Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-151/2021 09.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X2 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC mülkiyyətində (istifadəsində) olan “Hyundai Accent” (minik) markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Bununla da, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi X3 izahatında göstərdi ki, hüquqlarını təmsil etdiyi Cəmiyyətin mülkiyyətində olan “Hyundai Accent” (minik) markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təhkim olunduğu sürücüsü tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə tərtib edilmiş protokol daxil olsa da, lakin xəta törətmiş sürücü barəsində zəruri məlumatların verilməsi haqqında Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin sözügedən sorğusu Cəmiyyətə ümumiyyətlə daxil olmamış, buna dair dəftərxananın qeydiyyat jurnalında hər hansı bir məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx xxxxxxxx 2020-ci il tarixli protokol cəmiyyətə daxil olduqdan sonra təyin edilmiş cərimə ödənilmişdir. X3 göstərilənləri nəzərə alaraq Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə tərtib edilmiş protokol əsasında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmişdir. Lakin, protokol tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən işə protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin Şəxs MMC-yə ünvanladığı sorğu məzmunlu blanksız və möhürsüz məktubdan görünür ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat 11:59-da cəmiyyətin mülkiyyətində (istifadəsində) olan “Hyundai Accent” (minik) markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən fiziki şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Qeyd olunan məktubla avtomobili idarə etmiş sürücü barədə məlumat verilməsi xahiş edilmiş, eyni zamanda həmin məlumatların 5 gün müddətində verilməməsinə görə hüquqi şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Sorğu məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, Yasamal RPİ-nin DYPŞ-nin sorğusu Şəxs MMC-nin hüquqi ünvanına deyil, onunla heç bir hüquqi bağlılığı olmayan Yasamal rayonu Mehman Bünyadzadə küçəsi ev 251 mənzil 66 ünvanına göndərilmişdir. Belə ki, iş materiallarında olan “Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında” çıxarışdan göründüyü kimi Şəxs MMC-nin hüquqi ünvanı Yasamal rayonu Qızıl Şərq hərbi şəhərciyi ev 332 mənzil 51dir. Bundan başqa Yasamal RPİ-nin DYPŞ-nin inzibati işin məhkəməyə baxılması üçün göndərilməsinə dair müşayiət məktubundan da görünür ki, Cəmiyyətin hüquqi ünvanı Qızıl Şərq hərbi şəhərciyi ev 332 mənzil 66 (mənzil 51 olmalı) göstərilmişdir. Lakin protokol tərtib etmiş Yasamal RPİ-nin DYPŞ-si məhz hansı səbəbdən barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılmış Cəmiyyətə ünvanlanmış rəsmi sənədlərin müxtəlif ünvanlara göndərməsini əsaslandırmamış və buna dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Eyni zamanda iş materiallarında olan müvafiq sorğunun qeydiyyat nömrəsi HQ 257036 kimi göstərilməsinə baxmayaraq, onun tərtib edildiyi tarix göstərilməmiş, üzərində hər hansı bir blank və ya möhür həkk edilməmişdir. Beləliklə müəyyən edilmişdir ki, müvafiq sorğu kargüzarlıq qaydalarına uyğun olaraq tərtib edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Yasamal RPİ-nin DYPŞ-si tərəfindən barəsində protokol tərtib edilmiş hüquqi şəxsə göndərilməsi iddia edilən sözügedən blanksız, möhürsüz və tarixi bəlli olmayan, dolayısı ilə İXM-nin 347-ci maddəsinin tərkibinin yaranmasına əsas olan sorğunun özü-özlüyündə qüsurlu olması və bu sorğuya cavab verilməməsi belə həmin xətanın tərkibinin yaranmasına əsas ola bilməz. Qeyd olunan xətanın tərkib əlamətlərinin yaranmasından ötrü səlahiyyətli qurumun sorğusu kifayət qədər dəqiq və ətraflı olmalıdır ki, ünvan sahibi ondan nə tələb edildiyini dəqiq müəyyən edə bilsin. Sorğu dəqiq və ətraflı olduğu təqdirdə ona cavab verilməməsi xətanın tərkibini yarada bilər. Odur ki, cəmiyyətə ünvanlanmış qüsurlu şəkildə tərtib edilmiş sorğu sözügedən xətanın yaranması üçün əsas rolunu oynaya bilməz. Digər tərəfdən iş materiallarında olan poçt göndərişinin verilməsi haqqında “SS685121533AZ” ştrix kodlu xəbərnamədən də müəyyən edilir ki, sorğu xx.xx.2020-ci il tarixdə “Nigar Şovruqova” adlı şəxs tərəfindən imzalanmaqla qəbul edilmişdir. Lakin imza sahibinin hüquqi şəxslə nə kimi bağlılığının olması göstərilməmişdir. Həmçinin xəbərnamə məhkəmə tərəfindən tədqiq edilərkən müəyyən edilir ki, onun üzərində 3 ədəd, yəni xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli poçt ştampları həkk edilmişdir. Bundan başqa məhkəmə tərəfindən “xxxx” MMC-yə ünvanlanmış sorğuya daxil olmuş xx xxxxxx 2021-ci il tarixli 103-2-11-1-138 nömrəli cavab məktubundan müəyyən edilir ki, Yasamal RPİ-nin DYPŞ-si tərəfindən Şəxs MMC-yə ünvanlanan “SS685121533AZ” ştrix kodlu sifarişli xəbərnaməli məktub xx.xx.2020-ci il tarixdə 122 saylı poçt şöbəsinə qəbul edilərək ünvanı üzrə göndərilmişdir. Həmin məktub xx.xx.2020-ci il tarixdə xidmət ərazisi üzrə 10 saylı PŞ-yə daxil olmuş və xx.xx.2020ci il tarixdə müvafiq sənədə imza etdirməklə Şəxs MMC-nin əməkdaşı “Sulqayeva N” adlı şəxsə təhvil verilmişdir. Məhkəmənin icraatında olan 3(004)-127/2021 nömrəli inzibati iş materiallarından müəyyən edilmişdir ki, həmin iş üzrə də DYPŞ-nin müvafiq sorğusu Cəmiyyətlə heç bir hüquqi bağlılığı olmayan Yasamal rayonu Mehman Bünyadzadə küçəsi ev 251 mənzil 66 ünvanına göndərilmişdir. “xxxx” MMC-yə ünvanlanmış sorğuya daxil olmuş cavab məktubundan görünür ki, həmin iş üzrə eyni ünvana, yəni Mehman Bünyadzadə küçəsi ev 251 mənzil 66 ünvanına göndərilmiş sorğu “həmin ünvanda təşkilat yerləşmir” qeydi ilə çatdırılmadan DYPŞ-nə geri qaytarılmışdır. Odur ki, düzgün olmayan ünvana göndərilmiş sorğunun Şəxs MMCyə çatırılıb-çatdırılmaması kifayət qədər şübhəli olmaqla, iş materiallarında olan sənədlərlə ziddiyyət təşkil edir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 51-ci maddəsinə əsasən hüquqi şəxsin daimi fəaliyyət göstərən orqanının, siyasi partiyada rəhbər orqanlarının qərargahının yerləşdiyi yer hüquqi şəxsin olduğu yer sayılır. Azərbaycan Respublikası “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanununun 12.10-cu maddəsinə əsasən dövlət qeydiyyatının ərazi aidiyyəti hüquqi şəxsin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının hüquqi ünvanı əsasında müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən cavabdeh hüquqi şəxsə iddia ərizəsi hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 33.1-ci maddəsinə əsasın Vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır. Yuxarıda qeyd edilən qanunvericilik normalarının məzmunundan görünür ki, hüquqi şəxsin olduğu yer onun dövlət reyestrində qeydə alındığı hüquqi ünvanı hesab edilir. Hazırki işin hallarından göründüyü kimi, Yasamal RPİ-nin DYPŞ-nin sorğusu Şəxs MMC-nin hüquqi ünvanına deyil, yanlış olaraq həmin hüquqi şəxslə hər hansı bir hüquqi bağlılığı olmayan ünvana göndərilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, düzgün olmayan ünvana göndərilmiş məktubun hüquqi şəxsin “Nigar Şovruqova” və ya “Sulqayeva N” soyadlı naməlum şəxs tərəfindən qəbul edilməsinə dair iş materiallarına əlavə edilmiş xəbərnamə özü-özlüyündə sübut olaraq qəbul edilə bilməz. Protokol tərtib etmiş səlahiyyətli inzibati orqan tərəfindən isə bunun əksini sübut edən hər hansı bir dəlil məhkəməyə təqdim edilməmişdir. Qeyd edilir ki, Azərbaycan Respublikası İXM-nin 57.2-ci maddəsinə əsasən hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Həmin Məcəllənin 57.3-cü maddəsinə əsasən sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. 57.5-ci maddəyə əsasən inzibati xəta haqqında iş üzrə sənəd 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan; 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda isə ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan və sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan rəsmi qaydada verilmiş hesab edilir. Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinin məzmunundan görünür ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi həmin xətanın tərkibini yaradır. Dolayısı ilə hüquqi şəxsə daxil olmamış sorğunun cavablandırılmaması həmin xətanın tərkibini yaratmır. Beləliklə, məhkəmə iş materiallarında mövcud olan şübhələri barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin xeyrinə həll etməklə hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yoxdur. Belə ki, Yasamal RPİ-nin DYPŞnin müvafiq sorğusu Şəxs MMC-yə qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmi olaraq çatdırılmamışdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş Şəxs MMC-yə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) və ona istinad edilən Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. Ona görə də, Şəxs MMC barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində xx xxxxxx 2020-ci il tarixli, AP seriyalı ******* nömrəli protokol əsasında Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-151/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-151/2021
09.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver