Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1652/2020 15.07.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Yasamal Rayon Məhkəməsinin hakimi Əkbərli Günel Bəkir qızının sədrliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Xəzər RPİ-nin DYPŞsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş materialı işin məhkəmədə baxılmağa hazırlanması zamanı nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 30 may 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xəzər RPİ-nin DYPŞ-i tərəfindən tərtib edilmiş30 may 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki,Şəxs MMC onun mülkiyyətində (istifadəsində) olan “x2” (yük) markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində məlumat verməmişdir. Bununla da, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. İş materiallarından müəyyən edilmişdir ki, Xəzər RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş30 may 2020-ci il tarixli, İXP seriyalı3291598 nömrəli inzibati xəta haqqında yuxarıda qeyd edilən protokol və ona əlavə edilmiş materiallar natamam olması səbəbi ilə Xəzər Rayon Məhkəməsinin əsaslandırılmış 11 iyun 2020-ci il tarixli 3(004)-541/2020 nömrəli qərardadı ilə natamamlıqların aradan qaldırılması məqsədilə onu tərtib etmiş quruma geri qaytarılmış, lakin həmin protokol və material Xəzər RPİ-nin DYPŞ-si tərəfindən yenidən əvvəl mövcud olan qüsurlarla baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmiş, iş 15 iyul 2020-ci il tarixdə məhkəməyə daxil olmuş və 3(004)- 1652/2020 nömrəli yeni inzibati xəta haqqında iş üzrə icraat açılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, protokol və ona əlavə edilmiş material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, iş materiallarına sorğunun ünvan sahibinə çatdırılmasına dairpoçt göndərişi haqqında xəbərnamə əlavə edilməmişdir.Eyni zamanda sorğunun ünvan sahibinə çatırılmasına dair hər hansı bir digər mötəbər sübut əlavə edilməmişdir. Bundan başqa, iş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi nəzdində olan x1 “Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında” çıxarışından müəyyən edilir ki, Şəxs MMC-nin hüquqi ünvanı ünvan 1 m14, m3-dür. Lakin iş materiallarında olan Xəzər RPİ-nin DYPŞ-nin sözügedən sorğusundan görünür ki, sorğu barəsində protokol tərtib edilmiş Cəmiyyətin qeyd olunan hüquqi ünvanına deyil, onunla hər hansı hüquqi bağlılığı olmayan Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 67Ə saylı bağ evinə göndərilmişdir. Məhkəmə qeyd edir ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinin tərkibini yaradır. Lakin Xəzər RPİ-nin DYPŞ-si tərəfindən barəsində protokol tərtib edilmiş hüquqi şəxsə göndərilməsi iddia edilən sözügedən sorğunun düzgün ünvana göndərilməməsi, yəni sorğunun ünvan sahibinə rəsmi qaydada çatdırılmaması özü-özlüyündə İXM-nin 347ci maddəsində nəzərdə tutulan xətanın tərkibinin yaranmasına əsas ola bilməz. Protokol tərtib etmiş qurum tərəfindən isə iş materiallarına buna dair mötəbər sübut əlavə edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 57.2-ci maddəsinə əsasən hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Həmin Məcəllənin 57.3-cü maddəsinə əsasən sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. 57.5-ci maddəyə əsasən inzibati xəta haqqında iş üzrə sənəd 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan; 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda isə ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan və sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan rəsmi qaydada verilmiş hesab edilir. Həmçinin iş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin inzibati xəta haqqında protokol tərtib edilərkən iştirakı təmin edilməmiş, hüquq və vəzifələrinin izah edilməsi, həmçinin tərtib edilmiş protokolun surətinin ona təqdim edilməsi və ya göndərilməsi təmin edilməmiş, bununla da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öz müdafiə hüququnu qurmaqdan məhrum edilmişdir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, həmin materiallar əsasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin müvafiq inzibati xətanı törədibtörətməməsini müəyyən etmək mümkün olmadığından, mövcud natamamlıqları isə işə məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığından protokol və toplanmış material Bakı şəhəri Xəzər RPİ-nin DYPŞ-nə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İXM-nin 40, 100, 109, 110 və 114cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair tərtib edilmiş 30 may 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli protokol və ona əlavə edilmiş material Bakı şəhəri Xəzər RPİnin DYPŞ-nə geri qaytarılsın. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-1652/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1652/2020
15.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver