Məhkəmə qərarları › İş №3(004)-1537/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1537/2020

06.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1537/2020 06.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, zərərçəkmiş şəxs (tələbkar) X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqiq şəxs “xxxxxx” MMCnin qanuni təmsilçisi Ahmet Çetinin müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx xxxxxx 1969-cu il tarixdə Türkiyə Respublikasında anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, Bakı şəhəri, Nərimanov rayonu, 802-803-cü məhəllə, Kazım Kazımzadə küçəsi, ev 30e, mənzil 29 müvəqqəti yaşayan “xxxxxx” MMC-nin qanuni təmsilçisi Ahmet Çetinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “xxxxxx” MMC-nin qanuni təmsilçisi Ahmet Çetinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən xx xxxx 2020-ci il tarixli, MN ******* inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında icra məmuru S.F.Allahverdiyev tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli, 2(103)-6489/2016 saylı icra sənədinə əsasən borclu “xxxxxx” MMC-dən ******* (bir milyon) ABŞ dolları tutularaq X6 ödənilməlidir. İcra sənədinin icrasına xx xxx 2017-ci il tarixli qərarla başlanılmış və borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq borclu icranı könüllü təmin etməmiş və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməmişdir. Qanuni qüvvədə olan məhkəmə qətnaməsini bugünədək icra etməməsi, əmlak və gəlirləri barədə dəqiq məlumat verməməsi, “xxxxxx” MMC-nin rəhbəri Ahmet Çetinin icranı təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırmasına əsas verir. Bununla da “xxxxxx” MMC-nin rəhbəri Ahmet Çetin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Göstərilənlərə əsasən Ahmet Çetinin barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən icra məmuruna əlavə sübutların təqdim edilməsi təklif edilsə də, icra məmuru əlində olan sübutların yalnız inzibati xəta haqqında protokol tərtib edilərkən həmin protokola əlavə edilərək məhkəməyə təqdim edilmiş sənədlərdən ibarət olmasını, Ahmet Çetinin icra sənədindən məlumatlı olması və ya tələbin könüllü icrası haqqında bildirişin ona çatdırılması (təqdim edilməsi) barədə hər hansı sənəd təqdim edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Ahmet Çetinin vəkili R.R.Qurbanov öz izahatında göstərmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-950/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə iddiaçı X4 cavabdehlər “xxxxxx” MMC-ə və X8 qarşı iddiası qismən təmin edilərək, cavabdehlər “xxxxxx” MMC-nin və X7 ******* ABŞ dolları məbləğində pul vəsaitinin (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla) tutularaq iddiaçı X6 ödənilməsi qət edilmişdir.Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2016-cı il tarixli qətnaməsi ilə Ahmet Çetinin apellyasiya şikayəti təmin edilərək, Yasamal Rayon Məhkəməsinin qətnaməsi ******* ABŞ dolları məbləğində pul vəsaitinin iddiaçının xeyrinə həmçinin Ahmet Çetindən tutulması hissəsində ləğv edilmişdir.Qətnamə əsasında verilmiş icra vərəqəsi Yasamal Rayon İcra və Probasiya şöbəsinin icraatındadır. xx xxxx 2020-ci il tarixdə həmin Şöbənin icra məmuru Sahib Allahverdiyev tərəfindən Ahmet Çetinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılmaq üçün məhkəməyə göndərilmişdir. Aşağıda qeyd olunanlara görə hesab edir ki, icra məmurunun tərtib etdiyi bu inzibati xəta haqqında protokol tam qanunsuz və əsassızdır, hüquqlarını müdafiə etdiyi Ahmet Çetinin isə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmağı üçün heç bir qanuni əsas yoxdur.İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi, maddənin mənasına görə, icra məmurunun yalnız qanuni tələblərinin yerinə yetirilməməsi, həmçinin icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi şəxsin inzibati məsuliyyətə cəlb olunması üçün əsas ola bilər. Lakin hazırkı iş üzrə bu əsaslardan heç biri mövcud deyil. Belə ki, icra sənədi üzrə borclu hesab olunan “xxxxxx” MMC-ninin kommersiya fəaliyyəti səmərəsiz olduğuna görə hələ onun barəsində məhkəmə qərarı mövcud olmadığı dövrdə MMC-nin ləğvi prosesinə başlanılmışdır. “xxxxxx” MMC-nin ləğvi qanunla müəyyən edilmiş prosedur qaydalara riayət etməklə (ləğvetmə komissiyasının yaradılması, hüquqi şəxsin ləğv edilməsi və kreditorlarının tələblərinin bildirilməsi qaydası və müddəti haqqında məlumatın mətbuatorqanında dərc edilməsi və sair) həyata keçirilmiş və xx xxxxxx 2016-cı il tarixdə başa çataraq, həmin qurum Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır. “xxxxxx” MMC-yə məxsus hər hansı əmlak mövcud deyil.“xxxxxx” MMC qanunla müəyyən edilmiş qaydada ləğv edildiyinə görə onun bütün öhdəliklərinə xitam verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 559-cu maddəsinə əsasən, hüquqi şəxsin (borclunun və ya kreditorun) ləğvinin qeydə alındığı andan onun öhdəliklərinə xitam verilir. Eyni zamanda Ahmet Çetinin də həmin MMC-nin müdiri kimi bütün səlahiyyətlərinə xitam verilmişdir.Ümumiyyətlə, istənilən MMC-nin müdiri öz adından deyil, həmin hüquqi şəxsin adından çıxış edərək məhz onun mənafeləri üçün vəzifələrini yerinə yetirərək onun üçün mülki hüquqların əldə edilməsi və mülki vəzifələrin yaranması məqsədi ilə fəaliyyət göstərir. Belə fəaliyyətin nəticəsində hüquqi şəxs üçün yaranmış bütün mülki hüquq və vəzifələr yalnız onun özünə aiddir və müqavilə üzrə öhdəliklərə görə də yalnız hüquqi şəxs özü məsuliyyət daşıyır. MMC-nin müdiri həmin hüquqi şəxsin öhdəliklərinə görə məsuliyyət daşımır. Qüvvədə olan mülki qanunvericiliyin müddəalarına görə, hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası nizamnamə ilə müəyyənləşdirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.1-ci maddəsi).Hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər (Məcəllənin 49.2-ci maddəsi).Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq və ehtiyatlı olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır (Məcəllənin 49.3-cü maddəsi).Hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. Bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir (Məcəllənin 52.1 və 52.2-ci maddələri).Mülki qanunvericiliyin sadalanan normalarının mənasına görə, hüquqi şəxsin idarəetmə orqanlarında təmsil olunan hər hansı şəxsin təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən hüquqi şəxsin adından bağladığı əqdlər təmsil edənin deyil, məhz təmsil edilən hüquqi şəxsin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Bununla yanaşı təmsilçi tərəfindən təmsil edilən adından şəxsən özü barəsində və ya öz mənafeləri üçün əqdlərin bağlanması qanunla qadağan edilir. Bundan əlavə, hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir, hüquqi şəxsin təmsilçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün üçüncü şəxslər qarşısında cavabdeh deyildir və yalnız öz vəzifələrin hüquqi şəxsin maraqlarına zidd olaraq yerinə yetirilməsi üçün həmin hüquqi şəxs qarşısında məsuliyyət daşıya bilər.Məhz bütün bu qeyd olunanlara görə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası “xxxxxx” MMC-nin öhdəliyi olan pul vəsaitinin iddiaçıya ödənilməsi vəzifəsinin icrasından Ahmet Çetini azad etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.2-ci maddəsinə görə, ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi onu vermiş məhkəməyə qaytarılır.Lakin Yasamal Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Sahib Allahverdiyev yuxarıda qeyd olunan qanun normalarının tələblərinə əməl edərək icra sənədini məhkəməyə qaytarılması barədə qərar qəbul etmək əvəzinə, qanunvericiliklə ona verilmiş səlahiyyətlərindən açıq-aşkar surətdə sui-istifadə edərək, ləğv olunmuş hüquqi şəxsin öhdəliklərinin icra edilməsini ondan tələb edir. O, icra məmurunun bu hərəkətlərini tam əsassız və qanunsuz hesab edir. Dörd il əvvəl, hələ Ahmet Çetinin barəsində məhkəmə qərarı mövcud olmadığı dövrdə ləğv olunmuş, kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmış hüquqi şəxsin öhdəliklərinə görə həmin hüquqi şəxslə artıq heç bir hüquq münasibətlərində olmayan, həmçinin icra sənədi üzrə borclu qismində çıxış etməyən şəxsin məsuliyyətə cəlb olunması tam absurd, nə qanuna, nə də sağlam məntiqi düşüncəyə əsaslanmayan bir tələbdir. Borclu “xxxxxx” MMC-nin fəaliyyətinə yenidən təşkil deyil, məhz ləğvetmə nəticəsində xitam verildiyinə görə Ahmet Çetinin hüquq və vəzifələri, tələb və öhdəlikləri başqa hüquqi və ya fiziki şəxsə keçməmişdir, onlara bütövlükdə xitam verilmişdir. İcra məmuru isə ləğv olunmuş, heç bir əmlakı olmayan hüquqi şəxsin öhdəliklərinin faktiki olaraq Ahmet Çetinin şəxsi vəsaiti hesabına ödənilməsini tələb edir. Məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun belə bir tələbi heç cür qanuni tələb hesab oluna bilməz və belə tələbin icra edilməməsinə görə hər hansı inzibati məsuliyyətdən söhbət gedə bilməz. Yuxarıda qeyd olunan qanun normalarının tələblərinə görə, ləğv olunmuş və hər hansı əmlaka sahib olmayan hüquqi şəxsin öhdəlikləri üçün onun keçmiş müdiri cavabdeh deyildir. Əgər qanunvericilikdə belə imkan nəzərdə tutulmuş olsaydı belə, icra məmuru ilk növbədə Ahmet Çetinin barəsində inzibati xəta haqqında protokol tərtib etmək deyil, tələbin ona məxsus əmlaka və gəlirlərimə yönəldilməsi məqsədilə onların axtarışı ilə bağlı tədbirlər görməli idi. Bütün bu qeyd olunanlar isə icra məmurun hərəkətlərinin əsassız, qanunsuz, qeyri-obyektiv və gərəzli olduğunu bir daha təsdiq edir. Ahmet Çetin icra sənədinin icrasından qərəzli olaraq yayınmamışdır və onun əməlində inzibati xəta tərkibi yoxdur. Ancaq nədənsə icra məmuru qeyd edilən hallara əhəmiyyət vermədən Ahmet Çetinin barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Göstərilənlərə əsasən A.Çetinin əməlində inzibati xəta tərkibi olmadığı üçün barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs zərərçəkmiş şəxs (tələbkar) İ.İ.Qasımov “xxxxxx” MMC-nin qanuni təmsilçisi Ahmet Çetinin icra sənədinin icrasından qərəzli yayınmasını bildirərək onun barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Ahmet Çetinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli, 2(103)-6489/2016 saylı icra sənədindən görünür ki, borclu “xxxxxx” MMC-dən ******* (bir milyon) ABŞ dolları tutularaq X6 ödənilməlidir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli, 2(103)-6489/2016 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni ******* ABŞ dolları məbləğində pul vəsaitinin iddiaçının xeyrinə, həmçinin Ahmet Çetindən tutulması hissəsində ləğv edilmişdir. İş materiallarında olan kommersiya qurumunun dövlət qeydiyyatının ləğv edilməsi haqqında xx xxxxxx 2016-cı il tarixli, **********59 nömrəli bildirişdən görünür ki, “xxxxxx” MMC xx xxxxxx 2016-cı il tarixdə ləğv edilmiş və həmin qurum Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli, 2(103)-6489/2016 saylı icra sənədinə əsasən borclu “xxxxxx” MMC-dən ******* (bir milyon) ABŞ dolları tutularaq İ.İ.Qasımova ödənilməlidir. İcra sənədinin icrasına xx xxx 2017-ci il tarixli qərarla başlanılmış və borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Bundan sonra icra məmuru hər hansı araşdırma aparmadan Ahmet Çetinin barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Belə ki, məhkəmə iclasında Ahmet Çetinin qeyd olunan icra sənədindən məlumatlı olması və ya tələbin könüllü icrası haqqında bildirişin ona çatdırılması (təqdim edilməsi) barədə hər hansı sənəd təqdim edilməsi icra məmuruna təklif edilsə də, icra məmuru qeyd edilən sənədi təqdim edə bilməmişdir. Həmçinin icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib edilməmişdən öncə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı alınmamış və Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli, 2(103)-6489/2016 saylı qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsinin ******* ABŞ dolları məbləğində pul vəsaitinin iddiaçının xeyrinə, həmçinin Ahmet Çetindən tutulması hissəsində ləğv edilməsi araşdırılmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı borclu «xxxxxx» MMC-nin qanuni təmsilçisi Ahmet Çetinin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddüalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs «xxxxxx» MMC-nin qanuni təmsilçisi Ahmet Çetinin əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. İcra məmuru isə yalnız tələbkarın təkidləri və öz subyektiv mülahizələrinə əsasən Ahmet Çetinin barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs «xxxxxx» MMC-nin qanuni təmsilçisi Ahmet Çetinin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «xxxxxx» MMC-nin qanuni təmsilçisi Ahmet Çetinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar