Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1492/2023 12.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X2 iclas katibliyi ilə Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Qızıl Şərq hərbi şəhərciyi, ev 3, mənzil 22-də yerləşən Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankı Hüquq Departamentinin İnzibati İcraat və Məhkəmə İşləri Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankı Hüquq Departamentinin İnzibati İcraat və Məhkəmə İşləri Şöbəsi tərəfindən Şəxs MMC barəsində İXM-in 430.4-cü maddəsi ilə xx.xx.2023-cü il tarixdə, EP № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, Şəxs MMC 260400,00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən "xxxx" ASC Bankda olan hesabından xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı qündən 02 ildən artıq müddət keçməsinə baxmayaraq, 260400,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən qeri qaytarılmamışdır. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi Vəkil bildirdi ki, Şəxs MMC 2021-ci ildə soya paxlası alışı ilə bağlı Belarusiyanın "xxxx" şirkətinə 260400,00 ABŞ dolları vəsait ödəmişdir. Lakin "xxxx" şirkəti dələduzluq edərək, ödənişin qarşılığında malı göndərmədi. Şəxs MMC qarşılığında "xxxx" şirkətinin rəhbəri tərəfindən törədilmiş dələduzluq hərkətləri ilə bağlı Belarusiyanın Minsk şəhərində hüquq mühafizə orqanına müraciət etmiş. Belarus Respublikası İstintaq Komitəsinin Mərkəzi (Minsk) rayon şöbəsinin müstəntiqi R.V.Proroşnevin qərarı ilə Şəxs MMC mülki iddiaçı kimi tanınmış və "xxxx" şirkətinin rəhbəri barəsində cinayət işi başlamışdır. Göstərilənlərə əsasən pulun geri qaytarılmamasında və İXM-nin 430.4-cü maddəsi ilə tərtib edilmiş protokolda göstərilən əməldə Şəxs MMC-nin hər hansı bir təqsiri yoxdur. Bu səbəbdən də inzibati xəta mövcud olmur. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan hazırkı protokolda göstərilən Azərbaycan Respublikasından kənara qabaqcadan edilmiş ödəniş barədə xx.xx.2021-ci il tarixli (köçürmə sənədi) ödəniş tapşırığı məlumatlarına əsasən 260400 ABŞ dolları məbləğində valyuta xx.xx.2021-ci il tarixli müqavilə əsasında Belarus Respublikasında yerləşən “EkoBakaleya” LLC şirkətinə köçürülmüşdür. İş materiallarında olan Şəxs MMC-nin şikayəti əsasında Belarus Respublikası İstintaq Komitəsinin Mərkəzi (Minsk) rayon şöbəsinin müstəntiqi R.V.Proroşnevin xx.xx.2023-cü il tarixli qərarı ilə Belarusiyanın "xxxx" şirkətinin rəhbəri X3 barəsində cinayət işi başlanılmışdır. Həmçinin müstəntiq R.V.Proroşnevin qərarı ilə Şəxs MMC mülki iddiaçı kimi tanınmışdır. Buna səbəb Şəxs MMC 2021-ci ildə soya paxlası alışı ilə bağlı Belarusiyanın "xxxx" şirkətinə 260400,00 ABŞ dolları vəsait ödəməsi, lakin "xxxx" şirkətinin dələduzluq edərək, ödənişin qarşılığında malı göndərməməsi olmuşdur. Həmçinin Belarus Respublikasının İstintaq Komitəsi Minsk şəhəri üzrə idarəsinin Mərkəzi rayon şöbəsinin müstəntiqi R.V.Proroşnevin 10.01.23-cü il tarixli № 9/15-E-27 E-28 saylı məktubunda qeyd etmişdir ki, Lataz” MMC tərəfinizdən qaldırılmış və xx.xx.2022-ci ildə İstintaq Komitəsinin Mərkəzi (Minsk şəhəri) rayon şöbəsinə daxil olmuş iddia ərizəsi **********1 №-li istintaq işinin materiallarına əlavə edilmişdir. Həmin ərizəyə əsasən Lataz” MMC mülki iddiaçı, Bağırov N.N. isə mülki iddiaçının nümayəndəsi kimi qəbul edilmişdir. İstintaq prosesi çərçivəsində qaldırılanlar da daxil olmaqla mülki iddialar barəsində qərarın qəbul edilməsi yalnız məhkəmənin səlahiyyətindədir, bu səbəbdən qaldırılmış həmin mülki iddia üzrə qərar, zəruri şərtlər və əsasların olduğu təqdirdə, bu istintaq işinin hökmünün verilməsi zamanı qəbul ediləcəkdir. Bundan başqa iş materiallarında olan Yasamal Rayon Polis İdarəsinin İŞ-nin müstəntiqi Valeh Nəbiyevin xx.xx.2023-cü il tarixli məktubuna əsasən Şəxs MMC-nin direktoru və digər səlahiyyətli şəxslərinin ifadələrinin alınması məqsədi ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə daxil olmuş Belarus Respublikası istintaq Komitəsinin Mərkəzi (Minsk) rayon şöbəsinin 28 oktyabr 2022-ci il tarixii N° 005-25181- 1222 saylı məktubun icrası ilə əlaqədar olaraq, Belarus Respublikası İstintaq komitəsindən daxil olmuş **********1 nömrəli cinayət işi üzrə hüquqi yardım göstərilməsi haqqında sorğu DİN tərəfindən aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə daxil olmuşdur. Məlum olmuşdur ki, Şəxs MMC və Belarus Respublikasında fəaliyyət göstərən "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 14- 22/02/21 nömrəli müqavilənin dəyəri olaraq Şəxs MMC tərəfindən "xxxx" MMC-yə ödənilmiş 260.400,00 ABŞ dolları məbləğində vəsaitin "xxxx" MMC-nin rəhbəri X6 tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsi ilə əlaqədar olaraq onun barəsində **********1 saylı cinayət işi başlanmış və Belarus Respublikası İstintaq Komitəsinin Mərkəzi (Minsk) rayon şöbəsinin müstəntiqi, ədliyyə leytenantı R.V Proroşnevin 03.01,2023-cü il tarixli qərarı ilə Şəxs MMC həmin cinayət işində mülki iddiaçı kimi tanınmışdır. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin müstəntiqi X9 tərəfindən Şəxs MMC-nin direktoru X10, əvvəlki direktoru X4, təsisçi X5 və səlahiyətli nümayəndəsi X1 ifadələri alınaraq toplanmış material Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təqdim edilmişdir. Bununla da həmin sənədlərlə müəyyən edilir ki, hüquqi şəxs barəsində hazırkı protokolun tərtib edilməsinə əsas olmuş və protokolda göstərilən Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş həmin valyuta müqabilində malların ölkəyə idxal edilməməsində, xidmətlərin göstərilməsində və ya qabaqcadan ödənilmiş valyuta vəsaitinin xaricdən qeri qaytarılmasında Şəxs MMC-nin hər hansı bir təqsir (hərəkət və ya hərəkətsizliyi) müəyyən edilmir. İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilmişdir. Həmin maddənin dispozisiyasında qeyd edilmiş əməlin formal cəhətdən mövcudluğu, yəni avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması özü-özlüyündə heç də şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcudluğunu ehtiva etmir. Belə ki, həmin əməlin mövcudluğunda MMC-nin təqsiri müəyyən edilməlidir. Əgər təqsir vardırsa, onda inzibati məsuliyyət mövcud olur. Əgər təqsir yoxdursa, onda inzibati xəta mövcud olmur. Buna görə də məhkəmə qeyd edir ki, inzibati xəta əlamətlərinin formal mövcudluğu, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün yetərli deyildir. İnzibati xəta əlamətləri formal cəhətdən mövcuddursa da, həmin xətanın törədilməsində MMC-nin təqsiri müəyyən edilməlidir. Təqsirsiz olaraq və ya şəxsin iradəsindən asılı olmayaraq baş vermiş nöqsan, şəxsin inzibati məsuliyyətinə səbəb ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Bununla bağlı məhkəmə yuxarıda qeyd edilən sübutlara və işin hallarına qiymət verərək, belə bir nəticəyə gəlir ki, xaricdən valyutanın geri qaytarılmaması səbəbi kimi, Şəxs MMC-nin dələduzluğa məruz qalması, zərərçəkən olması və bunların yuxarıda sadalanan məhkəmə qərarları ilə təsdiq edilməsi olmuşdur. Bu hal yuxarıda sadalanan məhkəmə qərarları ilə tam təsdiq edilir. Həmin sənədin hüquqazidd olması, saxta olması, həmin sənədin sübut kimi qəbul edilməsini təkzib edən və ya şübhə altına alan hər hansı bir hal müəyyən edilmədiyindən, həmin sənədlə müəyyən edilir ki, baş vermiş hadisə üzrə hüquqi şəxsin əməlində qəsdən və ya ehtiyatsızlıq formasında təqsir mövcud deyildir. Formal cəhətdən mövcud olan əməldə şəxsin təqsirinin mütləq müəyyən edilməli olması Konstitusiya Məhkəməsinin də qərarlarında öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” xx.xx.2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsinin valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə xidmət edən 430.4-cü maddəsi ilə də avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi halında ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilərək həmin əməli təqsirli olaraq törədən şəxslər üçün inzibati hüquqi məsuliyyət müəyyən edilmişdir. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, qanunverici tərəflərə müqavilə azadlığı və onun şərtlərinin müəyyənləşdirilməsində sərbəstlik versə də, onlar tərəfindən bağlanılan müqavilə qanunla və digər hüquqi aktlarla müəyyənləşdirilmiş və tərəflər üçün məcburi olan imperativ xarakterli qaydalara uyğun olmalıdır. Bu zaman qanunverici həm tərəflərin, həm dövlətin və ictimai münasibətlərin ümumi maraqlarından çıxış etmiş olur. Bundan başqa, idxalda hesablaşmalarla bağlı müddət tələbinə əməl edilməməsi hələ özlüyündə inzibati tənbeh tədbirinin tətbiqi üçün kifayət edən əsas kimi çıxış etmir. Bununla bağlı Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Göründüyü kimi Konstitusiya Məhkəməsinin qərarındada göstərilmişdir ki, valyuta məbləğinin xaricdən ölkəyə gətirilməsi ilə bağlı müəyyən edilmiş müddətlərə əməl edilməməsi özü-özlüyündə inzibati xəta tərkibi yaranması üçün kifayət etmir. Valyutanın geri qaytarılmaması səbəbi araşdırılmalı, şəxsin təqsiri müəyyən edilməlidir. Təqsirin əhəmiyyəti vardır. Təqsir yoxdursa, inzibati məsuliyyət yarana bilməz. Şəxsin əməlində inzibati xətanın elementlərindən olan obyektiv və subyektiv cəhətlər yoxdur. Belə bir vəziyyətdə şəxsin inzibati xətanın törədilməsində qəsdinin və ya ehtiyatsızlığının nədən ibarət olmasına dair də sübut təqdim edilməmişdir. Ümumiyyətlə bunları təsdiq edən sübut toplamamışdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X8 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti həmçinin İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İXM-in İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə müəyyən edilmiş yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə və protokolda təqsirli bilindiyi İXM-in maddəsi üzrə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, protokolda göstərilən İXM-in maddəsi üzrə inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Bu barədə sübutlar kifayət etmir. Şübhələr və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll etməlidir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmçinin İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-1492/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1492/2023
12.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver