Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-147/2021 16.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Tağıyev Müslüm Fariz oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X11, Şikayətçi “X15 Sanayi ve Ticaret Anonim” şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X4 iştirakları ilə, Şikayətçi “X15 Sanayi ve Ticaret Anonim” şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru Arif Yeşiltepe Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsinin 23 noyabr 2020-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şikayətçi “X15 Sanayi ve Ticaret Anonim” şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru Arif Yeşiltepe Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsinin 23 noyabr 2020-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən barəmizdə tərtib edilmiş 12.11.2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola 23 noyabr 2020-ci il tarixdə baxılaraq İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli Qərar çıxarılmışdır. Həmin Qərarı 04.12.2020-ci il tarixdə almışlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə tərtib etmiş inzibati xəta protokoluna görə “X15 Sanayi və Ticaret Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı təqsirli bilinərək barəsində 1000,00 (bir min) AZN inzibati cərimə tətbiq edilmişdir. X10 Xidməti Bakı Şəhər İdarəsinin 23 noyabr 2020-ci il tarixli İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli Qərarını aşağıdakı göstərilənlərə görə əsassız, qanuna zidd və qeyri obyektiv hesab edilir. Belə ki, müraciət etmiş şəxs - X2 2013- cü ildən 06 mart 2014 -cü il tarixədək, yəni cəmi 6 ay “X15 Sanayi ve Ticaret Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı filialında dəmirçi kimi işləmiş, işlədiyi müddətdə hər ay əmək haqqını almış və bunun üçün “Məxaric xəzinə orderi”nə imza etmişdir. Sabiq işçi bunu qəbul edir. Lakin 06 mart 2014 -cü il tarixdə işdən çıxarkən ona həmin gün son hesab hesablanmış, imza edərək ona çatan vəsaiti almış, “Məxaric xəzinə orderi”ndə texniki səhvə yol verilərək “mart ayının əmək haqqı” kimi yazılmışdır. Mart ayında cəmi 6 təqvim günü və 5 iş günü işdə olan işçi 137,91 AZN əmək haqqı ala bilməzdi və Orderə edilən son hesab X9 tərəfindən nəzərə alınmamışdır. Əsas götürülərək barələrində inzibati xəta protokolu tərtib edilmişdir ki, bu fakt da inzibati xətanın predmeti ola bilməz. Digər tərəfdən vətəndaş 6 ildən çox, 7 ilə yaxın bir müddət bundan əvvəl “X15 Sanayi ve Ticaret Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı filialında çalışmış, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən fərdi əmək mübahisəsinin həllində iddia müddəti keçmiş, həmin maddənin 3-cü bəndinə əsasən hüququn pozulduğu gün onun işdən çıxdığı gün hesab edilməli idi. Ona görə ki, həmin gün ona müvafiq sənədlər təqdim edilmişdir. Əgər son hesab ilə razılaşmasa idi imza edərək ona çatan vəsaiti almaz və elə həmin dövrdə iddia qaldıra bilərdi. Eyni zamanda vətəndaşın və eləcə də digər işçilərin əmr və əmək müqavilələri Azərbaycan Respublikası Əmək Məcəlləsinin 86-cı maddəsinə əsasən 5 ildən artıq saxlanmamış və məhv edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən barələrində tərtib edilmiş 12.11.2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və barələrində çıxarılan 23 noyabr 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh haqqında Qərar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 86-cı, 292-ci, 294-296-ci maddələrinə tamamilə ziddir və qərarı qanunsuz hesab edirlər. Odur ki, göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 23 noyabr 2020-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında “X15 Sanayi və Ticaret Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının səlahiyyətli nümayəndəsi X8 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X14 şikayətin əsassız olduğunu bildirərək qeyd etmişdir ki, müfəttişliyin 23 noyabr 2020-ci il tarixli, MN ******* tarixli tamamilə qanuni və əsaslıdır. Belə ki, vətəndaş X6 2020-ci ilin noyabr ayında müfəttişliyə müraciət edərək, “X15 Sanayi və Ticaret Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən ona son haqq hesabın düzgün hesablanmadığını bildirmişdir. Araşdırma zamanı X3 müraciətinin əsaslı olması sübuta yetirildiyindən “X15 Sanayi və Ticaret Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının direktoru Arif Yeşiltepe barəsində 23 noyabr 2020-ci il tarixli, MN ******* saylı qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən qərarın tam qanuni və əsaslı olduğunu bildirərək, şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, 12 mart 2014-cü il tarixdə “X15 Sanayi və Ticaret Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı Filialında tutduğu vəzifədən azad edildiyi vaxt onunla son haqq-hesab edilməmişdir. Belə ki, iş materiallarında olan məxaric xəzinə orderlərindəki imzalar ona məxsus deyildir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, onunla son haqq-hesabın edilibedilməməsindən xəbərsiz olduğundan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsinə belə gec müraciət etmişdir. Lakin daha sonra məhkəmə xəttşünaslıq ekspertizası təyin edildiyi zaman Mübariz Dadaşov dəfələrlə xətt nümunəsi vermək üçün dəvət edilsədə, məhkəməyə teleqram ünvanlayaraq israrla məhkəməyə gəlməyəcəyini və məxaric xəzinə orderlərindəki imzaların ona məxsus olmasını bildirmişdir. Məhkəmə proses iştirakçısını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsinin 23 noyabr 2020-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən “X15 Sanayi və Ticaret Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı X1 əmək və məzuniyyət haqlarının hesablanması və ödənilməsində qanun pozuntusuna yol verilmişdir. Nəticədə “X15 Sanayi ve Ticaret Anonim” şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru Arif Yeşiltepe Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinib barəsində 1000 (bir min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. “X15 Sanayi və Ticaret Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının əmrindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən 06.03.2014-cü il tarixdə işdən azad olunmuş X6 əmək müqaviləsinə xitam verildiyinə görə 137.91 manat məbləğində pul vəsaiti ödənilmişdir. “X15 Sanayi və Ticaret Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının işə davamiyyət cədvəlindən görünür ki, dəmirçi vəzifəsində işləyən X3 2014-cü ilin mart ayı üzrə 5 iş günü vardır. 06 mart 2014-cü il tarixli məxaric xəzinə orderindən görünür ki, X5 137.91 manat məbləğində ödəniş edilmişdir. X6 ödənişi qəbul etdiyini öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan X6 tərəfindən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə ünvanlanmış teleqramdan görünür ki, o imza nümunələrinin ekspertizaya verilməsindən imtina edir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 10.02.2021-ci il tarixli 3(004)-147/2021 nömrəli qərarına əsasən Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş “X15 Sanayi və Ticaret Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının direktoru Arif Yeşiltepenin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 23 noyabr 2020-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayət təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 06.04.2021-ci il tarixli 3(103)-655/2021 nömrəli qərarına əsasənBarəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X15 Sanayi və Ticaret Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı filialının müdiri Arif Yeşiltepe tərəfindən verilmiş şikayət qismən təmin edilmişdir. İş üzrə “X15 Sanayi və Ticaret Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru Arif Yeşiltepenin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 23 noyabr 2020-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli qərarı ləğv edilsin, inzibati xəta haqqında iş materialları yenidən baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasinin Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən İşçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddənin 2-ci hissəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsinin 23 noyabr 2020-ci il tarixli, MN seriyalı ******* nömrəli qərar qanunsuz və əsassız hesab edilərək ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İXM-nin tələblərinə əməl edilməklə yenidən baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “X15 Sanayi ve Ticaret Anonim” şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru Arif Yeşiltepe tərəfindən verilmiş şikayət qismən təmin olunsun və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsinin 23 noyabr 2020-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-147/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-147/2021
16.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver