Məhkəmə qərarları › İş №3(004)-1523/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1523/2021

28.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1523/2021 28.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X1 iclas katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXMnin) 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin (RPİ) X8 Şöbəsi (DYPŞ) tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN Yasamal RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş 09 iyun 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, 11 aprel 2021-ci il tarixdə saat 09:30da Yasamal rayonu, M.Müşfiq küçəsində Şəxs idarə etdiyi “Lexus ES300 Hibrid” (minik) markalı **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə piyada X3 vurması nəticəsində o, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid bədən xəsarəti almışdır. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, zərərçəkmiş şəxsə və protokol tərtib etmiş Yasamal RPİ-nin DYPŞ-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmişdir. Lakin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, zərərçəkmiş şəxs və protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəflərindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3, 62.4 və 112.1.4-cü maddələrinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, Yasamal RPİ-nin TŞdə toplanmış rədd materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatından müəyyən edilir ki, “Lexus ES300 Hibrid” (minik) markalı **-VL- *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə və “BC” dərəcəli sürücülük vəsiqəsi əsasında idarə edir. 11.04.2021-ci il tarixdə təxminən saat 09:30 radələində idarə etdiyi avtomobil Yasamal rayonu M.Müşfiq küçəsində hərəkətdə olan zaman 1 nəfər cavan oğlan yolu qaçaraq keçərkən həmin piyadanı ehtiyatsızlıqdan vurmuşdur. Bundan sonra idarə etdiyi avtomobili enərək həmin piyadanı xəstəxanaya aparmışdır. İş materiallarında olan X2 izahatından müəyyən olunur ki, 11.04.2021-ci il tarixdə saat 09:30 radələrində yaşadığı evdən çıxıb piyada yaşadıqları küçədə yerləşən “Gandmarket”ə getmiş və alış-veriş edərək geri qayıdan zaman yolu sağ tərəfdən sol tərəfə keçərkən yolun orta hissəsində ona bərk küt əşyanın dəyməsini hiss etmiş və huşunu itirərək yerə yıxılmışdır. Bundan sonra xəstəxanada olan zaman ayılmış və qohumları ona yolu keçən zaman avtomobil vurduğunu və həmin avtomobilin sürücüsünün onu xəstəxanaya apardığını bildirmişlər. Məhkəmə iclasında tədqiq edilən Yasamal RPİ-nin TŞ-də toplanmış 264 nömrəli rədd materialında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsi tərəfindən verilmiş 28 aprel 2021-ci il tarixli 73 nömrəli ekspert rəyindən müəyyən edilir ki, X2 bədən səthində aşkar olunmuş xəsarətlər - qapalı kəllə-beyin travması, sol gicgah nahiyyəsinin dərialtı hematoması, alın, üz nahiyyələrinin yumşaq toxumalarının əzilməsi və sıyrıqları bərk küt əşyanın təsirindən 11.04.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. Dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarına əlavə edilmiş Yasamal RPİ-nin TŞ-nin təhqiqatçısı X4 tərəfindən qəbul edilmiş 08 may 2021-ci il tarixli qərardan müəyyən edilir ki, toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibinin əlamətləri aşkar edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmiş və qəbul edilmiş qərarın surəti Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tələblərinə uyğun olaraq müvafiq tədbir görülməsi üçün Yasamal RPİ-nin DYPŞ-yə göndərilmişdir. İş materiallarında olan AE seriyalı 061575 nömrəli sürücülük vəsiqəsindən və Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş 03.06.2021-ci il tarixli 016-64645- 1221 saylı məktubdan görünür ki, xx.xx.1986-cı il təvəllüdlü Şəxs 05.08.2020-ci il tarixdə (05.08.2030-cu il tarixədək müddətə etibarlı olan) “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə-iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş 09 iyun 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə tənbeh tədbiri təyin edilməlidir. Məhkəmə tərəfindən Şəxs inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrinə əsasən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Göstərilənlərə əsasən, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi ədalətli olmaqla yanaşı onun məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat məbləğində cərimə növündən inzibati tənbeh tədbiri təyin edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar