Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1512/2021 29.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri, Xətai rayonu, D.Səfərov küçəsi, ev 7, mənzil 20-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə Daxili İşlər Nazirliyi Bakı şəhər Yasamal rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər Yasamal rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 511.1.3cü maddəsi ilə 27.06.2021-ci il tarixdə, AP ******* saylı inzibati xəta haqqında protokol (tərtib edən inspektor Z.Qiyasov) tərtib edilmişdir. Protokolda göstərilmişdir ki, sürücü yol hərəkəti qaydalarını davamlı pozaraq təkərləri anidən sürətlənməsi ilə asfalt üzərində izlər buraxmışdır, bununla da avtoxuliqanlıq hərəkətləri etmişdir. Lakin məhkəmə baxışının nəticəsində şəxsin həmin inzibati xətanın törədilməsində təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilmədi. Protokol tərtib etmiş şəxs, Yasamal RPİ DYPŞ YPX-nin inspektoru Zabil Qiyasov məhkəmə iclasında protokolu müdafiə edərək göstərdi ki, Şəxs 27.06.2021-ci il tarixdə protokolda göstərilən əməli törətmişdir. Bu barədə videogörüntü vardır. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o hər hansı bir avtoxuliqanlıq etməyib. Yol hərəkəti qaydalarını pozması halı olsa da belə, həmin pozuntularda avtoxuliqanlıq hərəkətləri olmamışdır. Avtomobilin təkərlərini qaldırmaış, anidən sürətləndirməmiş, asfaltda iz buraxmamış, səs çıxarmamış, ümumiyyətlə avtoxuliqanlıq əməli kimi göstərilən hər hansı bir pozuntu törətməmişdir. Ona görə də iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iş materiallarını nəzərdən keçirdərək, aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar vardır. 1) Belə ki, protokolda göstərilmişdir ki, sürücü yol hərəkəti qaydalarını davamlı pozaraq təkərləri anidən sürətlənməsi ilə asfalt üzərində izlər buraxmaqla avtoxuliqanlıq hərəkəti törətmişdir. Lakin şəxsin həmin əməli törətməsinə dair, yəni təkərləri anidən sürətlənməsi ilə asfalt üzərində izlər buraxmasına dair hər hansı bir süöut mövcud deyildir. Məhkəməyə təqdim edilmiş SD diskə baxış keçirilməsi zamanı da həmin faktın mövcudluğu təsdiq edilmir. Videogörüntüdə avtomobilin qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ümumiyyətlə mövcud deyildir. 2) Ümumiyyətlə CD diskdəki videogörüntüdə avtoxuliqanlıq əməli kimi İXMnin 511.1.3-cü maddəsində göstərilən pozuntularla bağlı hər hansı bir fakt mövcud deyildir. Bununla belə məhkəməyə təqdim edilmiş şəxsin avtoxuliqanlıq hərəkəti törətməsinin sübutu kimi qeydə alınmış videogörüntülü CD disk hazırkı iş üzrə sübut kimi şəxsin əlehinə istifadə edilə bilməz. Məhkəmə hesab edir ki, məhkəməyə göndərilmiş həmin sübutla şəxsin qeyd edilən inzibati xətanı törətməsi qanunla müəyyən edilmiş, yəni hazırkı halda İXM-də nəzərdə tutulmuş qaydada əldə edilmiş sübut olmadığından, onun təqsiri sübuta yetirilmir. Çünki videgörüntüdən sübut kimi istifadə edilirsə, həmin sübut İXM-nin tələblərinə cavab verməklə əldə edilməlidir. İXM-nin 81.1-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları xüsusi texniki vasitələr adlanır. İXM-nin 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. İXM-nin 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Lakin hazırkı protokolda videoçəkilişin aparıldığı xüsusi texniki vasitənin adı, göstəriciləri göstərilməmiş, həmin texniki vasitənin sertifikatı, metroloji sınaqdan keçməsi barədə ümumiyyətlə protokolda məlumat mövcud deyildir. Bununla da, ixtiyari bir sübut şəxsin əlehinə istifadə edilə bilməz. Şəxsin təqsiri yalnız İXM-də nəzərdə tutulmuş qaydada sübuta yetməlidir. Beləliklə qanunla tələb edildiyindən, lakin buna əməl edilmədən, yəni İXM-nin yuxarıda müəyyən edilmiş tələblərinə əməl edilmədən xüsusi texniki vasitələrin tətbiqi ilə əldə edilmiş sübut, şəxsin inzibati xəta törətməsini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu cür sübutlarla təsdiq edilə bilməz. Ona görə də şəxs təqsirsiz hesab edilməli və inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Çünki İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəməyə təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsinə dair protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən kifayət qədər sübut toplanılmamışdır. Bununla da barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış zidiyyətli, şübhəli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Belə ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır.. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-1512/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1512/2021
29.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver