Məhkəmə qərarları › İş №3(004)-1657/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1657/2022

18.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1657/2022 18.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X1 iclas katibliyi, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinin nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin qanuni təmsilçisi X2 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 389-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 389-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Bakı Şəhər Statistika İdarəsi tərəfindən tərtib edilmiş 18 mart 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri 2022-ci ilin (aylıq) 12 istehsal (sənaye) (Malların istehsalı təqdim edilməsi və xidmətlərin göstərilməsi haqqında) hesabatı fevral ayı üzrə 2022-ci ilin mart ayının 5-ci iş günü saat 13:00-dək təqdim etməmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Bakı Şəhər Statistika İdarəsinin aparıcı məsləhətçisi X7 inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 389-cu maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin qanuni təmsilçisi X5 hər ay statistik hesabatı həmin ay bitdikdən sonra 5 iş günü ərzində verir. Həftənin şənbə günü iş günü olduğundan analaşılmazlıq yaranıb statistik hesabatı 1 saat gecikdirmişdir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi olə əlaqə saxlamış lakin artıq sistemin bağlandığı bildirilmişdir. Hesabatı rüblük verməli olduğu təqdirdə qurum tərəfindən hər ay hesabat verilməsi tələb edilir. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-in 389-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir və həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsinə əsasən, statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. İş materiallarında olan X3 görünür ki, Şəxs 2022-ci ilin yanvar ayı üzrə hesabat təqdim etsədə sonrakı aylar ərzində heç bir hesabat təqdim etməmişdir. Azərbaycan Respublikasının “Rəsmi statistika haqqında” Qanununun 11-ci maddəsinə əsasən rəsmi statistik məlumatlar başdan-başa və yaxud seçmə müşahidələr yolu ilə toplanır. Bu müşahidələr müntəzəm və dövri statistik hesabatlardan, birdəfəlik uçotaalmalardan, müxtəlif siyahıyaalmalardan, sorğulardan, müayinələrdən ibarətdir. Azərbaycan Respublikasının ərazisində yerləşən bütün hüquqi şəxslər (onların nümayəndəlik və filialları) və fiziki şəxslər dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatları müəyyən edilmiş həcmdə və müddətlərdə haqqı ödənilmədən kağız və ya müvafiq qanunvericiliyə uyğun olaraq məlumatların təqdim edilməsi təsdiq oluna bilən elektron sənəd formasında dövlət statistika orqanlarına təqdim etməyə borcludurlar. Həmin Qanunun 26-27-ci maddələrinə əsasən statistika haqqında qanunvericiliyin pozulması qanunvericiliyə uyğun intizam, inzibati və cinayət məsuliyyətinə səbəb olur. Rəsmi statistika materiallarının istehsalı üçün zəruri olan məlumatların təqdim edilməməsinə, yaxud vaxtında təqdim edilməməsinə, hesabatların təhrif edilməsinə, habelə inzibati mənbələrə girişi təmin etmədiklərinə görə cavabdeh şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilir. Məsuliyyətə cəlb etmə hüquqi və fiziki şəxsləri statistik məlumatları təqdim etməkdən azad etmir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 17 dekabr 2013-cü il tarixli 140/14 nömrəli Qərarı ilə təsdiq edilmiş “X6” formasına əsasən Hesabat əsas fəaliyyəti ______ olan sənaye müəssisələri - hüquqi şəxslər, onların filial və nümayəndəlikləri tərəfindən yerləşdiyi rayonun (şəhərin) statistika orqanına və ya elektron formada Dövlət Statistika Komitəsinin internet səhifəsində (www.stat.gov.az) real vaxt rejimində təqdim edilir: - iri, orta və kiçik sahibkarlıq subyektləri olan hüquqi şəxslər aylıq dövriliklə, hesabat ayından sonrakı ayın 5-ci iş günü saat 13.00-dək; - mikro sahibkarlıq subyektləri olan hüquqi şəxslər rüblük dövriliklə, hesabat rübündən sonrakı ayın 5-ci iş günü saat 13.00dək. “Malların istehsalı, təqdim edilməsi və xidmətlərin göstərilməsi haqqında” 12-istehsal (sənaye) №-li aylıq X6 formasının doldurulmasına dair göstərişin ümumi müddəalarına əsasən

1. “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işlənib hazırlanmış göstəriş “Malların istehsalı, təqdim edilməsi və xidmətlərin göstərilməsi haqqında” 12-istehsal (sənaye) №-li aylıq X6nın (bundan sonra - hesabat) (sənayenin fəaliyyət növlərinə görə bu hesabatların müxtəlifliyi nəzərə alınmaqla) doldurulmasında bütün sənaye müəssisələri, onların xüsusiləşdirilmiş ərazi bölmələri, filial və nümayəndəlikləri tərəfindən əsas götürülür.

2. Müəssisələr tərəfindən dövlət statistika orqanlarına təqdim edilən X6 formalarının məlumatları yalnız yekun statistik informasiya əldə edilməsinə xidmət edir, onlardan vergiyə cəlb etmə və s. inzibati məqsədlər üçün istifadə edilə bilməz və onlar üçüncü tərəfə verilə bilməz.

3. Mikro sahibkarlıq subyektləri (fiziki şəxslər istisna olmaqla) hesabatı (sənayenin fəaliyyət növlərinə görə bu hesabatın müxtəlifliyi nəzərə alınmaqla) rüblük dövriliklə təqdim edirlər. Müəssisənin mikro sahibkarlıq subyekti statusuna malik olub-olmadığı hesabat ilinin əvvəlində qüvvədə olan müvafiq qanunvericiliyə uyğun müəyyən edilir. Bu zaman müəssisədə çalışan işçilərin sayı hesabat ilinin əvvəlinə götürülür və il ərzində hesabatların təqdim olunma qaydası dəyişməz qalır.

4. Hesabat formasına ümumilikdə sənaye müəssisələri üzrə məlumatlar, yəni onun bütün bölmələrinin, filial və nümayəndəliklərinin fəaliyyətini əhatə edən məlumatlar daxil edilir. Hüquqi şəxslər göstərilən rəsmi statistika hesabatlarını onların dövlət qeydiyyatından keçdiyi yerdən (ərazidən) asılı olmayaraq sahibkarlıq fəaliyyəti ilə faktiki məşğul olduqları ərazidə müvafiq rayon (şəhər) statistika orqanına və ya elektron hesabatı (məlumatı) Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsi vasitəsilə (www.stat.gov.az) real-vaxt rejimində təqdim edirlər.

5. Hüquqi şəxslərin daxil olduğu birliklər (assosiasiyalar və ittifaqlar) göstərilən hesabatlarda yalnız birliyin balansında nəzərə alınan fəaliyyət üzrə məlumatları əks etdirir və bu birliyin üzvü olan hüquqi şəxslər haqqında məlumatları buraya daxil etmirlər. Törəmə və asılı təsərrüfat cəmiyyətləri hesabat üzrə məlumatları ümumi qaydada təqdim edirlər. Törəmə və ya asılı təsərrüfat cəmiyyətləri olan əsas təsərrüfat ortaqlığı (cəmiyyəti) təqdim etdiyi hesabatın məlumatlarına öz törəmə və asılı cəmiyyətlərinin məlumatlarını daxil etmir.

6. X6 formasının 2-ci “əvvəlki ayda” sütunu əvvəlki hesabat dövründə təqdim edilmiş məlumatlara zəruri düzəlişlərin edilməsi üçün nəzərdə tutulub və düzəlişlərin olmadığı halda doldurulmur. Məlumatlarda düzəlişlər əsasən aşağıda göstərilən hallarda həyata keçirilir: · hüquqi şəxsin yenidən təşkil edilməsi; · göstəricilərin formalaşdırılması metodologiyasının dəyişdirilməsi; · əvvəlki dövrün məlumatlarının dəqiqləşdirilməsi. Əgər hesabat dövründə hüquqi şəxs yenidən təşkil olunmuş və ya onun strukturu dəyişdirilmişdirsə, bu dövr üçün təqdim edilən X6nda məlumatlar hüquqi şəxsin yeni strukturuna uyğun olaraq göstərilir.

7. Müəssisə (bölmə) əvvəllər qeyri-sənaye təşkilatının balansında olduğu, sonra isə il ərzində müstəqil balansa keçdiyi hallarda hesabatlar tərtib edilərkən bu müəssisəyə aid məlumatlar hesabat ilinin (aylar üzrə), yəni müəssisə müstəqil balansa malik olana qədərki dövr ərzində onun fəaliyyəti daxil edilməklə göstərilir.

8. Müəssisənin ayrı-ayrı struktur bölmələri (sexləri, filialları və s.) ləğv olduqda, müəssisənin ləğv edilmiş bu bölmələri üzrə məhsul istehsalı haqqında məlumatlar hesabat ilinin əvvəlki (ləğv edilənə qədər) dövrləri və əvvəlki ilin müvafiq dövrləri ərzində məhsul istehsalı haqqında göstəricilərin tərkibində qalmalıdır.

9. Hesabatın aylıq və ya rüblük dövriliklə təqdim olunmasını müəyyənləşdirmək üçün müəssisədə çalışan işçilərin sayı hesabat ilinin əvvəlinə götürülür və il ərzində hesabatların təqdim olunma qaydası dəyişməz qalır. Misal: 01.01.2012-ci il vəziyyətinə müəssisədə 58 nəfər işləyir, əvvəlki ildə müəssisədə 260 min manatlıq məhsul istehsal olunmuşdur və 12-istehsal (sənaye) aylıq hesabatı hər ay təqdim olunur. Dörd aydan sonra bu say 35 nəfərədək azalır, lakin buna baxmayaraq ilin sonunadək həmin müəssisə 12-istehsal (sənaye) aylıq hesabatını aylıq dövrilikdə təqdim edilməsini davam etdirməlidir. Yalnız 01.01.2013-cü ildən bu müəssisə hesabatı rüblük dövrilikdə təqdim edə bilər.

10. Mal (əmtəə) istehsalı məhsulun pay bölgüsü haqqında sazişlər (müqavilələr) çərçivəsində həyata keçirildikdə 12-istehsal (sənaye) №-li hesabat bu məhsulu faktiki istehsal (hasil) edən hüquqi şəxs tərəfindən təqdim edilir.

11. Dəyər və natura ifadəsində bütün məlumatlar müəyyənləşdirilmiş müddət (ay, rüb) ərzində ilkin və mühasibat uçotunun məlumatları əsasında göstərilir. Əgər hesabatı təqdim edənin mühasibatlığı yoxdursa, bu halda ilkin uçot əsasında aparılmış məlumatlar qeyd olunur.

12. Düzgün olmayan məlumatların təqdim edilməsinə, habelə statistika orqanlarına statistik hesabatın təqdim edilməsi müddətinin pozulmasına görə müəssisələrin vəzifəli şəxsləri qanunvericiliklə müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyırlar. İş materialları məhkəmə iclasında araşdırılarkən müəyyən edilmişdir ki, Şəxs MMC 2022-ci ilin (aylıq) 12 istehsal (sənaye) (Malların istehsalı təqdim edilməsi və xidmətlərin göstərilməsi haqqında) hesabatı fevral ayı üzrə 2022-ci ilin mart ayının 5-ci iş günü saat 13:00-dək təqdim etməmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İXMnin 389-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 389-cu maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 389-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar