Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1512/2023 29.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə ünvan 1 ünvanında qeydiyyatda olan X3 barəsində Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsi ilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X6 Xidməti 2-ci ərazi X6 İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X6 Xidməti 2-ci ərazi X6 İdarəsi tərəfindən X3 barəsində İXM-in 602.4-cü maddəsi ilə xx.xx.2023-cü il tarixdə, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, 03 mart 2023-cü il tarixdə ünvan 2 ünvanında yerləşən avtomobil təmiri sexində yanğın-texniki müayinə keçirilən zaman sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlər təqdim edilməmiş, habelə yoxlama keçirilməsinə şərait yaradılmamışdır. Protokol tərtib etmiş səlahiyyətli orqanın (vəzifəli şəxs) nümayəndəsi X2 bildirdi ki, ünvan 2 ünvanında yerləşən avtomobil təmiri sexində yanğın-texniki müayinə keçirilməsinə həmin hüquqi şəxsin rəhbərliyi tərəfindən şərait yaradılmamışdır, heç bir sənəd təqdim edilməmişdir. Ona görə də həmin hüquqi şəxs barəsində protokol tərtib edilib, məhkəməyə göndərilmişdir. Protokol tərtib etmiş şəxsdən məhkəmə iclasında sorğu sual zamanı konkret hansı sənədlərin tələb edildiyi soruşulsa da, hansı sənədin tələb edildiyini dəqiq göstərə bilməmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan fiziki şəxs X3 məhkəmə iclasında bildirdi ki, onun işlədiyi obyektdə X2 tərəfindən yoxlama aparılarkən, ondan şəxsiyyət vəsiqəsini istəmişlər, vəsiqəsi üzərində olmadığı üçün təqdim edə bilməmişdir, bir müddət sonra yoxlayıcılar obyektə yenidən qayıtmış, bu zaman şəxsiyyət vəsiqəsini onlara təqdim etmək istəmmiş, lakin vəsiqəsini götürməmişlər, bundan əlavə obyekt 12 kvadrat metdrik bir yerdir, qapısı daima açıqdır, yoxlayıcılara hər hansısa bir maneə yaratmamışdır. Ondan ondan digər hər hansı bir sənəd istəməmişlər, heç bir sənəd tələb edilməmişdir. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəfi dinləyib, iş materiallarını nəzərdən keçirdərək, aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar vardır. Belə ki, protokola əsasən inzibati xətanın X3 tərəfindən törədilməsi qeyd edilmişdir. Protokolda törədilən inzibati xəəta kimi qeyd edilmişdir ki, avtomobil təmiri sexində yanğın-texniki müayinə keçirilən zaman sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlər təqdim edilməmiş, habelə yoxlama keçirilməsinə şərait yaradılmamışdır. Aşağıdakılara əsasən məhkəmə hesab edir ki, şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri yoxdur. Onun təqsiri sübuta yetirilmir. 1) Belə ki, İXM-nin 602.4-cü maddəsinə əsasən sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə vəzifəli şəxslər inzibati cərimə edilir. Həmin maddəyə əsasən sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə “mane olma” əməli inzibati xəta kimi müəyyən edilmişdir. Lakin protokolda göstərilib ki, “şərait yaradılmayıb”. Məhkəmə bununla bağlı qeyd edir ki, maneə olmama əməli başqadır, şərait yaratmama əməli başqadır. Maneə olma qəsdlə törədilir, şərait yaratmama hərəkətsizliklə törədilir. Hər bir halda maddənin dispozisiyasında “şərait yaratmama” əməli inzibati xəta kimi müəyyən edilmədiyinə görə, protokolda göstərilən şəxsin bununla bağlı əməli inzibati xəta kimi müəyyən edilə bilməz. Bundan əlavə protokolda şəxsin digər əməli kimi, “yoxlamaya aid sənədlərin təqdim edilməməsi” kimi göstərilsə də, bununla bağlı məhkəmə qeyd edir ki, həmin əməl inzibati xəta kimi müəyyən edilsə də, məhz bu əməl yalnız və yalnız “yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsi” zamanı baş verə bilər. Yoxlamaya aid sənədlər ümumi sözlə yazılmamalıdır. Həmçinin yoxlamanın mahiyyətində də görünməlidir ki, yoxlamaya aid sənədlərin tələb edilməsinə ehtiyac olmalıdır. Və yaxun yoxlamanın məqsədi konkret hansısa sənədlərə baxmaqdan idarət olmalıdır. Hazırkı iş üzrə yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” Çıxarışa əsasən (Ədliyyə Nazirliyi tərəfindən KY231896400 saylı, xx.xx.2023-cü il tarixli) aparılmışdır. Həmin yoxlamada yoxlamanın növü “müayinə” qeyd edilmişdir. Bundan əlavə iş materiallarında olan yoxlama aparan 2-ci ərazi DYNİ-nin “Yoxlamaya aid suallar Siyahısı” adlı xx.xx.2023-cü il tarixli sənədindən də görünür ki, hər hansı bir sənədə baxılması və ya sənədin tələb edilməsi həmin siyahıda yoxdur. Yəni yoxlamanın məqsədi hansısa sənədə baxmaq və ya tələb etməkdən ibarət olmamışdır. Yoxlamanın məqsədi obyekti müayinə etməkdən ibarət olmuşdur. Həmçinin iş materiallarında belə bir sənəd də yoxdur ki, yoxlayıcı tərəfindən hansısa sənəd tələb edilmiş, lakin həmin sənəd yoxlayıcıya təqdim edilməmişdir. Göründüyü kimi, faktiki olaraq inzibati xəta haqqında protokolda maddənin dispozisiyası formal olaraq yazılmışdır. Şəxs tərəfindən təqsirli sayılan və törədilmiş əməlin mövcudluğu qeyd edilməmişdir, bu barədə sübutlar təqdim edilməmişdir. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İXM-in İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati xəta bir neçə əməllə (üsulla, forma ilə) törədilə bilərsə, şəxsin bu və ya digər konkret inzibati xətaya səbəb olan əməli törətməsini məhkəmə müəyyən etməli deyildir. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə) və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə işə baxarkən protokolda qeyd edilən əməlin (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə) şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Konkret əməl (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə) protokolda göstərilmədiyi üçün, məhkəmə səlahiyyətli orqan tərəfindən müəyyən edilməmiş əmələ görə şəxsi inzibati məsuliyyətə cəlb edə bilməz. Səlahiyyətli orqanın protokol tərtib edərkən, şəxsin bu və ya digər hər hansı bir dəqiq göstərilməyən qeyrimüəyyən əməli törətməsini nəzərdə tutmasını məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Bununla da məhkəmə hesab edir ki, protokolda konkret inzibati xəta hadisəsi və ya inzibati xəta tərkibini yaradan əməl qeyd edilmədiyindən, şəxsin törətdiyi inzibati xətanın mahiyyətinin nədən ibarət olması göstərilmədən, inzibati xəta haqqında protokolda göstərilməyən hadisənin törədilməsində şəxsi təqsirli bilib, sadəcə İXM-in inzibati xəta kimi müəyyən edilmiş maddəsinin dispozisiyasına istinad edilərək şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Konkret əməl İXM-də inzibati xəta kimi müəyyən edilmişdirsə və şəxsin həmin əməlin törədilməsində təqsiri İXM-lə müəyyən edilmiş qaydada sübuta yetirildikdən sonra inzibati məsuliyyətə cəlb edilə bilər. Protokolda şəxsin ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan konkret hansı əməli (hərəkət və ya hərəkətsizlik) törətməsi göstərilməli və həmin əməlin İXM-in hansı maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta olması protokolda öz əksini tapmalıdır. Konkret göstərilməyən, dəqiqləşdirilməmiş əməlin düzgün olub-olmamasını yoxlamaq da mümkünsüzdür. Beləliklə şəxsin hər hansı bir konkret əməlin törədilməsində təqsiri İXM-lə müəyyən edilmiş qaydada sübuta yetirilmədən inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə tərtib edilmiş protokolla şəxsin təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməli (hərəkət və ya hərəkətsizlik) qeyd edilməmişdir, onun məhz hansı əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması qeyd edilməmişdir. Məhkəməyə təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsinə dair protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən kifayət qədər sübut toplanılmamışdır. Bununla da barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış zidiyyətli, şübhəli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Belə ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 2) İnzibati xətanı törədən şəxs, yəni İnzibati xətanın subyektləri İXM-nin 16, 17, 18-ci maddələrində göstərilmiş subyektlərdir. Belə ki, İXM-nin 16.1-ci maddəsinə əsasən inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. İXM-in 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-nin 17-ci maddəsinin qeydində hansı fiziki şəxslərin vəzifəli şəxs hesab edilməsi müəyyən edilmişdir. İXM-nin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsin vəzifəli şəxs olmasına dair əsaslandırma protokolda ümumiyyətlə aparılmamışdır. Bu barədə sübutlar ümumiyyətlə toplanılmamışdır ki, hüquqi şəxs hansısa xeyir gördü və ya hansısa marağı qorundu. Buna görə də faktiki olaraq barəsində protokol tərtib edilmiş şəxs fiziki şəxs hesab edilir. İXM-nin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Sadalananlara əsasən məhkəmə qeyd edir ki, İXM-nin 602.4-cü maddəsinin sanksiyasında yalnız vəzifəli şəxslərin inzibati məsuliyyətinə görə inzibati tənbeh nəzərdə tutulmuşdur. Yəni həmin maddə yalnız vəzifəli şəxslərin inzibati məsuliyyətini müəyyən edir. Ona görə də fiziki şəxslər İXM-nin 602.4-cü maddəsi ilə təqsirli bilinib, sanksiyasında konkret olaraq vəzifəli şəxslər üçün inzibati cərimə nəzərdə tutulduğu üçün, fiziki şəxs də vəzifəli şəxs üçün nəzərdə tutulmuş inzibati tənbeh növu və həcmində tənbeh edilə bilməz. Belə olduğu təqdirdə fiziki şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olmur. Yəni barəsində protokol tərtib edilmiş hazırkı şəxs qeyd edilən inzibati xətanı törədən subyekt deyildir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X3 barəsində İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-1512/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1512/2023
29.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver