Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1654/2021 13.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X6 iclas katibliyi ilə, protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1963-cü ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Xanağa kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında kirayədə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində Yasamal rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş 16 iyul 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Protokoldan görünür ki, Yasamal Rayon Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli 2(004)-7596/2018 nömrəli icra sənədinə əsasən borclu Şəxs 12.000 (on iki min) manat və dövlət rüsumunun ödənilməsinə görə 30 (otuz) manat olmaqla, cəmi 12.030 (on iki min otuz) manat məbləğində pul tutularaq X4 ödənilməlidir. Borclu Şəxs dəfələrlə xəbərdarlıq olunmasına və izahatlarının alınmasına, müvafiq olaraq həyata keçirilmiş məcburi icra tədbirlərinə baxmayaraq icra sənədi üzrə hazıradək qalıq qalmış 7.330 (yeddi min üç yüz otuz) manat borcunu icra etməkdən və icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən üzrsüz səbəbdən qəsdən boyun qaçırmışdır. Göstərilənlərə əsasən, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci (məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Şəxs protokolla tanış olaraq imzalamışdır. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X2 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-7596/2018 nömrəli, 11 dekabr 2018-ci il tarixli qətnaməsi əsasında 03 iyul 2019-cu il tarixdə verilmiş icra sənədinə əsasən cavabdeh Şəxs 12.000 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 12.030 (on iki min otuz) manat məbləğində pul tutularaq iddiaçı X3 xeyrinə ödənilməlidir. İcra sənədi üzrə Yasamal rayon İcra şöbəsində 03 iyul 2019-cu il tarixli qərarla icraata başlanılmış, eyni tarixdə borcluya tələbin könüllü icrası ilə bağlı bildiriş göndərilmişdir. Bildirişlə borclu Şəxs icra sənədinin qanunla müəyyən edilmiş müddətdə üzrsüz səbəbdən icra etməməsinə görə məsuliyyət barədə xəbərdarlıq edilmiş və bildiriş ona 07 iyul 2020-ci il tarixdə şəxsən imza etdirilməklə təqdim edilmişdir. Belə ki, Yasamal Rayon Məhkəməsinin 2(004)- 7596/2018 nömrəli, 11 dekabr 2018-ci il tarixli qətnaməsi apellyasiya və kassasiya qaydasında borclu tərəfindən mübahisələndirilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 mart 2020-ci il tarixli 2(102)-1395/20 nömrəli qərarına əsasən qətnamə dəyişdirilmədən saxlanılmışdır. Şəxs ilk dəfə 07 iyul 2020-ci il tarixdə icra şöbəsində olmuş və həmin vaxt izahatı alınmışdır. İcra sənədi üzrə məcburi icra tədbirlərinin həyata keçirilməsi məqsədilə aidiyyəti qurumlara sorğular göndərilmiş və borclu tam şəkildə icra sənədini icra edə bilmədiyini, yalnız hər ay 200-500 manat olmaqla ödəniş edə biləcəyini bildirmişdir. Buna baxmayaraq tələbkar icra sənədinin tam şəkildə ödənilməsini tələb etmiş və bununla bağlı aidiyyəti üzrə yuxarı instansiya orqanlarına şikayət etmişdir. Bundan sonra Şəxs barəsində inzibati məsuliyyətə cəlb edilməsi üçün 07.08.2020-ci il tarixdə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə icraatı zamanı borclu Şəxs borcundan 1500 (bir min beş yüz) manat ödəniş etməsi nəzərə alınaraq onun barəsində Yasamal Rayon Məhkəməsinin 10.08.2020-ci il tarixli qərarı ilə iş üzrə icraata xitam verilmişdir. Qeyd olunan məhkəmə qərarından sonra Şəxs bir daha qısa müddət ərzində borcunu tam şəkildə ödəyəcəyini vəd etməsinə baxmayaraq, icra prosesini uzatmaq məqsədilə borcun hissə-hissə ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin 8(004)-570/2020 nömrəli 31.08.2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş və qalıq qalan 10500 manat məbləğində borc üzrə hər aya 1750 (bir min yeddi yüz əlli) manat olmaqla 6 ay ərzində borcun hissə-hissə icra edilməsi qərara alınmışdır. Məhkəmənin qərardadından tələbkar Ziya Abdullayev tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin 15.10.2020-ci il tarixli 8(103)-416/2020 nömrəli qərarı ilə Yasamal Rayon Məhkəməsinin 8(004)-570/2020 nömrəli 31.08.2020-ci il tarixli qərardadı ləğv edilmişdir. Tələbkar dəfələrlə ərizə ilə şöbəyə müraciət edərək borcunun tam şəkildə ödənilməsini tələb etmişdir. Məhkəmə icraatı zamanı ödənilmiş 1500 manat daxil olmaqla, hazıradək icra sənədi üzrə 4700 manat ödəniş həyata keçirilmişdir. Şəxs icra şöbəsindəki izahatlarında dəfələrlə borcunu hissə-hissə ödəyəcəyinə dair yalan vədlər vermiş və üzərinə düşən öhdəliklərini qəsdən yerinə yetirməmişdir. İcraat zamanı Şəxs barəsində zəruri məcburi icra tədbirləri görülmüşdür, lakin onun mülkiyyətində hər hansı bir əmlakı, bankda hesabı, əmək haqqı, pensiya və ya digər vəsaiti müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, icra məmuru X2 borclu Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Protokol məhkəməyə dərhal baxılması üçün verilməsinə baxmayaraq borclu Şəxs dəfələrlə məhkəməyə müraciət edərək borcunun tam şəkildə ödənilməsi üçün ona möhlət verilməsini xahiş etmişdir. Şəxs vəsatəti təmin edilmiş və məhkəmə baxışı bir neçə dəfə təxirə salınmışdır. Bu müddət ərzində borclu Şəxs iki müxtəlif vaxtda hər birində 1.000 (bir min) olmaqla cəmi 2000 (iki min) manat ödəniş etmişdir. Bununla da, Şəxs icra sənədi üzrə cəmi 5.330 (beş min üç yüz otuz) manat məbləğində borcu qalmışdır. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X2 əlavə olaraq bildirmişdir ki, hazırki inzibati iş məhkəmənin icraatında olduğu müddətdə borclu icra sənədinin icrası ilə bağlı şöbəyə dəvət edilməsinə baxmayaraq o, çağırışa gəlməkdən imtina etdiyinə görə onun barəsində 17.07.2021-ci il tarixli qərarla axtarış elan edilmişdir. Göründüyü kimi, borclu üzrsüz səbəbdən icra məmuru olaraq onun qanuni tələblərini yerinə yetirməkdən qəsdən boyun qaçırmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, Yasamal Rayon Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli 2(004)-7596/2018 nömrəli icra sənədinə əsasən 12.030 (on iki min otuz) manat məbləğində pul onun tərəfindən tələbkar X4 ödənilməli idi. O, məhkəmə qətnaməsinə hörmətlə yanaşır. Lakin rayon məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə onun tərəfindən yuxarı instansiya məhkəmələrində mübahisələndirilmiş, kassasiya instansiyası məhkəməsinin qərarı 03 mart 2020-ci il tarixdə qəbul edildikdən sonra qətnamə qanuni qüvvəyə minmişdir. O, sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan və həmin tarixdən sonra ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi ilə bağlı maddi çətinlikləri yarandığından borcunu hazıradək tam şəkildə ödəyə bilməmişdir. O, icra məmurundan gizlənməmiş, onun çağırışlarından yayınmamışdır. Bundan əlavə məhkəmə iclasları zamanı ona verilmiş vaxt ərzində tələbkara iki dəfəyə olmaqla 2000 (iki min) manat pul ödəmişdir. Şəxs məhkəmə iclasında ona verilmiş suallara əsasən 13 avqust 2021-ci il tarixli X7 tərəfindən onun adına verilmiş etibarnaməni təqdim edərək hazırda öz şəxsi biznesini qurmaqla məşğul olduğunu, bunun üçün tərəfindən 60.000 (altmış min manat) məbləğində pul vəsaitinin avans olaraq ödənilib məhsul sifariş edildiyini, icra sənədi üzrə borcunun ödənilməmiş qalan hissəsini həmin biznesdən əldə etdiyi gəlir əsasında tam şəkildə ödəyəcəyini və göstərilən hallar nəzərə alınaraq barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İcra sənədi üzrə tələbkar (zərər çəkmiş şəxs) X4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və şifahi qaydada məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 62.4 və 112.1.4-cü maddələrinə əsasən tələbkarın (zərər çəkmiş şəxs) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, həmçinin icra işinin materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 2(004)-7596/2018 nömrəli 11 dekabr 2018-ci il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs 12000 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 12030 manat məbləğində pul tutularaq iddiaçı X3 xeyrinə ödənilməlidir. İcra işi materiallarında olan 03 iyul 2019-cu il tarixli icraata başlamaq haqqında qərardan və tələbin könüllü icrası barədə bildirişdən müəyyən edilir ki, həmin bildiriş borclu Şəxs 07 iyul 2020-ci il tarixdə təqdim edilməklə ona məsuliyyət barədə xəbərdarlıq elan edilmişdir. İş materiallarında olan Şəxs 07 iyul 2020-ci il və 07 avqust 2020-ci il tarixli izahatlarından da görünür ki, Yasamal rayon icra və probasiya şöbəsi tərəfindən borcluya tələbin könüllü icrasına dair bildirişlər göndərilməklə Azərbaycan Respublikası İXM-nin 528.1 və Cinayət Məcəlləsinin 306.1-ci maddələrinin tələbləri həmin tarixlərdə izah edilmişdir. Həmin izahatlarında da o, borcu üzrə öhdəliklərini qısa müddət ərzində icra edəcəyinə dair vədlər vermişdir. İcra işi materiallarından görünür ki, Elektron İcra Sistemi vasitəsilə borclunun əmlak və maddi vəziyyəti yoxlanılmış və müəyyən edilmişdir ki, onun adına bankda pulu, hesabı, tutmanın yönəldilə biləcək daşınar və ya daşınmaz əmlakı yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 03 mart 2020-ci il tarixli 3(102)-1395/20-ci il tarixli qərarından müəyyən edilir ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-7596/2018 nömrəli 11 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş materiallarından müəyyən edilir ki, borclu Şəxs ilk dəfə 07 iyul 2020-ci il tarixdə icra şöbəsində olmuş və həmin vaxt izahatı alınmış və o, hər ay 200-500 manat olmaqla ödəniş edə biləcəyini bildirmişdir. Buna baxmayaraq tələbkar icra sənədinin tam şəkildə ödənilməsini tələb etmiş və bununla bağlı aidiyyəti üzrə yuxarı instansiya orqanlarına şikayət etmişdir. Bundan sonra Şəxs barəsində inzibati məsuliyyətə cəlb edilməsi üçün 07.08.2020-ci il tarixdə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə icraatı zamanı borclu Şəxs borcundan 1500 (bir min beş yüz) manat ödəniş etməsi nəzərə alınaraq onun barəsində Yasamal Rayon Məhkəməsinin 10.08.2020-ci il tarixli qərarı ilə iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 10.08.2020-ci il tarixli 3(004)- 1855/2020 nömrəli qərarından həmçinin müəyyən edilir ki, qeyd olunan məhkəmə iclasında Şəxs məsuliyyətini dərk etdiyini, icra sənədinin icrasından yayınmadığını bildirib, 1500 manat ödəniş etməsinin nəzərə alınmasını xahiş etmiş və qalıq qalan borcunu 3 ay ərzində tam olaraq ödəyəcəyini vəd etmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Badamdar filialı vasitəsi ilə ödənilmiş 10 avqust 2020-ci il tarixli 32956 nömrəli qəbzdən görünür ki, Şəxs tərəfindən icra şöbəsinin hesabına onun barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən sonra 1500 manat məbləğində pul köçürülmüşdür. Daha sonra iş materiallarından görünür ki, borclu Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə Yasamal Rayon Məhkəməsinin 10.08.2020-ci il tarixli qərarı ilə iş üzrə icraata xitam verildikdən sonra borcun hissə-hissə ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin 8(004)-570/2020 nömrəli 31.08.2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş və qalıq qalan 10500 manat məbləğində borc üzrə hər aya 1750 (bir min yeddi yüz əlli) manat olmaqla 6 ay ərzində borcun hissə-hissə icra edilməsi qərara alınmışdır. Məhkəmənin qərardadından tələbkar Ziya Abdullayev tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin 15.10.2020-ci il tarixli 8(103)-416/2020 nömrəli qərarı ilə Yasamal Rayon Məhkəməsinin 8(004)-570/2020 nömrəli 31.08.2020-ci il tarixli qərardadı ləğv edilmişdir. Həmçinin iş materiallarından görünür ki, tələbkar Ziya Abdullayevin aidiyyəti yuxarı instansiya orqanlarına müraciətindən sonra borclu Şəxs 2021-ci ilin yanvar ayında ayrıayrı vaxtlarda olmaqla cəmi 3200 (üç min iki yüz) manat ödəniş etmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, hazırki inzibati xəta haqqında protokol məhkəməyə daxil olanadək Şəxs 03 iyul 2019-cu il tarixli tarixdə icraata başlanılmış icra işi üzrə cəmi 4700 manat ödəniş etmişdir ki, qeyd olunan məbləğ ümumi borc məbləğinin cüzi, yəni 1/3 hissəsini təşkil edir. Hazırki inzibati xəta haqqında protokola məhkəmə iclasında baxılarkən borclu Şəxs dəfələrlə məhkəmə iclasının təxirə salınmasını və borcunun tam olaraq ödənilməsi üçün ona möhlət verilməsini xahiş etmişdir. Protokolun 16 iyul 2021-ci il tarixdə məhkəməyə daxil olması nəzərə alınaraq məhkəmə tərəfindən borcluya icra sənədi üzrə borcunun tam olaraq ödənilməsi üçün kifayət qədər imkan yaradılmasına baxmayaraq, o, müxtəlif tarixlərdə olmaqla iki dəfəyə 2000 (iki min manat) ödəniş etmişdir. Hətta məhkəmə iclaslarınin birində o, 500 (beş yüz ) manat məbləğin üzərində olduğunu, iclas təxirə salındıqdan dərhal sonra həmin vəsaiti də tələbkarın hesabına ödəyəcəyini deməsinə baxmayaraq bu vədinə əməl etməmişdir. O, sonuncu məhkəmə iclası zamanı 60.000 manat dəyərində ödəniş etməklə mal sifariş verdiyini və qazanc əldə etdikdən sonra borcunu gələcəkdə tam şəkildə ödəyəcəyini bildirmişdir. Məhkəmə tərəfindən həmçinin müəyyən edilir ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-7596/2018 nömrəli 11 dekabr 2018-ci il tarixli icra sənədi üzrə 12.030 (on iki min otuz) manat ümumi borcdan hazıradək borclu Şəxs tərəfindən cəmi 6.700 manat məbləğində ödəniş edilmişdir ki, həmin vəsaitin 3500 (üç min) manatı onun barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanılmasına dair protokol tərtib edilib məhkəməyə təqdim edildikdən sonra, qalan 3200 manat isə borclunun aiyyəti qurumlara təkidli şikayət ərizələrindən sonra ödənilmişdir. Yuxarıdakı hallar isə bir daha onu sübut edir ki, borclu Şəxs maddi vəziyyəti icra sənədi üzrə olan borcunu ödəməyə imkan versə də, könüllü şəkildə borcunu ödəməmiş, yalnız barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən sonra inzibati məsuliyyətə cəlb edilməkdən yayınmaq məqsədi ilə ödənişlər etmişdir. Belə ki, Şəxs həmin ödəniş tarixi 13.08.2021-ci ildir, yəni yaxın tarix olmaqla onun barəsində protokol tərtib edilməsindən 3 gün əvvələ təsadüf edir. Bu hal isə onun borcu ödəmək iqtidarında olmasına dəlalət edir. Odur ki, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs yalnız müvafiq təsir tədbirlərindən sonra müxtəlif vaxtlarda müəyyən ödənişlər etmişdir. Həmçinin o, həm icra şöbəsindəki izahatlarında, həm də 10.08.2020-ci il tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan zaman məhkəmə iclasında verdiyi izahatında borcunu qısa müddət, yəni 3 ay ərzində ödəyəcəyinə dair vəd etməsinə baxmayaraq buna əməl etməmişdir. Hazırki məhkəmə iclasının isə lüzumsuz olaraq uzanmasına səbəb olmuşdur. Bunun əksinə olaraq o, sahib olduğu 60.000 manat pul vəsaitinin bir qismini borcunun ödənilməsinə sərf etmək əvəzinə bunu etməmiş və öz şəxsi məqsədlərinə yönəltmişdir. Qeyd olunan xüsusatlar nəzərə alınaraq, məhkəmə borclu Şəxs bu hərəkətlərini onun icra sənədi üzrə öz öhdəliklərindən qəsdən üzrsüz səbəbdən yayınması kimi qiymətləndirir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Şəxs barəsində görülmüş məcburi icra tədbirlərinə baxmayaraq məhkəmənin icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən qəsdən yayınmış və hal-hazıradək onun icra sənədi üzrə 5330 manat məbləğində borcu qalıq qalmışdır. Bununla da, Şəxs məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə və icra sənədini üzrsüz səbəbdən icra etməməklə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Göstərilənlərə əsasən məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.1-ci maddəsinə əsasən məhkəmə, məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və inzibati həbsdə saxlama müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 13 avqust 2021-ci il tarixdən saat 16:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 07 (yeddi) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbs etmənin əvvəli 13 avqust 2021-ci il tarixdən saat 16:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsində mühafizə altında saxlanılsın. Qərarın icrası Yasamal rayon Polis İdarəsinə və Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-1654/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1654/2021
13.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver