Məhkəmə qərarları › İş №3(004)-1593/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1593/2021

12.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1593/2021 12.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X6 iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhər Yasamal RPİ-nin 27-ci PBnin polis sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 15 avqust 1984-cü ildə İmişli rayonunun Qaradonlu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, İmişli rayonu, Qaradonlu kəndində qeydiyyatda olmaqla, Bakı şəhərində müxtəlif ünvanlarda kirayədə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-i tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Yasamal RPİ-nin 27-ci PB-si tərəfindən tərtib edilmiş 12 iyul 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-si tərəfindən tərtib edilmiş 12 iyul 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 12 iyul 2021-ci il tarixdə təxminən saat 05:20 radələrində sərxoş vəziyyətdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Bakıxanov körpüsünün altında özünü qeyri-adekvat şəkildə apararaq səs-küy salıb ünvansız olaraq nalayiq ifadələr işlədib, ətraf sakinlərin narahatlığına səbəb olmuş və bununla da, o, qəsdən ictimai qaydanı pozmuşdur. Bundan başqa, Şəxs həmin vaxt ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçilərinin qanuni tələbinə qəsdən tabe olmayaraq öz qanunazidd hərəkətlərinə davam etdirmişdir. Belə ki, həmin ərazidə xidmət edən Yasamal RPİ-nin Mühafizə Polisinin əməkdaşları ona yaxınlaşıb sakitçiliyə riayət etməsi və intizamlı olması üçün göstəriş verilsə də, Şəxs onların bu qanuni tələblərinə qəsdən tabe olmayıb, onların da ünvanına nalayiq ifadələr işlətmişdir. Göstərilənlərə əsasən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu (xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair protokol tərtib edilmişdir. Şəxs protokolla tanış olub imza etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhər Yasamal RPİ-nin 27-ci PB-nin polis sahə inspektoru X3 protokolu müdafiə edərək bildirmişdir ki, 12 iyul 2021-ci il tarixdə saat 06:10 radələrində İsayev X4 Rayon Polis İdarəsinin Mühafizə Polisinin əməkdaşları tərəfindən Yasamal RPİ-nin 27-ci PB-yə gətirilmişdir. Mühafizə Polisinin əməkdaşları tərəfindən tərtib edilmiş raport və araşdırma zamanı alınmış izahatlardan müəyyən edilmişdir ki, Şəxs 12 iyul 2021-ci il tarixdə saat 05:20 radələrində Yasamal rayon ərazisindəki Bakıxanov körpüsünün altında yerləşən mühafizə polisinin postuna sərxoş vəziyyətdə yaxınlaşaraq səs-küy salıb nalayiq ifadələr işlədərək ətrafda olan sakinlərin narahatlığına səbəb olmaqla polis işçilərinin dəfələrlə olunmuş xəbərdarlıq və qanuni tələblərinə heç bir məhəl qoymadan həmin hərəkətlərini davam etdirmiş və bununla da, ictimai asayiş qaydalarını pozmuşdur. Həmçinin, Şəxs PByə gətirildikdən sonra yenə də nalayiq ifadələr işlətməyə davam edərək qeyri-adekvat hərəkətlər etmiş, polis işçiləri tərəfindən ona ünvanlanan suallara qəsdən cavab verməkdən boyun qaçırmışdır. Daha sonra o, PB-nin növbətçi hissəsinin şüşəsini sındıraraq özünə xəsarət yetirmək istəmiş, buna görə də o, polis işçiləri tərəfindən müvəqqəti saxlanılma yerinə yerləşdirilmişdir. Lakin Şəxs MSY-də də həmin əməllərinə son qoymamış, başını divara, qapıya vuraraq özünə qəsdən xəsarətlər yetirmişdir. Şəxs dəfələrlə intizama dəvət olunmasına və polis işçilərinin qanuni xəbərdarlıqlarına baxmayaraq eyni hərəkətlərini davam etdirmişdir. Araşdırma zərurəti ilə əlaqədar Şəxs tibbi müayinədən keçirilmiş və hadisəni törədən vaxt onun sərxoş vəziyyətində olması aşkar edilmişdir. Göstərilənlərə əsasən, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrinin tərkib əlamətləri müəyyən edildiyindən inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Yasamal RPİ-nin 27-ci PB-nin polis sahə inspektoru X3 göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş xətaları törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonu, Qaradonlu kəndi ünvanında yaşayır. 12 iyul 2021-ci il tarixdə dostu ilə bir qədər spirtli içki ilə “Jaguar” adlı energetik içkini qarışdıraraq qəbul etmişdir və özündə olmamışdır. Bundan sonra o, sərxoş vəziyyətdə mühafizə polisi əməkdaşlarının Yasamal rayonu ərazisindəki “Bakıxanov” körpüsünün altında polis postuna yaxınlaşıb nalayiq ifadələr işlətmiş və polis işçilərinin xəbərdarlıq və qanuni göstərişlərinə əməl etməyərək öz qeyri-adekvat hərəkətlərinə davam etmişdir. Polis işçiləri tərəfindən Yasamal RPİ-nin 27-ci PB-yə gətirilmiş, yenə həmin hərərkətlərini davam etdirmişdir. Barəsində protokol tərtib edilib inzibati qaydada tutularaq müvəqqəti saxlama yerinə salındıqdan sonra da etiraz edib qəsdən başını qapı və divarlara vuraraq özünə xəsarətlər yetirmişdir. Bütün bu hərəkətlərini sərxoş vəziyyətdə törətmişdir. Şəxs sonda özünü barəsində tərtib edilmiş protokol üzrə təqsirli bilərək, əməlindən peşman olduğunu və barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını, inzibati xəta haqqında materialları araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir və onun barəsində həmin maddələrin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, iş materiallarında olan Yasamal RMİ-nin polis nəfərləri Sənan Rzayev və Yadigar Əhmədov tərəfindən tərtib edilmiş 12 iyul 2021-ci il tarixli raportdan görünür ki, 12 iyul 2021-ci il tarixdə saat 05:20 radələrində bir nəfər şəxs Yasamal rayonu ərazisindəki Bakıxanov körpüsünün altında yerləşən Polis Postuna yaxınlaşaraq ünvansız nalayiq ifadələr işlətmiş, qeyri-adekvat hərəkətlər etmiş, ona dəfələrlə polis işçiləri tərəfindən qanuni xəbərdarlıq olunmasına baxmayaraq bütün bunlara məhəl qoymayaraq ictimai asayiş qaydalarını pozmağa davam etmişdir. Göstərilən hallar nəzərə alınaraq o, polis nəfərləri tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 27-ci PB-yə gətirilmişdir. Polis şöbəsində həmin şəxsin Şəxs olması müəyyən edilmişdir. İş materiallarında olan Yasamal RPİ-nin 27-ci PB-nin polis nəfərləri Xəyal Alılı və Fuad Cənnətov tərəfindən tərtib edilmiş raportdan müəyyən edilir ki, 12 iyul 2021-ci il tarixdə saat 06:10 radələrində əməliyyat qrupunda xidmətdə olarkən Mühafizə Polisinin əməkdaşları bir nəfər şəxsi Yasamal RPİ-nin 27-ci PB-yə gətirmişlər. PB-də həmin şəxs davamlı olaraq nalayiq ifadələr işlətmiş, qeyri-adekvat hərəkətlər etmiş, verilən suallara qəsdən cavab verməkdən boyun qaçırmışdır. Ona dəfələrlə qanuni xəbərdarlıq olunmasına, intizama dəvət olunmasına baxmayaraq öz hərəkətlərinə yenə də davam etmişdir. Daha sonra o, inzibati qaydada tutularaq MSY-nə yerləşdirilmiş, orada başını bilərəkdən divar və qapıya vuraraq özünə qəsdən xəsarət yetirmişdir. Araşdırma zamanı həmin şəsxin Şəxs olması müəyyən edilmişdir. İş materiallarında olan Yasamal RPİ-nin 27-ci PB-nin məsul növbətçisi Zaur Axundov tərəfindən tərtib edilmiş 12 iyul 2021-ci il tarixli aktdan görünür ki, 12 iyul 2021-ci il tarixdə 1984-cü il təvəllüdlü İsayev X4 RMİ-nin əməkdaşları tərəfindən PB-yə gətirilmişdir. Şəxs polis bölməsinə daxil olduqdan sonra yüksək səs tonuyla danışıb əl-qol ataraq, polis işçilərinin qanuni tələblərinə tabe olmayaraq bölmədə olduğu müddətdə, yəni 12 iyul 2021-ci il tarixdə saat 06:00-da 07:00-dək növbətçi hissənin iş rejimi qaydalarını pozmuş, müvəqqəti saxlama yerində olna zaman isə başını qapıya, divara və yatağa vuraraq özünə xəsarət yetirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 12 iyul 2021-ci il tarixli 2/9326 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs həmin tarixdə orta dərəcəli sərxoş vəziyyətində olmuşdur. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 12 iyul 2021-ci il tarixdə saat 06:45-də inzibati qaydada tutulmuşdur. İş materiallarına daxil olan Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 1(001)- 186/2021 nömrəli 24.06.2021-ci il tarixli hökmündən müəyyən edilir ki, Şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və o, qəti olaraq 1 (bir) il 04 (dörd) ay 04 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuşdur. Lakin hökm qanuni qüvvəyə minmədiyi üçün onun barəsində tərtin edilmiş cəza icraya yönəldilməmişdir. Göstərilənlərlə yanaşı, “Elektron Məhkəmə Sistemi”nə baxış keçirildikdə müəyyən edildi ki, İsayev X2 Rayon Məhkəməsinin 03.04.2021-ci il tarixli 3(005)-740/2021 nömrəli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Şəxs məhkəmə iclasında izahatında bildirmişdir ki, həmin məhkəmənin qərarı ilə onun barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmiş və müddət başa çatdığından azadlığa buraxılmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Lakin, Azərbaycan Respublikası İXM-nin 33.1.2 və 33.1.7-ci maddələrinə əsasən məhkəmə Şəxs hazırki inzibati xətanı sərxoş vəziyyətində törətməsini və eyni inzibati xətaya görə, yəni İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində qəbul edilmiş Nərimanov Rayon Məhkəməsinin 03.04.2021-ci il tarixli 3(005)-740/2021 nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən bir il ərzində təkrarən eyni inzibati xətanı törətməsini onun məsuliyyətini ağırlaşdıran hallar kimi nəzərə alır. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və İXM-nin 34.3-cü maddəsinin tələbinə əsasən törədilmiş daha ağır inzibati xətaya görə barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130, 510 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 12 iyul 2021-ci il tarixdən saat 06:45dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsində mühafizə altında saxlanılsın. Qərarın icrası Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-yə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar