Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1508/2021 28.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X2 iclas katibliyi ilə, xx xxxxxxxx 2001-ci ildə Ağsu şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXMnin) 327.8-ci və 332.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8 və 332.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin DYPŞ-i tərəfindən tərtib edilmiş 21 iyun 2021-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, 11 may 2021-ci il tarixdə saat 22:00-da Bakı şəhəri Yasamal rayonu, Moskva prospektində Şəxs idarə etdiyi “Toyota Prius” (minik) markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşayış binalarının arasından, ara məhəllə yoldan baş yola, yəni Moskva prospektinə hərəkət edərkən baş yol ilə hərəkətdə olan nəqliyyat vasitələrinə yol vermədən hərəkətini davam etdirmiş və nəticədə X4 idarə etdiyi “VAZ 2107” (minik) markalı **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobili vurduqdan sonra idarəetməni itirərək X3 idarə etdiyi “Mercedes Benz E200” (minik) markalı **-ZX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “VAZ 2107” markalı **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti almışdır. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci (yəni İXM-nin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə) və 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi) maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, zərərçəkmiş şəxs T.Ş.Qocayevə və inzibati xəta haqqında protokol tərtib etmiş Yasamal RPİ-nin DYPŞ-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmişdir. Lakin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, zərərçəkmiş şəxs və protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəflərindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3, 62.4 və 112.1.4-cü maddələrinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, Yasamal RPİ-nin TŞ-də toplanmış rədd materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Şəxs izahatından müəyyən edilir ki, təxminən 1 il müddətdir ki, müxtəlif ayıq sürücü şirkətlərində sürücü kimi işləyir. 11 may 2021-ci il tarixdə təxminən saat 22 radələrində verilmiş sifariş əsasında Binəqədi rayonu 7-ci mikrorayonda yerləşən “Kratos” adlı restorandan “Toyota Prius” markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobili sahibi ilə birlikdə idarə edərək Şamaxinka adlanan əraziyə gəlmiş və ünvan 2 ünvanına getdikdən sonra avtomobilin sahibi ilə birlikdə yaşayış binalarının arası ilə Moskva prospektinə doğru hərəkət edərək baş yola çıxdıqda sol tərəfdən, yəni əsas yolda hərəkət edən nəqliyyat vasitələrini gözləmədən yola çıxmış və nəticədə “VAZ 2107” markalı avtomobil ilə toqquşmuşdur. Bundan sonra isə idarə etdiyi avtomobil fırlanaraq yolun kənarında olan səkiyə dəymiş və həmin vaxtı yolda hərəkətdə olan “Mercedes Benz E200” markalı avtomobil ilə toqquşmuşdur. İş materiallarında olan Cavad-Zadə Sahib MirArif oğlunun izahatından müəyyən olunur ki, “Toyota Prius” markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobil lizinq müqaviləsi əsasında ona məxsusdur və “B” dərəcəli sürücülük vəsiqəsi əsasında idarə edir. 11 may 2021-ci il tarixdə saat təxminən 22 radələrində restoranda yeyib-içdikdən sonra spirtli içki qəbul etdiyi üçün ayıq sürücü xidmətinə zəng edərək ayıq sürücü çağırmış və sifariş əsasında gəlmiş tanımadığı şəxs avtomobili idarə edərək ara yollarla Yasamal rayonunda yerləşən yaşadığı ünvana gedərkən Şamaxinka adlanan ərazidə yaşayış binalarının arası ilə Moskva prospektinə çıxarkən sürücü əsas yolu gözləmədən yola çıxmış və əsas yol ilə hərəkətdə olan “VAZ 2107” markalı avtomobil ilə toqquşmuşdur. Bundan sonra avtomobil fırlanaraq həmin yolun kənarında olan səkiyə dəymiş və həmin vaxtı yol ilə hərəkətdə olan “Mercedes Benz E200” markalı avtomobil onların olduğu avtomobilə dəymişdir. Hadisə zamanı “VAZ 2107” markalı avtomobilin sürücüsü xəsarət aldığı üçün TTYS-ı gələrək onu xəstəxanaya aparmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs X3 izahatından müəyyən olunur ki, “Mercedes Benz E200” markalı **-ZX-*** dövlət nömrə nişanlı avtomobili etibarnamə və “BC” dərəcəli sürücülük vəsiqəsi əsasında idarə edir. 11 may 2021-ci il tarixdə təxminən saat 22 radələrində idarə etdiyi avtomobil ilə Yasamal rayonu Moskva prospekti ilə üzü Şamaxinka adlanan əraziyə doğru hərəkətdə olan zaman anidən ara məhəllə yoldan çıxan “Toyota Prius” markalı avtomobil ilə qarşısında hərəkətdə olan “VAZ 2107” markalı avtomobil toqquşmuş və “Toyota Prius” markalı avtomobil idarə etməni itirib sürüşərək onun idarə etdiyi avtomobilin qarşısında dayandıqda o, da idarə etdiyi avtomobili saxlaya bilməyib sonuncu avtomobil ilə toqquşmuşdur. Həmin vaxtı “VAZ 2107” markalı avtomobilin sürücüsü xəsarət aldığı üçün TTYS-nın həkimləri gələrək onu xəstəxanaya aparmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs X4 izahatından müəyyən olunur ki, “VAZ 2107” markalı **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə və “BC” dərəcəli sürücülük vəsiqəsi əsasında idarə edir. 11 may 2021-ci il tarixdə təxminən saat 22 radələrində idarə etdiyi avtomobil ilə Yasamal rayonu Moskva prospekti ilə üzü Şamaxinka adlanan əraziyə doğru yolun sol zolağı ilə hərəkətdə olan zaman anidən ara məhəllə yoldan, yəni yaşayış binaların arasından çıxan “Toyota Prius” markalı avtomobil onun idarə etdiyi avtomobili sağ arxa hissəsindən vurmuş və o, idarəetməni itirərək qarşıda olan səkiyə çırpılmışdır. “Toyota Prius” markalı avtomobil isə idarəetməni itirib sürüşərək onun arxasında hərəkətdə olan “Mercedes Benz E200” markalı avtomobil ilə toqquşmuşdur. Həmin vaxtı o, xəsarət aldığı üçün TTYS-nın briqadası gələrək onu xəstəxanaya aparmışdır. Məhkəmə iclasında tədqiq edilən Yasamal RPİ-nin TŞ-də toplanmış 342 nömrəli rədd materialında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsi tərəfindən verilmiş 21 may 2021-ci il tarixli 387 nömrəli ekspert rəyindən müəyyən edilir ki, X4 bədən səthində aşkar olunmuş xəsarətlər - döş qəfəsinin qançırı-hematoması bərk küt əşyanın təsirindən 11.05.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. Dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarına əlavə edilmiş Yasamal RPİ-nin TŞ-nin təhqiqatçısı X5 tərəfindən qəbul edilmiş 26 may 2021-ci il tarixli qərardan müəyyən edilir ki, toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibinin əlamətləri aşkar edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmiş və qəbul edilmiş qərarın surəti Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tələblərinə uyğun olaraq müvafiq tədbir görülməsi üçün Yasamal RPİ-nin DYPŞ-yə göndərilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə -iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 34-cü maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İnzibati xətalar qanunvericiliyinin tələbinə görə, inzibati tənbeh tətbiq edən orqan və vəzifəli şəxslərdən fərqli olaraq, rayon məhkəmələri nisbətən ağır sanksiya (tənbeh) ilə nəticələnən inzibati xətalara dair işlərə baxırlar. Baxılması rayon məhkəmələrinə aid edilən inzibati xətalar haqqında işlər İXM-nin 43-cü maddəsində nəzərdə tutulmuşdur. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci və 332.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin Məcəllənin protokolda qeyd edilən 327.8-ci maddəsinin baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan, məhkəmə Şəxs hərəkətlərində yalnız həmin maddənin tərkibinin olub-olmamasına qiymət verir. Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrinə əsasən Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını, şəxsiyyətini xarakterizə edən halları və cəmiyyətin maraqlarını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikasının İXMnin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Bundan başqa, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olub-olmamasına qiymət verilməsi üçün toplanmış materialların surəti aidiyyəti üzrə Azərbaycan Respublikası DİNnin Bakı şəhər Yasamal RPİ-nin DYPŞ-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olub-olmamasına qiymət verilməsi üçün toplanmış materialların surəti aidiyyəti üzrə Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-1508/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1508/2021
28.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver