Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1508/2020 22.06.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkmə iclas katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin sahə inspektoru x1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Vəkil iştirakları ilə, 29 noyabr 1995-ci il tarixdə Füzuli rayonunun Kərimbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, ali təhsilli, deməsinə görə əvvəllər məhkum olunmamış, Füzuli rayonunun Kərimbəyli kəndində qeydiyyatda olan və Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində kirayədə yaşayan "İsgəndər" restoranının rəhbəri Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "İsgəndər" restoranının rəhbəri Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 22 iyun 2020-ci il tarixli MN seriyalı 0569908-1441 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, 22 iyun 2020-ci il tarixdə saat 11 radələrində B.Vahabzadə 559 ünvanında yerləşən "İsgəndər" restoranında karantin rejimi qaydalarının tələbləri pozulmuşdur. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin sahə inspektoru x3 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək, kənardan müşahidə əsasında "İsgəndər" restoranının yerində satış fəaliyyəti göstərdiyini aşkar etdiklərini bildirmiş və həmin restoranın rəhbəri Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "İsgəndər" restoranının rəhbəri Şəxs özünü təqsirli bilməyərək izahatında satış əsasında kassaya edilmiş ödənişi şəxsən təhvil aldığını, lakin polis əməkdaşlarının ona qərəzli münasibət göstərərək protokol tərtib etdiklərini bildirsə də, polis bölməsində özü yazaraq şəxsən imzaladığı izahatında törətdiyi inzibati xətanı tam etiraf edərək bildirmişdir ki, o, Bakı şəhəri, Yasamal rayonu, Bəxtiyar Vahabzadə küçəsi, 559 ünvanında yerləşən "İsgəndər" restoranına rəsmi vergi ödəyicisi kimi qeydiyyatdan keçməklə rəhbərlik edir. 22 iyun 2020-ci il tarixdə saat 10:00-dan başlayaraq restoran fəaliyyətə başlamışdır, müştərilərə yerində xidmət göstərmədiklərini, restorana yaxınlaşan şəxslərə dönər və digər qidaları satmadıqlarını və restoranda olan kassada o özü əyləşdiyindən dönər alan şəxslər ona yaxınlaşaraq pulu ödəmişlər. Satışın onlayn vasitəsi ilə sifariş verilərək ünvana çatdırılmaqla təşkil edilməsinin zəruriliyi və yerində satışın qadağan olunması barədə məlumatı olmadığından karantin rejimi qaydalarını pozmaqla fəaliyyət göstərmişlər. Bundan əlavə verilmiş suala cavab olaraq bildirdi ki, o, saxlanılarkən ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hüquqları izah olunmuş, iş materialları ilə tanış olmuş, tutulan zaman və polis şöbəsində olduğu dövrdə heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili Vəkil tərtib edilmiş protokola etirazını bildirərək, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, "İsgəndər" restoranının rəhbəri Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi tam sübuta yetirilir. İş materiallarında olan inzibati qaydada tutma haqqında 22 iyun 2020-ci il tarixli protokoldan görünür ki, "İsgəndər" restoranının rəhbəri Şəxs həmin tarixdə saat 13:10-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. x2 Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatdan görünür ki, Şəxs ********** saylı VÖEN üzrə vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 17-ci maddəsinin qeydini əsas tutaraq hesab edir ki, "İsgəndər" restoranının rəhbəri Şəxs vəzifəli şəxs hesab edilməlidir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin sahə inspektoru x3 tərəfindən tərtib edilmiş 22 iyun 2020-ci il tarixli MN seriyalı 0569908-1441 saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmədə iştirak edən şəxsləri dinləyib, iş materiallarına araşdıraraq hesab edir ki, "İsgəndər" restoranının rəhbəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi 22 iyun 2020-ci il tarixli MN seriyalı 0569908-1441 saylı protokol və toplanmış digər sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını, şəxsiyyətini xarakterizə edən halları və cəmiyyətin maraqlarını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 211.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "İsgəndər" restoranının rəhbəri Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs dərhal zaldan azad edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-1508/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1508/2020
22.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver