Məhkəmə qərarları › İş №3(004)-1543/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1543/2021

28.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1543/2021 28.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X3 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin (RPİ) X9 Şöbəsi (DYPŞ) tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş 25 iyun 2021-ci il tarixli, AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş 25 iyun 2021-ci il tarixli, AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC mülkiyyətində (istifadəsində) olan “Nissan Sentra” (minik) markalı, **-AH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Bununla da, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi X4 izahatında göstərmişdir ki, Şəxs MMC-nin mülkiyyətində olan “Nissan Sentra” (minik) markalı, **-AH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cəmiyyət tərəfindən verilmiş etibarnaməyə əsasən X5 tərəfindən idarə olunur. Gələcəkdə elektron qaydada qeydə alınması ehtimal edilən xətaların rəsmiləşdirilməsi ilə bağlı Cəmiyyət tərəfindən nəqliyyat vasitəsinin sürücüsü barədə məlumatlar X2 yerləşdirilməsindən ötrü 12 fevral 2021-ci il tarixdə rəsmi qaydada məktubla DİN BDYPİ-yə təqdim edilmişdir. Buna dair sənədləri məhkəməyə təqdim edən X4 Cəmiyyət barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə tərtib edilmiş protokol əsasında başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Verilmiş sual əsasında isə o, bildirmişdir ki, Yasamal RPİ-nin DYPŞ tərəfindən Cəmiyyətə göndərilmiş sorğu onlara ümumiyyətlə, çatdırılmamışdır. İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin, protokol tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulan xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin Şəxs MMC-yə ünvanladığı sorğu məzmunlu məktubdan görünür ki, 08.05.2021-ci il tarixdə saat 16:02-də Cəmiyyətin mülkiyyətində (istifadəsində) olan “Nissan Sentra” (minik) markalı, **-AH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü tərəfindən Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Qeyd olunan məktubla avtomobili idarə etmiş sürücü barədə məlumat verilməsi xahiş edilmiş, eyni zamanda həmin məlumatların 5 gün müddətində verilməməsinə görə hüquqi şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan “SS727600064AZ” ştrix kodlu xəbərnamə, azerpost.az vebsaytından poçt göndərişlərinin izlənməsinə dair çıxarış və "xxxx" MMC-yə ünvanlanmış sorğuya daxil olmuş 17 iyul 2021-ci il tarixli 103-5-22-1-2337 nömrəli cavab məktubu məhkəmə tərəfindən müqayisəli şəkildə tədqiq edilərkən aşağıdakılar müəyyən olundu: 1)İş materiallarında olan poçt göndərişinin çatdırılması haqqında “SS727600064AZ” ştrix kodlu xəbərnamədən görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin yuxarıda qeyd olunan sorğusu 08 iyun 2021-ci il tarixdə Şəxs MMC-nin ad və soyadı qeyd edilməmiş əməkdaşı tərəfindən imzalanmaqla qəbul edilmişdir. 2) azerpost.az veb-saytından poçt göndərişlərinin izlənməsinə dair çıxarışdan isə görünür ki, eyni ştrix kodlu xəbərnaməli məktub 11 iyun 2021-ci il tarixdə Şəxs MMC-yə rəsmi qaydada çatdırılmışdır. 3) Məhkəmə tərəfindən "xxxx" MMC-yə ünvanlanmış sorğuya daxil olmuş 17 iyul 2021-ci il tarixli 103-5-22-1-2337 nömrəli cavab məktubundan müəyyən edilir ki, “SS727600064AZ” saylı sifarişli xəbərnaməli məktub 02.06.2021-ci il tarixdə 122 saylı poçt şöbəsində (AZ1122) qəbul olunaraq ünvanı üzrə göndərilmişdir. Həmin məktub 07.06.2021-ci il tarixdə xidmət ərazisi üzrə 100 saylı PŞ-yə daxil olmuş, 11.06.2021-ci il tarixdə müvafiq sənədə imza etdirməklə "KARİM” MMC-nin nümayəndəsinə təqdim olunmuşdur. Lakin nə “SS727600064AZ” ştrix kodlu xəbərnamədən, nə də "xxxx" MMC-yə ünvanlanmış sorğuya daxil olmuş cavabdan sorğunun konkret olaraq kimə, yəni Şəxs MMC ilə hüquqi bağlılığı olan hansı şəxsə təhvil verildiyini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda, sözügedən sənədlər əsasında sorğunun konkret olaraq hansı tarixdə Cəmiyyətə çatdırılmasını dəqiq müəyyən etmək mümkün olmamışdır. Belə ki, Şəxs MMC-nin nümayəndəsi tərəfindən imzalanmaqla qəbul edilməsi ehtimal edilən xəbərnamədən sorğunun 08 iyun 2021-ci il tarixdə, azerpost.az veb-saytından poçt göndərişlərinin izlənməsinə dair çıxarışdan və "xxxx" MMC-yə ünvanlanmış sorğuya daxil olmuş 17 iyul 2021-ci il tarixli 103-5-22-1-2337 nömrəli cavab məktubundan isə sorğunun 11 iyun 2021-ci il tarixdə Cəmiyyətə rəsmi qaydada çatdırıldığı müəyyən edilir. Göründüyü kimi, sorğunun çatdırılması tarixində ziddiyyət mövcuddur. Göstərilənlərə əsasən, Yasamal RPİ-nin DYPŞ tərəfindən göndərilən sorğunun ünvana həqiqətən də çatdırılıb-çatdırılmaması, əgər çatdırılmışdırsa Cəmiyyətlə hüquqi bağlılığı ola biləcək şəxsə çatdırılmasına dair məhkəmədə kifayət qədər şübhələr yaranır. Eyni zamanda, iş materiallarından müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı təmin edilməmiş, onun hüquq və vəzifələri izah edilməmiş, protokolda hüquqi şəxsin izahatı qeyd edilməmiş, eləcə də protokolun surətinin hüquqi şəxsə təqdim edilməsinə dair qeyd aparılmamışdır. Halbuki, Azərbaycan Respublikası İXM-nin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Odur ki, göstərilənlərə əsasən məhkəmə iş materiallarında olan ziddiyətləri barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "KARİM” MMC-nin xeyrinə həll edərək belə nəticəyə gəlir ki, Yasamal RPİ-nin DYPŞ-nin sözügedən sorğusu onun olduğu yer hesab edilən hüquqi ünvanına rəsmi qaydada çatdırılmamış, həmin sorğunun Cəmiyyətin faktiki ünvanına çatdırılmasına dair DYPŞ-nin irəli sürdüyü dəlillər ehtimallara əsaslanmaqla sorğunun Cəmiyyətlə nə kimi hüquqi bağlılığı olan şəxsə çatdırılmasına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Qeyd olunan ziddiyyətlərə baxmayaraq, "KARİM” MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsinə dair 25 iyun 2021-ci il tarixli protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin tələblərinə görə mövcud şübhələr barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə həll edilərək məhkəmə hesab edir ki, hüquqi şəxs "KARİM” MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olması sübuta yetirilmir. Bundan başqa, Şəxs MMC-nin qanuni təmsilçisi Rəsul Hüseynov tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərlə Yasamal RPİ-nin DYPŞ-nin protokola əlavə etdiyi sorğu məhkəmə tərəfindən tədqiq edildikdə müəyyən edildi ki, Yasamal RPİ-nin DYPŞ tərəfindən Cəmiyyətə ünvanlanmış sorğu ilə 08 may 2021-ci il tarixdə “Nissan Sentra” markalı, **-AH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs barədə məlumat verilməsi xahiş edilmişdir. Məhkəməyə Rəsul Hüseynov tərəfindən təqdim edilmiş 12 fevral 2021-ci il tarixli, 07/07-106 nömrəli etibarnamə və DİN BDYPİ-yə ünvanlanmış məktubdan isə müəyyən edilir ki, Şəxs MMC-nin balansında olan “Nissan Sentra” (minik) markalı, **-AH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edən şəxs barədə məlumatlar 12 fevral 2021-ci il tarixdə DİN BDYPİ-yə rəsmi qaydada göndərilmişdir. “REG” poçt və kuryer xidmətinin poçt göndərişinin çatdırılmasına dair qəbzindən isə görünür ki, məktub elə həmin tarixdə, yəni 12 fevral 2021-ci il tarixdə DİN BDYPİ-yə rəsmi qaydada çatdırılmışdır. Buna baxmayaraq, Cəmiyyət barəsində Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsi haqqında 25 iyun 2021-ci il tarixli, AP seriyalı ******* nömrəli protokol tərtib olunmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın tərkibinin yaranması üçün səlahiyyətli qurum tərəfindən hüquqi şəxsə müvafiq sorğunun göndərilməsi üçün yaranmış zərurətin obyektiv və subyektiv səbəbləri araşdırılmalıdır. Yəni dolayısı ilə səlahiyyətli qurum tərəfindən sözügedən sorğunun göndərilməsi üçün zərurət yaranmamışdırsa və protokol tərtib etmiş qurum xətanı törətmiş nəqliyyat vasitəsinin sürücü barədə məlumatlı olmasına baxmayaraq, yəni hər hansı zərurət olmadan səlahiyyətlərindən sui-istifadə hallarına yol verməklə sorğu verərsə və bu sorğuya qanunla müəyyən edilmiş müddətdə cavab verilməməsinə görə hər hansı bir şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə ki, Azərbaycan Respublikası İXM-nin 123.1-ci maddəsinə görə həmin Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. 123.2-ci maddəyə görə isə hüquqi şəxsin (dövlət qurumunun) müvafiq vəzifəli şəxsi sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verməlidir. 123.3-cü maddəyə görə Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi həmin Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin müvafiq vəzifəli şəxsi isə sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana məlumat verməlidir. Qeyd olunmalıdır ki, İXM-nin tələblərinə görə inzibati xətanın törədilməsi zamanı hüquqi şəxsin mülkiyyətində olan nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə, yəni son istifadəçi barədə məlumat müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində mövcud olduqda həmin hüquqi şəxsə səlahiyyətli orqan tərəfindən bu barədə sorğu verilməsi, həmçinin artıq sistemdə məlumat mövcud olmasına baxmayaraq verilmiş sorğuya cavab verilməməsinə görə hüquqi şəxs barədə məsuliyyət nəzərdə tutulmamışdır. Hazırki işin faktiki hallarından müəyyən edilmişdir ki, sorğunun verilməsinə əsas olmuş xəta 08 may 2021-ci il tarixdə törədilmiş, lakin həmin nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edən sürücü barədə məlumatlar 12 fevral 2021-ci il tarixdə rəsmi qaydada DİN BDYPİ-yə təqdim edilmişdir. Göründüyü kimi, Yasamal RPİ-nin DYPŞ mərkəzi informasiya sistemində xətanı törətmiş nəqliyyat vasitəsinin sürücü barədə məlumat olmasına baxmayaraq, lüzumsuz olaraq inzibati xəta haqqında protokol tərtib etmişdir. Göstərilənlərlə yanaşı qeyd edilir ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş Şəxs MMC-yə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) və ona istinad edilən inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. Ona görə də, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Yasamal rayon Polis İdarəsinin X9 Şöbəsi tərəfindən tərtib edilmiş 25 iyun 2021-ci il tarixli, AP seriyalı ******* nömrəli protokol əsasında Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar