Məhkəmə qərarları › İş №3(004)-1594/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1594/2025

03.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1594/2025 03.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X2, Zərərçəkmiş şəxs (tələbkar) – "xxxx" QSC-nin etibarnamə üzrə nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, xx xxxxxx 1958-ci il tarixdə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Yasamal rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsindən daxil olmuş 13 mart 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı Kommersiya Məhkəməsinin 2 iqt (81) - 225/2021 saylı, xx.xx.2011-ci il tarixli icra sənədinə əsasən “X8” QSC-yə məxsus olan 1 ədəd “XCMG” markalı ZL 30G frontal yükləyici cavabdeh "xxxx" MMC-dən alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Bu fakt bu fakt borclu MMC tərəfindən iddiaçıya məxsus olan əmlakın təhvil verilməməsi ilə təsdiq olunmuşdur. Beləliklə göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X5 inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, Bakı Kommersiya Məhkəməsinin 2 iqt (81) - 225/2021 saylı, xx.xx.2011-ci il tarixli icra sənədinə əsasən “X8” QSC-yə məxsus olan 1 ədəd “XCMG” markalı ZL 30G frontal yükləyici cavabdeh "xxxx" MMC-dən alınaraq iddiaçıya verilməsi qət edilmiş, ancaq "xxxx" MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarlarının icrasını tam təmin etməmiş, icra sənədlərinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Vəliyev X4 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Beləliklə o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar "xxxx" QSC-nin etibarnamə üzrə nümayəndəsi X3 bildirdi ki, borclu qəsdən öhdəliyindən boyun qaçırır, odur ki, "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, protokol əsassız olaraq tərtib edilmişdir, ortada heç bir qərəzdən söhbət gedə bilməz, şirkətin təhvil-təslim aktı ona verilməmiş, əmlak onda olmadığı üçün təhvil verə bilməmişdir, beləliklə, göstərilənlərə əsasən o, barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Nümayəndə məhkəmə iclasında etiraz təqdim edərək bildirmişdir ki, MN № ******* saylı, xx.xx.2025-ci il tarixli protokolun məzmunundan görsənir ki, Bakı Kommersiya Məhkəməsinin qətnaməsi ilə "xxxx" Lizinq QSC-yə məxsus 1 ədəd yükləyicinin "xxxx" MMC-dən alınaraq ona qaytarılması müəyyən olunmuşdur. Nəticədə "xxxx" MMC-nin vəzifəli şəxsi tərəfindən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Başqa sözlə, bu fakt borclu MMC tərəfindən əmlakın qaytarılmaması ilə təsdiq olunmuşdur. Protokolun bu məzmunundan bu nəticəyə gəlmək olar ki, bu icra məmuru tərəfindən qanunsuz nəticə və icra məmurunun şəxsi istəyi ilə tərtib olunmuş əsassız və qanunsuz sənəddir. Belə ki, icra obyekti MMC tərəfindən alınmış və istifadə olunmuşdur. Şəxs qanuni təmsilçisi olduğu MMC-dəki payını Saleh adlı şəxsə satmış və MMC-nin idarə olunmasından kənara qalmışdır. Yükləyicini Şəxs almamış və yükləyicinin qaytarılması ilə də bağlı hər hansı öhdəliyi olmamışdır. Elə məhkəmə qətnaməsi ilə də bu nəticəyə gəlinmişdir ki, yükləyiciyə görə cavabdeh "xxxx" MMC-dir. Qətnamədə Şəxs cavabdeh qismində cəlb olunmamış, üzərinə hər hansı vəzifə qoyulmamışdır. Bu iş üzrə hər hansı öhdəliyi mövcud olmamışdır. İcra məmuruna bu hallar məlum olduğu halda Şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun tələblərinin yerinə yetirilməməsi nəticəsinə gəlməsi və bunun əsasında inzibati protokol tərtib etməsi tam əsassız və qanunsuzdur. İcra məmurunun bu kobud qanun pozuntusu şəxsə qarşı qərəzdir və yol verilmiş kobud pozuntularına görə barəsində təqdimat çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49.1-ci maddəsində təsbit olunmuşdur ki, hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası, müvafiq olaraq, nizamnamə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir. Həmin məcəllənin 49.2-ci maddəsinə görə hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. Məcəllənin 49.3-cü maddəsinə əsasən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir. Məcəllənin 52.1-ci maddəsinin tələbinə görə hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. İXM-nin 52.2-ci maddəsinə əsasən bu məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. Həmin məcəllənin 87.1-ci maddəsinə görə bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. İcra məmuru “İcra haqqında” qanunun 23.1-ci maddəsinə uyğun hərəkət etməli olduğu halda bunu etməmiş, qanunsuz olaraq məhkəmə qətnaməsinin nəticə hissəsini təhrif etmişdir. Beləliklə, tərtib olunmuş inzibati protokol tam əsassız və qanunsuz olduğundan ləğv olunmalı və Şəxs barəsində inzibati icraata xitam verilməlidir. Şərh olunanları, mövcud vəziyyəti nəzərə alaraq Yasamal rayon İcra Məmurunun MN № ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolunun ləğv edilməsi və Şəxs barəsində inzibati xəta barəsində icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsindən daxil olmuş 13 mart 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı Kommersiya Məhkəməsinin 2 iqt (81) - 225/2021 saylı, xx.xx.2011-ci il tarixli icra sənədinə əsasən “X8” QSC-yə məxsus olan 1 ədəd “XCMG” markalı ZL 30G frontal yükləyici cavabdeh "xxxx" MMC-dən alınaraq iddiaçıya verilməsi qət edilmişdir; Bakı Kommersiya Məhkəməsinin 2 iqt (81) - 225/2021 saylı, xx.xx.2011-ci il tarixli icra vərəqəsindən görünür ki, Bakı Kommersiya Məhkəməsinin 2 iqt (81) - 225/2021 saylı, xx.xx.2011-ci il tarixli icra sənədinə əsasən “X8” QSC-yə məxsus olan 1 ədəd “XCMG” markalı ZL 30G frontal yükləyici cavabdeh "xxxx" MMC-dən alınaraq iddiaçıya verilməsi qət edilmişdir; Azərbaycan Respublikası Vergilər Nazirliyi kommersiya qurumunun Dövlət Reyestrindən çıxarışdan görünür ki, “X8” QSC (əvvəlki adı) "xxxx" QSC (hazırki adı) xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır; “İcraata başlamaq haqqında” xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Bakı Kommersiya Məhkəməsinin 2 iqt (81)-225/2011 nömrəli, xx.xx.2011-ci il tarixli icra sənədi icra sənədi üzrə icraata başlanılması, borclu "xxxx" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnə 10 gün müddətində icranı könüllü olaraq təmin etməsinin təklif edilməsi, icra könüllü təmin edilmədikdə: borclu barəsində məcburi icra tədbirləri görülməsi, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər və icra ödənişi borcludan tutulması; icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun əmlakı siyahıya alınması və həmin əmlakın üzərinə həbs qoyulması qərara alınmış və qərar tələbin könüllü icrası barədə bildirişlə birlikdə xx.xx.2025-ci il tarixdə imzalanmaqla rəsmi qaydada qəbul edilmişdir; 05 mart 2025-ci il tarixdə "xxxx" MMC-nin rəhbəri (vəzifəli şəxs) Şəxs icra şöbəsinə gəlmədiyinə görə xəbərdarlıq edilmiş, xəbərdarlıq xx.xx.2025-ci il tarixdə imzalanmaqla rəsmi qaydada qəbul edilmişdir; Şəxs icra şöbəsində verdiyi xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, o, barəsində olan icra sənədindən xəbərdar olduğunu, şirkətin təhvil-təslim aktının ona verilmədiyini, əmlakın onda olmadığı üçün təhvil verə bilmədiyini, adına rəsmiləşdirilmiş daşınar və ya daşınmaz əmlakı, həmçinin aidiyyəti təşkilatlarda qiymətli kağızlar və ya əmanəti olmadığını qeyd etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2 iqt (81) - 225/2021 saylı icra sənədinə əsasən “X8” QSC-yə məxsus olan 1 ədəd “XCMG” markalı ZL 30G frontal yükləyicinin cavabdeh "xxxx" MMC-dən alınaraq iddiaçıya verilməsi qərara alınmışdır. İcra sənədi üzrə icraata müvafiq olaraq 14 yanvar 2025-ci il tarixli qərarla başlanılmışdır. Borclu təşkilatın vəzifəli şəxsi tərəfindən isə icra müddəti ərzində öhdəlik icra edilməmişdir. Tələbin icrası haqqında bildiriş göndərilməsinə baxmayaraq aradan keçən uzun müddət ərzində şirkət tərəfindən icra sənədi üzrə olan öhdəlik icra edilmədiyindən vəzifəli şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ona görə də məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, qanuni qüvvədə olan məhkəmə qərarlarının icraları ilə bağlı borclu "xxxx" MMC-nin vəzifəli şəxsi Şəxs rəhbərlik etdiyi MMC-nin bu günədək öhdəliyini icra etməməsi, icra sənədinin icra edilməməsinin hər hansı üzrlü səbəblə bağlı olmasını təsdiq edən heç bir sənəd təqdim etməməsi, bütün bunların nəticəsində icra sənədinin uzun müddətdən bəri icrasız qalmasına səbəb olması məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Müdafiə tərəfinin iddia etdiyi kimi, “məhkəmə qətnaməsinin icrası yalnız hüquqi şəxsin öhdəliyidir və rəhbərin fərdi məsuliyyəti ola bilməz” yanaşması hüquqi baxımdan əsasızdır. Belə ki, hüquqi şəxs hüquq münasibətlərində passiv (xəyali) subyekt olsa da, onun fəaliyyətini həyata keçirən şəxs – yəni rəhbəri – faktiki və hüquqi iradənin daşıyıcısıdır. İcra sənədinin icra olunmaması da bu subyektin konkret fəaliyyətsizliyi ilə bağlıdır. Qanunvericilikdə hüquqi məsuliyyətin müxtəlif növləri nəzərdə tutulur məs: konstitusion, cinayət, inzibati, mülki-hüquqi və intizam məsuliyyəti. Hər bir məsuliyyət növü hüquq pozuntusunun xarakterinə, tətbiq olunan dispozitiv şərtlərin mahiyyətinə və hüquqi nəticələrinə görə bir-birindən fərqlənir. Bu məsuliyyətlər, eyni hüquq pozuntusuna görə birgə tətbiq edilə biləcəyi kimi, bir-birindən müstəqil şəkildə də tətbiq oluna bilər. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, icra sənədinin icrasından qəsdən boyun qaçırma inzibati məsuliyyət yaradır. Hüquqi şəxslər müstəqil hüquq subyektləri olsa da, onların fəaliyyətini idarə edən və qərarların icrasına cavabdeh olan vəzifəli şəxslər də qanun qarşısında məsuliyyət daşıyırlar. Hüquqi məsuliyyətin fərqli növləri arasında sərhədlərin müəyyən edilməsi, inzibati və mülki-hüquqi məsuliyyətin qarışdırılmasının qarşısını almaq baxımından vacibdir. Hüquqi şəxslərin mülki-hüquqi öhdəlikləri ilə inzibati hüquq pozuntularına görə daşıdıqları məsuliyyət fərqlidir. Mülki Məcəllənin 49.3-cü maddəsinə əsasən, hüquqi şəxsin rəhbər orqanları onun adından çıxış edir və onun öhdəliklərinin icrasına cavabdehdir. Lakin inzibati məsuliyyət fərdi məsuliyyət prinsipinə əsaslandığı üçün hüquqi şəxsə tətbiq edilən icra sənədinin icrasına qəsdən mane olan vəzifəli şəxs ayrıca inzibati məsuliyyət daşıyır. Bu o deməkdir ki, hüquqi şəxs barəsində icra sənədi avtomatik olaraq onun rəhbərinin inzibati məsuliyyətini doğurmur. Lakin, əgər rəhbər şəxs qərarın icrasını bilərəkdən gecikdirir, ləngidir və ya ondan boyun qaçırırsa, o, artıq müstəqil subyekt kimi inzibati məsuliyyətə cəlb edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 87.1-ci maddəsinə əsasən bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. 49.3-cü maddəsinə əsasən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir. Bu yanaşma hüquqi məsuliyyətin bir-birindən ayrılığını və eyni zamanda onların tətbiq oluna biləcəyi halları müəyyən edir. Hüquqi şəxs barəsində qəbul olunmuş məhkəmə aktının icrasının təmin edilməsi yalnız həmin hüquqi şəxsin öhdəliyi kimi qiymətləndirilə bilməz, çünki onun icrasına cavabdeh olan fiziki şəxslər də mövcuddur. Əgər hüquqi şəxs barəsində qəbul edilmiş inzibati qərarın icrası qəsdən yerinə yetirilmirsə və ya icranın qarşısı alınırsa, bu zaman hüquqi şəxsin rəhbəri vəzifəli şəxs qismində inzibati məsuliyyətə cəlb edilir. Bu yanaşma həm hüquqi şəxsin müstəqil subyekt kimi məsuliyyət daşımasını, həm də qərarın icrasına mane olan vəzifəli şəxslərin fərdi inzibati məsuliyyətini nəzərdə tutur. Hüquqi şəxsə münasibətdə inzibati cəza tətbiq edilməsi ilə onun rəhbərinin inzibati məsuliyyət daşıması eyni məsuliyyət növünə aid edilsə də, onlar bir-birindən ayrıdır və konkret hüquqi nəticələrə səbəb olur. Həmin məsuliyyətlərin subyekt tərkibi də tamamilə fərqlidir. Beləliklə, hüquqi məsuliyyətin növlərinin bir-birindən ayrılığı prinsipinə uyğun olaraq, icra sənədinin icrasından qəsdən yayınan vəzifəli şəxsin məsuliyyətə cəlb olunması hüquqi baxımdan əsaslıdır və İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin məqsədinə tam uyğundur. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə aktı (qətnamə, qərardad və s.) əsasında tərtib olunmuş icra sənədinin icrasından qəsdən boyun qaçırma inzibati məsuliyyətə səbəb olur. Bu norma, məhkəmə aktlarının icrasının məcburiliyini və qanunun aliliyini təmin edən əsas hüquqi vasitədir. Hüquqi şəxsə qarşı qəbul edilmiş məhkəmə qətnaməsinin icrası ilkin olaraq həmin hüquqi subyektin öhdəliyi kimi görünə bilər. Lakin praktiki və hüquqi baxımdan bu öhdəliyin reallaşması yalnız rəhbər orqanın – daha dəqiq desək, hüquqi şəxsin adından çıxış edən rəhbər vəzifəli şəxsin iradəsi və fəaliyyəti ilə mümkündür. Mülki Məcəllənin 49.3-cü maddəsinə əsasən, hüquqi şəxsin idarəetmə orqanı onun adından çıxış edir və öhdəliklərinin icrasına görə məsuliyyət daşıyır. Bu o deməkdir ki, icra sənədinin yerinə yetirilməsi rəhbər vəzifəli şəxsin hüquqi vəzifəsinə çevrilir. Əgər həmin şəxs bu vəzifəni bilərəkdən icra etmirsə və ya icranın qarşısını alırsa, artıq onun fərdi inzibati məsuliyyəti yaranır. Bu məsuliyyət hüquqi şəxsin məsuliyyətindən ayrı və müstəqildir. Mülki Məcəllənin 87.1-ci maddəsinə əsasən, hüquqi şəxsin öhdəliklərinə görə onun iştirakçıları (məsələn, təsisçilər və ya səhmdarlar) bu öhdəliklərə görə cavabdehlik daşımırlar. Bu müddəa yalnız mülki-hüquqi münasibətlərə və borc öhdəliklərinə aiddir və məqsədi hüquqi şəxsin müstəqil hüquqi statusunun qorunmasıdır. Lakin bu norma inzibati hüquq sahəsinə və rəhbər vəzifəli şəxslərin fərdi məsuliyyətinə şamil edilə bilməz. Hüquqi dövlət prinsipindən və hüququn üstünlüyü anlayışından irəli gələrək, məhkəmə qətnamələrinin icrasından yayınan rəhbər şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həm hüquqi zərurət, həm də məhkəmə qərarlarının icrası mexanizminin effektivliyini təmin edən əsas vasitədir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 17-ci maddəsinin qeydini əsas tutaraq hesab edir ki, Şəxs vəzifəli şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə "xxxx" MMC-nin rəhbəri (vəzifəli şəxs) Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Beləliklə məhkəmə icra məmurunun, tələbkarın nümayəndəsinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs və onun müdafiəçisinin izahatlarını, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2 iqt (81)-225/2011 saylı icra vərəqəsini, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə olunmuş digər sənədləri, inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, "xxxx" MMC-nin rəhbəri (vəzifəli şəxs) Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1200 (min iki yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar