Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-15/2023 06.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci ərazi Dövlət yanğın nəzarəti idarəsinin Dövlət yanğın nəzarəti şöbəsinin inspektoru X1 iştirakları ilə, “X5” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala baxaraq məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci ərazi Dövlət yanğın nəzarəti idarəsi “X5” MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Yasamal rayonu İnşaatçılar pr.33 A ünvanında erləşən “X5 Müalicə” mərkəzində keçirilən YTM zamanı sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlər təqdim edilməmişdir. Nəticədə “X5” MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci ərazi Dövlət yanğın nəzarəti idarəsinin Dövlət yanğın nəzarəti şöbəsinin inspektoru X2 bildirmişdir ki, protokolda göstərilən nöqsanlar hazırda “X5” MMC tərəfindən aradan qaldırılmışdır. İnzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmənin mülahizəsinə buraxıram. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin 21 noyabr 2022-ci il tarixli 4805 saylı yoxlamanın aparılması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Energetika Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Şəxs MMC-də Plan üzrə (növbəti) yoxlama keçirilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin 25 noyabr 2022-ci il tarixli 4805 saylı Yanğın-Texniki müayinə aktından görünür ki, obyektin yanğından icbari qaydada sığorta olunmasına dair şəhadətnamə təqdim edilməmişdir. Obyekt avtomatik yanğınxəbərverici siqnalizasiya sistemi ilə təmin edilməmişdir. Obyekt ilkin yanğın söndürən balonlarla təmin edilməmişdir. Obyektin elektrik naqillərinin gərginliyə qarşı müqaviməti yoxlanılmayıb. Obyektə yanğı zamanı insanların köçürülməsi üçün təxliyə planı tərtib edilməmişdir. Obyektin təxliyə yolları yanğın təhlükəsizliyi tələblərinə uyğun saxlanılmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “X5” MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Qeyd olunan Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə baxışı zamanı məlum olur ki, “X5” MMC tərəfindən 25 noyabr 2022-ci il tarixli 4805 saylı Yanğın-Texniki müayinə aktından göstərilən hallar aradan qaldırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, “X5” MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 49-51, 105, 109, 114 və 128-129-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: “X5” MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-15/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-15/2023
06.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver