Məhkəmə qərarları › İş №3(004)-153/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-153/2025

06.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-153/2025 06.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, X7 oğlunun katibliyi, Barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1, İnzibati tənbeh vermə haqqında qərarı tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* nömrəli, 16 aprel 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə və ona əlavə olunmuş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* nömrəli, 16 aprel 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Səbail Rayon Məhkəməsinin 3(009)-2811/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət və ona əlavə edilmiş sənədlər baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, inzibati orqan tərəfindən barəsində inzibati tənbeh vermə haqqında MN ******* saylı xx.xx.2024-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və həmin qərarla mən AR İXM-nin 275.2-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsirli bilinərək 2500 manat məbləğində cərimə edilmişdir. Qərarın surəti ona vaxtında təqdim olunmamış və o belə bir qərarın qəbul edilməsi barədə qərarın surətini poçt vasitəsi ilə aldıqdan sonra bilmiş və həmin qərardan vaxtında yuxarı orqana şikayət etmiş, lakin onun şikayəti təmin olunmamış və ona rəsmi olaraq məhkəməyə müraciət etmək hüququm izah olunmuşdur. Tərtib olunmuş qərar protokol əsasında verilmişdir, inzibati orqan onu vəzifəli şəxs kimi qəbul edərək onu yüksək məbləğdə cərimə etmişdir. Verilmiş qərar tamamilə qanunsuz olmuş və qarşı tərəfin protokolda və qərarda qeyd etdiyi kimi hallar baş verməmiş və ünvan 1 ünvanında yerləşən «Nemi» otelinin fəaliyyəti zamanı ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən səs-küy səviyyəsi yol verilən norma həddindən artıq olmamışdır. Əgər bu oteldə səs-küy səviyyəsi normadan artıq olsaydı bu həmin ərazidə yaşayan sakinlərin rahatlığını pozardı və onlar da bu barədə polisə şikayət edərdilər. Bundan başqa bu fakt digər dövlət qurumları tərəfindən araşdırılmış və oteldə səs-küy səviyyəsinin normadan artıq olması faktı öz təsdiqini tapmamışdır, lakin inzibati orqan konkret ünvanda deyil, ətraf ərazidə, M.İbrahimov küçəsində yoxlama aparmaqla əsassız, qanunsuz protokol qəbul etmiş və qərar əsasında cərimə yazmışdır, üstəlik də həmin cəriməyə dəbbə pulu hesablamaqla ondan 4000 vəsait tələb etmişdir. Bundan başqa belə bir qərarın olmasını aylarla ondan gizlətmiş və o yalnız bir neçə ay sonra qərarın surətini almaqla ondan yuxarı orqanlara şikayət etmiş, ərizəsinə baxılacağı bildirilsə də müsbət nəticə əldə olunmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X3 şikayəti müdafiə edərək bildirmişdir ki, qeyd edilən yoxlamanın hansı cihazla aparılması, həmçinin yoxlamanın çöldən və ya içəridən aparılmasına dair protokolda heç bir qeyd yoxdur, həmin cihazın sonuncu dəfə nə vaxt yoxlamadan keçməsi barədə məlumatlar mövcud deyil. Eyni zamanda inzibati orqanın nümayəndələri yoxlama aparan zaman yoxlamanın aparılması əsası kimi yaxınlıqda yaşayan sakinlərdən birinin otelə quraşdırılmış kondisionerlərin motorunun səs-küyündən şikayət etməsini bildirsələr konkret ünvanda deyil, ətraf ərazidə, M.İbrahimov küçəsində yoxlama aparmaqla əsassız, qanunsuz protokol qəbul etmiş və qərar əsasında cərimə yazmışdır. Halbuki şikayətçinin qeyd etdiyi ünvanda ölçmə aparılsaydı nəticə tamamilə fərqli olardı. Çünki indiyədək onlara ətrafda yaşayan sakinlərdən heç biri otelin normadan artq səs-küy yaratması ilə bağlı şikayət və irad bildirməmişlər. Bundan başqa inzibati orqanın əməkdaşları yoxlama aparmazdan öncə ona hüquq və vəzifələri haqqında bildiriş təqdim etməmiş və qəbul edilmiş qərardan yalnız icra şöbəsindən ona bildiriş göndərildiyi zaman məlumatlı olmuşdur. Buna görə də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* nömrəli, 16 aprel 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərarı tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X4 şikayətə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq verilmiş suala cavab olaraq bildirmişdir ki, onların həmin əraziyə yaxın evlərə daxil olub ölçmə aparmaq üçün qanuni əsasları olmadığına görə ölçmə "Nemi” hotelin qarşısından keçən küçədən aparılmış və nəticədə ətraf mühitə mənfi təsir göstərən səs-küy çirklənməsi normalarının pozulması aşkar edilmişdir. Bununla bağlı fotoşəkili də məhkəməyə təqdim etmişlər. Məhkəməyə təqdim edilmiş fotoşəkillərdən də göründüyü kimi barəsində inzibati tənbeh vermə haqqında qərar tərtib edilmiş X3 yoxlama aparılan zaman orada olmuşdur. İş materiallarında olan MN ******* nömrəli, 16 aprel 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, ünvan 2 ünvanında yerləşən "Nemi” hotelin fəaliyyəti zamanı ətraf mühitə mənfi təsir göstərən səs-küy çirklənməsi normalarının pozulmasına görə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə 2500 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanında yerləşən "Nemi” hotelin fəaliyyəti zamanı ətraf mühitə mənfi təsir göstərən səs-küy çirklənməsi normalarının yoxlanması binanın qarşısındakı küçədən həyata keçirilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* nömrəli, 16 aprel 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və yenidən ətraflı araşdırılmaqla baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Məhkəmə bu qənaətini onunla əsaslandırır ki, mübahisələndirilən qərarın əsaslı olubolmamasına hüquqi qiymət verilməsi baxımından iş üzrə əhəmiyyət kəsb edən bir sıra hallar inzibati orqanın əməkdaışarı tərəfindən ətraflı araşdırılmalıdır və həmin halların araşdırılması məhkəmə baxışı zamanı mümkün deyildir. Məlum olduğu kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin mövcud olub-olmaması xüsusi texniki vasitə ilə müəyyən etmək mümkündür. Odur ki, məhkəmə hesab edir ki, inzibati xətanın aşkar olunmasında istifadə olunmasında istifadə edilmiş xüsusi texniki vasitə olan ölçmə cihazının texniki xususiyyətləri o, cümlədən ölçmələrin hansı məsafədən, neçə dəfə təkrarlanmaqla aparılmalı olması, cihazın texniki göstəricilərinə uyğun olaraq ölçmələrdə yol verilən xətameyarı-həddi nəzərə alınmaqla aparlmalı olması halları ətraflı qeyd edilməklə ölçmələrin barəsində qərar qəbul edilmiş şəxsin iştirakı ilə yenidən aparılması həyata keçirilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, İXM-nin 81-ci maddəsinə əsasən araşdırma zamanı istifadə olunan ölçü vasitəsinin müvafiq sertifikatının olub-olmaması və həmin cihazın metroloji sınaqdan keçmiş ölçü cihazı olub olmaması halı da araşdırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərar ləğv olunmalı, X1 iştirakı ilə iş yenidən baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsinə görə ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2008-ci il tarixli 796 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın "nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normaları adlı "Cədvəl 1”-in 10-cu sətrində "Kafe, restoran, yeməkxanaların zalları” üzrə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yol verilən normaları müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 iyul tarixli 796 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səsküy çirklənmələri normaları”a əlavə olunun Cədvəl 1-in 16-cı bəndində (Mikrorayonlar və yaşayış binaları qrupları, istirahət evləri, pansionatlar, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinin istirahət meydançaları, məktəbəqədər , ümumi və digər təhsil müəssisələrinin meydançaları) səs-küyün maksimal norması 60 DBA göstərilmişdir. Həmçinin Cədvəl 1 -in Qeydlər hissəsinin 5-ci bəndində yazılır ki, Bitişik (əlavə) tikilmiş ticarət və ictimai-iaşə müəssisələrinin ventilyasiya, havasərinləşdirici və havaqızdırıcı sistemlərinin, habelə qızdırıcı, su təchizatı və soyuducu qurğu sistemlərinin nasoslarından yaranan səs-küyün yolverilən səviyyəsi Cədvəl 1-də göstərilən qiymətlərdən 5dB aşağı, yəni -5dB (dBA) düzəliş nəzərə alınmalıdır. Bu halda tonallığa düzəliş nəzərə alınmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.8-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar inzibati xəta haqqında protokolda göstərilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokol tərtib edilərkən Cəmiyyətin nümayəndəsinə hüquq və vəzifələri izah edilməmiş və bu barədə protokolda heç bir qeyd aparılmamışdır. Halbuki qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən bir qayda olaraq hər bir şəxsə onun barəsində aparılan icraatla bağlı hüquq və vəzifələri dərhal izah edilməli, eləcə də onun hüquq və vəzifələrinin aydın olması barədə protokolda müvafiq qeyd aparılmalıdır. Bundan başqa məhkəmə tərəfindən müəyyən edilmişdir ki, yoxlamanın aparılması əsası yaxınlıqda yaşayan sakinlərdən birinin inzibati orqana ünvanlanmış şikayəti olmuşdur. Lakin iş materiallarına əlavə edilmiş fotoşəkillərdən müəyyən olunur ki, ölçmə şikayətçinin qeyd etdiyi ünvandan deyil, "Nemi” otelinin qarşısından keçən küçədən (M.İbrahimov) aparılmışdır. Eyni zamanda yoxlamanın aparıldığı cihaz vasitəsilə ölçmənin həyata keçirilmə metodikasını özündə əks etdirən texniki şərt və ya istifadə qaydalarını göstərən hər hansı istifadəçi təlimatı təqdim edilməmişdir. Belə olan halda məhkəmə tərəfindən aparılmış yoxlamanın hansı normativ şərtlərə uyğun aparılması, ümumiyyətlə ölçmənin doğru qaydada həyata keçirilibkeçirilməməsini aşkar etmək mümkün olmamışdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, sözügedən qərar ləğv edilməli və yuxarıda göstərilən hallar nəzərə alınmaqla inzibati orqan tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə qanunvericiliyə uyğun şəkildə yenidən yoxlama aparılmalı və yalnız bundan sonra əsaslı qərar qəbul edilməlidir. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Müvafiq Qanunun 2.1-ci maddəsinə görə bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Qanunun 2.2-ci maddəsinə görə Bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5- 7.10-cu, 8-ci, 11.1 -ci, 12-ci, 13-cü və 34.1-ci maddələri, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara münasibətdə isə həmçinin 26-cı maddəsi istisna olmaqla) vergi yoxlamalarına, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara və maliyyə bazarları sahəsində aparılan yoxlamalara şamil edilmir. Göründüyü kimi planlı (növbəli) və ya plansız (növbədən kənar) yoxlama vahid məlumat reyestrində qeydə alınmadan həyata keçirilmişdir. Odur ki, məhkəmə təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, qərar qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1 -ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması əlamətlərindən biri onun hüquqazidd olmasıdır. Hüquqazidd əməl o əməl sayılır ki, həmin əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində hüquq pozuntusu baş versin. Qanunvericilikdə hüquq pozuntusunun konkret əlamətləri müəyyən edilir ki, bu da onu insanların törətdiyi digər cəmiyyətə zidd əməllərdən (məsələn, qanunla cəzalandırılmayan qeyri-əxlaqi hərəkətlərdən) fərqləndirməyə imkan verir. Hüquq pozuntusunun bir neçə əlamətləri var və həmin əlamətlərdən biri hüquq normasındakı göstərişlərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsi ilə əlaqədar olan əməllər hesab edilir. Ona görə də hüquq pozuntusunun ən vacib əlaməti onun hüquqazidd olmasıdır. Qanunun tələblərindən uzaqlaşmaq, konkret hüquqi vəzifələri yerinə yetirməmək, hüquqdan onun təyinatına zidd olaraq (hüquqdan sui-istifadə) istifadə etmək və s. əməllər hüquqa-zidd əlamətləri əks etdirir. Digər tərəfdən şəxsin hər hansı bir hüquqa zidd əməli hüquq pozuntusu sayıla bilməz. Yəni hüquq pozuntusunun vacib əlamətlərindən biri təqsirin olmasıdır. Təqsir, şəxsin törətdiyi əmələ psixoloji münasibəti olub, qəsd və ya ehtiyatsızlıq formasında təzahür edir. Yuxarıda ifadə olunanlar onu göstərir ki, hüquq pozuntusu ictimai-təhlükəli xarakter daşıyan, təqsirli, hüquqazidd, qeyri-əxlaqi əməl başa düşülür. Hüquq elmində hüquq pozuntusunun obyektiv və subyektiv elementləri fərqləndirilir ki, bunların da məcmusu hüquq pozuntusunun tərkibini təşkil edir. Hüquq pozuntusunun tərkibinə daxildir: 1. Hüquq pozuntusunun obyektini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlər təşkil edir. 2. Hüquq pozuntusunun obyektiv cəhətini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə hüquqazidd əməllə onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. 3. Hüquq pozuntusunun subyekti qanunla müəyyən olunmuş yaş həddinə çatan, öz əməlinə görə cavabdehlik daşıya bilən, anlaqlı fiziki şəxslər və qanunvericilikdə nəzərdə tutulan hallarda hüquqi şəxslər ola bilərlər. 4. Hüquq pozuntusunun subyektiv cəhətini şəxsin törətdiyi hüquqazidd əmələ psixoloji münasibətini ifadə etməklə xarakterizə olunan təqsiri təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn, təqsirin) mövcud olmaması onun hüquq pozuntusu hesab edilməməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Göründüyü kimi hüquq pozuntusunun obyektiv cəhətlərindən biri hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran hüquqazidd əməllə (hərəkət və ya hərəkətsizlik) onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* nömrəli, 16 aprel 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv olunmalı və yenidən baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 125, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* nömrəli, 16 aprel 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar