Məhkəmə qərarları › İş №3(004)-154/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-154/2023

12.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-154/2023 12.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi, Azərbaycan Respublikası Prokurorluğu Bakı Şəhəri Yasamal Rayon Prokurorluğunun nümayəndəsi X8, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası X14 nümayəndəsi X3 iştirakları ilə, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası X14 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1 və 215.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası X14 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1 və 215.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 23 dekabr 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 23 dekabr 2022-ci il tarixli qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, 02 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri Yasamal rayon polis idarəsinin 29-cu polis şöbəsindən rayon prokurorluğuna X5 həmin tarixdə müalicə olunduğu Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının reanimasiya şöbəsində ölməsi barədə məlumat daxil olmuşdur. Material üzrə rayon prokurorluğunda aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun mamalıq-ginekologiya kafedrasının əməkdaşları Ak. M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının inzibati binasında praktiki tibbi fəaliyyətlə məşğul olmağa icazə verən sertifıkasiya şəhadətnaməsi olmadan faktiki olaraq həkim-ginekoloq işləyərək doğuşlar qəbul etmişlər. X6 faktiki olaraq qanunverciliyə uyğun olaraq mamalıq-ginekologiya ixtisası üzrə sertifikasiyadan keçməyən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə.Əliyev adına X1 mamalıq və ginekologiya kafedrasında dosent vəzifəsində işləməklə publik hüquqi şəxs olan Ak. M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında həkim-ginekoloq kimi fəaliyyət göstərərək doğuşları qəbul etmiş, bununla da həmin hüquqi şəxs tərəfindən qanunverciliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin praktik tibb fəaliyyətinə buraxılması inzibati xətasına yol verilmişdir. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası X17 tərəfindən X6 ilə yazılı əmək müqaviləsi bağlanmadan və müvafiq sertifikasiyadan keçmədən işə cəlb edilmişdir. Ona görə də, Ak.M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası publik hüquqi şəxs, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə yanaşı, həm də həmin Məcəllənin 192.1-ci maddəsi ilə müəyyən edilmiş inzibati xətanın törədilməsinə görə inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Prokurorluğu Bakı Şəhəri Yasamal Rayon Prokurorluğunun nümayəndəsi X13 inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı müdafiə edərək bildirmişdir ki, aparılmış araşdırma zamanı Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası X17 tərəfindən X6 ilə yazılı əmək müqaviləsi bağlanmadan və müvafiq sertifikasiyadan keçmədən işə cəlb edilmişdir. Göstərilənlərə əsasən Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası X17 barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası X14 nümayəndəsi X7 bildirmişdir ki, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar əsassız olmaqla iş üzrə icraata xitam verilməlidir. Belə ki, X6 həqiqətəndə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirinin 01 oktyabr 2018-ci il tarixli 69 nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Əziz Əliyev adına Azərbaycan Dövlət X2 həkimlərin təkmilləşdirilməsi məqsədi ilə klinik bazalarda təcrübə keçmələri təmin edilməlidir. Buna görə də X4 Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası X15 fəaliyyət göstərməsi qanunazidd deyildir. Bundan əlavə X6 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşı olduğundan onun müvafiq sertifikasiyadan keçirilməməsinə görə məsuliyyətidə həmin qurum daşımalıdır. Göstərilənlər nəzərə alınmaqla iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası X14 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1 və 215.4-cü maddələrində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İnsan resursları şöbəsinin 16 dekabr 2022-ci il tarixli, 1.3-2-2022-21418 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, X6 mamalıq-ginekologiya ixtisası üzrə sertifikasiyadan keçməmişdir. İş materiallarında olan sənədə baxış keçirilməsi barədə 02 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Ak.M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası X15 “stasionarda doğuşların qeydiyyat kitabına baxış keçirilmiş və X6 06 sentyabr 2022-ci il tarixdən 28 oktyabr 2022-ci il tarixədək olan müddət ərzində, yəni, mamalıq-ginekologiya ixtisası üzrə sertifıkasiya şəhadətnaməsi olmadan həmin xəstəxanada doğuşlar qəbul etmiş, o cümlədən 0093326, 0093368, 0093437, 0093628, 0093638, 0093893, 0093932, 0093935, 0093965, ******* nömrəli xəstəlik tarixləri üzrə doğuşları qəbul etmiş həkimginekoloq qismində onun adı qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin 23 dekabr 2022-ci il tarixli, ********** nömrəli məktubu ilə müəyyən edilmişdir ki, X6 18 oktyabr 2011-ci il tarixdən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə.Əliyev adına X2 mamalıq və ginekologiya kafedrasında işləməklə sonuncu dəfə əmək müqaviləsi 22 aprel 2022-ci il tarixdə X12 Xidmətinin elektron sisteminə əlavə edilmiş, adıçəkilən şəxsin Ak.M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası publik hüquqi şəxsdə işləməsinə dair əmək müqaviləsi isə ümumiyyətlə olmamışdır. İş materiallarında olan X6 tərəfindən verilmiş izahatdan görünür ki, 06 sentyabr 2022ci il tarixdən 20 oktyabr 2022-ci il tarixədək olan müddət ərzində Ak.Mirqasımov adına Respublika Klinik xəstəxanasında 10 dəfə ayrı-ayrı hamilə qadınları doğuşlara qəbul etmişdir. Həkim-ginekoloq işləməyi üçün müvafiq sertifikasiya şəhadətnaməsi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirinin 01 oktyabr 2018ci il tarixli 69 nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun klinik bazalarında keçirilən konsiliumlara, klinik və ölüm hallarının araşdırılmasına kafedraların professormüəllim heyəti cəlb edilməlidir. Bundan əlavə həkimlərin təkmilləşdirilməsi məqsədi ilə klinik bazalarda təcrübə keçmələri təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası X17 tərəfindən müvafiq sertifikasiyadan keçməmiş X6 ilə Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq əmək müqaviləsi bağlanmadan işə cəlb edilmişdir. Bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən isə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası X14 əməlində inzibati xətanın əlamətlərinin olması müəyyən edildiyindən sonuncunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1 və 215.4-cü maddələri ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin məcəllənin 44.1-ci maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Həmin məcəllənin 44.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Həmin məcəllənin 44.3-ci maddəsinə əsasən müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Həmin məcəllənin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 215.4-cü maddəsinə əsasən Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə - vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası X14-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan biri digərini tamamlayan sübutlar ilə öz təsdiqini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirinin 01 oktyabr 2018-ci il tarixli 69 nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Əziz Əliyev adına Azərbaycan Dövlət X2 həkimlərin təkmilləşdirilməsi məqsədi ilə klinik bazalarda təcrübə keçmələri təmin edilmişdir. Lakin iş materiallarında görünür ki, X6 təcrübə keçməhdən əlavə doğuşlar qəbul etmişdir. Beləliklə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası X17 ilə X6 arasında Azərbaycan Respunlikası Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsi cəlb edilməsi və müvafiq sertifikasiya keçməməsi sübuta yetirilir. Bununla da, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası X17 bir işəgötürən kimi qanunvericiliklə onun üzərinə qoyulmuş öhdəliklərə əməl etməmiş, bununla da əmək qanunvericiliyinin tələblərini pozmaqla yanaşı, inzibati xətaya da yol vermişdir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası X14 əməlində məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası X14 əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası X14 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası X14 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi nəzərə alınmaqla həmin Məcəllənin 192.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası X17 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, həmin məcəllənin 34.3-cü maddəsi nəzərə alınmaqla Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası X17 barəsində 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar