Məhkəmə qərarları › İş №3(004)-1473/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1473/2021

22.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1473/2021 22.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X5 iclas katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1977-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində Yasamal rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş 22 iyun 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Yasamal Rayon Məhkəməsinin 14 avqust 2013-cü il tarixli 2(004)-2561/2013 nömrəli icra sənədinə əsasən borclu Şəxs 260.030 (iki yüz altmış min otuz) manat məbləğində pul tutularaq X9 ödənilməlidir. Borclu Şəxs dəfələrlə xəbərdarlıq olunmasına və izahatlarının alınmasına baxmayaraq, icra sənədi üzrə 260.030 (iki yüz altmış min otuz) manat borcu icra etməkdən və icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən üzrsüz səbəbdən qəsdən boyun qaçırmışdır. Göstərilənlərə əsasən, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci (məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Şəxs protokolla tanış olaraq imzalamışdır. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X3 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Yasamal Rayon Məhkəməsinin 14 avqust 2013-cü il tarixli 2(004)-2561/2013 nömrəli icra sənədinə əsasən borclu Şəxs 260.030 (iki yüz altmış min otuz) manat məbləğində pul tutularaq X9 ödənilməlidir. Qeyd olunan icra sənədinin icrası borclunun cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinə həvalə edilmiş və o, cəzasını çəkib qurtardıqdan sonra icra sənədi aidiyyəti üzrə Yasamal rayon İcra şöbəsinə göndərilmişdir. İcra sənədi 19 fevral 2021-ci il tarixdə daxil olmuş və eyni tarixli qərarla 14 avqust 2013-cü il tarixli 2(004)- 2561/2013 nömrəli icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icrası barədə bildiriş və icra sənədinin surəti birlikdə icra edilməsi üçün borclu Şəxs göndərilmişdir. İcra işindən müəyyən edilmişdir ki, borclu cəzaçəkmə müəssisəsində cəza çəkdiyi müddət ərzində də borcla bağlı heç bir ödəniş etməmişdir. Lakin, borclu Şəxs şöbədə verdiyi izahatlarında icra sənədi üzrə tələbkara 130.000 (yüz otuz min) manat ödəniş etdiyini bildirməsinə baxmayaraq, bunu təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarının icra edilməməsinə görə qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyət barədə ona xəbərdarlıq edilmişdir. Şəxs icraata başlama haqqında qərar və tələbin könüllü icrası barədə bildiriş 12 mart 2021-ci il tarixdə rəsmi qaydada təqdim edilmişdir. İcraat zamanı Şəxs barəsində zəruri məcburi icra tədbirləri görülməsi üçün sorğular verilmişdir. Lakin, hazıradək borclunun mülkiyyətində hər hansı bir əmlakı, bankda hesabı, əmək haqqı, pensiya və ya digər vəsaiti müəyyən edilməmişdir. Lakin, borclu bütün bu tədbirlərə, o cümlədən, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin məzmunu ona izah edilməklə məsuliyyət barədə xəbərdarlıq edilməsinə baxmayaraq, icra məmurunun qanuni tələblərinə əməl etməmiş, yəni, icra sənədi üzrə hazıradək heç bir ödəniş etməmişdir. Bundan başqa, o icra məmurunun çağırışlarına gəlmədiyinə görə barəsində “borclunun axtarılması haqqında” qərar qəbul edilmiş və o, məcburi qaydada Yasamal rayon İcra şöbəsinə gətirilərək izahatı alınmışdır. Odur ki, Şəxs icra sənədini icra etməkdən üzrsüz səbəbdən qəsdən boyun qaçıraraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən, icra məmuru X3 borclu Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, hazırda Yasamal Rayon Məhkəməsinin 14 avqust 2013cü il tarixli 2(004)-2561/2013 nömrəli icra sənədi üzrə olan 260.030 (iki yüz altmış min otuz) manat borcdan 130.000 (yüz otuz min) manat məbləğdə ödəniş etmişdir. Ödəniş edilən zaman bir neçə şəxs buna şahid olmuşdur və buna görə də, heç bir sənədləşdirilmə aparılmamışdır. Məhkumluğu olduğuna görə hazıradək iş tapmaqda çətinlik çəkmişdir, lakin, tezliklə yeni işə başlayaraq borc üzrə hissə-hissə ödənişlər etmək niyyətindədir. Verilmiş sual əsasında o, bildirmişdir ki, həyat yoldaşı uşaq bağçası müdiridir, ailə onun gəliri hesabına maddi ehtiyaclarını qarşılayır və həyat yoldaşı ilə birgə mülkiyyətində heç bir əmlak yoxdur. Şəxs göstərilənlər nəzərə alınaraq barəsində başlanılmış inzibati xəta haqqında işə xitam verilməsini xahiş etdi. İcra sənədi üzrə tələbkar (zərər çəkmiş şəxs) X9 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən tələbkarın (zərər çəkmiş şəxs) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, həmçinin, icra işinin materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarından görünür ki, Yasamal Rayon Məhkəməsinin 14 avqust 2013-cü il tarixli 2(004)-2561/2013 nömrəli icra sənədinə əsasən borclu Şəxs Bakı şəhəri 43 saylı Notariat Kontorunda təsdiq edilmiş 14 iyun 2012-ci il tarixli “Kredit müqaviləsi”nə əsasən 260.000 (iki yüz altmış min) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçı X9 ödənilməlidir. Həmçinin, müəyyən olunmuşdur ki, borclu Şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 14 saylı cəzaçəkmə müəəssisəsində cəza çəkdiyi müddət ərzində icra sənədi üzrə olan borcla bağlı heç bir ödəniş etməmişdir. O, Yasamal rayon İcra şöbəsinin icraata başlanılması və tələbin könüllü icrasına dair bildirişi 12 mart 2021-ci il tarixdə rəsmi qaydada təhvil almışdır. Bundan başqa, borclu Şəxs tələbin könüllü icrasına dair bildirişə əsasən, eyni zamanda icra şöbəsində izahatları alınarkən məhkəmənin qanuni qüvvəyə minmiş qərarının icra edilməməsinə görə qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdarlıq edilmişdir. Həmçinin icra sənədi üzrə məcburi icra tədbirlərinin həyata keçirilməsi məqsədilə icra məmuru tərəfindən zəruri tədbirlər görülmüş, müvafiq qurumlara sorğular göndərilmiş, lakin borclunun mülkiyyətində hər hansı bir əmlakı, bankda hesabı, əmək haqqı, pensiya və ya digər vəsaiti müəyyən edilməmişdir. Lakin, borclu Şəxs arvadı X6 adına bağ sahəsi müəyyən edilsə də, müvafiq sorğular nəticəsində həmin əmlakın hazırda onun mülkiyyətində olmaması məlum olmuşdur. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 21 aprel 2021-ci il tarixli, **********22 nömrəli məktubundan görünür ki, idarənin arxivində 24.07.1981-ci il təvəllüdlü X6 mülkiyyətində olmuş Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 985a nömrəli bağ evinə dair məlumat aşkar olunmuşdur. Bakı şəhəri 7-ci dövlət notariat kontorunda 15.10.2009-cu il tarixdə 4Ə/2-295 reyestr nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsinə əsasən X4 mülkiyyətində olmuş Xəzər rayonu, Mərdəkan qəsəbəsi 985a nömrəli bağ evi ünvanında yerləşən 0.12 hektar torpaq sahəsinin 0.05 hektar hissəsi 17.12.2009-cu il tarixdə X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, 06.03.2010-cu il tarixdə isə sözügedən topaq sahəsində inşa edilmiş bağ evinə dair layihə, yaşayış evinin hüquqi qeydə alınması barədə Əzizbəyov rayon icra Hakimiyyəti başçısının 88 nömrəli, 17.02.2010-cu il tarixli sərəncamı əsasında 985a nömrəli bağ evi vahid əmlak kimi X6 adına qeydiyyata alınmış, Bakı şəhəri 1 saylı dövlət notariat kontorunda 03.12.2010-cu il tarixdə 4Ə-02-190 reyestr nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsinə əsasən sözügedən bağ evi 05.05.2011-ci il tarixdə “xxxx” Lizinq Şirkəti QSC-nin adına qeydiyyata alınmışdır. Daha sonra Bakı şəhəri 38 saylı notariat kontorunda bağlanılmış 11.07.2015-ci il tarixli 4Ə-120 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 985a nömrəli bağ evi 19.05.2017-ci il tarixdə X2 adına qeydiyyata alınmış və hazırda sonuncunun mülkiyyətindədir. Məhkəmə icra sənədi üzrə borclu Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərilən xüsusatları özünümüdafiə xarakterli məlumat olaraq qiymətləndirib və onun tərəfindən göstərilənlərə tənqidi yanaşaraq hesab edir ki, hazıradək icra sənədi üzrə olan borcdan heç bir ödənişin edilməməsi və ödəniş edildiyi təqdirdə məhkəməyə heç bir mötəbər sübutun təqdim edilməməsi borclunun öz öhdəliklərindən qəsdən üzrsüz səbəbdən yayınması kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Şəxs barəsində görülmüş məcburi icra tədbirlərinə baxmayaraq məhkəmənin icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən qəsdən yayınmış və hazırda onun icra sənədi üzrə 260.030 (iki yüz altmış min otuz) manat məbləğində borcu vardır. Bununla da, Şəxs məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yetirməməklə və icra sənədini üzrsüz səbəbdən icra etməməklə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Göstərilənlərə əsasən məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.1-ci maddəsinə əsasən məhkəmə, məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və inzibati həbsdə saxlama müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni məhkəməyə gətirildiyi 22 iyun 2021-ci il tarixdən saat 14:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 43, 106- 112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbs etmənin əvvəli 22 iyun 2021-ci il tarixdən saat 14:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsində mühafizə altında saxlanılsın. Qərarın icrası Yasamal rayon Polis İdarəsinə və Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar