Məhkəmə qərarları › İş №3(004)-158/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-158/2025

08.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-158/2025 08.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakimi Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Əlisoy Züleyxan Səlim qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsi tərəfindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir ona görə ki, Şəxs vətəndaş X3 təhqir edərək döymüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin səlahiyyətli əməkdaşı tərəfindən Şəxs barəsində tərtib edilmiş 8 yanvar 2025-ci il tarixli, MN ******* saylı protokol və toplanmış material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X6 tırtib etdiyi protokolu müdafiə edərək, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Əlavə olaraq verilmiş suala cavab qismində bildirmişdir ki, iş üzrə şahidlər dəvət edilsələr də onlar bölməyə gəlməmişlər və buna görə də ifadələri alınmamışdır. Eyni zamanda bildirmişdir ki, inzibati xəta haqqında iş üzrə şahidlərin siyahısı “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarda qeyd olunmamışdır, ona görə də hesab edir ki, şahidləri işə cəlb etmək onun vəzifəsi deyildir və o, heç kimi məcbur ifadə verməyə dəvət edə bilməzdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 bildirmişdir ki, o, Şəxs tərəfindən təhqir edilmiş və döyülmüşdür, həmin vaxt ətrafda hadisənin şahidləri olmuşdur. Ona görə də həmin şahidlərin dindirilməsi zəruridir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək və barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, o, özünü müdafiə etmişdir, əksinə X4 tərəfindən təhqirlərə məruz qalan və döyülən şəxs onun özüdür. Hadisə zamanı ətrafda bir çox şahid olmuşdur. Həmin şahidlər dindirilmədən onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ona görə də xahiş edir ki, işin ətraflı araşdırılması üçün material geri qaytarılsın və həmin şahidlərin ifadələri alındıqdan sonra yenidən əsaslı qərar qəbul edilsin. Məhkəmə tərəfləri dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialı nəzərdə keçirərək hesab edir ki, inzibati xəta haqqında material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, inzibati protokol İXM-nin 100.1.6 və 100.1.7-ci maddələrin təlbləri nəzərə alınmamaqla tərtib edilmişdir və ona görə də natamam olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinə əsasən Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. İş materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin təhqiqatçısı, polis baş leytenantı X5 qəbul etdiyi tarixi qeyd olunmayan “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, X4 və Şəxs qızının qarşılıqlı ərizələri əsasında toplanmış material üzrə cinayət tərkibi müəyyən edilmədiyindən, cinayət işi başlanması rədd edilmişdir. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə zərəçəkmiş, eləcə barəsindən inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslərin ifadələrindən müəyyən edilmişdir ki, inzibati xəta hadisəsi zamanı ətrafda həmin hadisəni görən bir çox şahid olmuş, lakin istər cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilərkən, istərsə də inzibati xəta haqqında protokol tərtib edilərkən şahidlər iş üzrə icraata cəlb edilməmiş, sadəcə dəvət edilməklə kifayətlənilmiş, onların iştirakı təmin edilərək ifadələri alınmamışdır. Məhkəmə hesab edir ki, inzibati xəta hadisəsinin baş verməsinin müəyyən edilməsi üçün şahidlərin cəlb edilməsi, onların ifadələri alınmalı və materiala sübutlar əlavə edilməlidir. Hazırki halda inzibati xəta haqqında iş üzrə material natamam olduğundan, hadisənin baş verməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə hakim işə baxılmağa hazırlanması zamanı qərardad qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələbləri pozulduğundan və təqdim edilmiş materiallar natamam olduğundan onu tərtib etmiş orqana qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37 və 109 maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair tərtib edilmiş 8 yanvar 2025-ci il tarixli, MN ******* saylı protokol ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar