Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1500/2025 01.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X3 Seyidovun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, Şikayət vermiş şəxs X4, Bakı şəhəri BPİ X12 İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə X4 Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 03 mart 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 03 mart 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X7 şikayəti müdafiə edərək göstərmişdir ki, X7 etibarnamə ilə idarə etdiyim BMW markalı 77BS180 dövlət nömrə nişanlı avtomobilimi xx.xx.2025 ildə saat 18:20 radələrində Yasamal rayonu, Parlament prospektinin kəsişməsində Fövqəladə Hallar Nazirliyinin qarşısında 451 nömrəli, X9 adlı Yol Patrul Xidməti əməkdaşı saxlayaraq avtomobilinin duman əleyhinə olan işıqların olmadığını səbəb gətirərək, normativ tələblərin pozulduğunu bidirmiş və avtomobilin cərimə meydançasına park ediləcəyini bildirmişdir. O, narazılığını bildirdiyi zaman bunu tabesizlik kimi qələmə verərək Post Patrul Xidməti əməkdaşlarını çağıraraq onu 26 saylı polis bölməsinə aparmış və onun barəsində tabesizlik etdiyi haqqında raport verərək aktlaşdırılmışdır. 26-cı polis bölməsində araşdırma apardıqdan sonra tabesizlik etməyi öz əsasını tapmamış və onu azad etmişlər. O, bölmədə olduğu zaman avtomobili ondan xəbərsiz cərimə meydançasına evakuasiya edilmiş, bununla əlaqədar təhvil-təslim aktı və yoldan kənarlaşdırılma aktı ona təqdim olunmamışdır. O, avtomobilini (BMW 528i model, 2013 istehsal F10 ) “BMW M paket” adlandırılan buferlər ilə quraşdırılmış halda almışdır. Səbəb 2019-cu ildə ABDdən hərracdan avtomobil alındığı zaman ön hissə qəzalı şəkildə idi. Bu modelin istehsalı (İstehsal tarixi 2010-2017 F10 ) bitdiyinə görə, original ehtiyyat hissələrinin olmadığı üçün M5 restayl (Çin və Tayvan istehsalı) buferlərlə əvəz olunub. Həmin buferin üzərində duman işıqları üçün zavod istehsalçı tərəfindən xüsusi yer nəzərdə tutulmadığına görə duman işıqları quraşdırmamışdır. BMW markalı avtomobili 5ci seriya 3 versiyada zavoda istehsal olunub. BMW 528İ : BMW M versiya və BMW M-tek. Ancaq BMW M versiyasında duman işıqları istehsalçı tərəfdən nəzərdə tutulmayıb. Ancaq istehsalçı avtomobilin beynində duman əleyhinə işıqları proqram olaraq yazıb və deaktiv halda saxlayıb ki, İstehlakçı əgər avtomobilini BMW M versiya və BMW M-tek versiyaya restayl etmək istəsə sistemə heç bir müdaxilə və ya əlavə dəyişiklik etmədən sistemdə deaktivdən aktiv hala keçirdərək duman işıqları quraşdıra bilsin. Yol Polis X2 ona yazdığı protokol (İXP 6898386)-İXM 342.2.2-ci maddəsi ilə yazılıb. İnzibati xətalar məcəllədinin 342.2.2 bəndində içıq cihazları haqqında heç bir söz yazılmayıb.Orada - Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni: 342.2.1. tormoz sistemi və ya sükan idarə mexanizmi nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına; 342.2.2. normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasınavə ya dəyişdirilməsinə; Yazılıb. Eyni marka və modelli avtomobilin biri duman işıqları ilə, digəri isə duman işıqları olmadan istehsal edilirsə, burada qanun pozuntusundan söhbət gedə bilməz. Duman işıqlarını çıxartmaq heç bir normativ tələbini pozmur. YPX əməkdaşı yol hərəkəti qanunun 1 saylı əlavəsini sübut gətirərək qanunun pozulduğunu bildirirlər. Yol hərəkəti qanunun 1 saylı əlavəsinin 3.1 bəndi -xarici işıq cihazları- bildirilib ki, Xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmadıqda. Ancaq sonra qeyd olaraq bildirilir ki, Qeyd: İstehsaldan çıxarılmış nəqliyyat vasitələrində başqa marka və modeldən olan nəqliyyat vasitələrinin xarici işıq cihazlarının qurulmasına yol verilir. Minik avtomobillərində ön duman işıqlarının mütləq qaydada olması tələbi yoxdur. Buna əsas BMT-nin Avropa İqtisadi Komissiyasının 48 saylı əsasnaməsinin 6.3.1-ci bəndində deyilir ki, avtomobillər üçün ön duman işıqları istəyə uyğun quraşdırıla bilər (2ədəd) və ləğv oluna bilər. Nəticə etibarı ilə duman işıqlarının ləğvi qayda pozuntusu hesab edilmir və buna görə avtomobil nə cərimə meydançasına yerləşdirilə bilər, nə də cərimə oluna bilər. Azərbaycan Respublikası 1958ci il tarixli “Təkərli nəqliyyat vasitələri və onların avadanlıqlarının təsdiqi və bu təsdiqlərin qarşılıqlı tanınması haqqında” BMT Sazişinə qoşulmuşdur. Bu sazişə qoşulmağımız Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 dekabr tarixli, 622 nömrəli Fərmanı ilə təsdiq edilib. Bu saziş çərçivəsində qəbul edilən UNECE-nin 48 saylı Qaydasının tələbləri Azərbaycanda hüquqi qüvvəyə malikdir. Yuxarıda bildirdiklərini nəzərə alınarsa YPX əməkdaşı X1 aşması qanunsuz protokolun (İXP 6898386-İXM 342.2.2) yazılması ilə nəticələnmişdir. Avtomobil (xx.xx.2025-ci il) hal hazırda cərimə meydançasındadır. xx.xx.2025-ci ildə İXP ******* saylı protokoldan Bakı şəhəri X12 idarəsinə şikayət etmiş, şikayəti əsasında ona cavab gəlməmiş və vaxt uzadaraq qərarsız protokolu 03 mart 2025ci ildən qərarlı olmuşdur. O, bunu hərəkətsizlik kimi qiymətlədirir və bununla onun konstitusiya hüquqları pozulur. Qanunun aliliyini rəhbər tutaraq onun konstitusion hüquqlarının bərpa olunması, YPX əməkdaşının qanunsuz hərəkəti barədə ölçü götürülməsi və DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri BPİ X12 İdarəsinin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, “BMW 528İ minik” buferin aşağı hissəsində duman əleyhinə fara yoxdur, sürücü buferi öz istəyi ilə BMW-nin M seriyasına uyğun dəyişib. Sürücü avtomobili o şəkildə alındığını, texniki baxışdan o şəkildə keçdiyini bildirsə də, həmin buferlə texniki baxışdan keçdiyinə dair sübut yoxdur. Göstərilənləri nəzərə alaraq Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 03 mart 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuni olduğunu, odur ki, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 03 mart 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati material yenidən baxılması üçün DİN Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsinə qaytarılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati tənbeh vermə haqqında 03 mart 2025-ci il tarixli, TP ******* nömrəli qərardan görünür ki, X7 xx.xx.2025-ci il tarixində, saat 18:24-də “BMW 528İ MİNİK” markalı, 77BS180 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 150 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Şikayətçi şikayətində qeyd edir ki, İXM-nin 342.2.2-ci maddəsində göstərilən heç bir tələbi pozmamışdır. Şəxsin inzibati xəta törətməsini sübut etmək qərar qəbul etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə düşdüyündən, Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(004)-1500/2025 saylı məktubu ilə DİN Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsinə sorğu verilərək, qərarın qəbul edilməsinə əsas olan inzibati protokolu, inzibati qərarı, inzibati xətanın törədilməsi zamanı hadisəni özündə əks etdirən CD diski (video kamera görüntüsü və ya foto görüntü), inzibati xətanın mövcudluğunu təsdiq edən digər hər hansı bir sübutu, qərarın qəbul edilməsinə əsas olan digər materialları təyin olunmuş məhkəmə iclasının tarixinədək və ya məhkəmə iclasında məhkəməyə təqdim edilməsi xahiş olunsa da, həmin sübutlar məhkəməyə təqdim edilməmişdir. Şikayətçi tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkillərdən görünür ki, avtomobil xarici ölkədən alınarkən ön tamponu olmamışdır. Göründüyü kimi şəxs inzibati xəta törədilməsi ilə razılaşmamış, belə bir vəziyyətdə tərtib edilmiş protokol əsasında hər hansı bir digər sübut olmadan şəxs barədə inzibati tənbeh qərarı çıxarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 120-ci maddəsinə əsasən həmin məcəllənin 327 - 356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4-cü maddəsinə əsasən həmin Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Belə olduğu təqdirdə artıq yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-nin müəyyən etdiyi qaydada şəxsin inzibati xəta törətməsini təsdiq edən sübutları araşdırmaqla, əgər sübutlarla onun təqsiri təsdiq edilərsə, onda inzibati tənbeh vermə haqqında qərar çıxarmalıdır. Mübahisə yarandığı üçün şəxsin təqsirinin sübut olunması üçün “İnzibati xəta haqqında iş üzrə sübutlar və onların qiymətləndirilməsi”nə dair İXM-nin 12-ci Fəsli ilə müəyyən edilmiş qaydada şəxsin təqsiri sübuta yetirilməlidir. Lakin göründüyü kimi şəxs inzibati xəta törətməsi ilə razılaşmadığı şəraitdə, onun barəsində tərtib edilmiş protokol əsasında, yuxarı səlahiyyətli orqan protokolda göstərilən əməlin şəxs tərəfindən törədilib-törədilməməsini müəyyən etmək üçün əlavə sübut toplamadan, həmin protokolla kifayətlənib, inzibati tənbeh qərarı çıxarmışdır. Belə bir vəziyyətdə artıq İXM-nin 124.3, 124.4-cü maddələrinn, həmçinin İXM-nin 12-ci Fəslinin, İXM-nin 8-ci maddəsi mənası əhəmiyyətsiz olar. Çünki şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Bütün göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şəxsin əməlində inzibati xəta tərkibinin olması səlahiyyətli orqanın qərarında kifayət qədər sübuta yetirilməmişdir. Hazırkı iş üzrə yuxarıda qeyd edildiyi kimi, tərəf inzibati xətanın mövcudluğu ilə razılaşmadığı üçün əvvəl protokol tərtib edilərək, tərəfin iştirakı ilə onun inzibati xəta törədib-törətməməsi araşdırılmadan, barəsində birbaşa qərar qəbul edildiyindən, həmin qərar işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasının nəticəsi olaraq qəbul edilmiş qərar hesab edilə bilməz. Bununla da həmin qərarda İXM-nin 76.1-ci maddəsində sadalanmış konkret hər hansı bir sübuta, həmçinin İXM-nin 77 – 83-cü maddələrində müəyyən edilmiş hər hansı bir sübut növünə istinad edilməmişdir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Qeyd edilməlidir ki, X4 idarə etdiyi “BMW 528İ MİNİK” markalı, 77BS180 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ön tamponun normativ tələblər pozulmaqla, BMW-nin başqa seriyasına uyğun tamponla dəyişdirilməsi “Yol hərəkəti haqqında”qanunun tələblərinə zidd olduğu ilə bağlı müfaviq baxış keçirilməmiş, bununla əlaqədar akt tərtib olunmamış və ya rəy alınmamışdır və həmçinin duman əleyhinə işiq cihazının olmaması İXM-nin 342.2.2-ci maddəsinin dispozisiyasına uyğunluğu əsaslandırılmamışdır. X5 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin qismən təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 342.2.2-ci maddəsinə əsasən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün, məhkəmə belə bir qərarın qanuniliyini yoxlaya bilməz. Səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədib-törətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. O da vurğulanmalıdır ki, qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən hallar araşdırılmadan məhkəmə tərəfindən şikayət edilən qərarın ləğv edilərək icraata xitam verilməsi və ya şikayətin təmin edilməyərək şəxsin barəsində qəbul edilmiş qərarın dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətli qərar olmamaqla, şəxsin törətmədiyi inzibati xətaya görə məsuliyyətə cəlb olunmasına və ya törətdiyi inzibati xətaya görə məsuliyyətdən kənarda qalmasına gətirib çıxarar ki, bu da İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinin pozulması ilə nəticələnə bilər. Qeyd edilən həmin prosessual pozuntular işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə olduğundan, son nəticədə qanuni və əsaslı olmayan qərarın qəbul edilməsinə gətirib çıxartmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 134.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati tənbeh vermə haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati tənbeh vermə haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X4 şikayəti qismən təmin edilməli, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 03 mart 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş yenidən baxılması və məhkəmənin qərarında göstərilən halların araşdırılması üçün DİN Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsinə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X4 şikayəti qismən təmin edilsin. X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 03 mart 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün DİN Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsinə qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-1500/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1500/2025
01.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver