Məhkəmə qərarları › İş №3(004)-1653/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1653/2021

16.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1653/2021 16.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin polis sahə inspektoru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1978-ci il tarixdə Ağcabədi rayonununda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Ağcabədi rayonu, Hindarx qəsəbə ərazi dairəsi, Hindarx qəsəbəsində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin polis sahə inspektoru X8 tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 16 iyul 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs 15.07.2021-ci il tarixdə saat 16:10-da Yasamal rayonu, X13 4-də yerləşən "xxxx" MMC-də həyəcan düyməsi ilə çağırışa gəlmiş mühafizə idarəsinin polis nəfərlərinin qanuni tələbinə tabe olmamışdır. Nəticədə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin polis sahə inspektoru X8 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, "xxxx" MMC ilə aralarında olan danışığa əsasən o idarə etdiyi avtomobilin lizinq ödənişlərindən yığılmış borcundan bir hissəsini "xxxx" MMC-yə ödəməli və MMC tərəfindən ona avtomobili idarə etmək üçün yol vərəqəsi verilməli idi. 15.07.2021-ci il tarixdə saat 15:00 radələrində idarə etdiyi avtomaşına yol vərəqəsi almaq üçün "xxxx" MMC-nin ofisinə daxil olmuş və aralarında olan danışığa uyğun olaraq ödənişini etmişdir. Bundan sonra o yol vərəqəsini almaq üçün "xxxx" MMC-nin əməkdaşlarına yaxınlaşmış, lakin onlar o ödənişi etdikdən sonra aralarında ona razılaşmaya əməl etməyərək, yol vərəqəsini verməkdən imtina etmişlər. Bundan sonra o məsələyə aydınlıq gətirmək üçün MMC-nin müdiri ilə söhbət etmək üçün sonuncunun otağının qarşısına yaxınlaşaraq otağın qapısının döymüşdür. Bu zaman polis əməkdaşı ona arxadan yaxınlaşıb onu qolundan dartaraq MMC-nin müdirinin qəbuluna girməkdən yayındırmağa çalışmışdır. Bundan bir müddət sonra polis əməkdaşının razılığı ilə MMC-nin müdiriyyətinin qəbuluna girmiş və məsələyə aydınlıq gətirməyə çalışmışdır. Lakin məsələ öz həllini tapmamış və o MMC-nin ofisindən çıxaraq ofisin qarşısında dayanmışdır. Bundan sonra polis əməkdaşları ona yaxınlaşaraq onu Polis Bölməsinə dəvət etmişlər və o isə onlarla razılaşaraq 28-ci polis bölməsinə getmişdir. Onunla həmin mühafizə polisi və şirkətə gələn digər polis əməkdaşları arasında hər hansı mübahisə və digər neqativ hallar olmamışdır. Göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki. heç bir ünvanlı yaxud ünvansız söyüşlərdən istifadə etməmişdir. Analiz nəticəsində müəyyən edilmiş AMP isə qəbul etdiyi sakitləşdirici preparatların tərkibindədir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, 15.07.2021-ci il tarixdə xidmətdə olduğu postda "xxxx" MMC-nin problemli kreditlər departamentinin müdiri Ramin Məmişovun çağırışı əsasında onun otağına daxil olmuşdur. Bu zaman orada bir nəfər şəxsin ünvanlı və ünvansız söyüşlər söydüyünü gördükdə həmin şəxsə yaxınlaşmış, onun sakitləşdirməyə çalışmış lakin həmin şəxs onun tələblərini yerinə yetirməmişdir. Həmin şəxslə bir müddət söhbət etdikdən sonra onlar bir yerdə MMC-nin müdiriyyətinin qəbulunda olmuşlar. Lakin 15-20 dəqiqə söhbətdən sonra tərəflərin arasında olan narazılıq öz həllini tapmamışdır. Daha sonra isə sonradan adının Şəxs olduğunu bildiyi şəxs əsəbi halda oradan çıxaraq MMC-nin ofisinin qarşısında dayanmışdır. Bu zaman Şəxs əsəbi vəziyyətdə MMC-nin ofisinin qaşısında dayandığı və MMC-nin əməkdaşları ilə mübahisə etməsi ehtimalının olduğuna görə Polis Bölməsinə dəvət etmişdir və o əvvəl heç bir qanun pozuntusu törətmədiyi üçün Polis Bölməsinə getməkdən imtina etmiş, lakin sonradan polis əməkdaşlarının maşınına əyləşərək Polis Bölməsinə getmişdir. İş materiallarında olan 15.07.2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 19:15-də inzibati qaydada tutulmuşdur. Yasamal Rayon Mühafizə İdarəsinin polis nəfəri X5 tərəfindən tərtib edilmiş 15.07.2021-ci il tarixdə saat 16:10 radələrində bir nəfər şəxs xidmət apardığı postda problemli kreditlər departamentinin müdürü vəzifəsində işləyən X3 otağına daxil olub, ünvanlı söyüşlərlə təhqir etdiyini görmüşdür. Dərhal ona yaxınlaşaraq özünü təqdim etmiş, onun sakitləşməsini xahiş etmişdir. Lakin o tabesizlik göstərdiyi üçün siqnal düyməsindən istifadə edib Yasamal Rayon Mühafizə İdarəsinin 26-38 nömrəli tutucu qrupunu çağırmışdır. Onlarda dərhal gəlib həmin şəxsi nizam-intizamlı olmağa dəvət etmişdir. Lakin həmin şəxs yenə tabesizlik göstərdiyi üçün 28-ci polis bölməsinə dəvət edilmişdir. Yasamal Rayon Mühafizə İdarəsinin polis nəfərləri X1 və X2 tərəfindən tərtib edilmiş 15.07.2021-ci il tarixli raportdan görünür ki, həmin tarixdə saat 16:30 radələrində X12 Dairəvi Yolda yerləşçən “Azyevrocar” adlandırılan polis postu və həyəcan siqnalı ilə qorunan obyektdən Yasamal Rayon Mühafizə İdarəsinə həyəcan düyməsi verilmişdir. Həmin obyektə yaxınlaşan zaman bir nəfər şəxsin obyektdə mübahisə edib söyüş söyərək nalayiq sözlərlə işçiləri təhqir etdiyini görmüşlər. Həmin şəxslə söhbət edərək sakitləşməsini xahiş etmişlər. Həmin şəxs isə sakitləşmək istəmədiyini və tabesizlik göstərdiyi üçün 28-ci polis bölməsinə dəvət etmişlər. Polis bölməsində həmin şəxsin Şəxs olduğu müəyyən edilmişdir. Protokolu tərtib etmiş şəxs tərəfindən təqdim edilmiş CD diskdəki video görüntüdən görünür ki, Şəxs MMC-nin müdiriyyətinin otağının qapısını döyərək otağa daxıl olmaq üçün icazəni gözləmiş, lakin bu zaman polis əməkdaşı bir nəfər şəxslə birlikdə onun qolundan dartaraq onu MMC-nin müdiriyyətinin gəbuluna girməkdən yayındırmağa çalışmışlar. Digər video görüntüdən görünür ki, Şəxs müdiriyyətin otağındadır və onlar bir biri ilə söypət edirlər daha sonra isə sözlü mübahisə etməyə başlayırlar. Hər iki video görüntüdən görünür ki, çəkiliş aparan qurğular səs yazısına malikdilər, lakin Şəxs söyüş söməsini sübüt edən heç bir səs yazısı yoxdur. Bundan əlavə Şəxs MMC-nin qarşısında polis əməkdaşlarının onu Polis Bölməsinə dəvət etmələrinə və sonuncunun bundan imtina etməsinə dair məhkəməyə heç bir video görüntü təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlamətləri aşkar edilmədiyindən həmin hissədə inzibati xəta üzrə icraata xitam verilməsi məqsədəuyğundur. Belə ki aşağıdakılara əsasən şəxsin törətdiyi əməl kimi göstərilmiş və şəxsə qarşı tərtib edilmiş protokolda göstərilmiş əməldə inzibati xəta tərkibi yoxdur. Ümumiyyətlə qeyd edilməlidir ki, polisin ixtiyari bir tələbinə qəsdən tabe olmamaq İXM-nin 535.1-ci maddəsinin tərkibini yaratmır. Yalnız polisin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Şəxsin saxlanıldığı vaxtdan 24 saat keçsə də polisin şəxs barədə şübhələri öz təsdiqini tapmamışdır. Çünki protokolu tərtib etmiş şəxs tərəfindən Şəxs təqsirliliyini təsdiq edən hər hansı sübut əlavə edilməmişdir. Şəxs Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşlarının avtomobilinə əyləşdirib polis bölməsinə aparmaq istəyiblər, şəxs bununla razılaşıb və onlarla birlikdə polis bölməsinə gedib. Şəxsin bu əməli də inzibati xəta kimi qiymətləndirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 5-ci maddəsinin 2-ci bəndinə əsasən tutulmuş hər bir kəsə ona aydın olan dildə onun tutulmasının səbəbləri və ona qarşı irəli sürülən istənilən ittiham barədə dərhal məlumat verilir. Azərbaycan Respublikası İXM-nin inzibati məsuliyyətin əsaslarını müəyyən edən 3cü maddəsində göstərilir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 5-ci maddəsində isə təsbit edilmişdir ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən insan ləyaqətini alçaldan qərarların verilməsinə və hərəkətin edilməsinə yol verilmir. Göründüyü kimi, insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirib insan və vətəndaş hüquqlarını və azadlıqlarını, şəxslərin iqtisadi maraqlarını, idarəçilik qaydalarını qorumağı, qanunçuluğu möhkəmləndirməyi və inzibati xətaların qarşısını almağı vəzifə kimi müəyyən edən İXM-yə görə, yalnız Məcəllədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Həmin Məcəllənin 8-ci maddəsində isə göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən, inzibati xəta hadisəsi olmadıqda və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, İXM-nin 535.1-ci maddəsi ilə Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə protokolu tərtib etmiş orqan tərəfindən heç bir sübut təqdim edilmədiyindən və onun əməlində həmin maddənin tərkib əlamətləri sübuta yetirilmədiyi üçün iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar