Məhkəmə qərarları › İş №3(004)-153/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-153/2022

10.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-153/2022 10.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi Vəkil iştirakı ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin Azərbaycan Respublikasının İXM-nin 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Yasamal rayonu, Qanlıgöl ünvanında qanunla müəyyən olunmayan tullantı sahəsinə "xxxx" MMC-yə məxsus 90JG192 dövlət qeydiyyat nişanlı “Mercedes Benz” markalı avtomaşınla qarışıq tullantılar boşaldılması faktı aşkar edilmişdir. Bununla da, "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İXM-nin 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi Vəkil bildirmişdir ki, "xxxx" MMC-nin təqdim etdiyi, direktor Muxtar Gülməmmədov şəxsində "xxxx" MMC ilə sahibkar fiziki şəxs Şahid arasında bağlanmış 14 may 2019-cu il tarixli 06 saylı “Xidmət Müqaviləsi”nə əsasən Falez Memarlıq” MMC mülkiyyətində olan avtomobillər, o Cümlədən “Mercedes Benz" markalı **-JG-*** dövlət qeydiyyat nişanlı yük maşını sahibkar fiziki şəxs Şahid icarəyə verilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 20 aprel 2018-ci il tarixli 307 saylı Sərəncamının, Torpaq sahəsinin icrəyə verilməsi haqqında 27 aprel 2018-ci il tarixli 1471 nömrəli X3, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin verdiyi 18/96 nömrəli 14 may 2018-ci il tarixli Ayrıc aktının və 06 nömrəli 2018-ci il tarixli Tikinti obyektinə dair Layihəqabağı məlumatlar adlı sənədin surətləri ilə təsdiq edilir ki, "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli, 038 saylı müraciəti nəzərə alınaraq, Yasamal rayonu, X4 yolu, “Qanlı Göl”ün ərazisində, avtomobil satış bazarının şimal hissəsində yerləşən, hazırkı iş üzrə sözügedən, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2021-ci il tarixdə monitorinq keçirdiyi 15,0 ha torpaq sahəsində (icarə əsasında) yaşayış və qeyriyaşayış binalarının tikintisinin layihələndirilməsi üçün həmin Cəmiyyətə icazə verilmişdir. "xxxx" MMC-nin sifarişi əsasında “Mercedes Benz” markalı **-JG-*** dövlət qeydiyyat nişanlı yük maşınının sürücüsü X2 xx.xx.2021-ci il tarixdə sözügedən əraziyə, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin tərtib etdiyi sənədlərdə göstərildiyi kimi, müxtəlif çeşiddə qarışıq tullantılar deyil, adi bünövrə torpağı, yəni təməl çuxuru tökmüşdür. Hər bir halda 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2021-ci il tarixdə monitorinq keçirdiyi 15,0 ha torpaq sahəsinə adi bünövrə torpağı, yəni təməl çuxuru tökülməsinə "xxxx" MMC-nin heç bir aidiyyəti yoxdur. “Mercedes Benz” markalı **- JG-*** dövlət qeydiyyat nişanlı yük maşını "xxxx" MMC-nin mülkiyyətində olsa da, fiziki şəxs Şahid icarəsinə veilmişdir və sürücü X2 tərəfindən idarə olunur. Hazırkı iş üzrə təsvir olunan hadisədə İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulan əməl, yəni, “sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulması” halı mövcud deyildir. Göstərilənlərə əsasən "xxxx" MMC barəsində tərtib olunmuş protokol üzrə başlanmış inzibati işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə protokol tərtib etmiş orqana lazımi qaydada məlumat verilmiş, lakin onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İXM-nin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə sahibkar fiziki şəxs Şahid arasında bağlanmış 14 may 2019-cu il tarixli 06 saylı “Xidmət Müqaviləsi”dən görünür ki, Falez Memarlıq” MMC mülkiyyətində olan avtomobillər, o cümlədən “Mercedes Benz" markalı **- JG-*** dövlət qeydiyyat nişanlı yük maşını sahibkar fiziki şəxs Şahid icarəyə verilmişdir. Məhkəmə iclasında iştirak edən Şahid bildirmişdir ki, Falez Memarlıq” MMC mülkiyyətində olan avtomobillər, o cümlədən “Mercedes Benz" markalı **-JG-*** dövlət qeydiyyat nişanlı yük maşını icarə müqaviləsi əsaında onun istifadəsindədir. Həmin yük avtomobili onun qanuni istifadəsində olduğu və sürüçü X2 tərəfindən idarə edildiyi üçün “Falez MMC” inzibati məsuliyyətə cəlb edilməsi qanunsuzdur. Dəgər tərəfdən hər hansı bir inzibati xəta törədilmədiyi halda qanunsuz olaraq onlar barəsində protokol tərtib edilmişdir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 20 aprel 2018-ci il tarixli 307 saylı Sərəncamından, “Torpaq sahəsinin icrəyə verilməsi haqqında” 27 aprel 2018-ci il tarixli 1471 nömrəli X1, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin verdiyi 18/96 nömrəli 14 may 2018-ci il tarixli Ayrıc aktından və 06 nömrəli 2018-ci il tarixli Tikinti obyektinə dair Layihəqabağı məlumatlar adlı sənədin surətlərindən görünür ki, "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli, 038 saylı müraciəti əsasında, Yasamal rayonu, X4 yolu, “Qanlı Göl”ün ərazisində, avtomobil satış bazarının şimal hissəsində yerləşən, hazırkı iş üzrə sözügedən, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2021-ci il tarixdə monitorinq keçirdiyi 15,0 ha torpaq sahəsində (icarə əsasında) yaşayış və qeyri-yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün həmin Cəmiyyətə icazə verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən, sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. “İstehsalat və məişət tullantıları haqqında” Qanunun 1-ci maddəsinə əsasən, istehsalat tullantıları dedikdə istehsal, yaxud işlərin (xidmətlərin) yerinə yetirilməsi prosesində əmələ gələn və ilkin istehlak xüsusiyyətlərini tam və ya qismən itirən xammal, material, maddə, yarımfabrikat, əşya və digər məhsulların qalıqları, habelə istehsal obyekti olmayan və öz istifadə olunma xüsusiyyətlərinə görə texnoloji prosesə daxil olmayan, yenidən əmələ gələn eyni mənşəli əşya və maddələr nəzərdə tutulur. Həmçinin həmin maddəyə əsasən, məişət tullantılarının (bərk məişət tullantıları) anlayışı əhalinin həyat fəaliyyəti nəticəsində yaşayış yerlərində əmələ gələn əşyalar, maddələr və materiallar olaraq göstərilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Mercedes Benz" markalı **- JG-*** dövlət qeydiyyat nişanlı yük maşını "xxxx" MMC-nin mülkiyyətində olsa da müqavilə əsasında fərdi sahibkar Şahid icarəyə verilmişdir və xx.xx.2021-ci il tarixdə həmin yük maşını X2 tərəfindən idarə edilmişdir. Digər tərəfdən məhkəmə araşdırması zamanı iş materiallarına əlavə olunmuş foto şəkillər əsasında müəyyən edilmişdir ki, sözügedən ərazidə “sənaye və məişət tullantılarının qalaqlanması” halı öz təsdiqini tapmır. Belə ki, “sənaye və məişət tullantılarının anlayışı, onların nədən ibarət olması, qalaqlanması halları və sairələr “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuşdur. Həmin əraziyə daşınaraq tökülənlər təməl çüxurudur. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İXM-nin 271-ci maddəsinin dispozitiv şərtində konkret olaraq “sənaye və məişət tullantılarının qalaqlanması” nəzərdə tutulmasına baxmayaq, inzibati xəta haqqında protokolda xətanın mahiyyəti kimi “qarışıq tullantıların qalaqlanması” kimi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanununda belə bir anlayış nəzərdə tutulmadığından və İXM-nin 271-ci maddəsində “qarışıq tullantıların qalaqlanması” inzibati xəta kimi qeyd edilmədiyindən tərtib edilmiş protokol əsasında hər hansı bir hüquqi və ya fiziki şəxs inzibati məsuliyyətə cəlb edilməsi qanunsuz olardı. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda başlanmış icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, törədilmiş əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud olmamışdır. Belə ki, iş materiallarında olan fotoşəkillərdən görünür ki, “Mercedes Benz” markalı 90JG192 dövlət qeydiyyat nişanlı yük maşınının boşaltdığı müxtəlif çeşiddə tullantılar deyil, bünövrə torpağı, yəni təməl çuxuru olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53.1.2, 105.1, 114.2.1 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar