Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1598/2020 08.12.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X6 iclas katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs qanuni təmsilçisi X3 iştirakları ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair onun barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material aidiyyəti üzrə baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilmiş və Məhkəmənin 3(005)-1213/2020 nömrəli xx xxxx 2020-ci il tarixli qərardadına əsasən inzibati xəta haqqında iş baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-1598/2020 nömrəli xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20.000 manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərardan Şəxs MMC tərəfindən verilmiş apellyasiya şikayətinə baxılıb Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1686/2020 nömrəli xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə şikayət qismən təmin edilərək birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən vətəndaş X7 və X5 əmək müqaviləsi bağlanmadan işlərin görülməsinə cəlb edilmişlər. Bununla da, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X8 izahatında inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs MMC barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi X9 izahatında göstərdi ki, Şəxs MMC-yə məxsus restoran kafe faktiki olaraq Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 40 ünvanında yerləşir. Həmin restoranda şirniyyatçı vəzifəsində işləyən şəxs öz tanışı X4 yanına gətirərək tələbə kimi ona şirniyyat işinin sirlərini öyrədəcəyini demişdir. Şirkət rəhbəri olaraq o, buna hər-hansı bir etiraz etməmişdir. Belə ki, onlar öz aralarında danışıb razılaşmışlar və o, buna heç bir müdaxil etməmişdir. Buna baxmayaraq sonuncu şirkətdən şikayət edərək qanunsuz əmək fəaliyyətinə cəlb edildiyini bildirmişdir. X9 göstərilənlərə əsasən hüquqlarını müdafiə etdiyi hüquqi şəxsin əməlində hər hansı bir xəta tərkibinin əlamətlərinin olmadığını, eyni zamanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə xətanın aşkar edildiyi vaxtdan 3 aylıq məsuliyyətə cəlb etmə müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qisminə dindirilmiş X5 ifadəsində göstərdi ki, o, Şəxs MMC-də şirniyyatçı işləmiş, X4 tanıyır, həmin vaxt Asəf ora gəlib-getmişdir, lakin onun Şəxs MMC-dən əmək haqqı alarkən görməmişdir. O, özü 2020-ci ilin mart ayında işdən azad olunmuş və Cəmiyyət tərəfindən onun müraciətindən sonra son əmək haqqı məbləği tam olaraq ödənilmişdir. Hazırda şikayət və tələbi yoxdur. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Çağrı Mərkəzinə xx xxx 2020-ci il tarixdə saat 12:56-da edilmiş müraciət vərəqəsindən müəyyən edilir ki, X7 və X5 müraciətlərində Şəxs MMC-də işlədiklərini lakin əmək haqqının ödənilmədiyini bildirmişlər. İş materiallarında olan X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinə ünvanladığı izahatında göstərmişdir ki, xx xxxxxxxx 2019-cu il tarixdə Şəxs MMC-də xəzinədar vəzifəsinə işə cəlb edilmiş xx xxxx 2020-ci il tarixdə isə işdən azad olunmuş, lakin azad olunarkən 15 gün işlədiyi müddətin əmək haqqı məbləği ona ödənilməmiş və əmək haqqının alınmasında ona köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarında olan X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinə ünvanladığı izahatında göstərmişdir ki, xx xxxxxxxx 2019-cu il tarixdə Şəxs MMC-də şirniyyatçı vəzifəsinə işə cəlb edilmiş xx xxxx 2020-ci il tarixdə isə işdən azad olunmuş, lakin azad olunarkən 23 gün işlədiyi müddətin, ümumilikdə 766 manat təşkil edən əmək haqqı məbləği ona ödənilməmiş və əmək haqqının alınmasında ona köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarından müəyyən edilir ki, X7 və X1 müraciətləri əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsində aparılan araşdırma nəticəsində onlarla əmək müqaviləsi bağlanılmadığı aşkar edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Şəxs MMC tərəfindən X7 və X5 Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüququ qüvvəyə minmədən işə cəlb edilmişlər. Bununla da, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndinə görə həmin Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən həmin maddənin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslərə min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslərə üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə növündə tənbeh tədbiri təyin edilməklə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən həmçinin müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən davam edən xətalar kateqoriyasına aid olan Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsi X7 və X5 aidiyyəti quruma müraciət etdikləri vaxtda yəni, xx xxx 2020-ci il tarixdə saat 12:56-da aşkar edilmişdir. Həmin vaxtdan İXM-nin 38.1 və 38.2-ci maddələrinə əsasən 3 aylıq inzibati məsuliyyətə cəlb etmə müddəti xx xxxxxx 2020-ci il tarixdə başa çatmışdır. Belə olan halda, Şəxs MMC tərəfindən törədilmiş xətaya görə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən o, hazırki protokol əsasında məsuliyyətə cəlb edilə bilməz və onun barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. 38.2-ci maddəyə görə isə Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.6-cı maddəyə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası 192.1-ci maddəsi ilə törədilmiş inzibati xətaya münasibətdə məsuliyyətə cəlb etmə müddəti keçdiyindən onun barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər idarəsinin tərtib etdiyi xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli protokol əsasında başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 43, 106- 112, 114.1.1, 115.1, 115.5, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs MMC-nin (VÖEN **********) barəsində xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-1598/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1598/2020
08.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver