Məhkəmə qərarları › İş №3(004)-1652/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1652/2021

30.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1652/2021 30.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X3 iclas katibliyi, şikayətçi - X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin (RPİ) X8 Şöbəsi (DYPŞ) tərəfindən qəbul edilmiş 19 iyun 2021-ci il tarixli TP seriyalı ******* nömrəli qərardan verilmiş şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə Yasamal Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Yasamal RPİ-nin DYPŞ-si tərəfindən qəbul edilmiş 19 iyun 2021-ci il tarixli, TP seriyalı ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 25 mart 2021-ci il tarixdə saat 21:55 radələrində Yasamal rayonu N.Hikmət küçəsi ilə A.M.Şərifzadə küçəsinin kəsişməsində onun iştirakı ilə yol nəqliyyat hadisəsi baş vermişdir. Araşdırma nəticəsində müvafiq ekspertiza təyin edilmiş və rəy alınmışdır. Rəy əsasında isə qərəzli olaraq qərar qəbul edilmişdir. Belə ki, ekspertiza rəyindən müəyyən edilmişdir ki, hadisənin iştirakçısı olan digər sürücünün həmin hadisənin qarşısının alınması üçün texniki imkanının olubolmamasının müəyyənləşdirilməsindən ötrü zəruri sənədlər təqdim edilməmişdir. Ərizədə həmçinin qeyd edilmişdir ki, onun izahatında “Kia Cerato” markalı avtomobillə toqquşmasının yazdırılmasına baxmayaraq, hadisənin videogörüntüsündən göründüyü kimi, “Kia Cerato” markalı avtomobil hadisədən əvvəl baş vermiş digər qəzanın arxasından sürətlə çıxaraq onun avtomobilini sol tərəfdən vurmuşdur. Bundan başqa araşdırmanı aparan Yasamal RPİ-nin DYPŞ-nin baş inspektoru Nəbati Yaqubov hadisənin ertəsi gün ona “Yol hərəkəti haqqında” qanunun 76-cı maddəsinin 5-ci bəndini əsas kimi göstərməklə günahkar olduğunu bildirmişdir. O isə bununla razılaşmayaraq, əksinə olaraq digər sürücü tərəfindən “Yol hərəkəti haqqında” Qanunun 75-ci maddəsinin 2-ci bəndinin tələbinin pozulmasını bildirmişdir. Belə ki, **-HN-*** dövlət qeydiyyat nişanlı, “Kia Cerato” markalı avtomobil daha əvvəldən baş vermiş yol-nəqliyyat hadisəsinə məhəl qoymayaraq yolayrıcına daxil olmuş və onun idarə etdiyi avtomobili vurmuşdur. Ekspertiza rəyində də göstərilmişdir ki, “qeyd olunan vəziyyətdə tədqiqat tərəfindən “Kia Cerato” markalı avtomobilinin hərəkəti üçün təhlükənin yaranma anı, təhlükə yaranan andan toqquşmaya kimi keçən müddət və “Kia Cerato” markalı avtomobilinin hərəkət surəti barədə məlumat təqdim edilməli idi. Lakin göstərilən məlumatlar tədqiqat tərəfindən təqdim edilməyindən “Kia Cerato” markalı avtomobilin sürücüsünün hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini tədqiq etmək mümkün olmamışdır. Göründüyü kimi, ekspertiza tədqiqatına natamam sənədlər təqdim edildiyindən həmin sənədlər əsasında verilmiş rəy də qərəzli olmuşdur. Odur ki, X2 iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmadan Yasamal RPİ-nin DYPŞ-nin baş inspektoru X4 tərəfindən qəbul edilmiş 19 iyun 2021-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və onun əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X2 şikayətin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, 25 mart 2021-ci il tarixdə saat 21:55 radələrində idarə etdiyi “X9” markalı **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yasamal rayonu ərazisində yerləşən N.Hikmət küçəsi ilə A.M.Şərifzadə küçəsinin kəsişməsindəki tənzimlənən yolayrıcına svetoforun yaşıl işıq siqnalı yandıqdan sonra daxil olmuşdur. Lakin həmin vaxt daha əvvəldən yolayrıcında baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı tıxac yaranmışdır. Həmin tıxac səbəbindən onun sol tərəfdən gələn “avtomobili görmək imkanı olmamış və nəticədə yol ayrıcına soldan daxil olan “Kia Cerato” markalı **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. X2 qeyd etmişdir ki, onun tərəfindən “Yol hərkəti haqqında” Qanunun hər hansı bir tələbi pozulmamışdır. Belə ki, onun svetoforun yaşıl işığı yandıqdan sonra yolayrıcına daxil olmasını nəzərə alınsa, belə olan halda, “Kia Cerato” markalı **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobil yolayrıcına svetoforun ya sarı, ya da qırmızı qadağanedici işıq siqnalında hərəkətini davam etdirməklə yolayrıcına daxil olmuşdur. Beləliklə, “Kia Cerato” markalı **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün “Yol hərkəti haqqında” Qanunun tələbini pozması nəticəsində hadisə baş vermişdir. Bütün bu hallara baxmayaraq, xəta hadisəsini araşdıran Yasamal RPİ-nin DYPŞ-nin baş inspektoru X4 tərəfindən onun irəli sürdüyü dəlillərə düzgün hüquqi qiymət verilməmiş, o cümlədən inspektor tərəfindən yol-nəqliyyat hadisəsinin baş verməsi əsaslarına dair material natamam toplanılmaqla müvafiq ekspertiza tədqiqatına təqdim edilmiş və həmin qərəzli olaraq natamam toplanmış material əsasında isə rəy verilmişdir. 30 aprel 2021-ci il tarixli 8/871 nömrəli rəyin təsviri-əsaslandırıcı hissəsindən isə göründüyü kimi “Kia Cerato” markalı **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün hərəkəti üçün təhlükənin yaranma anı, təhlükə yaranan andan toqquşmaya kimi keçən müddət və avtomobilin hərəkət sürəti barədə məlumat ekspertiza idarəsinə təqdim edilməli idi. Lakin göstərilən məlumatlar təhqiqat tərəfindən təqdim edilmədiyindən həmin sürücünün hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri ekspert tərəfindən tədqiq edilmədən rəy verilmişdir. Belə olan halda natamam məlumatlara istinad edilməklə verilmiş rəy mötəbər sübut olaraq qəbul edilə bilməz, həmin rəyə istinad edilərək qəbul edilmiş qərar isə qanuni və əsaslı hesab edilə bilməz. X2 hadisənin videogörüntüsünü məhkəməyə təqdim edərək bildirmişdir ki, görüntüdən də onun yolayrıcına svetoforun yaşıl işıq siqnalında, digər sürcünün isə sarı işıq siqnalında yolayrıcına daxil olması açıqaydın görünür. Göstərilənlərə əsasən o, Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində qəbul edilmiş 19 iyun 2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilmiş Azərbaycan Respublikası DİN Bakı şəhəri Yasamal RPİnin DYPŞ-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq qurumun səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmiş və işə baxılmasının təxir edilməsinə dair hər hansı vəsatət daxil olmamışdır. Beləliklə, məhkəmə işə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə uyğun olaraq qərarından şikayət verilmiş orqanının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, aşağı qeyd olunan əsaslara görə şikayət qismən təmin olunmalı və Azərbaycan Respublikası DİN Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin baş inspektoru X4 tərəfindən qəbul edilmiş 19 iyun 2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Yasamal RPİ-nin DYPŞ-nə göndərilməlidir. 1) İş materiallarına əlavə edilmiş Yasamal RPİ-nin DYPŞ-nin baş inspektoru X4 tərəfindən tərtib edilmiş 19 iyun 2021-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 25 mart 2021-ci il tarixində saat 21:55-də “X9” markalı **-OJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X2 tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş xəta törədilmişdir. Qeyd olunan protokol məhkəmə tərəfindən tədqiq edildikdə həmçinin müəyyən edilmişdir ki, protokol Azərbaycan Respublikası İXM-nin 100-cü maddəsinin tələbləri pozulmaqla tərtib edilmişdir. Belə ki, qeyd olunan protokolda xətanın törədildiyi yer və mahiyyəti, o cümlədən xəta nəticəsində hər hansı şəxsə zərər vurulması, əgər zərər vurulmuşdursa zərərçəkmiş şəxs haqqında məlumatlar ümumiyyətlə qeyd edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 100-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda aşağıdakı məlumatlar göstərilməlidir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.5-ci maddəsinə görə protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Yuxarıda qeyd olunan normaların məzmunundan müəyyən edildiyi kimi inzibati xəta haqqında protokol ciddi hesabat sənədi olmaqla imperativ qaydada qanunvericiliyin tələblərinə uyğun olmaqla tərtib edilməlidir. Bu isə inzibati xəta haqqında qanunvericiliyin preventiv xarakterli olmasından irəli gəlir. Belə ki, protokol əsasında şəxsin “barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs” statusu yaranmış olur və şəxs protokol əsasında onun tərəfindən törədilməsi istinad edilən xətanın mahiyyəti barədə məlumatlanmaqla öz müdafiəsini orada göstərilənlərə əsasən qurur. Hazırki iş üzrə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın əsasını təşkil edən protokol isə qanunvericiliyin tələbi kobud şəkildə pozulmaqla tərtib edilmişdir. Belə olan halda isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öz müdafiə hüququnu lazımi şəkildə qurmaq imkanından məhrum edilmişdir. 2) İş materiallarına əlavə edilmiş Yasamal RPİ-nin DYPŞ-nin baş inspektoru X4 tərəfindən qəbul edilmiş 19 iyun 2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, 25 mart 2021-ci il tarixində saat 21:55-də Yasamal rayonu N.Hikmət küçəsi ilə A.M.Şərifzadə küçəsinin kəsişməsində “X9” markalı **-OJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X2 tərəfindən yolayrıcının keçmə qaydaları pozulduğundan, o, tərtib edilmiş İXP seriyalı ******* protokol üzrə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş xəta törədilməsində təqsirli bilinərək barəsində 60 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Qeyd olunan inzibati tənbeh vermə haqqında qərarda da xətanın mahiyyəti açıqlanmamış, o cümlədən xəta nəticəsində hər hansı şəxsə zərər vurulması, əgər zərər vurulmuşdursa zərərçəkmiş şəxs haqqında məlumatlar ümumiyyətlə qeyd edilməmişdir. Eləcə də, iş üzrə hər hansı ekspert rəyinə istinad edilməmişdir. 3) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 aprel 2021-ci il tarixli 8/871 nömrəli ekspert rəyinin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, 10 aprel 2021-ci il tarixli qərarla ekspertiza tədqiqatına ilkin olaraq verilmiş məlumatlara görə, 25 mart 2021-ci il tarixdə, saat 21:55 radələrində N.Hikmət küçəsində, A.M.Şərifzadə küçəsi istiqamətində hərəkət edən sürücü İ.Mikayılzadə idarə etdiyi “Kia Cerato” markalı avtomobillə svetoforun yaşıl işığında hərəkətinə davam edərkən, A.M.Şərifzadə küçəsi ilə N.Hikmət küçəsi istiqamətində sürücü İ.Mirzəzadə idarə etdiyi “Ssang Yong” markalı avtomobillə hərəkət edib svetoforun qırmızı işığında dayanıb və yaşıl işıq yandıqdan sonra hərəkətə başlamış, nəticədə o, “Kia Cerato” markalı avtomobillə toqquşmuşdur. Beləliklə ekspert DYPŞ-nin ona təqdim etdiyi məlumat əsasında və əlavə araşdırma aparmadan belə nəticəyə gəlmişdir ki, sürücü İ.Mikayılzadə idarə etdiyi “Kia Cerato” markalı avtomobillə svetoforun yaşıl işığında hərəkətinə davam edərək yol ayrıcına daxil olmuş və mövcud şərait nəzərə alınaraq rəy verilmişdir. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən həmçinin görünür ki, təhqiqat tərəfindən “Kia Cerato” markalı avtomobilin sürcüsü İ.Mikayılzadənin hərəkəti üçün təhlükənin yaranma anı, təhlükə yaranan andan toqquşmaya kimi keçən müddət və “Kia Cerato” markalı avtomobilin hərəkət sürəti barədə məlumat ekspertiza idarəsinə təqdim olunmamışdır. Buna görə də sürcüsü İ.Mikayılzadənin hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiq edilməsi mümkün olmamışdır. Beləliklə məhkəmə tərəfindən rəy tədqiq edilib müəyyən edilmişdir ki, müvafiq ekspertiza idarəsinə natamam və təhrif olunaraq təqdim edilmiş məlumatlara əsasən ekspert tərəfindən belə nəticəyə gəlinmişdir ki, “Ssang Yong” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 5-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə ekspert rəyinin mötərbərliliyinə şübhə ilə yanaşıb qeyd edir ki, həmin rəy birtərəfli və təhrif edilmiş qaydada verilmiş məlumatlar əsasında nəticəyə gəlinmişdir. Rəy natamam olmaqla mötəbər məlumatlara istinad edilərək verilmədiyindən məhkəmə tərəfindən sübut olaraq qəbul edilmir. Belə ki, məhkəmə iclası zamanı şikayətçi X2 tərəfindən məhkəməyə təqdim edilmiş təhlükəsiz şəhər müşahidə kameraları vasitəsilə qeydə alınmış hadisənin videogörüntüsü olan disk nümayiş etdirilərkən müəyyən edilmişdir ki, 25 mart 2021-ci il tarixində saat 21:55-də A.M.Şərifzadə küçəsi istiqamətində yavaş sürətlə hərəkət edən “Kia Cerato” markalı (minik) **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobillin sürücüsü yolayrıcına daxil olmazdan əvvəl, yəni, o, artıq piyada keçidinin qarşısında olarkən svetoforun yaşıl işığı yanıb-sönməyə başlamışdır. Həmin vaxt sürücü svetoforun yaşıl işığının yanıb-sönməsini görməsinə baxmayaraq hərəkətini dayandırmalı olduğu halda svetoforun sarı işığı yandıqdan sonra yolayrıcına daxil olmuş və yolayrıcında olarkən sürət həddini artırmaqla qırmızı işıqda hərəkətini davam etdirmişdir. Videogörüntüdən həmçinin müəyyən edilir ki, hazırki yol nəqliyyat hadisəsi baş verməzdən əvvəl, yolayrıcında baş vermiş digər yol nəqliyyat hadisəsinə görə tıxac mövcud olmuş, qeyd olunan tıxacı yolayrıcına svetoforun hərəkəti qadağan edən sarı işıq siqnalında daxil olan “Kia Cerato” markalı (minik) **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobillin sürücüsü əvvəlcədən görməsinə baxmayaraq, sürətlə maneəni ötüb keçmək istədikdə N.Hikmət küçəsi ilə hərəkət edən və öz hərəkət istiqamətində svetoforun yaşıl işığında yol ayrıcına daxil olan “X9” markalı (minik) **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Məhkəmə hadisənin videogörüntüsünü və inzibati xəta haqqında iş üzrə olan materialları, ekspert rəyini bir-biri ilə əlaqəli şəkildə tədqiq edərək ekspert tərəfindən verilmiş rəy ilə razılaşmayaraq qeyd edir ki, “Kia Cerato” markalı (minik) **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İ.X.Mikayılzadənin sürət həddi və onun svetoforun işıq siqnallarını görmə məsafəsi, o cümlədən svetoforun işıq siqnalları arasındakı vaxt intervalı nəzərə alındıqda açıq-aşkar görünür ki, onun kəskin tormozlanma etmədən svetoforun qarşısında nəqliyyat vasitəsini dayandırmağa kifayət qədər vaxt imkanı olmuşdur. Dolayısı ilə “Kia Cerato” markalı (minik) **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İ.X.Mikayılzadə svetoforun yaşıl işığı yanıb-sönməyə başladıqdan sonra tezliklə onun hərəkətini qadağan edəcək svetoforun sarı işıq siqnalının yanacağını dərk etmiş, lakin buna baxmayaraq qəsdən sarı işıq yandıqdan sonra hərəkət sürətini azaltmadan yolayrıcına daxil olub hərəkətini davam etdirmişdir. Lakin ekspert müvafiq rəyi verərkən natamam və təhrif olunmuş materiallara istinad edərək, hadisənin videogörüntüsünü tədqiq etmədən belə nəticəyə gəlmişdir ki, “Kia Cerato” markalı (minik) **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İ.X.Mikayılzadə svetoforun yaşıl işıq siqnalında yolayrıcına daxil olmuşdur. Halbuki, hadisənin videogörüntüsü bunun əksini sübut edir. Məhkəmə həmçinin qeyd edir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə görə yollarda, yolayrıclarında və digər yerlərdə yol hərəkətini nizama salmaq üçün svetoforlardan istifadə olunur. Svetoforların vasitəsi ilə verilən siqnallarda yaşıl, sarı, qırmızı və ağ-sarımtıl rənglər tətbiq edilir. Svetoforun dairəvi siqnallarının aşağıdakı mənaları vardır:1)yaşıl rəngli işığın yanması siqnalı hərəkətə icazə verir; 2) yaşıl rəngli işığın yanıb-sönməsi siqnalı hərəkətə icazə verir və bildirir ki, onun vaxtı qurtarır, tezliklə qadağan siqnalı yanacaq; 3) sarı rəngli işığın yanması siqnal hərəkəti qadağan edir və tezliklə siqnalların dəyişəcəyi barədə xəbərdarlıq edir; 4) sarı rəngli işığın yanıb-sönməsi siqnalı hərəkətə icazə verir və nizamlanmayan yolayrıcının və ya piyada keçidinin olduğunu bildirir, təhlükə barədə xəbərdarlıq edir; 5) qırmızı rəngli işığın yanması və ya yanıb-sönməsi siqnalı hərəkəti qadağan edir; 6) qırmızı və sarı rəngli işıqların eyni vaxtda yanması siqnalı hərəkəti qadağan edir və tezliklə yaşıl siqnalın yanacağını bildirir. Həmin Qanunun 60-cı maddəsinə görə svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi yol iştirakçıları üçün məcburidir. Svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar: 1) yolayrıcında - kəsişən yolun hərəkət hissəsi qarşısında (bu Qanunun 76-cı maddəsinin dördüncü hissəsini nəzərə almaqla); 2) bu Qanunun 44-cü maddəsinin üçüncü hissəsinə uyğun olaraq dəmiryol keçidi qarşısında; 3) başqa yerlərdə - hərəkətinə icazə verilən nəqliyyat vasitələrinə və piyadalara maneə yaratmadan svetofor və ya nizamlayıcı qarşısında. Qeyd olunan maddənin 4-cü hissəsinə görə svetoforun sarı işığı yandıqda və ya nizamlayıcı qolunu yuxarı qaldırdıqda nəqliyyat vasitəsini kəskin tormozlamadan bu maddənin ikinci və üçüncü hissələrində müəyyən edilən yerlərdə saxlaya bilməyəcək sürücülərə hərəkəti davam etdirməyə icazə verilir. Qeyd olunan normanın məzmunundan da göründüyü kimi svetoforun sarı rəngli işıq siqnalının yanması yol hərəkəti iştirakçılarının hərəkətini birmənalı olaraq qadağan edir. Beləliklə, işin faktiki halları araşdırılıb məhkəmə tərəfindən müəyyən edilmişdir ki, “Kia Cerato” markalı (minik) **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücücü İ.Mikayılzadə 25 mart 2021-ci il tarixində saat 21:55-də Yasamal rayonu N.Hikmət küçəsi ilə A.M.Şərifzadə küçələrinin kəsişməsində istifadəsində olan nəqliyyat vasitəsi ilə açıqaşkar şəkildə kəskin tormozlanma etmədən sarı işıq siqnalı yandığı andan svetoforun qarşısında nəqliyyat vasitəsini dayandırmağa kifayət qədər vaxt imkanı olmasına baxmayaraq qəsdən hərəkət sürətini azaltmadan sürətini artıraraq yolayrıcına daxil olub hərəkətini davam etdirmiş və nəticədə o, svetoforun yaşıl işığı yandıqdan sonra N.Hikmət küçəsindən A.M.Şərifzadə küçəsinə doğru hərəkətdə olan “X9” markalı (minik) **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Azərbaycan Respublikası İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Hazırki inzibati işin hallarından göründüyü kimi, inzibati xəta hadisəsi hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırılmamış, ekspert tərəfindən qoyulmuş suallara natamam cavab verilməsinə baxmayaraq həmin natamamlığın aradan qaldırılması üçün Yasamal RPİ-nin DYPŞ-nin baş inspektoru X4 tərəfindən heç bir tədbir görülməmiş, hadisənin videogörüntüsü ekspertizaya təqdim edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırki inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və Azərbaycan Respublikasının İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması səbəbiylə X1 şikayəti qismən təmin edilməli, Yasamal RPİ-nin DYPŞnin baş inspektoru X6 oğlu tərəfindən İXM-nin 327.2-ci maddəsi ilə tərtib edilmiş 19 iyun 2021-ci il tarixli İXP ******* saylı protokol əsasında qəbul edilmiş TP seriyalı ******* nömrəli qərar ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin qərarı qəbul etmiş səlahiyyətli orqana göndərilməlidir. Həmçinin həmin qərar əsasında Azərbaycan Respublikası DİN-nin Baş X8 İdarəsinin Mərkəzi İnformasiya sistemində X1 barəsində yerləşdirilmiş inzibati cərimə və ona hesablanmış dəbbə pulu məbləğləri silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X1 şikayəti qismən təmin olunsun. Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Yasamal RPİ-nin DYPŞ-nin baş inspektoru X6 oğlu tərəfindən qəbul edilmiş 19 iyun 2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin qərarı qəbul etmiş səlahiyyətli orqana göndərilsin. X2 barəsində qəbul edilmiş 19 iyun 2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin Mərkəzi İnformasiya sistemində yerləşdirilmiş inzibati cərimə və ona hesablanmış dəbbə pulu məbləğləri silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar