Məhkəmə qərarları › İş №3(004)-1481/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1481/2021

07.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1481/2021 07.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X6 iclas katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin direktoru və eyni zamanda qanuni təmsilçisi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin (RPİ) X11 Şöbəsi (DYPŞ) tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş 17 iyun 2021-ci il tarixli, AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş 17 iyun 2021-ci il tarixli, AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC mülkiyyətində (istifadəsində) olan “HYUNDAİ TUCSON” (minik) markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Bununla da, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru və eyni zamanda qanuni təmsilçisi X4 izahatında göstərdi ki, Şəxs MMC-nin mülkiyyətində olan “HYUNDAİ TUCSON” (minik) markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cəmiyyətin direktoru olaraq onun tərəfindən verilmiş etibarnaməyə əsasən həm özü, həm də digər sürücü X5 tərəfindən idarə olunur. Gələcəkdə elektron qaydada qeydə alınması ehtimal edilən xətaların rəsmiləşdirilməsi ilə bağlı Cəmiyyət tərəfindən sürücülər barədə məlumatlar X3 yerləşdirilməsindən ötrü rəsmi qaydada məktubla DYPŞ-nə təqdim edilmişdir. Bunun nəticəsində 2020-ci il üzrə, eləcə də 2021-ci ilin əvvəllərində sözügedən nəqliyyat vasitəsi ilə bağlı qeydə alınmış yol hərəkəti qaydaları əleyhinə olan xətalar onun adına rəsmiləşdirilmişdir. X4 əlavə olaraq bildirmişdir ki, hazırkı iş üzrə, yəni 27 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi və həmin sürücü barəsində zəruri məlumatların verilməsi haqqında Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin sözügedən sorğusu Cəmiyyətə ümumiyyətlə daxil olmamış, buna dair dəftərxananın qeydiyyat jurnalında hər hansı bir məlumat aşkar edilməmişdir. Qeyd olunanları nəzərə alaraq X4 Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə tərtib edilmiş protokol əsasında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmişdir. Lakin, inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulan xətanın tərkibi olması sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin Şəxs MMCyə ünvanladığı sorğu məzmunlu məktubdan görünür ki, 27.04.2021-ci il tarixdə, saat 12:04-da cəmiyyətin mülkiyyətində (istifadəsində) olan “HYUNDAİ TUCSON” (minik) markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Qeyd olunan məktubla avtomobili idarə etmiş sürücü barədə məlumat verilməsi xahiş edilmiş, eyni zamanda həmin məlumatların 5 gün müddətində verilməməsinə görə hüquqi şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında “SS727586115AZ” ştrix kodlu xəbərnamədəki qeyddən görünür ki, sorğu 28 may 2021-ci il tarixdə ünvan sahibinə çatdırılmış və “Həsənov” soyadlı Şəxs MMC-nin əməkdaşı tərəfindən qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən Cəmiyyətin qanuni təmsilçisi bildirmişdir ki, hüquqi ünvan ona məxsus mənzildir lakin xəbərnamədəki imza ona məxsus deyildir. Eləcə də xəbərnamədə Həsənov soyadlı şəxsin adı bəlli olmadığından sübut olaraq qəbul edilə bilməz. Məhkəmə tərəfindən "xxxx" MMC-yə ünvanlanmış sorğuya daxil olmuş 05 iyul 2021-ci il tarixli 103-5-22-1-2151 nömrəli cavab məktubundan müəyyən edilir ki, “SS727586115AZ” saylı sifarişli məktub 24 may 2021-ci il tarixində 122 saylı poçt şöbəsində (AZ1122) qəbul olunaraq ünvanı üzrə göndərilmişdir. Həmin məktub 26 may 2021-ci il tarixində xidmət ərazisi üzrə 6 saylı poçt şöbəsinə daxil olmuş və mövcud qaydaların tələblərinə uyğun sənədləşdirilərək 31 may 2021-ci il tarixdə müvafiq sənədə imza etdirməklə, həmin ünvanda qeydiyyatda olan Şəxs MMC-nin nümayəndəsinə təqdim olunmuşdur. Lakin məktubda nümayəndənin kimliyi göstərilməmişdir. Bundan başqa, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində məhkəmənin icraatında olan digər iş üzrə də məhkəmə tərəfindən "xxxx" MMC-yə verilmiş sorğuya daxil olmuş 05 iyul 2021-ci il tarixli 103-5-22-1-2154 nömrəli cavab məktubundan müəyyən edilir ki, Yasamal RPİ-nin DYPŞ tərəfindən Şəxs MMC-yə ünvanlanan “SS658837505AZ” saylı sifarişli məktub üzərində göndərici tərəfindən alıcının ünvanı səhv yazıldığından, yəni Nəriman Nərimanov prospekti 67/24 M.78 ünvan əvəzinə, Nəriman Nərimanov prospekti 57/24 M.78 yazıldığından mövcud qaydalarının 6.21-ci bəndinin tələblərinə əsasən (“alıcı və göndəricinin poçt ünvanın dəqiqləşdirilməsi poçt rabitəsi operatorunun öhdəliyinə daxil deyildir”) sənədləşdirilərək geri qaytarılmışdır. Məhkəmənin icraatında olan hər iki inzibati işdə olan xəbərnamələr müqayisəli şəkildə tədqiq edildikdə müəyyən edildi ki, hər iki iş üzrə Yasamal RPİ-nin DYPŞ-nin Şəxs MMC-yə verdiyi sorğular Nəriman Nərimanov prospekti 57/24 M.78 ünvanına göndərilmişdir. Lakin "xxxx" MMC-dən daxil olmuş cavablardan müəyyən edilir ki, eyni ünvana göndərilən məktublardan biri ünvan düzgün olmadığına görə geri qaytarılmış, digəri isə şəxsiyyəti bəlli olmayan nümayəndəyə çatdırılmışdır. Bu isə sorğunun ünvana həqiqətən də çatdırılmasına dair kifayət qədər şübhə yaradır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin tələblərinə görə mövcud şübhələr barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə həll edilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinin tərkibini yaradır. Hazırkı xətanın tərkibinin yaranması üçün səlahiyyətli qurum tərəfindən hüquqi şəxsə müvafiq sorğunun göndərilməsi üçün yaranmış zərurətin obyektiv və subyektiv səbəbləri araşdırılmalıdır. Yəni dolayısı ilə səlahiyyətli qurum tərəfindən sözügedən sorğunun göndərilməsi üçün zərurət yaranmamışdırsa və protokol tərtib etmiş qurum xətanı törətmiş nəqliyyat vasitəsinin sürücü barədə məlumatlı olmasına baxmayaraq, yəni hər hansı zərurət olmadan səlahiyyətlərindən sui-istifadə hallarına yol verməklə sorğu verərsə, bu sorğuya qanunla müəyyən edilmiş müddətdə cavab verilməməsinə görə hər hansı bir şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə ki, Azərbaycan Respublikası İXM-nin 123.1-ci maddəsinə görə həmin Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. 123.2-ci maddəyə görə isə hüquqi şəxsin (dövlət qurumunun) müvafiq vəzifəli şəxsi sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verməlidir. 123.3-cü maddəyə görə Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi həmin Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin müvafiq vəzifəli şəxsi isə sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana məlumat verməlidir. Beləliklə, İXM-nin tələblərinə görə inzibati xətanın törədilməsi zamanı hüquqi şəxsin mülkiyyətində olan nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə, yəni son istifadəçi barədə məlumat müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində mövcud olduqda həmin hüquqi şəxsə səlahiyyətli orqan tərəfindən bu barədə sorğu verilməsi, həmçinin artıq sistemdə məlumat mövcud olmasına baxmayaraq verilmiş sorğuya cavab verilməməsinə görə hüquqi şəxs barədə məsuliyyət nəzərdə tutulmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş 28.12.2020-ci il tarixli etibarnamədən müəyyən edilir ki, “HYUNDAİ TUCSON” (minik) markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücülər X4 və X2r. 04.09.2019-cu il və 12.12.2019-cu il tarixli məktublardan isə müəyyən edilir ki, Cəmiyyət tərəfindən səlahiyyətli orqan olan Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nə müvafiq X3 daxil edilməsi üçün həmin nəqliyyat vasitəsinin sürücüləri barədə ətraflı məlumat verilmişdir. İş materiallarına əlavə edilmiş informasiya sistemindən çıxarışdan müəyyən edilir ki, 31.10.2020, 15.03.2021-ci il və sonrakı tarixlərdə real vaxt rejimində qeydə alınmış inzibati xətalara dair elektron qərarlar sürücü X1 adına rəsmiləşdirilmişdir. Bu isə ona dəlalət edir ki, informasiya sistemində sürücü barədə məlumat mövcud olmuşdur. Məhkəmə iclasında iştirak edən X4 isə müvafiq sorğunun ona çatdırılmadığını, xəbərnamələrdəki soy adın onun soy adı ilə eynilik təşkil etməsinə baxmayaraq imzaların ona məxsus olmadığını bildirmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsində isə göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin inzibati xəta törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib olunmuş 17 iyun 2021-ci il tarixli, AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində 17 iyun 2021-ci il tarixli, AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar