ölçmə vasitələri tipi təsdiq edilərkən müəyyən edilmiş yoxlamalararası intervala uyğun istismar prosesində dövri yoxlamadan keçməlidir. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahələrin siyahısı isə Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında AR-nin qanunu ilə tənzimlənir. Belə ki, həmin Qanunun 2.2.4-cü maddəsinə əsasən ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən ölçmələr də ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aiddir. Yəni ətraf mühitin mühafizəsi ilə bağlı ölçmələrin aparılmasında istifadə olunan ölçmə vasitələri də dövri olaraq yoxlamadan keçirilməlidir. Yoxlamalararası intervalın müddəti isə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təsdiq edilən Yoxlamaya təqdim olunacaq ölçmə və sınaq vasitələrinin nomenklatur siyahısı və onların yoxlama dövriliyi cədvəli ilə müəyyən olunur. Həmin cədvəldə toz ölçmə cihazları üçün yoxlamalararası interval 1 il müəyyənləşdirilmişdir. Ölçmə vasitələrinin yoxlanılması qaydası və yoxlama nişanına dair tələblərin 2.8-ci maddəsinə əsasən dövri yoxlamanın nəticələri, yoxlamalararası interval ərzində etibarlı sayılır. Həmin Tələblərin 2.22.1-ci maddəsinə görə yoxlama nəticəsində ölçmə vasitəsi yararlı sayılırsa, yoxlama haqqında şəhadətnamə təqdim olunur. Bir sözlə, tozun ölçülməsində istifadə olunan ölçmə vasitələri hər il yoxlamadan keçirilməli və yoxlama şəhadətnaməsi alınmalıdır. Bundan əlavə Respublika ərazisində yalnız dövlət reyestrində qeydiyyata alınmış ölçmə vasitələrindən istifadə oluna bilər. Lakin hazırkı işdə istifadə olunan PCE MPC-10 cihazı AR Ölçmə vasitələrinin dövlət reyestrində qeydiyyata alnımamışdır. Monitorinq aktı qanunvericiliklə müəyyən olunmayan cihazlarla aparılan yoxlamanın nəticəsini əks etdirdiyi üçün əsassızdır və inzibati xətanı sübut edən akt kimi qəbul oluna bilməz. Ölçmə vasitələrinin yoxlanılması Qaydası və yoxlama nişanına daircTələblərin 1.3-cü bəndinə əsasən Ölçmə vasitələrinin yoxlanılması səlahiyyəti hüquqi şəxslərə, hüquqi şəxslərin metroloji xidmətlərinə və fiziki şəxslərə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanırıda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (bundan sonra - Xidmət) tərəfindən verilir. Ölçmə vasitələrinin yoxlanılması sahəsində akkreditasiya olunmuş hüquqi şəxslər, hüquqi şəxslərin metroloji xidmətləri və fiziki şəxslər (bundan sonra - akkreditasiya olunmuş orqanlar) tərəfindən yoxlanılan ölçmə vasitələrinin siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir. Ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində akkreditasiya olunmuş orqanlar tərəfindən yoxlanılan ölçmə vasitələrinin Siyahısının 4.3-cü bəndinə əsasən atmosferin vəziyyətinin parametrlərinin tədqiqi (sınağı) və. ölçülməsi üçün tətbiq edilən ölçmə vasitələri də akkreditasiya olunmuş orqanlar tərəfindən yoxlanılan ölçmə vasitələri sırasına daxildir. Eyni zamanda hər bir akkreditasiyadan keçmiş qurum hansı sahələrdə cihazları yoxlama səlahiyyətinin olduğunu müəyyən edən akkreditasiya sahəsinə malikdir. Nazirliyin nümayəndəsi tərəfindən birinci instansiya məhkəməsində təqdim olunan kalibrləmə sertifikatı "xxxx" MMC tərəfindən verilmişdir. Lakin havada tozun miqdarını ölçən cihazların yoxlanılması sözügedən qurumun akkreditasiya sahəsinə daxil deyil. Bu fakt sertifikatda da öz əksini tapmışdır. AR İXM-nin 101.1-ci maddəsinə əsasən, inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Amma təqdim olunmuş sənədlərdən məlum olur ki, monitorinq aktı 30.03.2021-ci il tarixdə tərtib edilməsinə baxmayaraq, inzibati xəta haqqında protokol yalnız iyun ayında tərtib edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MTK-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokola əsasən Şəxs MTK İXM-nin 233.1-ci maddəsi ilə təqsirli bilinmişdir ondan ötəri ki, ünvan 2 saylı fərdi yaşayış evlərinin qarşısında inşa edilən yeni yaşayış binasının həyətində aparılan işlər zamanı atmosfer havasına atılan tozun miqdarı atıla bilən hədd normasından yüksək olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin 30 mart 2021-ci il tarixli 0094 saylı Monitorinq Aktından görünür ki, həmin xidmətin baş mühəndisi Nurlan Məmmədov, baş mütəxəssis Ülvin Hüseynov və 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi Elman Quliyev tərəfindən sonradan barəsində inzibati qərar qəbul edilmiş sahibkarlıq subyektində xüsusi texniki vasitə olan “GM-1356” (səs-küy ölçən) və PCE MPC-10 (toz ölçən) ölçmə cihazı vasitəsindən istifadə etməklə birgə manitorinq keçirilmişdir. Keçirilmiş manitorinq zamanı müəyyən olunmuşdur ki, ətrafa yayılan səs küy çirklənməsi-68,7 dBA, tozun miqdarı isə Pm 2.5-30 mq/m3 təşkil etmişdir. İş materiallarında olan qaynar xəttə olunmuş müraciətin surətindən görünür ki, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ünvan 2 ünvanında gedən tikilidən gələn səs-küy və toz-torpağın narahatçılığı ilə əlaqədar vətəndaş Esmira Əliyeva tərəfindən şikayət daxil olmuşdur şikayətə 17.04.2021-ci il tarixdə dərkənar qoyularaq araşdırılması qeyd olunmuşdur. İş materiallarında olan OMS05727 saylı “Yoxlama şəhadətnaməsi”ndən görünür ki, PCE MPC-10 (toz ölçən) ölçü vasitəsinin növbəti kalibrlənmə tarixi 09.03.2021-ci ildə olmalıdır və həmin ölçü vasitəsinin yoxlanış aparılan zaman xəta həddi 2.4 olmaqla buraxıla bilən xəta həddi 3.5-dir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs in zibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 99.1-ci maddəsinin tələblərinə görə inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəblərdən biridir. Həmin Məcəllənin 76-ci maddəsinin tələblərinə görə inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 81-ci maddəsinin tələblərinə görə müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları xüsusi texniki vasitələr adlanır. Xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Həmin Məcəllənin 100-cü maddəsinin tələblərinə görə inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar inzibati xəta haqqında protokolda göstərilməlidir. “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası qanununun 10.8-ci maddəsinə əsasən Ölçmə vasitələrinin dövlət reyestrinə daxil edilməmiş ölçmə vasitələrinin istismarı qadağandır. Beləliklə, məhkəmə araşdırması zamanı Şəxs MTK barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən qanunvericiliyin tələblərinə riayət edilmədiyi müəyyən edilmişdir. Digər tərəfdən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaranması üçün mütləq şəkildə ətraf mühitə atılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması halı sübut ediməlidir. Həmçinin nəzərə alınmalıdır ki, həmin inzibati xətanın baş verməsini təsdiq edən, sübut edən bu mühüm halı yalnız xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilə biləlr. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati orqan tərəfindən monitoring aparılarkən istifadə olunan ölçmə vasitəsinin Azərbaycan Respublikası ərazisində tanınan müvafiq uyğunluq sertifikatı (İXM-nin 81-ci maddəsinə əsasən) müəyyən edilməmişdir. Digər tərəfdən məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, yoxlama zamanı istifadə edilən ölçü vasitəsi 09.03.2021-ci il tarixdə dövri metroloji yoxlamadan (sınaqdan) keçməli olduğu halda zəruri yoxlamadan keçirilmədən istifadə edilmişdir. Qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar inzibati xəta haqqında protokolda göstərilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, həmin xüsusi texniki vasitənin göstəriciləri sübut kimi qəbul edilə və onun əsasında inzibati tənbeh tətbiq edilə bilməz. Qeyd edilənlərlə yanaşı məhkəmə hesab edir ki, sahibkarlıq subyektində aparılmış yoxlama zamanı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə də riayət edilməmişdir. Belə ki, həmin Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3-cü maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2015-ci il tarixli Qanunu ilə “Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci il yanvarın 1-dək dayandırılmışdır. Həmin qanunun 2-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həmin Qanunla müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” 26 oktyabr 2015-ci iltarixli 660 saylı Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş əlavədə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində nəzərdə tutulan müddətdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, dövlət mülkiyyətində olmayan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olmayan hüquqi şəxslər barəsində aparıla bilən yoxlamaların siyahısı göstərilir. Həmin Fərmanla təsdiq edilmiş əlavədə qeyd edilir ki, Siyahının 1-ci hissəsində nəzərdə tutulmamış, lakin insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan təxirəsalınmaz hallarda yoxlamalar müstəsna qaydada aidiyyəti yoxlayıcı orqanın əsaslandırılmış müraciəti əsasında Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin razılığı ilə aparılır. Bu halda Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi sahibkarların hüquqlarının müdafiəsi üçün zəruri hesab etdikdə yoxlama həmin Nazirliyin əməkdaşının iştirakı ilə aparılır. Yuxarıda qeyd edilən normativ hüquqi aktların tələblərindən də göründüyü kimi, sahibkarlıq subyektində yoxlamaların aparılması müvafiq qanunla tənzimlənir, həmin qanunun tətbiqi 2021-ci ilin yanvar ayının 21-dək dayandırılmasına baxmayarq bir sıra yoxlayıcı funksiyası olan orqanlara bu şamil edilmir. Həmin Qanuna və tətbiqi barədə Fərmana nəzər saldıqda məlum olur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi orada qeyd edilməmişdir. Belə olan halda hazırkı iş üzrə yoxlayıcı orqan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” 26 oktyabr 2015-ci iltarixli 660 saylı Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq əsaslandırılmış müraciəti əsasında Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin razılığı ilə sahibkarlıq subyektndə yoxlamanı həyata keçirməli idi. Məhkəmə araşdırması zamanı həmin razılığın olmasını təsdiq edən sübut müəyyən edilməmişdir. Məhkəmə araşdırması zanmanı yoxlayıcı orqanın səlahiyyətli nümayəndəsi ona verilən sula cavab olaraq bildirmişdir ki, aparılan yoxlamanın vahid məlumat reyestrində qeydə alınmaqla yəni “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun aparılması barədə onda hər hansı məlumat yoxdur. Bu halın müəyyən ediloməsi ilə bağlı eyni zamanda məhkəmə tərəfindən yoxlayıcı orqanın email ünvanına göndərilmiş sorğu da cavabsız qalmışdır. Belə olan halda məhkəmə hesab edir ki, yoxlayıcı orqan tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməməklə aparıldığından bu cür yoxlamanın gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz o, cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Digər tərəfdən məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs MTK-da aparəlan yoxlama zamanı istifadə olunmuş xüsusi texniki vasitə olan PCE MPC-10 (toz ölçən) ölçü vasitəsi ona verilmiş OMS05727 saylı “Yoxlama şəhadətnaməsi”nə əsasən həmin ölçü vasitəsinin növbəti kalibrlənmə tarixi 09.03.2021-ci ildə olduğu və sənədlərən də göründüyü kimi kalibrlənmədən keçmədiyi halda həmin ölçü vasitəsindən istifadə etməklə yoxlama aparılmışdır və onun nəticələrinə əsasən Şəxs MTK barəsində inzibati protokol tərtib edilmişdir. .Ona görə də məhkəmə hesab edir ki, həmin yoxlama zamanı toplanmış matreriallar Şəxs MTK-nin inzibati məsuliyyətə cəlb edilməsi üçün əsas ola bilməz. Göstərilən səbəblərdən də, inzibati xəta haqqında protokol və toplanmış digər materiallar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla ondan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinəəsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Ona görə də Şəxs MTK-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 233.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs MTK-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Murad Məmmədov
Məhkəmə qərarları › İş №3(004)-1464/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1464/2021
29.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver