Məhkəmə qərarları › İş №3(004)-1540/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1540/2020

07.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1540/2020 07.07.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əkbərli Günel Bəkir qızının sədrliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 428.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş protokolu və ona əlavə olunmuş sənədləri işin məhkəmədə baxılmağa hazırlanması zamanı nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 428.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş 24 iyun 2020-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəməyə təqdim edilmiş protokoldan görünür ki,Şəxs MMC tərəfindən mülkiyyətində olan “Fiat Doblo” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərində yerləşdirilmiş reklamın icazə müddəti bitmişdir. Bununla da,müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və nəqliyyat vasitələrində reklam yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitəsində reklam yayılmasına görə Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 428.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin DYPŞ-si tərəfindən protokol tərtib edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, protokol düzgün tərtib edilmədiyindən və ona əlavə edilmiş material natamam olduğundan, işə baxılarkən qeyd olunan nöqsanları aradan qaldırmaq mümkün olmadığından Şəxs MMCnin barəsində Azərbaycan Respublikası İXM-nin 428.5-ci maddəsi ilə tərtib olunmuş 24 iyun 2020-ci il tarixli AP seriyalı ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlər Yasamal RPİ-nin DYPŞ-nə geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Dövlət x2 (BDYPİ) tərəfindən 02 may 2013-cü il tarixdə verilmiş AB seriyalı 849033 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən edilir ki, “Fiat Doblo” (minik) markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hüquqi şəxs “xxxxxxxx” MMC-nin mülkiyyətində olmaqla dövlət reyestrində onun adına qeydə alınmışdır. İş materiallarında olan “xxxxxxxx” MMC tərəfindən verilmiş 16 aprel 2020-ci il tarixli minik avtomobili üçün yol vərəqəsinin surətindən müəyyən edilir ki, həmin Cəmiyyətin mülkiyyətində olan “Fiat Doblo” (minik) markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 16 iyun 2020-ci il tarixədək idarə etmək hüququ ilə sürücü Təbriz İbrahimlinin istifadəsinə verilmişdir. Qeyd edilən yol vərəqəsi mülkiyyətçi “xxxxxxxx” MMC-nin direktorunun imzası və möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ-si tərəfindən verilmiş AA seriyalı 001131 nömrəli “Nəqliyyat vasitələrində yerləşdirilən reklama dair texniki şərtlər pasportu”nun surətindən müəyyən edilir ki, reklamyayıcısı olan “Fiat Doblo” (minik) markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi “xxxxxxxx” MMC ilə “Climaservice” məzmunlu reklamın yayılmasına icazə verilməsi məqsədilə 22 iyun 2020-ci il tarixli 016t/R-1618 nömrəli müqavilə bağlanmışdır. İş materiallarından həmçinin müəyyən edilir ki, Şəxs MMC-nin nümayəndəsi Yasamal RPİ-nin DYPŞ-i tərəfindən Azərbaycan Respublikası İXM-nin 428.5-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata cəlb edilərək Cəmiyyət barəsində protokol tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin nəzdində olan x1 “Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında” çıxarışından görünür ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin (VÖEN **********) hüquqi ünvanı ünvan 1 törədilməsi iddia edilən inzibati xətanın bilavasitə obyekti olan “Fiat Doblo” (minik) markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi və eyni zamanda reklamyayıcısı olan “xxxxxxxx” MMC-nin hüquqi ünvanı isə ünvan 2 mənzil 25-dir. Beləliklə hazırki işin hallarından müəyyən edilir ki, Yasamal RPİ-nin DYPŞ-i tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 428.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 24 iyun 2020-ci il tarixli AP seriyalı ******* nömrəli protokoltərtib edilmiş və protokolda törədilməsi iddia edilən inzibati xətanın obyekti olaraq “Fiat Doblo” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi göstərilmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 428.5-ci maddəsinin dispozitiv şərtlərindən görünür ki, nəqliyyat vasitəsinə qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla reklam yerləşdirilməsinə görə həmin xətanın tərkibi yaranır. Belə olan halda həmin inzibati xətanın obyekti qismində reklam yerləşdirilmiş nəqliyyat vasitəsi çıxış etdiyindən, xətanın subyekti yalnız nəqliyyat vasitəsinin mülkiyyətçisi və ya sahibi ola bilər. Dolayısı ilə Azərbaycan Respublikası İXM-nin 428.5-ci maddəsi ilə yalnız qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla reklam yerləşdirmiş nəqliyyat vasitəsinin mülkiyyətçisi və ya qanuni sahibi inzibati məsuliyyətə cəlb oluna bilər. İş materiallarından isə müəyyən edilir ki, protokolda törədilməsi iddia edilən inzibati xətanın obyekti olan “Fiat Doblo” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi “xxxxxxxx” MMC-dir. O cümlədən, nəqliyyat vasitələrində reklam yerləşdirilməsinə icazə verən müvafiq səlahiyyətli qurum olan Azərbaycan Respublikası DİN-nin BDYPİ-si ilə sözügedən nəqliyyat vasitəsinin mülkiyyətçisi “xxxxxxxx” MMC arasında reklam yerləşdirilməsinə icazə verilməsinə dair 22 iyun 2020-ci il tarixli 016t/R- 1618 nömrəli müqavilə bağlanmış və həmin müqavilədə reklamyayıcısı “xxxxxxxx” MMC qeyd edilmişdir. Göründüyü kimi, Yasamal RPİ-nin DYPŞ-i tərəfindən tərtib edilmiş protokolda törədilməsi iddia edilən inzibati xətanın subyekti olan hüquqi şəxs düzgün müəyyən edilməmişdir. Yəni, “Fiat Doblo” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi “xxxxxxxx” MMC barəsində deyil, xeyrinə reklam yayımlanmış Şəxs MMC-nin barəsində protokol tərtib edilmişdir. Göstərilənlərlə yanaşı protokol tərtib etmiş Yasamal RPİ-nin DYPŞ-i tərəfindən məhkəmə aidiyyəti qaydaları pozulmuşdur. İş materiallarından görünür ki, reklam yayıcısı “xxxxxxxx” MMC-nin hüquqi ünvanı Bakı şəhəri Qaradağ rayon ərazisində, Şəxs MMC-nin hüquqi ünvanı isə Ağstafa şəhərində yerləşir. Yəni törədilməsi iddia edilən inzibati xətanın subyekti ola biləcək hüquqi şəxslərdən heç birinin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayon ərazisində yerləşmədiyindən qeyd edilən işə hazırki məhkəmədə baxıla bilməz. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 51-ci maddəsinə əsasən hüquqi şəxsin daimi fəaliyyət göstərən orqanının, siyasi partiyada rəhbər orqanlarının qərargahının yerləşdiyi yer hüquqi şəxsin olduğu yer sayılır. Azərbaycan Respublikası “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanununun 12.10-cu maddəsinə əsasən dövlət qeydiyyatının ərazi aidiyyəti hüquqi şəxsin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının hüquqi ünvanı əsasında müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən cavabdeh hüquqi şəxsə iddia ərizəsi hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 33.1-ci maddəsinə əsasın Vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər, olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır. Yuxarıda qeyd edilən qanunvericilik normalarının məzmunundan görünür ki, hüquqi şəxsin olduğu yer onun dövlət reyestrində qeydə alındığı hüquqi ünvanı hesab edilir. Odur ki, Azərbaycan Respublikası İXM-nin 428.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə, onun törədildiyi yer hesab edilən hüquqi şəxsin hüquqi ünvanının yerləşdiyi yerin rayon məhkəmələrində baxılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, yuxarıda qeyd edilən nöqsanlar aradan qaldırılmadan və mövcud ziddiyyətlər işin hazırlıq mərhələsində müəyyənləşdirilmədən işə məhkəmədə baxılması qeyri-mümkündür. Odur ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 428.5-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Yasamal RPİ-nin DYPŞ-i tərəfindən tərtib edilmiş24 iyun 2020-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib edilmədiyindən, eyni zamanda ona əlavə edilmiş sənədlər natamam olduğundan və mövcud natamamlıqları işə baxılarkən tamamlamaq mümkün olmadığından protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş Yasamal RPİ-nin DYPŞ-nə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 100, 106-110, 114 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş24 iyun 2020-ci il tarixli AP seriyalı ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlər Yasamal RPİ-nin DYPŞ-nə geri qaytarılsın. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar