Məhkəmə qərarları › İş №3(004)-1588/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1588/2021

23.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1588/2021 23.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X4 iclas katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 485.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 485.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsi tərəfindən tərtib edilmiş 30 iyun 2021-ci il tarixli 00100-1235/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Azərbaycan, ev 14, məhəllə 221 olan Şəxs MMC-nin adına 28 may 2021-ci il tarixdə saat 12:53-də LB72776/WZ5829R dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postundan keçməkıə Azərbaycan Respublikasının ərazisinə daxil olmuş və Bakı Baş Gömrük İdarəsində **********8898 nömrəli 31.05.2021-ci il tarixli gömrük bəyənnaməsi ilə bəyan edilmiş yüklərə dair mallar gömrük ərazisinə gətirilməzdən əvvəl, yəni 18 may 2021-ci il tarixdə **********1280 nömrəli qısa idxal bəyannaməsi gömrük orqanına verilmiş, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Şəxs MMC tərəfindən gömrük orqanına təhrif olunmuş malların verilməsi müəyyən edilmişdir. Belə ki, Şəxs MMC-nin ünvanına göndərilmiş mallar LB72776/WZ5829R nömrəli dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə daxil olmuş, **********8898 sorğu nömrəli 31.05.2021-ci il tarixli gömrük bəyannaməsində nəqliyyat vasitəsinin nömrəsi LB72776/WZ5829R bəyan edilmiş, lakın şirkət tərəfindən eyni mallara dair gömrük orqanına təqdim edilmiş **********1280 nömrəli qısa idxal bəyannaməsində malların gətirildiyi nəqliyyat vasitəsinin nömrəsi LB53379/WZ5829R qeyd olunmuşdur. Bununla da, Cəmiyyətin əməlində Azərbaycan Respublikası İXM-nin 485.1-ci maddəsinin tərkib əlamətləri aşkar edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-yə və protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə, eyni zamanda “Elektron Məhkəmə Sistemi” vasitəsi ilə sms-bildirişləri göndərilmişdir. Lakin, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin və protokol tərtib etmiş qurumun nümayəndələri məhkəmə iclasına gəlməmiş və tərəflərindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3 və 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin və protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 485.1ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Qida Məhsullarının Rəsmiləşdirilməsi şöbəsinin rəisi tərəfindən tərtib edilmiş 31 may 2021-ci il tarixli raportdan görünür ki, Şəxs MMC-nin adına 28.05.2021-ci il tarixində LB72776/WZ5829R dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş və **********8898 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yük üçün əvvəlcədən təqdim edilmiş qısa idxal bəyannaməsinin 21-ci qrafasında qeyd olunan dartıcının nömrəsi ilə GB-nin 18-ci qrafasında qeyd olunan dartıcının nömrəsi arasında uyğunsuzluq müəyyən edilmişdir. İş materiallarında olan 31.05.2021-ci il tarixli **********8898 nömrəli gömrük bəyannaməsindən görünür ki, Polşa Respublikasından yük göndərən “LOGWİN AİR OCEAN POLAND Sp z.o.o PYASEÇNO/POLŞA ORİFLAME COSMETİCS GLOBAL S.A” şirkəti tərəfindən Şəxs MMC-nin ünvanına ümumi dəyəri 154271,47 (yüz əlli dörd min iki yüz yetmiş bir avro, qırx yeddi sent) Avro təşkil edən 1865,12 kq çəkidə mallar 28 may 2021-ci il tarixdə ölkə ərazisinə daxil olmuşdur. Həmin gömrük bəyannaməsinin 18-ci qrafasında göndərən ölkədən çıxan nəqliyyat vasitəsinin eyniləşdirmə nömrəsi LB72776/WZ5829R kimi qeyd edilmişdir. Göründüyü kimi, bəyannamədə göstərilən yüklər ölkə ərazisinə LB72776/WZ5829R qeydiyyat nişanlı nəqliyyat vasitəsilə daxil olmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin “X1 Sistemi”ndən çıxarışdan görünür ki, Bakı Baş Gömrük İdarəsində **********8898 sorğu nömrəli 31.05.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar LB72776/WZ5829R dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə 28.05.2021-ci il tarixdə saat 12:53-də “İpək yolu” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmişdir. Lakin malların gətirildiyi dartıcının nömrəsi ilə qısa idxal bəyannaməsi və müvafiq sənədlərlə bəyan edilmiş dartıcının qeydiyyat nömrəsi arasında uyğunsuzluq olması aşkar edilmişdir. Sürücü isə qeyd olunan uyğunsuzluğu bəyan edilmiş dartıcıda nasazlıq yaranması səbəbiylə Polşada həmin dartıcının dəyişdirilməsi ilə izah etmişdir. İş materiallarında olan 147594 nömrəli CMR sənədindən müəyyən edilir ki, idxal ediləcək malların LB53379/WZ5829R nəqliyyat vasitəsilə daşınması bəyan edilmişdir. İş materiallarında olan 17.05.2021-ci il tarixli **********1280 nömrəli qısa idxal bəyannaməsinin 21-ci qrafasından müəyyən edilir ki, malların gətirildiyi nəqliyyat vasitəsinin nömrəsi LB53379/WZ5829R kimi bəyan olunmuşdur. Beləliklə, iş materialları, o cümlədən 31.05.2021-ci il tarixli **********8898 nömrəli əsas gömrük bəyannaməsi ilə 17.05.2021-ci il tarixli **********1280 nömrəli qısa idxal bəyannaməsi məhkəmə tərəfindən müqayisəli şəkildə tədqiq edildikdə müəyyən edildi ki, aidiyyəti gömrük idarəsinə bəyan edilmiş məlumatlarda dartıcı nəqliyyat vasitəsinin qeydiyyat nömrəsi arasında uyğunsuzluq mövcuddur. Məhkəmə tərəfindən həmçinin 30 iyun 2021-ci il tarixli 00100-1235/21 nömrəli inzibati xəta haqqında protokol tədqiq edildikdə müəyyən edildi ki, təhqiqat araşdırması zamanı hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı təmin edilmiş və o, izahatında Gürcüstan Respublikası ərazisində dartıcıda yaranmış nasazlıq səbəbiylə dəyişdirildiyini və hüquqlarını təmsil etdiyi Cəmiyyət tərəfindən gömrük qaydaları pozulmaqla qeyd olunan xətanın törədilməsini etiraf etdiyini bildirmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirildiyindən, o, həmin xətanın törədilməsində təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 485.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə - fiziki şəxslərə iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslərə yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə tənbeh tədbirinin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən Azərbaycan Respublikasının İXMnin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 485.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin aşağı həddə tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, qərarla təyin ediləcək inzibati cərimə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 334-cü maddəsinə əsasən X3 kod 210005, VÖEN: **********, müxbir hesab 41ABZ********************, SWİFTBİK; CTREAZ22, Bakı Baş Gömrük İdarəsinin hesab: AZ49CTRE********************, VÖEN: **********, D3 qrafası, büdcə təsnifatı kodu: 142533, D4 qrafası-büdcə səviyyəsi kodu-7 hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs (VÖEN **********) Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 250 (iki yük əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Yasamal rayon İcra şöbəsinə həvalə edilsin və cərimə məbləği X3 kod 210005, VÖEN: **********, müxbir hesab 41ABZ********************, SWİFTBİK; CTREAZ22, Bakı Baş Gömrük İdarəsinin hesab: AZ49CTRE********************, VÖEN: **********, D3 qrafası, büdcə təsnifatı kodu: 142533, D4 qrafası-büdcə səviyyəsi kodu-7 hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar