Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1482/2021 07.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X6 iclas katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin direktoru və eyni zamanda qanuni təmsilçisi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin (RPİ) X10 Şöbəsi (DYPŞ) tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş 17 iyun 2021-ci il tarixli, AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş 17 iyun 2021-ci il tarixli, AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC mülkiyyətində (istifadəsində) olan “HYUNDAİ TUCSON” (minik) markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Bununla da, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin direktoru və eyni zamanda qanuni təmsilçisi X4 izahatında göstərdi ki, Şəxs MMC-nin mülkiyyətində olan “HYUNDAİ TUCSON” (minik) markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cəmiyyətin direktoru olaraq onun tərəfindən verilmiş etibarnaməyə əsasən həm özü, həm də digər sürücü X5 tərəfindən idarə olunur. Gələcəkdə elektron qaydada qeydə alınması ehtimal edilən xətaların rəsmiləşdirilməsi ilə bağlı Cəmiyyət tərəfindən sürücülər barədə məlumatlar X3 yerləşdirilməsindən ötrü rəsmi qaydada məktubla DYPŞ-nə təqdim edilmişdir. Bunun nəticəsində 2020-ci il üzrə, eləcə də 2021-ci ilin əvvəllərində sözügedən nəqliyyat vasitəsi ilə bağlı qeydə alınmış yol hərəkəti qaydaları əleyhinə olan xətalar onun adına rəsmiləşdirilmişdir. X4 əlavə olaraq bildirmişdir ki, hazırkı iş üzrə, yəni 28 mart 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 328.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi və həmin sürücü barəsində zəruri məlumatların verilməsi haqqında Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin sözügedən sorğusu Cəmiyyətə ümumiyyətlə daxil olmamış, buna dair dəftərxananın qeydiyyat jurnalında hər hansı bir məlumat aşkar edilməmişdir. Qeyd olunanları nəzərə alaraq X4 Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə tərtib edilmiş protokol əsasında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmişdir. Lakin, inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulan xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin Şəxs MMCyə ünvanladığı sorğu məzmunlu məktubdan görünür ki, 28.03.2021-ci il tarixdə, saat 16:25-də cəmiyyətin mülkiyyətində (istifadəsində) olan “HYUNDAİ TUCSON” (minik) markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Qeyd olunan məktubla avtomobili idarə etmiş sürücü barədə məlumat verilməsi xahiş edilmiş, eyni zamanda həmin məlumatların 5 gün müddətində verilməməsinə görə hüquqi şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında “SS658837505AZ” ştrix kodlu xəbərnamədəki qeyddən görünür ki, sorğu 10 may 2021-ci il tarixdə ünvan sahibinə çatdırılmış və Şəxs MMC-nin “Həsənov” soyadlı əməkdaşı tərəfindən qəbul edilmişdir. Lakin, məhkəmə tərəfindən "xxxx" MMC-yə ünvanlanmış sorğuya daxil olmuş 05 iyul 2021-ci il tarixli 103-5-22-1-2154 nömrəli cavab məktubundan müəyyən edilir ki, Yasamal RPİ-nin DYPŞ tərəfindən Şəxs MMC-yə ünvanlanan “SS658837505AZ” saylı sifarişli məktub 21 aprel 2021-ci il tarixdə 122 saylı poçt şöbəsində qəbul olunaraq ünvanı üzrə göndərilmişdir. Həmin məktub 23 aprel 2021-ci il tarixində xidmət ərazisi üzrə 6 saylı poçt şöbəsinə daxil olmuşdur. Lakin poçt şöbəsindən alınmış yazılı izahatda bildirilir ki, sözügedən məktubun üzərində göndərici tərəfindən alıcının ünvanı səhv yazıldığından (Nəriman Nərimanov prospekti 67/24 M.78 ünvan əvəzinə, Nəriman Nərimanov prospekti 57/24 M.78 yazılmışdır) mövcud qaydaların 6.21-ci bəndinin tələblərinə əsasən (“alıcı və göndəricinin poçt ünvanının dəqiqləşdirilməsi poçt rabitəsi operatorunun öhdəliyinə daxil deyildir”) sənədləşdirilərək geri qaytarılmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, səlahiyyətli orqanın müvafiq sorğusu barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMCyə ümumiyyətlə çatdırılmamışdır, buna baxmayaraq, hüquqi şəxs tərəfindən sorğuya qanunla müəyyən edilmiş vaxtda cavab verilməməsinə görə onun barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsinə dair 17 iyun 2021-ci il tarixli protokol tərtib edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, məktubun “Həsənov” soyadlı naməlum şəxs tərəfindən qəbul edilməsinə dair iş materiallarına əlavə edilmiş xəbərnamə sübut olaraq qəbul edilə bilməz. Protokol tərtib etmiş qurum tərəfindən isə bunun əksini sübut edən hər hansı bir dəlil məhkəməyə təqdim edilməmişdir. Beləliklə, işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılaraq məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Yasamal RPİ-nin DYPŞ-nin hüquqi şəxsin mülkiyyətində olan nəqliyyat vasitəsinin sürücüsü barədə məlumatın verilməsinə dair sorğusu Şəxs MMC-yə ümumiyyətlə çatdırılmamışdır. Belə olan halda, həmin hüquqi şəxsin müvafiq sorğuya 5 gün ərzində cavab verməməsi Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinin tərkibini yaratmır. Məhkəmə eyni zamanda qeyd edir ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinin tərkibini yaradır. Hazırkı xətanın tərkibinin yaranması üçün səlahiyyətli qurum tərəfindən hüquqi şəxsə müvafiq sorğunun göndərilməsi üçün yaranmış zərurətin obyektiv və subyektiv səbəbləri araşdırılmalıdır. Yəni dolayısı ilə səlahiyyətli qurum tərəfindən sözügedən sorğunun göndərilməsi üçün zərurət yaranmamışdırsa və protokol tərtib etmiş qurum xətanı törətmiş nəqliyyat vasitəsinin sürücü barədə məlumatlı olmasına baxmayaraq, yəni hər hansı zərurət olmadan səlahiyyətlərindən sui-istifadə hallarına yol verməklə sorğu verərsə, bu sorğuya qanunla müəyyən edilmiş müddətdə cavab verilməməsinə görə hər hansı bir şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə ki, Azərbaycan Respublikası İXM-nin 123.1-ci maddəsinə görə həmin Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. 123.2-ci maddəyə görə isə hüquqi şəxsin (dövlət qurumunun) müvafiq vəzifəli şəxsi sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verməlidir. 123.3-cü maddəyə görə Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi həmin Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin müvafiq vəzifəli şəxsi isə sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana məlumat verməlidir. Beləliklə, İXM-nin tələblərinə görə inzibati xətanın törədilməsi zamanı hüquqi şəxsin mülkiyyətində olan nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə, yəni son istifadəçi barədə məlumat müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində mövcud olduqda həmin hüquqi şəxsə səlahiyyətli orqan tərəfindən bu barədə sorğu verilməsi, həmçinin artıq sistemdə məlumat mövcud olmasına baxmayaraq verilmiş sorğuya cavab verilməməsinə görə hüquqi şəxs barədə məsuliyyət nəzərdə tutulmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş 28.12.2020-ci il tarixli etibarnamədən müəyyən edilir ki, “HYUNDAİ TUCSON” (minik) markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücülər X4 və X2r. 04.09.2019-cu il və 12.12.2019-cu il tarixli məktublardan isə müəyyən edilir ki, Cəmiyyət tərəfindən səlahiyyətli orqan olan Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nə müvafiq X3 daxil edilməsi üçün həmin nəqliyyat vasitəsinin sürücüləri barədə ətraflı məlumat verilmişdir. İş materiallarına əlavə edilmiş informasiya sistemindən çıxarışdan müəyyən edlir ki, 31.10.2020, 15.03.2021-ci il və sonrakı tarixlərdə real vaxt rejimində qeydə alınmış inzibati xətalara dair elektron qərarlar sürücü X1 adına rəsmiləşdirilmişdir. Bu isə ona dəlalət edir ki, informasiya sistemində sürücü barədə məlumat mövcud olmuşdur. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, hüquqi şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yoxdur. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-yə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) və ona istinad edilən inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. Ona görə də, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində 17 iyun 2021-ci il tarixli, AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-1482/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1482/2021
07.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver