Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1562/2021 14.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X5 iclas katibliyi, X1nun iştirakı ilə, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 346.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) tərəfindən qəbul edilmiş 29 iyun 2021-ci il tarixli EQ seriyalı ******* nömrəli qərardan verilmiş şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayətlə Yasamal Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş 29 iyun 2021-ci il tarixli EQ seriyalı ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. X1 ərizəsini onunla əsaslandırmışdır ki, 29 iyun 2021-ci il tarixdə saat 16:34 radələrində idarə etdiyi **-DP-*** dövlət qeydiyyat nişanlı “HYUNDAİ TUCSON” (minik) markalı nəqliyyat vasitəsini hər hansı dayanma və durmanın qadağan edilməsinə dair yol nişanın olmadığı Bakı şəhəri, X8 37D ünvanında saxlamışdır. Bu vaxt, “BMW” markalı **- YP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində xidmət edən Yasamal RPİ-nin DYPŞnin əməkdaşı ona yaxınlaşıb “Yol hərəkəti haqqında” Qanuna müvafiq olaraq dayanma və durmanın qadağan edildiyi ərazidə nəqliyyat vasitəsini saxlanmasını əsas gətirərək onun idarə etdiyi nəqliyyat vasitəsinin şəklini əlində olan planşet vasitəsilə çəkmişdir. O, barəsində tərtib edilmiş elekton protokolla razılaşmadığını bildirdikdə, Yasamal RPİ-nin DYPŞ-nin əməkdaşı ona narazı olduğu təqdirdə şikayət edə biləcəyini deyib onun barəsində İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinməsi və ona 20 manat məbləğində cərimə tənbeh tədbirinin tətbiq edilməsinə dair qərar qəbul edilmişdir. X6 göstərilənlərə əsasən, barəsində Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş 29 iyun 2021-ci il tarixli EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, ona təyin edilmiş cərimə məbləğinin X2 silinməsini və barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə ictaata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X1 şikayətin dəlillərinə uyğun izahat verərək şikayətinin təmin edilməsini, barəsində Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən elektron qaydada qəbul edilmiş 29 iyun 2021-ci il tarixli EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, eyni zamanda barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və qərar əsasında ona hesablanmış cərimənin Azərbaycan Respublikası DİN BDYPİ-nin X2 silinməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Qərarından şikayət verilmiş Azərbaycan Respublikası DİN BDYPİ-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq qurumun səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, onun gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmiş və işə baxılmasının təxir edilməsinə dair hər hansı vəsatət məhkəməyə daxil olmamışdır. Beləliklə, məhkəmə işə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə uyğun olaraq qərarından şikayət verilmiş orqanının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş 29 iyun 2021-ci il tarixli EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, sürücü X6 29 iyun 2021-ci il tarixdə, saat 16:34-də idarə etdiyi “HYUNDAİ TUCSON” (minik) markalı **-DP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri Yasamal rayonu X8 küçəsi 37 D ünvanında “Yol hərəkəti haqqında” Qanunun tələblərinə əsasən durma qaydalarını pozmasına görə həmin qərarla Azərbaycan Respublikasının İXM-nin 346.1-ci ilə təqsirli bilinərək barəsində 20 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, qeyd olunan 29 iyun 2021-ci il tarixli EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar xətanın aşkar edilməsindən dərhal sonra qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, X3 əməlində Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olmasına dair inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar onun etirazı nəzərə alınmadan dərhal sonra qəbul edildiyindən, yəni İXM-nin 124.3-cü maddəsinin tələbi pozulduğundan şikayət qismən təmin edilməli, X3 barəsində Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən elektron qaydada qəbul edilmiş 29 iyun 2021-ci il tarixli EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş şəxsin əməlinə hüquqi qiymət verilmədən Azərbaycan Respublikasının İXM-nin tələblərinə əməl edilməklə yenidən baxılması üçün Azərbaycan Respublikası DİN BDYPİ-yə göndərilməlidir. Həmçinin həmin qərar əsasında Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi İnformasiya sistemində X3 barəsində yerləşdirilmiş inzibati cərimə silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X3 şikayəti qismən təmin olunsun. X3 barəsində Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən elektron qaydada qəbul edilmiş 29 iyun 2021-ci il tarixli EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN BDYPİ-yə göndərilsin. Qəbul edilmiş 29 iyun 2021-ci il tarixli EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi İnformasiya sistemində X3 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-1562/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1562/2021
14.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver