Məhkəmə qərarları › İş №3(004)-1619/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1619/2021

28.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1619/2021 28.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X3 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş 30 iyun 2021-ci il tarixli, AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Yasamal RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş 30 iyun 2021-ci il tarixli, AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC mülkiyyətində (istifadəsində) olan “Lada 21214” (minik) markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Bununla da, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 izahatında göstərmişdir ki, Cəmiyyətin mülkiyyətində olan bütün nəqliyyat vasitələrinin sürücüləri, o cümlədən barəsində sorğu verilmiş “Lada 21214” (minik) markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü barədə Yasamal RPİ-nin DYPŞ-nin sorğusu müəssisəyə 14.06.2021-ci il tarixdə daxil olmuşdur. Həmin sorğuya cavab daxil olduğu tarixdə verilmişdir, bunu isə reyestrdən çıxarış və poçt müəssisəsinin möhürü təsdiq edir. Lakin sonradan Yasamal RPİ-nin DYPŞ-dən daxil olmuş nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanında texniki cəhətdən səhv olduğundan cavab məktubu geri qaytarılmışdır. Buna görə də yanlışlıq aradan qaldırılaraq yenidən 07.07.2021-ci il tarixli məktubla barəsində sorğu verilmiş sürücünün anket məlumatları barədə Yasamal DYPŞyə cavab verilmişdir. Bundan başqa, Şəxs MMC bilavasitə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin strukturuna daxildir. Belə olan halda isə Cəmiyyət ümumiyyətlə İXM-nin 347-ci maddəsinin dispozitiv şərtlərinə görə xətanın subyekti ola bilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən X2 Cəmiyyət barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata tərkib olmaması əsası ilə xitam verilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmişdir. Lakin, protokol tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən işə protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulan xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Yasamal RPİ-nin DYPŞ-nin Şəxs MMC-yə ünvanladığı sorğu məzmunlu məktubdan görünür ki, 12.05.2021-ci il tarixdə saat 17:07-də cəmiyyətin mülkiyyətində (istifadəsində) olan “Lada 21214” (minik) markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən fiziki şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Qeyd olunan məktubla avtomobili idarə etmiş sürücü barədə məlumat verilməsi xahiş edilmiş, eyni zamanda həmin məlumatların 5 gün müddətində verilməməsinə görə hüquqi şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinə görə həmin Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. 122.2-ci maddəyə görə inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində tərtib edilir. Həmin Məcəllənin 123-cü maddəsi məhz foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən və hüquqi şəxsə (dövlət qurumuna) məxsus nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən törədilən inzibati xəta haqqında iş üzrə icraatın aparılması qaydalarını tənzimləyir. Belə ki, 123.1-ci maddəyə görə həmin Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. 123.2-ci maddəyə görə isə hüquqi şəxsin (dövlət qurumunun) müvafiq vəzifəli şəxsi sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verməlidir. 123.3-cü maddəyə görə Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi həmin Məcəllənin 347ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Sadalanan normaların məzmundan görünür ki, Azərbaycan Respublikası İXMnin 327.2-ci maddəsilə nəzərdə tutulmuş xətanın törədilməsinə görə inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs barəsində tərtib edilir. Xəta hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda həmin hüquqi şəxsə səlahiyyətli orqan tərəfindən bu barədə dərhal sorğu göndərilir. Hüquqi şəxsin müvafiq vəzifəli şəxsi isə sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana məlumat verməlidir. Qanunvericiliyə görə, dövlət orqanının özü deyil yalnız həmin orqanın vəzifəli şəxsi İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Eyni zamanda, məhkəmə qeyd edir ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinin tərkibini yaradır və maddənin sanksiyasına görə dövlət qurumunun müvafiq vəzifəli şəxsi, hüquqi şəxsin isə özü həmin xətaya görə inzibati məsuliyyətə cəlb edilə bilər. Göründüyü kimi, qeyd olunan inzibati xətanın subyekti qismində hüquqi şəxs və ya dövlət qurumunun vəzifəli şəxsi çıxış edir. İş materiallarına əlavə edilmiş emlak.gov.az veb-saytından çıxarışdan müəyyən edilir ki, Şəxs MMC Əmlak Məsələləri Dövlət Xidmətinin strukturuna daxildir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hazırkı iş üzrə qeyd edilən xətaya görə məsuliyyətə cəlb edilə bilməyən və dövlət hakimiyyətinin nəzarətində olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin strukturuna daxil olan Şəxs MMC barəsində protokol tərtib edilmişdir. Göründüyü kimi, protokol üzrə inzibati xəta haqqında məsuliyyətə cəlb edilməli olan subyekt düzgün müəyyən edilməmişdir. Yəni Şəxs MMC İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın subyekti ola bilməz. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMCnin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin möhürü olan zərfdəki poçt müəssisəsinin ştampından müəyyən edilir ki, müvafiq sorğu Cəmiyyətə 14.06.2021-ci il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Cəmiyyətin direktoru tərəfindən Yasamal RPİ-nin DYPŞ-yə ünvanlanmış 14 iyun 2021-ci il tarixli məktubdan müəyyən edilir ki, daxil olmuş sorğu əsasında “Lada 21214” (minik) markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürcüsü barədə məlumat verilmişdir. Göründüyü kimi sorğuda **-PJ-*** deyil, **-PT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü barədə məlumat istənilmiş, lakin yanlışlığa yol verilmişdir. Reyestr çıxarışından müəyyən edilir ki, qeyd olunan tarixdə cavab məktubu ünvanı üzrə göndərilmişdir. İş materiallarında olan 07.07.2021-ci il tarixli Yasamal RPİ-nin DYPŞ-nin məktubundan müəyyən edilir ki, qeyd olunan yanlışlığa görə cavab məktubu geri qaytarılmışdır. Lakin iş materiallarından görünür ki, müvafiq qurumun daxil olma ştampına əsasən Cəmiyyətin 14.06.2021-ci il tarixli cavab məktubu 21.06.2021-ci il tarixdə Yasamal RPİ-nin DYPŞ-nə daxil olmuşdur. Protokol isə 30.06.2021-ci il tarixdə tərtib edilmişdir. Cəmiyyətin Yasamal RPİ-nin DYPŞ-nin geri qaytarmaya dair 07.07.2021-ci il tarixli məktubuna cavab olaraq eyni tarixli məktubdan müəyyyən edilir ki, yanlışlıq aradan qaldırılaraq **-PT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X5 barədə məlumatlar səlahiyyətli orqan olan Yasamal RPİ-nin DYPŞ-nə təqdim edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC Yasamal RPİ-nin DYPŞ-nin sorğularına qanunla müəyyən edilmiş müddətlərdə cavab verdiyindən, Cəmiyyətin əməlində İXM-nin 347-ci maddəsinin tərkib əlamətləri yoxdur. Odur ki, 30 iyun 2021-ci il tarixli, AP seriyalı ******* nömrəli protokol üzrə İXM-nin 347-ci maddəsinin tərkib əlamətləri mövcud deyildir. Qeyd edilir ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə görə yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəyə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəyə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-yə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) və ona istinad edilən inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. Ona görə də, Şəxs MMC barəsində Yasamal RPİ-nin DYPŞ tərəfindən Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə tərtib edilmiş 30 iyun 2021-ci il tarixli, AP seriyalı ******* nömrəli protokol üzrə Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə tərtib edilmiş 30 iyun 2021-ci il tarixli, AP seriyalı ******* nömrəli protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar