Məhkəmə qərarları › İş №3(004)-1525/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1525/2021

02.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1525/2021 02.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əkbərli Günel Bəkir qızının sədrliyi ilə, X1 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) tərəfindən tərtib edilmiş 19 may 2021-ci il tarixli EXP seriyalı ******* nömrəli protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri işin məhkəmədə baxılmağa hazırlanması zamanı nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ : X2 01 iyul 2021-ci il tarixdə məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək barəsində Azərbaycan Respublikası DİN tərəfindən tərtib edilmiş 19 may 2021-ci il tarixli EXP seriyalı ******* nömrəli protokolun, həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə ictaata xitam verilməsini xahiş etmişdir. Məhkəmə X1 şikayət ərizəsini və ona əlavə edilmiş müvafiq sənədlərin surətlərini işin məhkəmədə baxılmağa hazırlanması zamanı nəzərdən keçirib hesab edir ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər baxılmadan şikayətçiyə geri qaytarılmalıdır. Belə ki, inzibati iş məhkəmədə baxılmağa hazırlanması zamanı öyrənilərkən müəyyən edilmişdir ki, X1 məhkəməyə daxil olmuş ərizəsinin və ona əlavə edilmiş sənədlərin məzmunundan xətanın törədildiyi yeri müəyyən etmək mümkün deyildir. Belə ki, inzibati tənbeh vermə haqqında qərar şikayət ərizəsinə əlavə edilməmiş, “Asan Ödəniş” portalından işə əlavə edilmiş çıxarışlarda isə buna dair hər hansı məlumat mövcud deyildir. Eyni zamanda, inzibati tənbeh vermə haqqında qərar 19 may 2021-ci il tarixdə qəbul edilmiş, həmin qərardan şikayət isə məhkəməyə 01 iyul 2021-ci il tarixdə daxil olmuşdur. Lakin, ərizəyə qərarın nə vaxt şikayətçiyə rəsmi qaydada təqdim edilməsinə dair sübut əlavə edilməmiş, ərizənin məzmununda isə hansı üzrlü səbəblərlə bağlı prosessual müddətin ötürülməsinə dair qeydiyyat aparılmamış, o cümlədən, şikayət verilməsi üçün müddətin bərpasına dair vəsatət məhkəməyə təqdim edilməmişdir. Şikayət ərizəsinə əlavə edilmiş müvafiq qərarın təqdim edilməsi ilə bağlı səlahiyyətli orqana müraciətlərin ünvanlanması haqqında sənədlərdən görünür ki, Bakı şəhər Baş Polis İdarəsi 02 iyun 2021-ci il tarixli məktubla şikayətçinin müraciətinə cavab olaraq onun barəsində qəbul edilmiş qərarın dəyişdirilmədən saxlanılması barədə məlumat vermişdir. Qeyd olunan imtina məktubundan da uzun müddət keçməsi nəzərə alındıqda şikayətçi məktub ona təqdim edildiyi vaxtdan prosessual müddət ötürülməklə məhkəməyə müraciət etmiş və müddətin bərpasına dair məhkəməyə vəsatət təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair 04 noyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq, yəni inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İş materiallarına əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərardan və ərizədən görünür ki, şikayətçi X2 Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi, ev 146A, mənzil 43 ünvanında qeydiyyatda olmaqla yaşayır. Beləliklə, iş materiallarından inzibati xətanın törədildiyi yeri müəyyən etmək mümkün olmamış, şikayətçi X2 tərəfindən isə onun şikayətinə yaşayış yeri üzrə baxılmasına dair hər hansı bir vəsatət daxil olmamışdır. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə məhkəməyə təqdim edilmiş sənədlər əsasında inzibati xəta haqqında işin baxılmağa hazırlanması mümkün deyil, ona görə də, şikayət baxılmadan geri qaytarılmalı, həmçinin şikayətçiyə izah edilməlidir ki, qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, eyni zamanda, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair vəsatətlə inzibati xətanın törədildiyi yer və ya vəsatəti əsasında yaşayış yeri üzrə müvafiq məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43 və 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən tərtib edilmiş 19 may 2021-ci il tarixli EXP seriyalı ******* nömrəli protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər baxılmadan geri qaytarılsın. Şikayət ərizəsinin nəticə hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra inzibati xəta haqqında iş üzrə qərardan məhkəməyə şikayət vermək və ötürülmüş prosessual müddətin bərpasına dair vəsatətlə müraciət etmək hüququnun olması şikayətçiyə izah edilsin. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar