Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1592/2023 17.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X2 iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Yasamal RPİ-nin 29-cu polis şöbəsinin sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxxxx 1998-ci ildə Rusiya Federasiyasının, Simferopol şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 29-cu PŞ-dən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 17 mart 2023-cü il tarixdə Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin sahə inspektoru X7 tərəfindən Şəxs barəsində tərtib olunmuş 17 mart 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdə göstərilir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Y.Yasamal-1, ev 8, mənzil 144 ünvanında yaşayan X3 aldadaraq 350 manat pulunu ələ keçirmişdir. Bundan başqa Şəxs xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanında yaşayan X4 dələduzluq yolu ilə aldadaraq 260 manat pulunu ələ keçirmişdir. Bununla da, Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan 17 mart 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin sahə inspektoru X7 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “İnzibati qaydada tutma haqqında” 16 mart 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 21:00-da inzibati qaydada tutulmuşdur; “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 15 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, X5 dəymiş ziyan az əhəmiyyətli olduğundan Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin tərkib əlamətlərini yaratmır. X5 260 (iki yüz altmış) manat dəyərində maddi ziyan vurulmasını nəzərə alaraq, əməldə cinayət tərkibi olmadığından baş vermiş hüquqa zidd əməl cinayət kimi deyil, Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində müəyyən olunmuş xırda talama kimi qiymətləndirildiyindən cinayət işinin başlanması rədd edilməli və hadisəni törətmiş şəxs və ya şəxslərin müəyyən olunaraq barəsində inzibati tədbir görülməlidir. “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 02 noyabr 2022-ci il tarixli qərardan görünür ki, X5 dəymiş ziyan az əhəmiyyətli olduğundan Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin tərkib əlamətlərini yaratmır. X5 350 (üç yüz əlli) manat dəyərində maddi ziyan vurulmasını nəzərə alaraq, əməldə cinayət tərkibi olmadığından baş vermiş hüquqa zidd əməl cinayət kimi deyil, Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində müəyyən olunmuş xırda talama kimi qiymətləndirildiyindən cinayət işinin başlanması rədd edilməli və hadisəni törətmiş şəxs və ya şəxslərin müəyyən olunaraq barəsində inzibati tədbir görülməlidir. “İnzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında” 15 noyabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli qərardan görünür ki, 095-19076 nömrəli materiala əsasən xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanında X5 qarşı dələduzluq hərəkətləri ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə uyğun olaraq başlanılmış icraat həmin Məcəllənin 104.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. “İnzibati icraatın təzələnməsi haqqında” 16 mart 2023-cü il tarixli qərardaddan görünür ki, 095-19076 nömrəli material əsasında açılmış inzibati icraat işi təzələnmişdir. “İnzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında” 02 dekabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli qərardan görünür ki, 095-20207 nömrəli materiala əsasən xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanında yaşayan X6 qarşı dələduzluq hərəkətləri ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə uyğun olaraq başlanılmış icraat həmin Məcəllənin 104.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. “İnzibati icraatın təzələnməsi haqqında” 16 mart 2023-cü il tarixli qərardaddan görünür ki, 095-20207 nömrəli material əsasında açılmış inzibati icraat işi təzələnmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 38.5-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat aşağıdakı hallarda dayandırılır: 104.1.1. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs qaçıb gizləndikdə və ya digər səbəblərdən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin olduğu yer müəyyən edilmədikdə; 104.1.2. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin ağır xəstəliyi ilə əlaqədar inzibati xəta haqqında iş üzrə icraatda iştirakı mümkün olmadıqda; 104.1.3. inzibati xətanı törədən şəxs müəyyən olunmadıqda. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış icraata xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, 15 oktyabr 2022-ci il tarixdə və 02 noyabr 2022-ci il tarixdə “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar gəbul edilmişdir. Bundan sonra 02 dekabr 2022-ci il tarixdə İXM-nin 104.1.3-cü maddəsinə əsasən (inzibati xətanı törədən şəxs müəyyən olunmadıqda) inzibati iş üzrə icraatın dayandırılması haqqında qərar qəbul edilmiş və 13 mart 2023-cü il tarixdə həmin iş təzələnmişdir. İXM-nin 38.5-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır, lakin hazırki iş inzibati xətanı törədən şəxs müəyyən olunmadığı üçün dayandırıldığından həmin maddə hazırki işə şamil oluna bilməz. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlar 15 oktyabr 2022 və 02 noyabr 2022-ci il tarixdə qəbul edilməsinə baxmayaraq inzibati xəta haqqında protokol 17 mart 2023-cü il tarixdə tərtib edilərək məhkəməyə göndərilmişdir ki, bununlada həmin tarixdən 3 aydan çox müddət keçmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38.3-cü maddəsində nəzərdə tutulmuş müddət keçdiyinə görə xitam verilməlidir. Qeyd olunanlara göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş 17 mart 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh vermə müddəti keçdiyindən xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-1592/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1592/2023
17.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver