Məhkəmə qərarları › İş №3(004)-1563/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1563/2021

07.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1563/2021 07.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X5 iclas katibliyi, protokol tərtib etmiş - Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X8 oğlunun, zərər çəkmiş şəxs (tələbkar) - X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1972-ci ildə Kəlbəcər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Kəlbəcər rayonu, Mollabayramlı kəndində qeydiyyatda olmaqla, faktiki olaraq Azərbaycan İnşaat Mühəndisləri Universitetinin yataqxanasının 2-ci korpus 317 nömrəli otaqda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal rayon İcra şöbəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş 07 iyul 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-161/2018 nömrəli, 17 yanvar 2018-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 17.000 (on yeddi min) manat məbləğində borc və həmçinin ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq tələbkar X2 ödənilməlidir. Şəxs dəfələrlə xəbərdarlıq olunmasına və izahatlarının alınmasına baxmayaraq icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinin yerinə yetirilməsindən üzrsüz səbəbdən boyun qaçırmışdır. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci (məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs protokolla tanış olaraq imzalamışdır. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X6 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-161/2018 nömrəli, 17 yanvar 2018-ci il tarixli qətnaməsinə əsasən borclu Şəxs 17.000 (on yeddi min) manat məbləğində borcun tutularaq tələbkar X2 ödənilməsi qət edilmişdir. Həmin qətnaməyə əsasən verilmiş icra sənədi üzrə 03 aprel 2018-ci il tarixli qərarla icraata başlanılmış, həmin qərar, tələbin könüllü icrası üçün bildiriş və icra sənədinin surətləri birlikdə icra edilməsi üçün borclu Şəxs göndərilmişdir. Məhkəmənin qətnaməsindən apellyasiya və kassasiya instansiyası məhkəmələrinə verilmiş şikayətlər təmin edilməmiş, qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bundan sonra icra sənədi üzrə tələbin könüllü icrasına dair bildiriş 09 aprel 2019-cu il tarixdə borclu Şəxs imza etməklə təqdim edilmiş və o, icra sənədinin qanunla müəyyən edilmiş vaxtda icra edilməməsinə görə məsuliyyət barədə yazılı şəkildə xəbərdar edilmişdir. Məcburi icra tədbirləri zamanı onun mülkiyyətində hər hansı bir əmlakı aşkar edilməmiş, yalnız 2-ci qrup əlillik dərəcəsi ilə bağlı 259 manat təqaüd alması müəyyən edilmişdir. Şəxs barəsində əvvəllər də İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilməsinə baxmayaraq, məhkəmə baxışı zamanı o, borcunun pensiyasına yönəldilməsi ilə bağlı Kəlbəcər Rayon Məhkəməsinə ərizə ilə müraciət etdiyini bildirmişdir. Qeyd olunan əsasa görə Yasamal Rayon Məhkəməsinin 10 fevral 2020-ci il tarixli 3(004)-638/2020 nömrəli qərarı ilə protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Daha sonra Şəxs hazırkı borcunun hissə-hissə ödənilməsi və borcunun onun təqaüdünə yönəldilməsi ilə bağlı Kəlbəcər Rayon Məhkəməsinə verdiyi ərizəsi əsassız hesab edilərək rədd edilmişdir. İcra məmuru X6 əlavə olaraq qeyd etmişdir ki, icra sənədinin icrası zamanı Şəxs şöbəyə də eyni məzmunlu ərizə ilə müraciət edərək borcunun onun təqaüdünə yönəldilməsini bildirməsinə baxmayaraq, araşdırma ilə müəyyən edilmişdir ki, onun “xxxx” KB ASC-yə olan kredit borcu ilə bağlı olaraq təqaüdünün 50%-nə artıq tutulma yönəldildiyindən hazırkı borcuna görə də təqaüdünə tutmanın yönəldilməsi mümkün deyildir. İcra işi üzrə icraatın uzun müddətdir başlanılmasına baxmayaraq borclu Şəxs icra sənədi üzrə hal-hazıradək borc məbləğindən ödəniş etməmişdir. Bundan başqa o, icra məmurunun çağırışlarına gəlməkdən qərəzli olaraq yayındığından barəsində axtarış elan edilmiş və axtarış qərarının icrası qaydasnda saxlanılaraq şöbəyə gətirilmişdir. Borclu İcra şöbəsində olarkən izahatları alınmış, ona yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq borcun yönəldilməsi mümkün olmayan təqaüd məbləğini əsas gətirib icra sənədini icra etməkdən üzrsüz səbəbdən boyun qaçıraraq icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməmişdir. Göründüyü kimi borclu bu hərəkətləri ilə qərəzli olaraq icra sənədini icra etməkdən, bununla bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən yayınmışdır. Buna görə də, onun barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə təqdim edilmişdir. Göstərilənlərə əsasən icra məmuru X6 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-nin 528.1-ci maddəsilə təqsirli bilinərək barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)- 161/2018 nömrəli, 17 yanvar 2018-ci il tarixli icra sənədinə əsasən borcunu ödəməkdən yayınmır. Belə ki, o, Kəlbəcər rayonundan məcburi köçkün olmaqla, hazırda Bakı şəhərində yerləşən Azərbaycan İnşaat Mühəndisləri Universitetinin yataqxanasında məskunlaşmışdır. Bundan başqa o, 2-ci qrup əlil olmaqla, ailədə yeganə qazanc əldə edən şəxsdir və əlilliyə görə 256 manat məbləğində təqaüd alır. Aldığı pensiya məbləği isə onun müalicə xərclərini və ailə üvzlərinin maddi ehtiyaclarını çətinliklə qarşılayır. Buna baxmayaraq hazırkı borcunun təqaüdünə yönəldilməsi ilə bağlı İcra şöbəsinə ərizə ilə müraciət etmiş və borc onun aylıq təqaüdünə yönəldilməklə, hal-hazıradək 1900 manatadək ödəniş edilmişdir. Hazırda isə qalan məbləği tam şəkildə ödəmək imkanı yoxdur. Şəxs göstərilən halların nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 izahatında göstərdi ki, borclu Şəxs icra sənədini uzun müddətdir ki, qərəzli olaraq icra etmir. X4 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərilən xüsusatları təkzib edərək bildirmişdir ki, həmin məlumatlar həqiqəti əks edirmir. Belə ki, icra sənədi üzrə borcdan ona heç bir məbləğdə ödəniş edilməmişdir. Həmçinin borc onun təqaüdünə yönəldilməmişdir. Borclu Şəxs borcundan ödəniş etmək əvəzinə əsassız olaraq işi yubadır və ona maddi zərər vurmaqla yanaşı mənəvi zərər vurmaqda davam edir. Odur ki, göstərilənlərə əsasən tələbkar X4 ona borcun tam şəkildə ödənilməsini tələb etdiyini, borclu ilə barışmaq və ona möhlət vermək niyyətinin olmadığını və icra sənədini qəsdən üzrsüz səbəbdən icra etməkdən yayınan Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində daha ciddi inzibati tənbeh tədbirinin təyin edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icaraat aparılan Şəxs izahatında göstərilənlərə münasibətdə icra məmuru X6 əlavə olaraq bildirmişdir ki, borclu tərəfindən hər hansı məbləğdə ödəniş edilməmiş, onun təqaüdünə isə banka olan borcuna görə tutma yönəldildiyindən hazırki borc üzrə tutmanın yönəldilməsi mümkün olmamışdır. Bundan başqa tələbkarla borclu arasında borcun bu üsulla icrasına dair razılaşma mövcud olmamışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, həmçinin icra işi üzrə materialları araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsi tam sübuta yetirilir. Belə ki, icra işi materiallarından görünür ki: -Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-161/2018 nömrəli, 17 yanvar 2018-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 17.000 (on yeddi min) manat məbləğində borc tutularaq tələbkar X2 ödənilməlidir. İcra sənədi 19 fevral 2018-ci il tarixdə verilmiş və 04 aprel 2018-ci il tarixdə icraata başlanılması haqqında qərar qəbul edilmişdir. -Gəncə Apellyasiya Məhkəməsinin 13 iyun 2018-ci il tarixli 2(104)-2011/18 nömrəli qətnaməsindən müəyyən edilir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. -Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 yanvar 2019-cu il tarixli 2(102)-249/19 nömrəli qərarından görünür ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi də dəyişdirilmədən saxlanılmışdır. - İcraata başlamaq haqqında qərar borclu Şəxs tələbin könüllü icrasına dair bildirişlə birlikdə 09 aprel 2019-cu il tarixdə rəsmi qaydada təqdim edilmiş və borcluya icra sənədinin qanunla müəyyən edilmiş vaxtda icra edilməməsinə, o cümlədən icra məmurunun qanuni tələblərinin üzrsüz səbəbdən yerinə yetirilməməsinə görə məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. - Kəlbəcər Rayon Məhkəməsinin 8(040)-27/2029 nömrəli 06 may 2019-cu il tarixli qərardadından müəyyən edilir ki, Şəxs ərizə ilə həmin məhkəməyə müraciət edərək 2(040)-161/2018 nömrəli, 17 yanvar 2018-ci il tarixli qətnaməsinin icrasının hissə-hissə yerinə yetirilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. O, ərizəsini maddi vəziyyəti, xəstəliyi və “xxxx” KB ASC-yə olan kredit borcunun olması ilə əsaslandırmışdır. Məhkəmənin qərardadı ilə ərizə əsassız hesab edilərək rədd edilmişdir. - Yasamal Rayon Məhkəməsinin 10 fevral 2020-ci il tarixli 3(004)-638/2020 nömrəli qərarından müəyyən edilir ki, hazırkı icra işi üzrə borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokola məhkəmə iclasında baxılarkən müəyyən edilmişdir ki, onun pensiyasından hər ay 50% tutularaq tələbkara ödənilməsi üçün müraciət edilmişdir. Lakin hazırki məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəməyə borcunun hissə-hissə ödənilməsinə dair hər hansı məhkəmə qərarının olmasına dair və ya tələbkarla aralarında borcun hissə-hissə ödənilməsi və ya borcun onun təqaüdünə yönəldilməsi ilə bağlı hər hansı razılaşmaya dair mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, borclu Şəxs icra sənədi üzrə icraatın uzun müddətdir ki, başlanılmasına baxmayaraq hazıradək 17.000 (on yeddi min) manat məbləğində borcdan heç bir ödəniş etməməsini, onun Kəlbəcər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında verilmiş icra sənədi üzrə öz öhdəliklərindən qəsdən üzrsüz səbəbdən yayınması kimi qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərilən xüsusatları özünü müdafiə xarakterli məlumat olaraq qiymətləndirir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.1-ci maddəsinə əsasən məhkəmə, məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, yaşını, o cümlədən xəstəliyini, Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat miqdarında cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar