Məhkəmə qərarları › İş №3(004)-1496/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1496/2023

13.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1496/2023 13.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə, xx.xx.1976-cı ildə Şuşa şəhərində anadan olmuş, Şuşa şəhəri, S.Əsədov küçəsi ev 4, mənzil 8-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi (sahə rəisi Natiq Tarverdiyev) tərəfindən Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə xx.xx.2023-cü il tarixdə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokol “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Yasamal RPİ İŞ-nin müstəntiqi X2 xx.xx.2023-cü il tarixli qərarı əsasında tərtib edilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, Emin Əliyev 20 oktyabr 2022-ci il tarixdə saat 08:01-də DİN-in «102» xidmətinə zəng edərək və 26-cı Polis bölməsinə ərizə ilə müraciət edərək həmin gün 20 saylı orta məktəbin yaxınlığında əvvəllər şəxsi münasibətlərinin olduğu Gülnar Hacıyevanın əri Şəxs bıçaqla onun üstünə hücum etdiyini və onu öldürməklə hədələdiyini, həmin vaxt yanında olan dostu Azərin Rəşadəti qollarından tutaraq buna imkan vermədiyini və Rəşadətin avtobusa minərək oradan qaçıb getdiyini göstərmişdir. Qeyd olunanlar toplanmış araşdırma materialları ilə öz təsdiqini tapdığından Şəxs barəsində cinayət işinin başlanması rədd edilməli və Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Yasamal RPİ-nin 26-cı PB-nə göndərilməlidir. Məhkəmə iclasında Şəxs bildirdi ki, o, Emin Əliyevlə aralarında mübahisə olmuşdur. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin sahə rəisi Natiq Tarverdiyev bildirdi ki, qeyd edilən protokol təhqiqatçı tərəfindən qəbul edilmiş cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar əsasında tərtib etmişdir. Özü tərəfindən hər hansı bir əməl, hal müəyyən edilməmişdir. Qərar bölməyə daxil olduğu üçün və qərarda Şəxs barəsində İXM-nin 510cu maddəsi ilə protokol tərtib ediməli olduğu göstərildiyindən, o da bu barədə protoolk tərtib edib məhkəməyə təqdim etmişdir. Beləliklə məhkəməyə təqdim edilmiş protokol “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Yasamal RPİ İŞ-nin müstəntiqi X2 xx.xx.2023-cü il tarixli qərarı əsasında tərtib edildiyindən, həmin qərarda göstərilmişdir ki, 20 oktyabr 2022-ci il tarixdə 20 saylı orta məktəbin yaxınlığında əvvəllər şəxsi münasibətlərinin olduğu Gülnar Hacıyevanın əri Şəxs bıçaqla Emin Əliyevin üstünə hücum etdiyini və onu öldürməklə hədələdiyini, həmin vaxt yanında olan dostu Azərin Rəşadəti qollarından tutaraq buna imkan vermədiyini və Rəşadətin avtobusa minərək oradan qaçıb getdiyini göstərmişdir. Göründüyü kimi bıçaqla adamın üzərinə hücum edib, öldürməklə hədələnilmiş, lakin bıçaqla hücum edən şəxsin digər şəxs tərəfindən tutularaq buna imkan verməməsini müstəntiq müəyyən etmişdir. Çünki qərarda da qeyd edilmşidir ki, qeyd olunanlar toplanmış araşdırma materialları ilə öz təsdiqini tapdığından Belə olduğu təqdirdə Cinayət Məcəlləsinin 134-cü maddəsinə əsasən öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, hədənin icra ediləcəyi üçün real əsaslar olduqda cinayət məsuliyyəti yaradır. Belə bir vəziyyətdə məhkəməyə təqdim edilmiş protokolda göstərilən əməllərdə cinayət əlamətlərinin olmasına dəlalət edir. İXM-nin 12.2-ci maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İXM-nin 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. İXM-nin 114.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və iş üzrə materiallar Yasamal Rayon Prokuroruna göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar